“Azərbaycan Demokratik Respublikasının dil siyasəti”
 
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyinə həsr olunmuş “Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir keçirilib. 
Universitetdən verilən məlumata görə, “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində keçirilən tədbirdə  çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev 1918-ci ilin Azərbaycan xalqının tarixində yaddaqalan hadisələrlə zəngin olduğunu bildirib. Məhz həmin ilin 28 may tarixində Şərqdə ilk demokratik respublikanın yarandığını xatırladan professor bunu bütün Şərq xalqlarının həyatında önəmli ictimai-siyasi hadisə kimi xarakterizə edib. A.Babayev daha sonra AXC dövründə dil siyasəti və təhsil sahəsindəki islahatlar barədə danışıb, ana dilimiz haqqında verilən qərarlar və onların əhəmiyyətindən söz açıb. 
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxışında AXC-nin 23 aylıq hakimiyyəti dövründə Azərbaycan (türk) dilinin dövlət dili kimi qəbul edilməsi, Darülfunun (Bakı Universitetinin) açılması kimi  bir çox ciddi qərarlar qəbul etdiyini diqqətə çatdırıb. O, eyni zamanda AXC dövründə qəbul olunmuş “Son türk əlifbası” və türk dünyasındakı əlifba proseslərindən danışıb.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov AXC-nin əlifba islahatından söz açıb. Bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda ərəb əlifbasından imtinaya ən çox etiraz edən tatar və qazax türkoloqları olub. Onlar, fikirlərini belə əsaslandırıblar ki, Osmanlı və Azərbaycan türkçəsini Türküstan türkləri başa düşmür. Daha sonra M.Rəsulzadənin ərəb əlifbasından imtina etməyə qarşı çıxmasına aydınlıq gətirən M.İmanov  bunu  yazılı ədəbiyyatımızın 9 əsrə yaxın ərəb qrafikasında yazılması baxımından bu əlifbadan imtina etməyin, doğrudan da, məqsədəuyğun olmaması ilə əlaqələndirib. 
Digər çıxışçılar Azərbaycanda dil siyasətinin mərhələləri və bu yolda aparılan mübarizədən, sovet dönəmində ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunmasında göstərdiyi xidmətlərdən, AXC-nin qısa zaman kəsiyində apardığı uğurlu siyasətin tərkib hissəsi olan dil və təhsil siyasətindən danışıblar.  
Qeyd edək ki,  ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideya müəllifi olduğu “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində universitetdə gələcəkdə “Dil və fəlsəfə”, “Dil və ədəbiyyat”, “Dil və mədəniyyət” kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
 
Yusif ƏLİYEV


21.02.2018 | 16:20