Rəqəmli, yoxsa verbal?

“Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”nda şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər, konsepsiyanın yaradılmasını zəruri edən səbəblər, şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, qiymətləndirilmənin əsas xüsusiyyətləri, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartları və vasitələrinin hazırlanması  dolğun şəkildə öz əksini tapmışdır. Kurikulumların tətbiqi ilə bağlı vəsaitlərdə və kütləvi informasiya vasitələrində də qeyd olunan müddəalar, bölmələr  təhsil ekspertləri, təhsil işçiləri tərəfindən dəfələrlə müzakirə olunaraq dəyərləndirilmişdir. Lakin qiymətləndirmənin rəqəmli ifadəsi və sinif jurnalına qeyd olunması bütün məqamlarda ya müəllimin subyektiv rəyi kimi, ya şagirdin qiymət almaq xatirinə oxuması, ya da həmin qiymətləndirmənin formalizmə gətirib çıxardığı vurğulanır, formal, qeyri-dəqiq, sistemsiz qiymətləndirmə kimi dəyərləndirilir. Müdavimlər üçün yazılmış vəsaitlərdə də ənənəvi və müasir qiymətləndirmənin bütün komponentlər üzrə verilən müqayisə cədvəllərində fikrimizcə, düzgün olmayan bu mövqe özünü göstərir. Bu gün cəmiyyətimizin inkişafını təmin edən mütəxəssislərin, təhsili idarə edənlərin, təhsilverənlərin əksəriyyəti orta təhsilini ənənəvi qiymətləndirmə ilə başa vurmuşlar. Necə ola bilər ki, həmin qiymətləndirmənin formal olduğunu qəbul edək və yaxud obyektivliyi bugünkü müəllimlərin obyektivliyindən heç də geri qalmayan, düzgünlüyü həyatının amalı, məsləki olan müəllimlərimizin haqqına şübhə ilə yanaşaq. Subyektiv rəyi əsasında şagirdini qiymətləndirən müəllim əvvəlki təhsil sistemində də vardı, bu gün də var, gələcəkdə də olacaqdır. Düşünürük ki, bu fikirləri müzakirə obyektinə çevirməyə ehtiyac yoxdur. Hər bir təhsil işçisi öz müəllimlərini yaxşı xatırlayır, bu gün ətrafında çalışan yüzlərlə müəllimi tanıyır və hər kəs özü üçün müqayisə apara bilər.

Bizi düşündürən  sual qiymətləndirmə üsulu ilə bağlıdır: Diaqnostik,  formativ qiymətləndirmələrin verbal (sözlə) olaraq aparılması rəqəmli qiymətləndirmə ilə müqayisədə bizə nə qazandırır və vaxtı dəyərləndirmə  baxımından hansı daha üstündür?

İlk öncə konsepsiyadan bir məqamı nəzərdən keçirək: “Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır... Qiymətləndirmə sxemləri qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə almağa şərait yaradır”.  

Göründüyü kimi, konsepsiya hazırlanarkən belə müəllimin qiymətləndirmə üçün sərf edəcəyi vaxt diqqətdən kənarda qalmamışdır. Qiymətləndirmə ilə bağlı sonrakı müzakirələrdə, bir çox təhsil ekspertlərinin rəylərində rəqəmli qiymətləndirmənin yuxarıda qeyd olunduğu kimi “effektiv” olmadığı vurğulandığı halda verbal qiymətləndirmənin müəllimləri necə vaxt itkisinə məruz qoymasına diqqət yetirilməmişdir. Hansı qiymətləndirmənin daha səmərəli olduğunu müəyyən etmək üçün ən adi məqamlara diqqət yetirmək kifayətdir. Şagird gündəliyinə qiymətləndirmə zamanı səviyyələr üzrə ən qısa şəkildə “mənimsəmir”, “qismən mənimsəyir”, “mənimsəyir”, “tam mənimsəyir” yazmaq rəqəmli qiymətləndirmədən fərqli olaraq 12 dəfə artıq vaxt aparır. Şagirdin nəyi və necə mənimsədiyinin  gündəliyinə sözlə qeyd olunması vaxt itkisinə  gətirib çıxarır. Bir dərs ərzində müəllimin həm jurnalı yazması, həm öz qeyd dəftərində qeydlər aparması, həm də şagirdin məktəbli kitabçasında, dəftərində formativ qiymətləndirmənin sözlə qeyd olunması vaxt itkisinə səbəb olur. Bu vəziyyət şagird sıxlığı olan məktəblərimizdə daha çox hiss olunur. 35-40 və daha çox şagirdi olan siniflərdə təlim prosesi zamanı müəllim üçün dəqiqənin yox, saniyənin nə demək olduğunun fərqinə varmağı bacarmalıyıq, vaxta necə qənaət, ondan necə səmərəli istifadə etməyin vacibliyini düşünməliyik.

