Hər bir uğur hədəfi düzgün seçməklə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin  məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal, şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.

 

Məktəb təkcə təhsil vermir, həm də uşaqları hərtərəfli insan və layiqli vətəndaş kimi yetişdirir. Biz də bu prinsiplərə əsaslanaraq, kollektivimizlə xeyli uğurlara nail olmağı bacarmışıq.

Şübhəsiz ki, təhsil və onun keyfiyyət səviyyəsi cəmiyyətin inkişafına birbaşa təsir göstərən başlıca amillərdəndir. Bu baxımdan təhsil sahəsində dövlət tərəfindən qarşıya qoyulan məqsədlərə çatmaq üçün ümumi təhsil məktəblərinin üzərinə xüsusi vəzifə düşür. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün yeni məktəb modeli daha çevik idarə olunmalı, bütövlükdə cəmiyyətin tələblərinə cavab verməli və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir.

Təhsil və idarəetmə sahəsində kifayət qədər təcrübəm olsa da, yeni məktəb modelinin formalaşdırılması məni hər zaman düşündürən məsələlərdəndir. Buna görə də direktor kimi fəaliyyətə başladığım ilk gündən təcrübəmi müasir inkişaf modelləri ilə əlaqələndirərək daha səmərəli təhsil imkanlarına malik müasir məktəb yaratmağı hədəf seçmişəm. Həm də bu məktəbin fərqli olmasına, orada maraqlı və sağlam təlim mühitinin formalaşmasına çalışmışam. Bunun üçün fəaliyyətimə ilk növbədə məktəbi və pedaqoji kollektivi dərindən öyrənməklə başlamışam. Çünki sağlam pedaqoji kollektiv əlverişli təlim mühitinin formalaşdırılmasında böyük rol oynayır. Ona görə də pedaqoji kollektivin fəaliyyət imkanlarını, hər bir müəllimin şagird və valideynlərlə iş prinsiplərini müəyyənləşdirməklə səylərimizi birləşdirdik və bu, məktəbimizə inamın artmasına və nailiyyətlərimizin yüksəlməsinə gətirib çıxardı.

 

Məktəblilər idarəetmədə

 

Hesab edirəm ki, müasir dövr bizdən təkcə bilikli deyil, həmçinin də ümumi qayda və dəyərlərə hörmət ruhunda tərbiyə almış şagird yetişdirməyi tələb edir. Çünki təhsil və tərbiyə bir-biri ilə əlaqəlidir. Hətta A.Sent-Ekzüperi “Tərbiyə təhsildən üstündür. Çünki insanı tərbiyə yaradır” deyirdi. Bu baxımdan məktəbimizdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı,  şagirdlərin müxtəlif sahələr üzrə bilik və bacarıqlar əldə etməsinə çalışırıq. Məsələn, məktəbimizdə “Şagird özünüidarəetmə qaydaları” tətbiq edilib, “Məktəb parlamenti” yaradılıb, həmçinin, “Şagird özünüidarəetmə günləri” keçirilir. Bu günlərdə “yeni idarəçilər” özlərini işgüzar, təcrübəli və inamlı aparırlar. Bu təcrübə həm də onlarda yeni keyfiyyətlər formalaşdırıb. Artıq şagirdlərimiz məktəbin iş fəaliyyətinə, müxtəlif tədbirlərə daha yaxından qatılır, bəzi tədbirləri müstəqil şəkildə hazırlayaraq təqdim edirlər.

Ümumilikdə, “Şagird özünüidarəetmə qaydaları”nın tətbiq edilməsi ilə məktəblilərin özünəinam hissi, idarəetmə, sərbəst qərarvermə, müstəqil düşünmə bacarıqları artıb.

Təcrübəyə əsaslanaraq digər məktəblərdə də “Şagird özünüidarəetmə günləri”nin tətbiq olunmasını təklif edirəm, belə ki, bu proses bütün şagirdlərin diqqətini cəlb edir və nizam-intizam qaydalarının daha da möhkəmlənməsinə səbəb olur.

 

Şagirdi məktəbə bağlayan üsul

 

Fəaliyyətimin əsas prioritetlərindən biri də şagirdlərin estetik tərbiyəsini, etik davranışlarını təkmilləşdirməkdir. Çünki dünyada ekoloji tarazlığın pozulduğu bir zamanda məktəbdə sağlam ekoloji mühit yaratmaq olduqca vacibdir. Vaxtilə çoxları bunun mümkünlüyünə inanmırdı. Amma bu işi həyata keçirmək üçün əvvəlcə “Necə edim ki, şagirdlər məktəb əmlakına özlərininki kimi yanaşsınlar, onu qorusunlar və daha yaxşısını yaratmağa çalışsınlar” deyə düşünərək fəaliyyətə başladım və müsbət nəticələrə nail oldum. Uşaqların estetik zövqünü inkişaf etdirmək, ekoloji maariflənməsini genişləndirmək və ən əsası, onlarda sahiblik hissini formalaşdırmaq üçün məktəbimizi “yaşıl məktəb”ə çevirməyi qarşımıza məqsəd qoyduq. Əvvəl bir az çətin olsa da, indi məktəbimiz sanki bir botanika bağını xatırladır. Məktəbin dəhliz və sinif otaqları gül və çiçəklərdən ibarət yaşıllıqlara bürünüb. Həmçinin, şagirdlərin yaxından iştirakı ilə məktəb bağında çoxlu ağac növləri əkilib-becərilir. Məktəbimizdəki bu əsrarəngiz gözəllik şagirdlərin öz əlləri ilə yaradılıb. Onlar yaratdıqları gözəlliyi qoruyur və dəyərləndirirlər. Bir sözlə, bir neçə il ərzində məktəbimizdə sağlam ekoloji mühit yaratdıq, şagirdlərimizin estetik zövqünü daha da inkişaf etdirdik, onlarda ekoloji sağlamlığın əhəmiyyətini dəyərləndirmək bacarığını,  ətraf mühitə diqqət və qayğı ilə yanaşmaq kimi şəxsi keyfiyyətləri inkişaf etdirməyə nail olduq.

