AzTU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı olub

 

Fevralın 20-də Azərbaycan Texniki Universitetində Dövlət Neft Şirkətinin Daxili Təqaüd Proqramının təqdimatı keçirilib. Universitetdən verilən məlumata görə, proqramın təqdimatında  şirkətin İnsan Resursları Departamentinin nümayəndələri Qoşqar Qurbanlı və Nəzrin Əfəndiyeva içtirak ediblər.

Tədbirdə  AzTU-nun prorektoru, professor İsa Xəlilov Neft Şirkətinin gənclərlə bağlı layihələrinin üstünlüklərindən və əhəmiyyətindən danışaraq tələbələrə bu layihələrdə iştirak etməyi tövsiyə edib. Prorektor qeyd edib ki, SOCAR-ın artıq bir neçə ildir  müntəzəm  həyata keçirdiyi təqaüd proqramları gənclərə uğurlu karyera qurmaq üçün əlverişli imkan yaradır. İsa Xəlilov gənclərə qayğı məqsədilə SOCAR-ın həyata keçirdiyi təqaüd proqramlarına görə şirkət rəhbərliyinə təşəkkür edib.

Şirkətin əməkdaşı Qoşqar Qurbanlı SOCAR-ın həyata keçirdiyi  Daxili Təqaüd Proqramı, Yay Məktəbi Layihəsi və Ödənişli Yay Təcrübəsi Proqramı haqqında tələbələrə ərtaflı məlumat verib. Q.Qurbanlı bildirib ki, təmsil etdiyi şirkət Daxili Təqaüd Proqramını istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə  həyata keçirir. Onun bildirdiyinə görə, təqaüd müsabiqələrinin qalibləri, həmçinin yaxşı nəticə göstərən tələbələr  SOCAR-a işə  müsabiqədənkənar qəbul olunurlar.

Qoşqar Qurbanlı Daxili Təqaüd Proqramının şərtləri və müraciət qaydaları haqqında da ətraflı məlumat verib və bildirib ki, AzTU-da təhsil alan yüksəkixtisaslı kadrlara şirkətin ehtiyacı var.

 

Yusif ƏLİYEV

 



20.02.2018 | 13:23