Gənclər üçün yeni imkanlar

Müasir dövrdə təhsilin ölkələrin sürətli inkişafının əsas faktorlarından biri olması günün reallığıdır. Məhz bu reallığı nəzərə alaraq ölkəmizdə gənc nəslin peşəkar mütəxəssis kimi yetişməsini təmin edən müxtəlif layihələr həyat keçirilir.   Bu sahədə əldə olunmuş uğurlara rəvac verən əsas amil isə bu səylərin dövlət tərəfindən diqqətlə əhatə olunmasıdır.   Elə bu günlərdə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın  təsdiqlənməsi də bu sahədə uzunmüddətli  fəaliyyət perspektivlərdən xəbər verir. 

 

Gənclər siyasəti sahəsində yeni təşəbbüs

 

Ölkə rəhbərliyi Gənclər Fondu vasitəsilə gənclər üçün bir sıra yeni imkanlar da yaradır. Bunlardan biri də xüsusi sosial müdafiəyə ehtiyacı olan və təhsil alan tələbələrimizin təhsil xərclərinin maliyyələşdirilməsi məsələsidir. Burada həmin kateqoriyaya daxil olan gənclərimizin həm illik təhsil haqqının ölkəmizdə maliyyələşməsi, eyni zamanda, yaşayış xərcinin ödənilməsi, o cümlədən yataqxana, kirayə, nəqliyyat və qidalanma xərclərinin Fond tərəfindən ödənilməsi nəzərdə tutulur.

 

Fərmanda Azərbaycan Gənclər Fondu tərəfindən gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının maliyyələşdirilməsi qaydaları açıqlanıb. Fərmanda qeyd olunur ki,  Fondun vəsaiti qrant müsabiqələri əsasında gənclər siyasəti sahəsində proqram və layihələrin, sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərin təhsil aldıqları müddətdə təhsil xərclərinin, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının, əmək bazarına daxil olmaqda çətinlik çəkən gənclərin əməkhaqlarının 12 (on iki) aydan çox olmayan müddətdə qismən maliyyələşdirilməsinə və innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin ayrılmasına, habelə Fondun Nizamnaməsində nəzərdə tutulmuş digər istiqamətlərə yönəldilir. Fondun xüsusi məşğulluq proqramı isə  gənclərin işlə təmin olunma problemlərinin həllində onlara böyük dəstək olacaq.

 

Gənclərin xaricdə təhsili də diqqətdədir

 

Mühüm istiqamətlərdən biri xaricdə təhsillə bağlıdır.  Gənclər Fondu ölkənin ehtiyaclarını nəzərə almaqla, müvafiq ixtisas dərəcələri üzrə gənclərimizin xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil haqqını maliyyələşdirəcək. Qaydalara  əsasən, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakı üçün maliyyə vəsaitinin ayrılmasını Fond müvafiq tələblər nəzərə alınmaqla həyata keçirir.

 

Fond ölkənin ixtisas və təhsil proqramları üzrə ehtiyaclarına uyğun olaraq, müvafiq təhsil ili üçün aktual elan edilmiş ixtisasların, elmi dərəcələrin və xarici ali təhsil müəssisələrinin, habelə təcrübə keçmək üçün beynəlxalq təşkilatların siyahısını hazırlayır və özünün rəsmi internet saytında yerləşdirir. Bundan əlavə, Fond yalnız bu Qaydanın 9.1.1-ci yarımbəndində nəzərdə tutulan siyahıda olan ixtisasları, elmi dərəcə və ali təhsil müəssisələrini seçmiş gənclərin təhsil prosesini, habelə təcrübə keçmək üçün həmin siyahıda olan beynəlxalq təşkilatları seçmiş gənclərin təcrübə proqramlarında iştirakını, eləcə də xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsili müddətində təhsil haqqını, onlara ödəniləcək təqaüdü, viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir.

 

Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədlərin təhsil haqqı Fond tərəfindən illik əsaslarla birbaşa xarici ali təhsil müəssisəsinə ödənilir. Növbəti tədris ili üçün ödəniş xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq üçün seçilmiş namizədin cari tədris ilini müvəffəqiyyətlə başa vurması barədə təsdiqləyici sənədlər təqdim edildikdən sonra həyata keçirilir. Bundan başqa,  Qaydalara əsasən Fond beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədə ödəniləcək təqaüdü (bir il müddətinədək), habelə onun viza, tibbi sığorta və il ərzində bir dəfə hava nəqliyyatı xərclərini maliyyələşdirir.

 

Fərmanda  qeyd olunur ki,  Fond xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq və ya beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün seçilmiş namizədin təqaüdünü müvəkkil bank vasitəsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi "Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə uyğun aylıq və ya rüblük olaraq, təhsil alan və ya təcrübə keçən şəxsin bank hesabına köçürür. Beynəlxalq təşkilatlarda təcrübə keçmək üçün hər bir namizədə təqvim ili ərzində yalnız bir dəfə maliyyə vəsaiti ayrılır.

 

Fondun xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək üçün müraciət edən gənclərin seçiminə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların nümayəndələrini dəvət etmək hüququ var.  Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək üçün müraciət edilməsi və müraciətlərə baxılma, habelə təqdim olunacaq sənədlərin dairəsi Şuranın təsdiq etdiyi qayda ilə tənzimlənir.

 

Fondun maliyyələşdirdiyi digər istiqamətlərdən biri istedadlı və fəal gənclərin mükafatlandırılması üçün vəsaitin ayrılması, gənclərin innovativ layihələrinin maliyyələşdirilməsidir. 

 

Oruc MUSTAFAYEV

 

 



07.09.2018 | 10:23