Bütün fənlərin öz məzmun xətləri, standartları var və hər fənn üzrə keçiləcək dərsdə fərqli standartların, müxtəlif məzmun xətlərindən müxtəlif standartların yerinə yetirilməsi tələb olunur. Dinləyib-anlama və danışma məzmun xətti üzrə IV, oxu məzmun xətti üzrə II, yazı məzmun xətti üzrə isə III səviyyə meyarlarına uyğun cavab verən şagirdin gündəliyinə tələb olunan standartlara müvafiq düzgün qiymətin yazılması üçün 3-4 cümlədən ibarət meyar yazmaq lazım gəlir və bunun nə qədər vaxt itkisinə səbəb olduğunu demək çətindir. Belə məqamlarda rəqəmli qiymətləndirmənin nə qədər əlverişli, üstün olması özünü göstərir. Müəllim şagirdinin müxtəlif məzmun xətləri, müxtəlif standartların səviyyələri üzrə meyarlarına uyğun cavablarını ümumiləşdirərək asanlıqla rəqəmlə ifadə olunmuş qiymətini çıxara bilər və rəqəmli qiymətləndirmə həmin vaxt itkisinin qarşısını almış olar.

Digər bir konkret nümunəyə diqqət yetirək. Müəllimlər üçün metodik vəsaitlərdə mövzular üzrə təlim materialları ilə iş texnologiyasının şərhində hər bir mövzunun sonunda formativ qiymətləndirmənin müəyyənləşdirilmiş meyarlar əsasında aparılması göstərilir. Səviyyələr üzrə tətbiq olunan müəyyənləşdirilmiş meyarlardan yalnız birinin ( Boyun mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə suallar və müəllimin köməyi ilə təhlil edir və nəticə çıxarır. “Ədəbiyyat” fənni üzrə metodik vəsait. X sinif, səhifə 53.) şagird gündəliyinə və müəllimin qeyd dəftərinə yazılmasının nə qədər vaxt aparmasına diqqət yetirsək, hər şey aydın olacaq. “Ən azı bir dərsdə 4-5 şagirdin qiymətləndirilməsi üçün müəllim 10-15 dəqiqəsini meyar yazmağa sərf etməlidirmi” sualına heç bir təhsil işçisi  “bəli” cavabı verməz və bu halda diaqnostik,  formativ qiymətləndirmələrin verbal (sözlə) olaraq aparılmasının üstünlüyündən danışmağa belə dəyməz. Şagirdlərin cavablarının rəqəmli qiymətləndirilməsinə (hər bir şagirdə cavabının hansı cəviyyədə olmasını və hansı qiymətə uyğun olduğunu şifahi olaraq başa salmaq şərti ilə) 2-3 dəqiqə vaxt sərf etmək əvəzində o qədər vaxt itirməyə dəyərmi? Müəyyənləşdirilmiş meyarların şagird gündəliyində öz əksini tapması texniki cəhətdən belə mümkün deyildir və bu deyilənlər də rəqəmli qiymətləndirmənin əlverişli, üstün olduğunu açıq şəkildə ortaya qoymuş olur.

