ADU-da mədəni irsinin mühafizəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib

Oktyabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) “Regionşünaslıq” kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Azərbaycan mədəni irsinin mühafizəsi” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Tədbiri  açan Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli mövzunun aktuallığından danışıb, belə tədbirlərin tələbələrin maariflənməsi baxımından əhəmiyyətli olduğunu bildirib.  Dekan təəssüf hissi  ilə qeyd edib ki, Azərbaycan  ərazisinin bir hissəsinin düşmən tərəfindən işğal olunması nəticəsində mədəni abidələrimizin bir qismi məhv olub. Amma dövlətimizin apardığı siyasət nəticəsində bu gün mədəni irsimizin mühafizə edilməsi və dünya mədəni irs siyahısına salınması istiqamətində nəzərəçarpan addımlar atılıb.

 

“Regionşünaslıq” kafedrasının müdiri, dosent Sevdagül Əliyeva və kafedranın baş müəllimi Rəna Rəcəbli mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Bildirilib ki, Azərbaycan zəngin mədəni irsə malikdir və Azərbaycanın bir sıra mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınıb, Azərbaycan muğamı, xalçaçılıq sənəti, aşıq sənəti və Novruz bayramı isə Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

Tədbir müzakirələrlə yekunlaşıb.



11.10.2018 | 15:16