ADNSU-nun rektoru ingilis dilində tədris alan tələbələrlə görüşüb
Fevralın 20-də Azərbaycan  Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı ingilis dilində təhsil alan tələbələrlə görüşüb.
Ali təhsil müəssisəsindən verilən məlumata görə, rektor Mustafa Babanlı tələbələrin imtahanlardakı nəticələri, müvəffəqiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib. Universitetdə ingilis dilində tədrisin üstünlükləri və məqsədindən söz açan rektor bu dildə tədrisin keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini vurğulayıb,  bu istiqamətdə görüləcək işlər barədə  danışıb. Rektor tədris proqramlarının təkmilləşdirilməsi, xarici ali təhsil müəssisələrindən ingilisdilli mütəxəssislərin mühazirələrə cəlb olunması, xarici universitetlərin analoji ixtisaslarında sillabusların təyin olunması üçün xüsusi addımların atılacağını qeyd edib.
Professor M.Babanlı, eyni zamanda, ingilis dilinin tədrisinin artırılması, texniki ingilis dilinə əlavə kredit verilməsi, terminologiyaya yer ayırılması, tədrisə metodoloji kömək göstərilməsi məqsədilə əcnəbi mütəxəssislərin cəlb olunması və UFAZ çərçivəsində yerli və xarici mütəxəssislərdən məsləhət alınması üçün planlaşdırılan layihələr barəsində də ətraflı danışıb.
 
 
Samirə KƏRİMOVA

 



20.02.2018 | 17:48