British Council proqramı əhatə dairəsini genişləndirir

British Council, Peşə Təhsili üzrə Dövlət Agentliyi və 5 ulduzlu otellərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının əhatə dairəsini genişləndirir. Müvafiq proqram Gəncə və Qəbələ daxil olmaqla bu ildən etibarən İsmayıllı və Qusarda da həyata keçiriləcək. Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun kurikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsinə imkan yaratmaqdır. Layihə çərçivəsində 4-7 sentyabr 2018-ci il tarixlərində 20 müəllimin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçiriləcəkdir.

 

Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı 2016-cı ildən etibarən British Council, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakının aparıcı 5 ulduzlu otelləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Proqramın hər üç ixtisas üzrə (Oteldə Konsiyerj, Aşpaz, Mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi) tədris materialları Birləşmiş Krallığın People 1st təşkilatı tərəfindən hazırlanıb.  2017-2018-ci  tədris ilində keçirilən bir illik proqramın məzunlarının 50%-i artıq təcrübə keçdikləri otellərdə işlə təmin olunub.

 

Böyük Britaniyadan dəvət olunmuş People 1st təşkilatının təlimçisi Jeyn Normansentyabr müəllimlərə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçirəcəkdir. Təlimdə iştirak edən müəllimlər tərəfindən 2018/2019 akademik tədris ilində  layihə çərçivəsində tərtib olunmuş kurikuluma uyğun proqramlar tədris ediləcəkdir. 

 

Tədris proqramı Bakı, Gəncə, Qəbələ, İsmayıllı və Qusarda yerləşən turizmə dair ixtisaslar tədris olunan peşə təhsili müəssisələrində keçiriləcəkdir və şagirdlər tədris proqramı ilə paralel olaraq otellərdə iş üzrə təcrübədə iştirak edəcəklər.

 

Proqramı uğurla tamamlayan şagirdlər ilin sonunda təcrübə keçdikləri otellər tərəfindən işə düzəlmə üçün müsahibələrə cəlb olunacaqlar.

 

 

 



04.09.2018 | 15:24