Gənc bioloqların yaradıcılıq müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsi keçiriləcək.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya elminə olan marağını artırımaq, onların bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

 

Müsabiqə 3 mərhələdə IX, X, XI sinif şagirdləri arasında keçiriləcək. Müsabiqənin I mərhələsi 2-23 aprel tarixlərində təhsil müəssisələrində təşkil olunacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar 25-30 aprel tarixlərində keçiriləcək II mərhələdə iştirak etmək hüququ qazanacaq. II mərhələdə hər rayon üzrə I yeri qazanmış qalib komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin III mərhələsi isə 2-7 may tarixlərində baş tutacaq.

 

Müsabiqənin III mərhələsində hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda iştirak edəcək və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.

 

Komandalar hər sinifdən 1 nəfər olmaqla  IX, X və XI  siniflər  üzrə  3 nəfərdən təşkil olunmalıdır.

 

Müsabiqənin şərtlərinə görə, I və II mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, biologiya fənni üzrə 30 sualdan ibarət test tağşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə  yanaşı, 1 təcrübə işini  də yerinə yetirməlidirlər.

 

Hər test tağşırığının düzgün cavablandırılması 1 balla, məsələ və  təcrübə işinin  düzgün həlli isə  5 balla   qiymətləndiriləcək. Ən çox bal toplayan komanda qalib sayılacaq.

 

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.



19.03.2018 | 13:51