“Üstünlüyünüzü tapmamış, özünüzdən əl çəkməyin”

Fiziki məhdudiyyətli deyirlər, yazıq bilirlər, guya ki, rəhmləri gəlir. Onu etmə, buna toxunma, sən bacarmazsan. Bunlar əlilliyi olan insanların bizim cəmiyyətdə tez-tez rast gəldiyi, hər eşidəndə özlərini aşağılanmış hiss etdiyi ifadələrdir. Hələ bu harasıdır, əlilliyi olan qızı varsa, valideynə bəzən “sənin böyük dərdin var,  qız uşağıdır, sonu nolacaq? Yenə oğlan olsa birtəhər ötüşər” də deyirlər bizim reallıqda. Əslində, onların daha çox mənəvi dəstəyə ehtiyacı var, yalançı rəhmə yox. Bu gün “Məktəb illəri”ndə sizə belə bir xanımı təqdim edəcəyik. İllərdir bu sözləri eşidə-eşidə, min bir əzabla zirvəyə ucalan birini. Parataekvando üzrə üçqat dünya çempionu Aynur Məmmədovanı.

 

Bir dəqiqəsi boş deyil. “Qarışqa kimi hərəkətdədir” deyib zəhmətkeşliyini ifadə edərlər bəzən bir insanın. Bu xanım məhz o “qarışqa”dır. Həmişə harasa gedir, tədbirə, məşqə, görüşə, yarışa. Bir neçə günün danışıqlarından sonra nəhayət,  bizimlə də görüşdü, həm də düz üç saat gözlədərək...

 

- Tələsə-tələsə gəlmisiniz...

 

- Yarışlara hazırlaşırıq, o üzdən gərgin məşqlərimiz gedir. Bir dəqiqə boş vaxt yoxdur. Tədbirlər, dərs, məşqlər. Gün mənə yetmir. Çox gecikdim bilirəm, üzrlü sayın.

 

- Bu qədər qaçhaqov indi var, bunlar olmayanda kim idi Aynur Məmmədova?

 

- Ucarın Təzə Şilyan kəndindənəm. 1979-cu ildə doğulmuşam. Kənd məktəbində ibtidai təhsil almışam. 1986-cı ildə birinci sinfə getmişəm. Düzünü deyim, şıltaq qız olmuşam. Dəcəl, amma son dərəcə çalışqan idim.

 

- O son dərəcə hara qədər idi?

 

- Kənd evlərində hamı bilir ki, ya odun, ya kömür sobası yandırırlar. Tez-tez yanğınlar olurdu. Kim idi qaydalara əməl edən, yaxşı şəraitli bacalar quran. Bir gün bizim evdə də yanğın oldu. Bilmirəm inanacaqsınız, ya yox, hamı sənəd, əşya, geyim götürmüşdü, mən dərsliklərimi çıxarmağa çalışmışdım.  Demək olar hamısını xilas edə bilmişdim. Oxumağı və çalışmağı həmişə son dərəcə sevmişəm. Deyim ki, əlaçı olmuşam, yox, sadəcə, son dərəcə çalışqan idim.

 

- Heç şagird bicliyi işlətməmisiniz?

 

- Yox, niyə, işlətmişəm. Hərdən hazır olmurdum dərsə, özümü elə göstərirdim ki, guya müəllim qaldırsa, hamıdan yaxşı özüm danışacam.  Çalışqan olmağımda anamın rolu böyük olub. Həmişə məni istiqamətləndirib, oxumalısan, çalışmalısan, bu sənə vacibdir deyib. Ağlım kəsəndən onun bu sözləri qulağıma sırğa olub və  təhsilimin üstünə çox ciddi şəkildə düşmüşəm.

 

- Arzularınızda kim idiniz?

 

- Ya müəllim, ya diktor. Bu iki istiqamətdən birində görürdüm özümü.

 

- Fiziki məhdudiyyəti, əlilliyi olan çoxlu sayda insan özünə qapanır. Bəlkə də onları bu cür cəmiyyət edir...

