“Özümü heç vaxt başqa sahənin adamı kimi təsəvvür edə bilmərəm”

Məhəmməd kənardan dalğın, fikirli, bir az da özünəqapanıq insan təəssüratı yaradır. Heç aktyor ərköyünlüyü, çılğınlığı hiss olunmur onda. Sanki özü üçün hər küncündə rahatlıq tapdığı bir dünya yaradıb, içində var-gəl edir. 

 

Beləliklə, ADMİU SABAH qrupu Aktyor sənəti 4-cü kurs tələbələri ilə tanışlığımız davam edir. Budəfəki müsahibimiz Məhəmməd Musayevdir. Şəmkir rayonunun Seyfəli kəndində doğulub. Söhbətimizdə onunla bağlı düşüncələrimdə yanılmadığımı dedi.

 

- Məhəmməd, sanki illərini dopdolu yaşayan müdrik, qocaman insan yaşındasınız. Yoxsa, düşünürsünüz yaradıcı adam məhz belə olmalıdır?

 

- (Gülümsəyir) Əlbəttə yox. Sadəcə, ətrafımda çox adamın olması məni darıxdırır. Ünsiyyəti çox sevmirəm. Səhnədə danışmaq bəs edir mənə.

 

- Gəlin bu günlük qaydaları pozaq. Müsahibə üçün danışmaq lazım gələcək.

 

- Söhbət maraqlı olanda, saatlarla susmamaq bacarığım da var. Əslində, uşaqlıqdan özümlə daha çox danışıram. 7-ci sinifdə bir qızdan xoşum gəlirdi. Ona söz deməyə utanırdım. Bir də baxdım ki, dəftər səhifələrini şeirlə doldurmuşam. O zamandan bəri yazmaq gündəlik daxili ehtiyacıma çevrildi. Artıq sinif yoldaşlarım mənə şair deyə müraciət edirdilər. Hətta çoxu gəlib məndən onlar üçün də şeir yazmağımı istəyirdilər.

 

- Əzbərdən bildiyiniz varsa, dinləmək maraqlı olardı.

 

 

- Bir-iki bənd deyə bilərəm.

 

“Həsrətindəyəm” şeiri

 

Gecələr ürəyim fəğan eyləyir

Bu canım solmuş bir gül tək titrəyir.

Ruhum sən olmasan eşqi neyləyir

Hardasan, sevgilim, həsrətindəyəm.

 

Sənin xəyalınla hər gün baş-başa

Gözlərim öyrəşib kədərə, yasa.

Sənsizilik qəlbimdə dönübdür daşa

Sənə çatmır əlim, həsrətindəyəm.

 

 

- Müasirimiz olan şairlərdən kimi oxuyursunuz?

 

 

- Çox sevdiyim və yaradıcılığından təsirləndiyim Ramiz Rövşəndir. Gənc şairlərdən isə Rəşad Nağının şeirlərini maraqla oxuyuram.

 

- Aktyor olmağa da şeir yazandan sonra qərar verdiniz?

 

- İncəsənət sahəsinə yönəlməyimin səbəbkarları anam və filmlərini heyranlıqla izlədiyim xalq artisti Rasim Balayev olub. Anam rəssamdır. Çəkdiyi rəsm əsərləri, obrazların portreti məndə fərqli fikirlər formalaşdırırdı. “Babək” filmini izləyəndən sonra isə şəkildən sakit, hərəkətsiz baxan üzlərdən daha çox canlı aktyor oyunları cəlb etməyə başladı. Elə o zamandan qarşıma məqsəd qoydum ki, mən də Rasim Balayev kimi kino aktyoru olacağam.

 

- Təbii, yaradıcı ailədə böyümək də şansın bir parçasıdır.

 

 

- Bəli, ailəm mənə çox dəstək oldu. Hətta qabiliyyət imtahanlarına daha peşəkar hazırlaşmağım üçün Gəncə Dövlət Dram Teatrına kursa göndərdilər. Nəhayət, arzuladığım fakültənin tələbəsi oldum. İlk kurslarda dərslər çətin gəlirdi. Tərəddüdlərim vardı, özümə tez-tez sual verirdim. Görəsən, aktyorluğu seçməklə yanılmamışam ki. Amma elə həmin dəqiqə düşünürdüm ki, özümü heç vaxt başqa sahənin adamı kimi təsəvvür edə bilmərəm.

 

-Tələbə kimi ilk rolunuz Müsyö Jordan olub, deyəsən. Təəssüratlarınız maraqlıdır (Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” əsərindən).

 

- Təsəvvür edirsiniz, bu obraz xarakterimi tamamilə dəyişdi. Sanki Məhəmmədin daha mükəmməl formasını kəşf etdim özümdə. Hətta bəzən gündəlik danışığımda da, yaxud şeir söyləyəndə də müəllimlərim deyir, lap Müsyö Jordan kimi danışırsan.

 

- Məhəmməd, bayaq dediniz ki, universitetə kino aktyoru olmaq arzusu ilə qəbul olunmusunuz. Bu qədər maraqlı tamaşalarda peşəkar səviyyəyə yaxın oyun göstərəndən sonra fikriniz dəyişdi?

 

- Düzü, gələcəkdə özümü heç bir teatr səhnəsində görmürəm. Hələlik ən böyük məqsədim xaricə gedib, orada kino sahəsinin bir parçası olmaqdır.

 

- Xaricə niyə?

 

 

- Təbii ki, bizdən asılı olmayan səbəblər var. Hər şey arzuladığım kimi olmaya da bilər. Bəli, bizdə yeni filmlər çəkilir, xeyli fərqli simalar tanıyırıq. Onlardan biri də mən ola bilərəm bəlkə. Açığını deyim, indidən məni maddi təminat da düşündürür. Bizdə aktyorların çoxu işinin çəkisi qədər qonorar almır. Ona görə aktyor fəaliyyətimi Türkiyədə davam etdirməyə çalışacağam. Deyəsən, çox iddialı danışdım (gülür).

 

- Əksinə, oyununuzu izləyən biri kimi deyirəm ki, arzularınız istedadınızdan böyük deyil. Uğurlar!

 

- (Gülür). Çox sağ olun, təşəkkür edirəm. Əsas odur, xeyli danışdım sayənizdə.

 

Gülnarə İLHAM

 



06.04.2018 | 17:23