Metodik xidmət prioritet fəaliyyətlər sırasında

Metodik xidmət təhsil  sistemində mühüm yer tutur. Çünki müəllimlərin öz peşəkarlıq səviyyələrini yüksəltmələri üçün həmişə sistemli metodik köməyə ehtiyacları olur. Düzdür, bu ehtiyac bütün müəllimlərdə eyni səviyyədə olmur. Məsələn, hazırlıqlı, təcrübəli müəllimlər var və çoxdur ki,  onlara gənc, təcrübəsiz həmkarları kimi dərsi necə keçməyi, bu zaman  hansı metod və üsullardan istifadə  etməyi, öyrənmə prosesinin səmərəliliyini artırmaq üçün nələrə əl atmalı olduqlarını öyrətməyə ehtiyac yoxdur. Lakin müasir sürətli inkişaf, dəyişmələr dövründə təhsildə,  həmçinin müəllimlərin istifadəsində olan metodik arsenalda da çox şey dəyişir, yenilənir və müəllimlərin bu yeniliklərə, müasir öyrətmə texnologiyalarına yiyələnmələri vacibdir. Bunu isə onlara məhz yüksək səviyyədə təşkil olunan metodik xidmət sistemi çatdıra bilər və çatdırmalıdır. Xüsusən də təlim-tərbiyə prosesinin  dövrün tələbləri səviyəsində təşkili və idarə olunması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və s. istiqamətlər üzrə tədris müəssisələrinə, müəllimlərə mentorluq dəstəyinin göstərilməsi zəruridir.

 

Qeyd edək ki, son illər ölkənin təhsil sistemində bir sıra uğurlu islahatyönümlü tədbirlərin, proqram və layihələrin təşəbbüsçüsü və icrasının təşkilatçısı olan Təhsil Nazirliyi  metodik xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində islahatlara da start verib.

 

Dünya ölkələrinin  uğurlu təcrübəsi, müasir yanaşmalar nəzərə alınaraq ümumtəhsil müəssisələrinə göstərilən metodik xidmətin, mentorluq dəstəyinin məzmunu və təşkilatı struktur formasının yeniləşdirilməsi, bu sahədə daha səmərəli modelin yaradılması istiqamətində addımlar atılıb. Bu baxımdan iki il öncə nazirliyin əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılmış Təlimə Dəstək Mərkəzini və onun ötən müddət ərzindəki fəaliyyətini xüsusi qeyd etmək olar.

 

Ötən dərs ili Təhsil Nazirliyinin müvafiq əmri ilə "Təhsildə keyfiyyət ili" elan olunduğundan Təlimə Dəstək Mərkəzi də bütün fəaliyyətini  keyfiyyət göstəricilərini yaxşılaşdırmağa imkan yaradan müxtəlif pedaqoji, metodik tədbirlərin təşkilinə yönəldib.

 

Ehtiyacı müəyyənləşdirməyə kömək edən  görüşlər

 

Müəllimlərə keyfiyyətli metodik xidmətin göstərilməsi üçün, ilk növbədə, onların nəyə tələbatları olduğu müəyyənləşdirilməlidir.

 

Ötən dərs ilində bu istiqamətdə görülmüş işlər haqqında əməkdaşımıza danışan Təlimə Dəstək Mərkəzinin rəhbəri Samirə Bektaşinin  bildirdiyinə görə, məhz bu amil nəzərə alınaraq müəllimlərlə görüşlərə üstünlük verilib. Hələ ötən tədris ilinin əvvəlində keçirilən ənənəvi bölmə iclaslarında Təlimə Dəstək Mərkəzinin metodistləri paytaxtın 12 inzibati rayonu üzrə məktəblərin pedaqoji heyəti ilə görüşüblər.

 

Özü də belə görüşlər davamlı olub. Belə ki, Təhsil İdarəsinin 2017-ci ilin sentyabrından start verdiyi və bütün rayonlar üzrə ardıcıllıqla keçirilən seminarlarda da  TDM-in əməkdaşları iştirak edib, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçılar, psixoloqlar, fənlər üzrə metodbirləşmə rəhbərləri, valideynlərlə görüşüblər.

 

Məsləhətlər, tövsiyələr

 