 

- Bu var və düzgün deyil.  Uşaq idim, bilirdim ki, fərqliyəm. Fərqliliyimin əlillik olduğunu dərk etmirdim. Böyüdükcə əvvəl bağçada, sonra məktəbdə insanlar bunu hiss etdirdi. Mən yavaş-yavaş bir əlimin olmamasının yox, heç olmayacağının fərqinə varırdım. Hamıda olur, məktəbdə, sinifdə uşaqlar arasında dava edirlər. Başqa nəsə deyə bilməyəndə əlilliyimi qaxınc edirdilər.  Yaşıdının sənə acıq verib deməsi ki, sənin bir əlin yoxdur... Bunu eşitmək adama toxunur. Axı sən də uşaqsan... Elə bil sınırsan, əlilliyini anlayırsan. Amma həmişə elə bil məni nəsə qoruyub, qoymayıb sınam. İçimdə bir qüvvə məni təslim olmaqdan çəkindirirdi.  Anamın israrı o qüvvənin danışan dili idi. 14-15 yaşımda artıq prinsip olaraq qəbul etdim, əlilliyi olan uşağam, bu üzdən hamıdan çox oxumaq, hamıdan çox çalışmaq lazımdır.  Düşünürdüm ki, bu mənə böyüyəndən sonra kiməsə möhtac olmamaq üçün lazımdır. Oxuyub özüm öz başımın çarəsini qılmağa çalışacaqdım.

 

- Diktor, ya da müəllim olacaqdınız...

 

- Bəli, bayaq dedim. Əlilliyi anlayandan sonra suallarım var idi özümə. Deyirdim müəllim olsam, uşaqların qarşısına necə çıxacağam? Diktor olsam, efirdə necə görünəcəyəm? Düşünürdüm müəllim olsam, yəqin bu halım uşaqları da narahat edəcək, bir əli olmayan adam kimi baxacaqlar mənə, müəllim kimi yox. Diktorluğu məşq edirdim onda da. Efirə çıxanda qolumun olmadığını necə gizlədəcəyimi məşq edirdim. Fikir verirdim, bizim diktorlar əllərini qarşılarındakı stolda üst-üstə qoyur bəzən. Onda düşündüm ki, o cür otursam, əlimin yoxluğu bilinməz. Beləcə, diktorluğa bir az ümidlənmişdim. Deyirdim yəqin alınar. Amma bəzən olurdu ki, əlilliyimi üzümə vururdular, onda pərt olurdum. Deyirdilər bacarmazsan, əlilliyin var.  Bunu başqaları da deyirdi, ailədə də deyirdilər.

 

- Ailədə yəqin ki, sizi qorumaq üçün deyiblər.Çünki valideynlər həmişə narahat olur belə uşaqlar üçün...

 

- O da var idi. Amma bu mənim xoşuma gəlmirdi. Nəyi bacarmazsan deyirdilərsə, onu o adamın özündən daha yaxşı etməyə qərar verirdim və edirdim. Bu, məndə alınırdı. Evdə bir işi görmək istəyirdim, deyirdilər axı bir əlin yoxdur, sən bunu bacara bilməzsən, çəkil dur qırağa.  Elə bil prinsipə onlara hər şeyin əksini göstərirdim. Sübut edirdim ki, siz bacarmazsan dediyinizi hamınızdan yaxşı bacarıram.

 

- Ev işləri, yemək hazırlamaq, bunlarıdamı özünüz edirsiniz?

 

- Bu, çox adama maraqlıdır. Çox yaxşı yemək hazırlayıram. Bütün ev işlərini özüm görürəm. Əslində, bütün bunları özümü başqalarına sübut edə-edə öyrənmişəm. Düşünürəm ki, düz eləmişəm. Yoxsa indiki Aynur ola bilməzdim. Əlilliyi olmaq o demək deyil ki, daha heç nəyə yaramırsan.

 

- Siz danışdıqca düşünürəm ki, əlilliyin varsa belə, bu, dünyanın sonu deyil, ta o ana qədər ki, sən psixoloji olaraq əlilliyini qəbul edib bunu dərdə çevirirsən...

 

- Əlilliyi olmaq o zaman problem yaradır ki, sən özünü aciz bilib, hər şeydən təcrid edirsən. Elələri var özünə qapanır, düşünür faydalı ola bilməz. Hər şey onun üçün bitib. Bəzən də əlilliyi olanları çevrə bu nəticəyə gətirir. Onlara başqa yol qoyulmur.

