Təhsil tarixi və fəlsəfəsinə panoram baxış

Təhsil istisnasız olaraq bütün dövrlər üçün ictimai tərəqqinin  barometri kimi cəmiyyətin və onun struktur elementi olan şəxsiyyətin inkişafının determinantı missiyasını şərəflə yerinə yetirməkdədir. Təsadüfi deyildir ki, intibah dövrü Azərbaycan mütəfəkkiri  dahi N.Gəncəvi öz dövrünəqədərki düşüncəni və özünün inandığı kredonu  belə ifadə edir:

 

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz

 

Bu düşüncə bütün dövrlər üçün öz hikmətini qoruyub saxlamışdır. Dövlətlərin qüdrəti  təhsil, elm meyarları ilə ölçülməkdədir. Zaman-zaman təhsil sistemləri ölkəsəl, regional, qitələrarası rəqabət predmetinə çevrilmiş, qabaqcıl təhsil sistemləri qloballaşma arenasına vəsiqə qazanmışdır. Müasir dövrdə təhsil öz məzmununu yeniləşdirərək, inkişaf konsepsiyası üzərində köklənmişdir. O, özünəməxsus ölçülərilə bir tərəfdən koqnitiv meyarlarla, təfəkkür fenomeni ilə,  ikinci tərəfdən kreativ meyarlarla, təxəyyül fenomeni ilə şərtlənir. Görəsən təhsilin öz məzmununu yeniləşdirməsi hansı tarixi köklərə malikdir? Bu, hər bir təhsil adamı üçün maraq doğuran sualdır. Müasir dövrdə təhsil sistemində baş verən dəyişikliklərin tarixi inkişaf mərhələləri, ayrı-ayrı dövrlərdə təhsil fəlsəfəsinin spesifikasının nədən ibarət olması, təhsil sistemində tarixi varislik və təkamül məsələləri, habelə Azərbaycan təhsil tarixi, onun qlobal təhsil müstəvisində yeri problematikası  düşündürücü  məqamlardandır.

 

Pedaqogika üzrə fəlsəfə doktoru, BDU-nun pedaqogika kafedrasının dosenti R.M.Mahmudovanın bu günlərdə nəşr olunmuş “Təhsilin psixodidaktik problemləri (tarixi müqayisəli təhlil)” adlı fundamental monoqrafiyası təhsil tarixi və fəlsəfəsinin panoraması müstəvisində qeyd olunan suallara aydınlıq gətirir və problemin şərhini bitkin şəkildə oxucu üçün əlçatan edir. Açıq etiraf etməliyik ki, təhsilin tarixi, fəlsəfəsi, pedaqoji düşüncə tarixi tədqiq və təhlil olunarkən hər bir zamanın ruhu, dövrün ictimai-siyasi  reallıqları araşdırmaçıdan təkcə pedaqoji, təhsil tarixçi ustalığı deyil, universal dünyagörüş, tarixə, ədəbiyyata, mədəniyyətə, fəlsəfəyə, epoxaların ruhuna bələdçilik tələb edir. Fikrimizcə, monoqrafiya müəllifinin sadalanan keyfiyyətlərə malik olması qarşıya qoyduğu  vəzifənin öhdəsindən gəlməyə ona yardımçı olmuşdur.

 

İlk öncə onu qeyd edək ki, monoqrafiyada elementarist və sistemli yanaşma, tarixi və analoji, qoşa müqayisə metodları işığında müasir təhsil konsepsiyaları baxımından təhsil fəlsəfəsi və tarixi araşdırılmış, müəllif tərəfindən maraqlı ümumiləşdirmələr aparılmışdır. Monoqrafiyada müəllif tarixin, fəlsəfənin, pedaqogikanın metodoloji  bazasından məharətlə istifadə etmiş, pedaqoji düşüncə tarixindən təhsilin bugünkü inkişaf dinamikasına qədər tarixi yola fərqli-fərqli predmetlər rakursundan ekskurs etməyi bacarmışdır.

 

Monoqrafiyada diqqət çəkən məqamlardan biri burada bəşəri inkişafın potestar, ibtidai inkişaf mərhələsindən bugünkü qloballaşan dünyaya qədər təhsilin, təlimin, pedaqogikanın keçdiyi yolun mərhələli şəkildə araşdırılmasına, bu zaman diqqətin daha çox ayrı-ayrı dövrlərdə problemin qoyuluşunun özünəməxsusluğuna yönəldilməsidir.  Tədqiqatçı ilk məktəb yaradıcılığı tarixini Şumer tarixinə bağlayan tarixçilərin mövqeyini müdafiə edərək bildirir ki, həmin dövlətdə təhsilin dövlət idarəçiliyində roluna xüsusi önəm verilirdi.

 

Monoqrafiyada tədqiqatçı belə bir problemə xüsusi önəm verir ki, təhsil, təlim nə qədər cəlbedici olsa da, öz inkişafının müxtəlif tarixi mərhələlərində  ciddi müqavimətlərə rast gəlmiş, ağır tarixi sınaqlardan çıxmışdır. Belə basqılar orta əsrlər dönəmində də xurafat, fanatizm, dini konservatizm timsalında xüsusilə ağır fəsadlar törətmiş, cəmiyyəti cəhalətlə təhdid etmişdir. Əlbəttə, zaman keçdikcə dünyəvi təhsil zərurəti yeni təhsil ocaqlarının yaranmasını şərtləndirmişdir.