Görüşlər geniş müəllim auditoriyası ilə dialoq təkcə onların hansı metodik köməyə ehtiyaclarının  olduğunu üzə çıxarmır, eyni zamanda bu ehtiyacın  özlərinin də ödəyə bilmələri üçün onlara məsləhətlər, tövsiyələr verməyə imkan açır. Mərkəzin əməkdaşları bu imkanlardan istifadə edərək görüşlər zamanı müəllimlərə, metodbirləşmə sədrlərinə, psixoloqlara fənlər üzrə illik və gündəlik planlaşdırmalar, qiymətləndirmənin forma, üsul və vasitələri, qiymətləndirmə meyarları, təmayül siniflərin proqramları, metodşura və metodbirləşmənin fəaliyyət planı,  dərsliklə iş, psixoloji xidmətin təşkili, şagirdlərdə idrak prosesinin korreksiyası və s. məsələlərlə bağlı konkret göstəriş və məsləhətlər veriblər. Samirə Bektaşinin sözlərinə görə, belə görüşlər Mərkəzin özündə də təşkil olunub. Bu baxımdan Təhsil nazirinin 4 avqust 2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili qaydası” əsasında məktəblərdə yaradılmış dərnəklərin bir qrup rəhbəri ilə keçirilmiş görüşləri qeyd etmək olar. Bu görüşlər zamanı dərnək rəhbərlərinə dram, bədii qiraət, bacarıqlı əllər və s. adda dərnəklərin düzgün və səmərəli təşkili ilə bağlı tövsiyələr verilib. Eyni zamanda dərnək rəhbərliyinə kömək məqsədilə nümunə planlar hazırlanaraq müraciət edənlərə təqdim olunub.

 

Dərsdinləmələr: forma ənənvi, məzmun yeni

 

Metodik xidmətin mühüm bir istiqamətini dərsdinləmələr təşkil edir. Proses özü ənənəvi olsa da bu gün ona verilən tələblər yenidir.

Dərsdinləmələr elə təşkil olunmalıdır ki, nəticədə məktəbdə tədris işinin səviyyəsi,  müəllimin metodik hazırlığı haqqında obyektiv məlumat almaq və bu  məlumat əsasında  onlara nə kimi kömək lazım olduğunu müəyyənləşdirmək mümkün olsun. Dərsdinləmələr məhz müəllimin nəyə ehtiyacı olduğunu, müasir dərsin hansı mərhələsinin tədrisini daha uğurlu təşkil etdiyini, hansı mərhəsində çətinliklə üzləşdiyini aydın göstər.Buna görə də  ­ müəllimə göstərilən kömək də konkret və məqsədəuyğun olur.

Təlimə Dəstək Mərkəzi öz fəaliyyətində dərsdinləmələrə xüsusi yer verir. Samirə Bektaşinin dediyinə görə, ötən il təkcə oktyabr-noyabr aylarında  Mərkəzin əməkdaşları müxtəlif fənlərin tədrisi səviyyəsini öyrənmək üçün paytaxtın 30-a yaxın məktəbində olub, seçmə yolla Azərbaycan dili, tarix, coğrafiya, ingilis dili, riyaziyyat və biologiya dərslərini dinləyiblər.

 

Bu ilin fevral ayından başlayaraq bu iş daha da genişləndirilib və Mərkəzin  uğurlu işlərindən olan “Ən yaxşı dərs” layihəsi çərçivəsində 12 inzibati rayon üzrə 36 məktəbi əhatə edən 187 dərs dinlənilib. “Açıq dərs”lərdə 800-ə yaxın müəllim iştirak edib. Mart ayında isə seçmə yolla 60 məktəbdə məktəbəqədər təhsil üzrə məşğələlər  dinlənilib. Dinlənilən dərslər işgüzar şəraitdə geniş müzakirə və təhlil olunub, fənn kurikulumlarının tətbiqi, gündəlik icmalların hazırlanması, təlim nəticələrinə uyğun forma və üsulların düzgün seçilməsi, resurslardan səmərəli istifadə və s. məsələlərlə bağlı müəllimlərə tövsiyələr verilib.

 

Müasir təhsil proqramları (kurikulum) əsasında fənn müəllimlərinə metodik köməyin göstərilməsi üçün bir sıra məktəblərdə il ərzində fərdi qaydada və kollektiv şəkildə müzakirələr təşkil olunub, müəllimlərə planların hazırlanması, sinfin  idarə olunması, qiymətləndirmə, yeni proqramlar əsasında yazılmış dərsliklərlə iş və digər məsələlərlə bağlı kömək göstərilib.

 

Təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə kömək məqsədilə isə bütün fənlər üzrə məktəblərə fənn kurikulumu sənədləri və qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanmış dərsdinləmə meyarları göndərilib.

 

Monitorinqlər vasitə kimi

 

Mərkəzdə belə hesab edirlər ki, təhsilin keyfiyyətinin yüksəldilməsində, tədris müəssisələrində mövcud vəziyyətin  aşkara çıxarılması və qiymətləndirilməsində  monitorinqlərin də rolu az deyil. Ona görə də vaxtaşırı bu vasitəyə  əl atılır. Mərkəzin ötən dərs ili ilə bağlı hesabatından məlum olur ki, qurumun xətti ilə keçən ilin noyabr ayında seçmə yolla Nizami və Xəzər rayonları üzrə ibtidai sinif jurnallarının monitorinqi keçirilib. İllik proqramlar əsasında  jurnalların yazılması, kiçik summativ  qiymətləndirmələrin keçirilmə  müddəti və qiymətləndirilməsi, ev tapşırıqlarının verilməsi istiqamətlərində aparılan monitorinqlər əsasında arayış hazırlanıb, ibtidai sinif müəllimləri ilə görüləcək işlər müzakirə edilib. Dekabr ayında isə Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrində “Dinləyib-anlama”, “Dil qaydaları” və “Yazı” məzmun xətti üzrə monitorinq keçirilib, nəticələr təhlil olunaraq ümumiləşdirilib. Növbəti dərs ilində bu istiqamət üzrə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.