 

Əlilliyi olan hər kəs həm də iradə nümayiş etdirməyi öyrənməyə çalışmalıdır. Bilirsinizmi, bizim situasiyamızda hər şeyə rəğmən israrçı olmaq vacibdir.  Hamıdan çox israr etməliyik. Hamıya, hətta ailənə etiraz etməyi, çox şeyi edə bilərəm deməyi bacarmaq lazımdır. Düşünmək lazım deyil ki, ata-anama bir yükəm. Bu, əslində, mümkünsüz olanı bacarmaqdır bir az. Mən bunu bacarmışam, mümkünsüzü. Az saydadır belə adamlar. Buna təəssüf edirəm, həm də deyirəm yaxşı ki, o az sayda olanlardanam. İstərdim ki, sayımız  daha çox olsun, bütün sağlam insanlar kimi cəmiyyətə fayda verib, faydasız olmadığımızı isbatlayaq.

 

- Onda belə çıxır ki, əlilliyi olan insanları ailələrdə qoruyanlar, daha dəqiq, qoruduğunu düşünənlər, əslində, onlara böyük ziyan vurur...

 

- Yüzdə yüz belədir. Əlilliyi olanın yerinə hər şeyi özləri edirlər. Bu, düzgün deyil. Onu həyata hazırlamaq lazımdır. Bir gün ancaq özü və dünya, cəmiyyət qalacaq. O situasiyada bütün normal adamlar kimi o, təkbaşına yaşamağı bacarmalıdır. 

 

- Sizə etiraz edən, qoruyan daha çox kim idi?

 

- Atam. Hər işimə qarşı idi. Anamsa həmişə çalış, mübarizə apar, öyrən deyib. Atam oxumağıma belə yox deyirdi. Ali məktəbə daxil olmağıma da etiraz edirdi. İnanırsınızmı, atam ailə qurmağıma da razı olmurdu. Deyirdi bunun evi olmalıdır, övladı olmalıdır. Ailəyə, evə, dünyaya gələcək körpəyə qulluq lazımdır, bu onları bacarmaz axı. Yəni bütün yoxduları ona görə deyirdi ki, qorxusu var idi mən sarıdan. Sarsılırdı ki, alınmayacaq, uduzacağam. Həmişə elə bilmişəm ki, evdə mənə yazıq biri kimi yanaşılır. Bunu hiss etdiyimə görə ağır işlər görürdüm. Bəzən evin elə işlərini görürdüm ki, bunu mənim etdiyimə inanmırdılar. Əslində, uşaq ağlımla özümü atama sübut edirdim, göstərirdim ki, mən sənin düşündüyün aciz qız deyiləm. Üç qardaşım var. Hərdən istəyirdim deyəm ki, ay ata, sənin üç oğlunun üçündən də güclüyəm, məni aciz bilmə, ciddiyə al! Demirdim, susurdum.

 

- Üç qardaşın bir bacısısınız?

 

- Yox, üç bacı üç qardaşıq. Qızların ən fəalı mən idim. O üzdən özümü həmişə qardaşlarımla müqayisə edirdim.

 

- Sizcə əlinizin ikisi də olsaydı, necə olardınız?

 

- İki əlim də yerində olsaydı, heç zaman bu adam ola bilməzdim. Sadə bir qız olacaqdım, bəlkə heç iddialarım da olmayacaqdı. Yəni dəqiq qarşınızdakı Aynur olmayacaqdım. Baxın, mənim sevdiyim insanlar, ailəm var. Baxıram bütün əzaları yerində, sağ-salamatdırlar, nələr edə bilərlər, amma etmirlər. Qəribə gəlir mənə bu cür davranışları. Necə ola bilər ki, Allah sənə bu qədər gözəl vücud, sağlam can verə, sən ondan yararlanmaq istəməyəsən. Mənim üçün boş vaxt anlayışı yoxdur.

 

- Məktəbdə müəllimlərdən yadda qalanı olubmu?

 

- Hamısı yadımdadır müəllimlərimin, həm də bir keyfiyyətləri ilə. Heç biri məni incitmək istəmirdi. Hətta dəcəllik edəndə belə, güzəştlərim vardı. Əslində, əzizlənmək adamın xoşuna gəlir. Sadəcə, bir məqam var idi, ona görə narahat olurdum. Elə bilirdim bu əzizlənmək həm də yazığı gəlməkdir. Ona görə kimsə məni əzizləyəndə bəzən qıcıqlanırdım.