 

 Tədqiqat işində Şərq, Qərb sivilizasiya tarixinə ekskurs edilir, bütün tarixi dövrlər üçün təhsil sivilizasiyasının mühüm faktoru kimi qiymətləndirilir və belə qənaətə gəlinir ki, zaman-zaman təhsil, məktəb təcrübə mübadilələri müasir qloballaşma  prosesinə təkan vermişdir.

 

Tədqiqatçı mühüm əlamətlər və tipik xüsusiyyətlər baxımından təhsilin təşkili tarixinin mərhələlərini elementarist və kompleks metodlarla təhlil, bu zaman təhsilin inkişafında Y.A.Komenskiyə qədərki mərhələni bütün çalarları ilə təsvir edir, oxucuda həmin dövrün pedaqoji prosesləri haqqında aydın təsəvvür yaradır.

 

Monoqrafiyanın məhz bu bölümü təkcə tədqiqatçılar üçün deyil, təhsil tarixi ilə maraqlanan hər kəs üçün əhəmiyyətli bilgilər verə bilmək baxımından diqqəti cəlb edir.

 

 Tədqiqat işində didaktikanın bir təhsil və təlim nəzəriyyəsi kimi fəlsəfəsi açılır, onun tarixi inkişaf prosesinə işıq salınır, ənənəvi təlimin təbiəti və özəlliklərindən geniş bəhs edilmişdir. Burada həmçinin müxtəlif tarixi pedaqoji axtarışlar, ideyalar və nəzəriyyələr fonunda fəal təlimə gedən yollar müqayisəli təhlil olunur, fəal təlimin spesifikası diqqətə çatdırılır.

 

Müəllif təhsilin inkişaf mərhələlərini tarixi ardıcıllıqla izləyərək hər bir mərhələnin digəri tərəfindən  inkarı qanunauyğunluğunu şərh edir və prosesin sonsuza qədər davam edə biləcəyi qənaətini bölüşür. Bu da təbiidir. Çünki cəmiyyət inkişaf etdikcə təhsil, təlim qarşısında tələb və çağırışlar da yeni məzmun alaraq dəyişir.

 

Monoqrafiya müəllifinin dünya pedaqoji fikir tarixi ilə, o cümlədən Azərbaycan tarixi ilə yaxından tanışlığı bu tədqiqat  işində öz əksini tapmışdır. Belə ki, monoqrafiyada oxucu Azərbaycanın təhsil, pedaqoji düşüncə tarixi, pedaqoji məktəblər, ənənələr, pedaqoji irslə, bu istiqamətdə  varislik məsələləri ilə tanış olmaq imkanı qazanır. Burada eyni zamanda, Azərbaycan  pedaqoqlarının fəal təlim axtarışları, Azərbaycanın  tanınmış psixoloqu və pedaqoqu, irsi və ardıcılları ilə məktəb yaradan Ə.Ə.Əlizadənin Azərbaycanda yeni  təlim yaradan taksonomiyasından bəhs edilir, Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumunun şərhi öz ifadəsini tapmışdır.

 

Oxucular tədqiqat işində  çox asanlıqla müəllifin  təqdimatında hər dövrün pedaqoji məktəblərinin qoşa, tarixi müqayisəli təhlili, həmçinin  təhsil tarixinin fərqli coğrafiyalar və sivilizasiyalar üzrə mahiyyəti, üstünlükləri, təkmilləşdirməyə ehtiyacı olan tərəfləri ilə tanış ola bilərlər. Buradan hər bir tarixi məktəb zamanın ruhunun təhlili işığında  təqdim olunur və bu baxımdan əsərlə tanış olan oxucuda həmin dövrlər haqqında da təfsilatlı təəssürat və təsəvvür yaranır.

 

Sivilizasiya və təhsil, din və təhsil, təhsil və idarəetmə, təhsil və tarixi zaman, məktəblərin  məzmun və strukturlarının tarixi şəkildəyişmələri, təhsil və qlobal  çağırışlar problematikası monoqrafiyada  peşəkar alim üslubu ilə qoyulmuş və uğurlu həllini tapmışdır. Bu fundamental tədqiqat işində biz təhsilin, tərbiyənin, təlimin rəngarəng tarixi çalarları ilə tanış oluruq, hər bir pedaqoji düşüncə tipinin sosio-mədəni əsaslarını tapırıq. Təhsilin, pedaqoji işin potestar cəmiyyət formasından, ailədən başlamış meqa-sosial və makro sosial sistemlərə qədər fəaliyyət arenasının genişlənmə prosesi monoqrafiyada yüksək təsvirini tapmışdır.

 

Bu tədqiqat işində problematikanın tədqiq, təhlil və qiymətləndirilməsinə imkan yaradan zəngin ədəbiyyat resurslarından istifadə olunmuş,  problemlə bağlı mövcud paradiqmalar, nəzəriyyələr, konsepsiyalar müəllif tərəfindən diqqətlə araşdırılmışdır. Monoqrafiya ilə tanışlıq oxucuda belə bir qənaət hasil edir ki, bu əsərdə müəllifin məhz öz mövqeyi, yanaşması vardır, əsər təhsili yeni düşüncə psixodidaktik müstəvisində təqdim edən orijinal bir monoqrafiyadır. Mübaliğəsiz demək olar ki, bu monoqrafiyanın nəşri mühüm bir elm hadisəsidir. İnanırıq ki, bu fundamental tədqiqat işi yeni-yeni  araşdırmalar üçün istiqamət, yol göstəricisi kimi akademik vəsait olacaqdır.

 

Üzeyir ŞƏFİYEV,

BDU-nun dosenti

 



18.03.2018 | 13:00