Bütün deyilənləri ümumiləşdirərək bu nəticəyə gəlmək olar ki, şagirdlərin diaqnostik və formativ qiymətləndirilməsində rəqəmli qiymətləndirmədən istifadə etmək təlim prosesi zamanı müəllimin vaxta qənaəti, vaxtdan səmərəli istifadəsi üçün verbal qiymətləndirmədən daha üstün,  daha əlverişli, daha məqsədəuyğundur.

Eyni zamanda diaqnostik və formativ qiymətləndirmələrin sinif jurnallarında qeyd olunub-olunmaması məsələsinə də bir daha diqqət yetirmək  lazımdır. Əgər şagirdin bilik və bacarığı qiymətləndirilirsə və sinif  jurnalında rəqəmli qiymətləndirmə üçün xüsusi yer ayrılmışdırsa, nədən şagirdin aldığı qiymətlər jurnalda öz əksini tapmamalıdır? Qiymətləndirmə konsepsiyasının  (1.3 bəndi) “Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər” bölməsi ənənəvi qiymətləndirmədə mövcud olan problemlər və o  problemlərin uzun müddət həll edilməməsi Azərbaycanın təhsil sistemindəki qiymətləndirmə mexanizmində  olan xarakterik çatışmazlıqlar öz əksini tapmışdır. Qiymətləndirmə standartları, üsul və  vasitələrindən, mexanizmlərindən yüksək səviyyədə faydalanaraq şagirdlərin qiymətlərinin sinif jurnalında öz əksini tapması konsepsiyada vurğulanan bir çox problemlərin, çatışmazlıqların öz-özlüyündə aradan qalxmasına gətirib çıxara bilər. Sinif jurnalında  diaqnostik və formativ qiymətləndirmələrin qeyd olunması şagirdlərin məsuliyyətini artırmaqla yanaşı nailiyyətlərin qiymətləndirilməsi prosesində şagird fəaliyyətinin nəticələrinin obyektiv təhlilinə, düzgün dəyərləndirilməsinə zəmin yaratmış olar. Əgər nəzərə alsaq ki, böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən həyata keçirilir  və yekun qiymət çıxarılarkən üstünlüyə malikdir, o halda hansısa müəllimin subyektivliyi də (əgər olarsa)  heç bir əhəmiyyət kəsb etmir, bunun üçün narahatlığa dəyməz.

Diaqnostik və formativ qiymətləndirmələrin  rəqəmli ifadəsi və onların sinif jurnallarında qeyd olunması ilə bağlı təhsil işçilərimizin, təhsil ekspertlərinin, peşəkar müəllimlərimizin rəylərinin öyrənilməsi, məsələnin hərtərəfli araşdırılması ümumi təhsil pilləsinin əhəmiyyətli problemlərindən biridir. Sonda onu da qeyd etmək istərdik ki, bu mövcud problemlə bağlı əsas sözdeyənlər daha çox peşəkar müəllimlərimiz olsunlar. Min illərin sınağından keçib gəlmiş “Uzaqdan döyüş asan gələr” kəlamını xatırladaraq ümid edirik ki, ən azı son 3-5 ildə tədris ili boyunca təlim prosesinin canlı iştirakçısı olmayan, şagirdləri qiymətləndirmə zamanı istər vaxt itkisinin, istərsə də maksimum dərəcədə obyektiv olma istəyinin psixoloji gərginlik anlarını yaşamayanlarımız nəzəri materiallarla, elmi biliklərlə müzakirə obyekti olan problem üzrə hər şeyin ideal səviyyədə olduğunu sübuta yetirməyə cəhd göstərməyəcəklər.  

 

Əbülfət ZEYNALOĞLU,

Bakı şəhəri E.Şəmiyev adına 149 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi



17.02.2018 | 17:00