Müasir tədrisdə riyaziyyatın mənimsənilmə metodologiyası

Riyaziyyat təliminin tarixi göstərir ki, onun tədrisi düzgün təşkil olunarsa şagirdlərdə düzgünlük, doğruçuluq, dözümlülük, vətənpərvərlik və digər mənəvi keyfiyyətlərin formalaşmasında mühüm rol oynaya bilər. Bu məqsədlə müəllim təlim prosesində riyaziyyatın tarixindən uyğun materiallara müraciət etməlidir. Riyaziyyat təliminin müvəffəqiyyəti şagirdlərdə riyaziyyatı öyrənməyə dayanıqlı marağın tərbiyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Əgər müəllimin izahı məktəbliyə aydındırsa, onun həll etdiyi məsələ həm məzmununa, həm də həll üsuluna görə maraqlıdırsa, onda o, məktəblinin özünün düşünməsi, ümumiləşdirməsi və nəticə çıxarması üçün real imkanlar yaratmış olar. Ona görə də təlim prosesində didaktikanın aşağıdakı əsas müddəalarına əməl etmək çox vacibdir. Təlimdə sadədən mürəkkəbə, konkretdən ümumiyə, konkret praktik nəticədən teorem və qaydalara doğru getmək lazımdır.

Şagirdin riyaziyyatı öyrənməyə marağının tərbiyə olunmasında onun yaradıcılıq və qələbə sevinci yaşamasının da əhəmiyyəti böyükdür. Ona görə də çalışmaq lazımdır ki, mümkün olan yerdə hər bir şagird bu hissi keçirsin. Bunlar təkrar olduqca şagirdin riyaziyyatı öyrənməyə marağı artar, dərin və uzunmüddətli olar.

Riyaziyyat təlimində şagirdlərin estetik tərbiyəsinə də diqqət yetirmək lazımdır. Estetik tərbiyə dedikdə bütün incəsənət sahələrinə, bizi əhatə edən aləmdəki gözəlliklərin bütün formalarına aid bilik və bacarıqlar sisteminin formalaşması başa düşülür. Riyaziyyat təbiətinə görə şagirdlərdə sözün geniş mənasında gözəl hisslər tərbiyə etmək üçün böyük imkanlara malikdir; simmetrik fiqurların xassələri, düzgün çoxbucaqlıların xassələri, fiqurların ölçülərinin nisbəti və s. şagirdlərdə estetik hisslərin oyanmasına imkan yaradır. Müəllimdən isə bütün bunlara şagirdlərin diqqətini cəlb etmək tələb olunur.

Riyazi biliklərin dərindən mənimsənilməsi şagirdin riyazi təfəkkürünün məqsədyönlü inkişafına nail olmadan mümkün deyil. Fəlsəfi nöqteyi-nəzərdən təfəkkür obyektiv gerçəkliyin insan şüurunda fəal inkişafıdır. Formal məntiqə görə, təfəkkür üç formada təzahür edir:

1) anlayış;

2) mülahizə;

3) əqli nəticə.

Riyazi təkliflərin öyrənilməsində həm yaddaşın, həm də təfəkkürün yüklənməsi zərərlidir. Bir sıra anlayış, aksiom və teoremin dəqiq öyrənilməsi çox vacibdir. Onların dəqiq mənimsənilməsi zəruri bünövrə təşkil edir. Bütün anlayış və teoremlərin əzbər öyrənilməsini tələb etmək düzgün deyil. Riyazi təklifləri müstəqil surətdə şagirdin öz sözləri ilə ifadə etməsi daha əhəmiyyətlidir. Şagirdlərin hansı biliklər minimumuna yiyələnməsini müəyyən etmək çox vacib metodik problemdir. Bu qəbildən olan təkliflər dərsliklərdə qalın şriftlərlə verilir. Lakin bunları birdəfəlik müəyyən etmək mümkün deyildir. Məsələn, üçbucağın daxili bucağının tənböləninin xassəsi artıq dərslikdə məsələ kimi verilir. Anlayışlar kimi teoremlər və aksiomlar təbii, həvəs kimi verilir. Anlayışlar kimi teoremlər və aksiomlar təbii, həvəs yaratmaqla öyrənilməlidir. Ənənəvi riyaziyyat təlimində teoremlərin öyrədilməsi zamanı bölgü adlanan metoddan istifadə olunurdu. Bu zaman teoremin məzmunu ilə tanışlıq və teoremin tətbiqinə aid çalışmaların həlli müxtəlif vaxtlarda aparılır.

Eyni zamanda isbat üsullarını deduktiv, induktiv, analitik və sintetik isbat üsullarına bölmək olar. Deduktiv isbat zamanı bir neçə ilk təklifdən məntiqi qaydalarla teoremin nəticəsi alınır.

Öyrədici söhbətin plan-icmalarını tərtib edərkən müəllim şagirdlərə veriləcək əsas və əlavə sualları dəqiq göstərməlidir. Bəzi hallarda kimə hansı sualın verilməsi olduğunu da dəqiq göstərmək olar. İcmalda müəllimin yazı lövhəsinə çağıracağı şagirdlərin adını göstərmək olar. Öyrədici söhbətlər gedişində istifadə olunacaq didaktik vasitələr əvvəlcədən  hazırlanmalıdır. Şagirdlər üçün nəzərdə tutulan suallar elə tərtib olunmalıdır ki, onların çətinliyi tədricən artsın və öyrənilən mövzunu tam əhatə etsin. Suallar aydın və yığcam şəkildə tərtib olunmalıdır. Öyrədici söhbətin sonunda şagirdlərə mənimsəmə səviyyəsini müəyyən etməyə imkan verən sadə çalışmalar verilməlidir. Əsasən, yeni materialın izahı zamanı tərtib olunan tədris metodları mühazirə və müəllimin şərhidir. Bu metodların tətbiqi zamanı müəllimin fəaliyyəti əsas olsa da, şagirdlərin fəal tədris fəaliyyəti vacibdir.

 

Cəvahir NAĞIYEVA,

Xırdalan şəhəri B.Cəfərov adına texniki təbiət fənləri təmayüllü 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi



17.02.2018 | 17:30