“Ustad tövsiyə etdi ki, səsimi qoruyum”

Telekanallarda, qəzetlərdə və internet  saytlarında  müxtəlif   istedad sahiblərinin  sənət  yollarına işıq saçan verilişlər və yazılar həmişə diqqətimi cəlb edir. Əsl istedad sahibləri  müsahibə verərkən özlərini zərrəcə öyməyəndə daha çox xoşuma gəlirlər. Haqqında müxtəlif  mətbu orqanlarda  çox oxuduğum   bugünkü həmsöhbətim də elə  bu qəbildən olan yeniyetmə istedad sahiblərindəndir. Sənət yolunun ilk pillələrində qazandığı  uğurlar və həmin uğurların  ona  yaşatdığı sevinc hissləri  barədə ürək sözlərini öz dilindən eşitməyi və dəyərli oxucularımıza  çatdırmağı qərarlaşdırdım. Odur ki, yollandım Abdulla Şaiq adına Azərbaycan  Dövlət Kukla Teatrına İbrahim  Laçının  məşğul  olduğu dərnəyə.

...A.Şaiq adına Azərbaycan Dövlət  Kukla Teatrındayam. Səsli-küylü dəhlizdə uşaqların şaqraq gülüş sədalarının sehrinə  düşmüşəm. Bəzi otaqlardan müəllimlərin  xoş avazları eşidilir, bəzilərində uşaqlar  nağıl qəhrəmanlarının dialoqlarını təkrarlayır, bir sözlə, bütün dərnəklərdə  istedadlar nümayiş olunurdu. Dəhlizdə  8 yaşlı müsahibim  İbrahimlə  görüşəndə  məni çoxdan tanıyırmış kimi  yaxınlaşdı və  onca dəqiqəyə başlayacaq tamaşaya baxmağı, sonra isə söhbətimizi davam  etdirməyi xahiş etdi. Bu təklif mənim lap ürəyimcə oldu, çünki elə  bu dəqiqəcə  qəhrəmanımın hansı istedad sahibi olacağını  öz gözlərimlə görəcəyəm. Mən bu gün ilk dəfə olaraq  “Oyaq gözəl” tamaşasında  “Şəngülüm” rolunu ifa edəcəyəm, dostlarımı da dəvət etmişəm,- söylədi.  Tamaşaya diqqətlə baxdım, İbrahimin  səhnədə nümayiş etdirdiyi  bacarığı  məni  heyran  etdi  və əmin oldum  ki o, sözün tam mənasında əsl istedad sahibidir. Söhbətimiz də çox maraqlı keçdi.  Bu dilli-dilavər  oğlan  çoxşaxəli yaradıcılıq fəaliyyəti  barədə mənə ətraflı məlumat verərək dedi.

 

Sevinirəm ki, mən də onların sırasındayam

 

Teatrımızda tez-tez  görüşlər keçirilir, uşaqlar üçün tamaşalar hazırlanır. “Oyuq” teatr studiyasının  uşaqları  Aylin, Selcan, Mehri və Surin bacıları  respublika və beynəlxalq yarışlarda ölkəmizi təmsil edərək həmişə vətənə  diplom və  fəxri fərmanlarla  qayıdırlar.  Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı  nəzdindəki “Oyuq” teatr studiyasında  günü-gündən  uşaqlarımızın sayı  artmaqdadır. Sevinirəm ki, mən də onların sırasındayam. Birgə tamaşalarda iştirak  edir, birlikdə alqışlar qazanırıq.

 

Beynəlxalq festivallara qatılırıq

 

Müəllimlərimizin  və  istedadlı  dostlarımın  əzmkarlığı  sayəsində “Oyuq” teatr studiyamız  öz maraqlı tamaşaları ilə beynəlxalq festivallara qatılır, diplom və mükafatlarla vətənə dönürük. Studiyanın rəhbəri, ssenarist Səidə Haqverdiyeva uşaqların sevimlisidir. O, tez-tez  xeyriyyə tədbirləri  keçirir.  Həmin tədbirlərin birində uşaq evlərinə, autizm sindromlu  uşaqlara həsr olunmuş  “Əlimdən tut” mahnısına klip də  çəkdirmişik. Mən də  həmin klipdə iştirak edirəm.  Novruz bayramına həsr olunan  mərasimdə isə studiyamızın fəalları  ilə Azərbaycan  Respublikasının  Prezidenti   İlham Əliyevin,  Birinci vitse-prezident  xanım Mehriban Əliyevanın qarşısında “Novruz gəlir, yaz gəlir” mahnısını təqdim etdik.  Çıxışımız  Prezidentin  və birinci xanımın çox  xoşuna gəldi. Bizimlə xatirə şəkli də çəkdirdilər. Həftənin  şənbə və bazar günləri   məşqlərimiz olur. Peşəkar müəllimlər  Firuzə İbadovadan, Cəmilə Allahverdiyevadan,  İqbal Əliyevdən, Günay Sətdardan və  başqalarından  səhnə hərəkətləri, aktyorluq, vokal, rəqs, rejissorluq   dərslərini alırıq.

 

Milli muğamlarımızın vurğunuyam

 

Mən   eyni zamanda milli muğamımızın  da vurğunuyam. Valideynlərim də muğamı  çox xoşlayırlar. Anam Şəmsiyyə  Bakı Musiqi Akademiyasının   tərkibindəki Musiqi  Kollecini   bitirib. Hər  dəfə əlimə qaval alıb muğam parçaları ifa edəndə  o, bütün işlərini atıb mənə qulaq asır.  Hələ 5 yaşım olanda Adil İsgəndərov adına Mədəniyyət  Sarayında imtahan verib muğam şöbəsinə daxil olmuşam. Müəllimim Opera və Balet Teatrının solisti İsmayıl Ələkbərov olub. O, özü də  Xan Şuşinskidən  ustad dərsi alıb.