 

1170 mühazirə 6 meyarla qiymətləndirilib

 

Məlum olduğu kimi, ötən dərs ilindən müəllimlərin innovativ yanaşmalara təşviqində, yaradıcı axtarışlara qoşulmasında, fəaliyyətlərinin stimullaşdırılmasında mühüm rol oynayan pedaqoji mühazirələrin keçirilməsi bərpa olunub. “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən, öz kütləviliyi və əhatə dairəsinin genişliyi ilə bir çox müsabiqələri geridə qoyan bu mühüm tədbirdə Təlimə Dəstək Mərkəzi Bakı şəhəri üzrə əsas təşkilatçı kimi yer alıb və müsabiqənin obyektiv, şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edib.

 

S.Bektaşinin bildirdiyinə görə, paytaxt üzrə bütün pedaqoji mühazirələr TDM-də dinlənilib. 12 inzibati rayon üzrə təqdim olunmuş 1170 mühazirə 6 meyarla qiymətləndirilib. Rayonlar üzrə dinlənilmiş 907 mühazirədən 90-ı şəhər mərhələsinə təqdim olunub. Bu mərhələdə 12 nəfər qalib müəyyənləşdirilərək məruzələri respublika turuna göndərilib. Finalda 3 müəllim III yerə, 3-ü də tərifnaməyə layiq görülüb.

 

TDM-in il ərzində müəllimlərə metodik köməlik göstərmək istiqamətindəki fəaliyyəti təkcə bunlardan ibarət olmayıb. Mərkəzdə 12 inzibati rayon üzrə ümumtəhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə görüşlər keçirilərək onlara fənn kurikulumunun mahiyyəti, məqsədi və s. istiqamətlərdə tövsiyələr verilib. İl ərzində məktəb psixoloqları ilə müzakirələr təşkil edilib, ümumtəhsil məktəblərində psixoloji xidmətin monitorinqi keçirilib, psixoloqların fəaliyyəti araşdırılıb. Seçmə yolla 60 ümumtəhsil məktəbində metodbirləşmə rəhbərləri ilə görüşlər olub, metodik işləri daha səmərəli təşkil etmələri üçün onlara tövsiyələr verilib. Təhsil  İşçilərinin Peşəkar İnkişafı İns­titutunda təlim keçmiş mentorlar Mərkəzə dəvət olunaraq onlarla  müzakirələr aparılıb, meyarlar hazırlanıb. Müxəlif mövzularda konfranslar, “dəyirmi masa”lar təşkil olunub. Və bütün bunların nəticəsi olaraq demə mümkündür ki, Bakı şəhəri məktəblərinin, pedaqoji kollektivlərinin, ayrı-ayrı müəllimlərin “Təhsildə keyfiyyət ili”ndə qazandığı uğurlarda Mərkəzin də böyük payı var və bu pay getdikcə artmaqdadır.

 

Fəaliyyət prioritetləri

 

Təhsil Nazirliyinin 14 avqust 2018-ci il tarixli əmri ilə ümumtəhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri müəyyən edilib. Həmin istiqamətlər üzrə paytaxt təhsilində də bir çox tədbirlərin, xüsusən də metodik xidmət yönümlü işlərin görülməsi nəzərdə tutulub ki, onların da əsas icraçılarından biri Təlimə Dəstək Mərkəzi olacaq. Sözügedən əmrdə həm də ötən dərs ili üçün “Təhsildə keyfiyyət ili” ilə bağlı nazirliyin Fəaliyyət Planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun sayılıb.  Cari dərs ilində “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçiriləcək.

 

Müəyyən olunmuş bir çox istiqamətlər üzrə prioritet fəaliyyətlər, o cümlədən məktəbəhazırlıq qruplarında çalışan müəllimlərə metodik köməklik göstərilməsi, ibtidai sinif müəllimlərinin tərkibinin peşəkarlıq baxımından təhlil olunması, onlar haqqında ictimai rəyin ətraflı öyrənilməsi və s. kimi bir çox məsələlər cari dərs ilində həm də Təlimə Dəstək Mərkəzinin prioritetini təşkil edəcək. Mərkəzdə əmindirlər ki, il boyu bu istiqamətlərdə görüləcək işlər paytaxt təhsilinin keyfiyyət baxımından daha da yaxşılaşdırılmasına mühüm töhfə vermiş olacaq.

     

Yusif ƏLİYEV

 


12.10.2018 | 11:17