Məktəblilərin bu bacarıqlarının inkişaf etdirilməsi təlim keyfiyyətlərinin də yüksəlməsinə müsbət təsir göstərir. Biz, məktəb kollektivi olaraq, pedaqogikanın əsas prinsiplərindən olan “Şagirdlərin müsbət keyfiyyətlərinə əsaslanaraq, mənfi keyfiyyətlərinin aradan qaldırılması”na riayət etməklə bir çox uğura nail olduq.

 

Hərtərəfli inkişaf və humanist hisslər     

 

Şagirdlərimizin yaxından iştirakı ilə məktəbimizdə tarix guşələri də yaradılıb. Guşələrdə zəngin və şərəfli keçmişimizə aid qiymətli materiallar, maddi və yazılı nümunələr toplanıb. Onların vasitəsilə şagirdlərimizə Vətənə, dövlətə və dövlətçiliyimizə sədaqət hissi aşılanır. 

Məktəbimizdə kitabxananın işinin təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilir. Bu səbəbdən, şagirdlərdə mütaliə mədəniyyəti formalaşdırmaq məqsədi ilə maarifləndirici tədbirlər keçirilir və oxunulan ədəbiyyatların ayda bir dəfə müzakirəsi aparılır.

Peşə təhsilini stimullaşdırmaq məqsədilə şagirdlərin peşə məktəblərinə könüllü səfərlərini təşkil edirik. Məktəbimizdə texnologiya fənninin tədrisinə xüsusi diqqət yetirilir və hazırda şagirdlər tərəfindən hazırlanmış xeyli sayda əl işi var. Toplanmış işlər sərgilərdə mütəmadi olaraq nümayiş etdirilir. İndi şagirdlər həmin əl işlərini satışa çıxarmağı və əldə olunmuş vəsaiti uşaq evlərinə yönəltməyi təklif edirlər.

Bununla yanaşı, məktəbimizdə milli bayramlar, əlamətdar günlər də təntənəli şəkildə qeyd edilir. Bu da şagirdlərin mənəvi inkişafı və onların hərtərəfli yetişməsi məqsədlərinə xidmət edir.

 

Sağlam kollektiv və gələcəyə inam

 

Məktəbimizdə əldə olunan uğurları güclü və sağlam pedaqoji  kollektivin sayəsində qazanmışıq. Qeyd edim ki, məktəbimizdə hər bir müəllim kollektivimiz tərəfindən qəbul olunan vahid geyim formasına keçib və bu, məktəbdə təlim-tərbiyə prosesinə müsbət təsir göstərir. Bu hal şagirdlər üçün də nümunədir.

Məktəbimizdə, həmçinin, təhsilin keyfiyyətini yüksəltmək üçün xarici dil müəllimlərinin köməyi ilə qabaqcıl ölkələrin təhsil təcrübəsi tərcümə və müzakirə olunaraq öyrənilir.

Gorülən işlərin məntiqi nəticəsi olaraq, məktəbimizin nüfuzu gündən-günə yüksəlir. Son illər məktəbdə şagirdlərin sayının xeyli artması da buna əyani sübutdur. İldən-ilə artan uğurlar, güclü potensiala malik müəllim kollektivinin formalaşması, şagirdlərin məktəbə axını isə məni yeni, müasir və yaradıcı planları həyata keçirməklə, uğurlu məktəb modelini daha da təkmilləşdirməyə sövq edir. Bir idarəçi və pedaqoq kimi qarşımda məktəbimizi respublikanın ən uğurlu məktəblərindən birinə çevirmək vəzifəsi durur. Bu, cəmiyyətin və dövlətin tələbidir. Bu işin öhdəsindən uğurla gələcəyimə inanıram. Çünki hər bir uğur hədəfi düzgün seçməkdən başlayır. Mənim və kollektivimizin hədəfi məktəbliyə keyfiyyətli təhsil verməklə, ona davranış, etika və digər qaydaları lazımi səviyyədə öyrətməklə gələcək üçün layiqli vətəndaş yetişdirməkdir. Əminəm ki, bu amilləri əsas tutan məktəbimiz qarşıdakı illərdə daha böyük uğurlar əldə edərək ən uğurlu təhsil ocaqlarından biri kimi nüfuzunu daha da artıracaq.

 

Oktay SƏMƏDOV,

279 nömrəli tam orta məktəbin direktoru



17.02.2018 | 14:30