 

“Azərbaycanın  bala səsi” müsabiqəsinə qatıldım

 

6 yaşım olanda ATV telekanalında  yayımlanan  “Azərbaycanın  bala səsi” müsabiqəsinə qatıldım və   finalist oldum, İqbal Əliyevin “ Dəbli ol” yarışmasında isə   diplomla  mükafatlandırıldım.  Xəzər  telekanalında   “Ata ocağı” serialında Xəyyam roluna çəkilmişəm.  Sevinirəm ki, xalq artisti Həmidə Ömərova, aktyorlardan Xatirə Süleymanova, Elman Rəfiyev, Qurban İsmayilov kimi  mən də seriala  çəkilmişəm.  Rüfət Şahbazov,Vüsal Məmmədov kimi peşəkar  rejissorlarla  fəaliyyət göstərirəm. Hazırda isə  biz  “Oyuq” teatr studiyasının  fəallarlı “O, olmasın, bu olsun” tamaşasına hazırlıq məşqlərini edirik.   Milli  Konservatoriyanın  tərkibindəki Respublika İncəsənət  Gimnaziyasının 1-ci sinfində təhsil alıram.  Müəllimim Vüqar Musəlidən  muğamın incəliklərini  daha  dərindən öyrənməyə çalışıram. “Bayatı-kürd”, “Şahnaz”  muğamlarını tədbirlərdə oxuyub tamaşaçılarda xoş ovqat  yaratmışam. “Mirzə-Hüseyn” segahını, “Arazbarı” zərb muğamını, “Qaçaq Nəbi” xalq mahnısını öz qavalımla müşayiət edərək ifa edirəm.

 

“Qarabağ şikəstəsi”ni oxuyarkən  kövrəlirik

 

Bəzən dərsdən sonra    öz ifalarımla  müəllimlərimi və dostlarımı  da  feyziyab edirəm.  “Qarabağ şikəstəsi”ni oxuyanda  isə  qeyri-ixtiyari kövrəlirik.  Hazırda “Laçınım”  mahnısının məşqlərini edirəm. Hər dəfə bu mahnını  oxuyanda atam  kövrəlir. Axı  o,  Laçın rayonunda boya-başa çatıb. Deyir ki,  elə bil bu  mahnı  məni  qanadlarında xəyalən o dağlara, meşələrə aparır, büllur çaylar gözlərim önündə  canlanır.

 

Ustad tövsiyə etdi ki, səsimi qoruyum

 

Yeri gəlmişkən deyim ki, xalq artisti Mənsur İbrahimov da  mahnılarımı dinləyib və yüksək qiymət verib. “Bayatı-Kürd” və “Şahnaz” muğamlarını o, mənim ifamda daha çox bəyəndi.  Ustad tövsiyə etdi ki,  səsimi qoruyum, muğam ifaçıları üçün bu, olduqca vacibdir. Mən də onun tövsiyələrinə əməl edirəm.  Bu əvəzsiz  sənətkar  mənim  ifaçılıq sənətinə məhəbbətimi  birə-beş artırdı. İndi  daha böyük məsuliyyətlə, əzmlə çalışıram, yeni ifalar üzərində işləyirəm, muğamlar, təsniflər,  xalq  mahnılarını öyrənirəm. Boş vaxtlarımda isə dəyərli ustadlarımız   Xan Şuşinskinin, Arif Babayevin, Mənsum İbrahimovun və Əlibaba Məmmədovun ifalarını diqqətlə dinləyirəm. Məktəbdə də, evdə də məşqlər edirəm.   105 FM radiosunda qonaq oldum,  teatrda qazandığım uğurlardan söz açdım, “Arazbarı” zərb muğamını oxudum, çox xoşlarına gəldi.

 

Vətənpərvərlik mövzusunda illüstrasiyalar çəkməyi xoşlayıram

 

Rəsm  çəkməyə də meyilliyəm. Əsasən  vətənpərvərlik mövzusunda illüstrasiyalar çəkməyi  xoşlayıram. “Əsgər”, “Sülh  göyərçini”, “Dağlar qoynunda”, “Meşədə” rəsmlərim  hamının xoşuna gəlir.  Deyirlər ki  fantaziyam çox  güclüdür.  İdmanı da çox sevirəm. Yay  tətilində üzgüçülüklə məşğul oluram. Asudə Vaxt Mərkəzində  isə  milli  və dünya rəqslərinin  sirlərinə yiyələnirəm. Zəka Tədris Mərkəzində ingilis dilində imtahan  verdim və  əla qiymətlər alıb kuboklara layiq görüldüm...

...Maşallah, İbrahimin nə qədər uğurları var imiş! Onin çoxşaxəli yaradıcılıq  potensialına malik olduğu barədə   söylədiklərini siz də elə həmsöhbətimin  öz dilindən eşitdiniz.Və yəqin ki  onun  parlaq gələcəyinə  heç kimdə  zərrəcə  şübhə yeri   qalmadı.  İllər ötəcək,  gələcəkdə İbrahimin  sənət zirvəsində  qazanacağı   böyük uğurlar barədə  sizə  daha  geniş   məlumat  verəcəyik.

 

Sifai SƏFƏROVA



17.02.2018 | 13:45