 

- Yəni valideyndən də, müəllimdən də cəzanız olmayıb...

 

- Riyaziyyat dərsini deyən Əkbər müəllim dərs bilmədin, cavab vermədin, bilmədiyini soruşmadın, dəcəllik elədin, səninlə düşmən idi. Əlində böyük bir xətkeşi olardı həmişə. Cəzası o xətkeşin tini ilə adamın əlinin üstünə vurmaq idi. Mənə bircə Əkbər müəllim cəza verib, özü də lap əcəb edib. Onu həmişə hörmətlə xatırlayıram. Məni əlilliyimə rəğmən kimsədən seçmirdi. Cəzaya layiq idimsə, cəzalandırırdı.  Oxumadım, dəcəllik elədimmi, hamı kimi xətkeşini işə salırdı.

 

- Əkbər müəllimdən müdafiə tədbirləriniz necə, olurdumu?

 

- Hə, özü də necə, xətkeşini təhlükəsizləşdirirdim. Şrupla bağlanırdı xətkeşin küncləri. Əlimə düşən kimi şrupunu boşaldırdım. Onda vuranda, ağrıtmırdı. Hiss edən kimi baxırdı uşaqlara. Məni gülmək tuturdu. O dəqiqə bilirdi ki, məsələ mənlikdir. Gülümsəyirdi və yenə də cəzamı verirdi. İndi övladlarımız var, böyümüşük, yadıma düşəndə gülürəm hələ də.

 

- Bu qədər qorunan, əzizlənən qızın idmanla bağlılığı neçə yaşdan oldu?

 

- İdman karyeram elə yaş dövründə başlayıb ki, hamıya qəribə gəlir. Çünki adətən uşaq yaşlardan başlayırlar məşqlərə. Mən kollec də oxumuşdum, ailə də qurmuşdum, bir oğlum da var idi. Uşaqlıqda etdiyim tək idman bilirsinizmi nə idi? Tək qolla hamının acığına ağacın ən yüksəkdə budağına qədər qalxıb, orda otururdum. Hamı narahat olurdu, heç vecimə də deyildi, çünki vərdiş etmişdim. Hərdən xəyallar da qururdum ora qalxanda, deyirdim, bəlkə karate idmanı üzrə usta olum? Amma 28 yaşında ilk məşqə başlamaq ağlasığmazdır...

 

- Qəribə başlanğıcdır...

 

- Həm də son dərəcə. Orta məktəbi bitirəndən sonra iki il dalbadal BDU-ya qəbul olmaq istədim, kəsildim. Maliyyə-İqtisad Kollecinə daxil oldum. İstəyim nə olur-olsun öz yolumu tapmaq idi. Bunun üçün mütləq kənddən çıxmalı idi. Kollec bu mənada mənə vacib lazım idi.  Elə o ili də eşitdim ki, Bakıda Paraolimpiya Komitəsi yaradılıb. Bu, məni çox həvəsləndirdi. Baxdım ki, mənim əlilliyimə görə ən uyğun olanı atıcılıq idman növüdür. Yavaş-yavaş məşğul olmağa başladım. Respublika çempionatına çıxırdım. Amma baxırdım mənə çətindir. Bilirsinizmi niyə? Problem sağ əlimdədir. Silahı sol əllə işlədirəm. Bütün silahları adətən sağ əl üçün hazırlayırlar, norma budur. Sağ əllə tutulası silahı, sol əllə peşəkar işlətməyi öyrənmək çətindir, bunu peşəkar olanlar  bilir.  Yenə də əl çəkmək niyyətim yox idi, nəhayət ki, ən yaxşı səviyyədə öyrəndim.

 

Günlərin birində dedilər ki, parataekvando idman növü üzrə də bölmə açılır. Baxdım bu idman növündə əl demək olar ki, lazım deyil. Mənə məsləhət də görüldü dəyişim, düzü, özüm də istədim dəyişim məşğuliyyətimi.  Mən həm də ilk azərbaycanlı parataekvandoçu qadınam. İlk olmaq da bir az həvəsləndirdi. Dedilər belə bir qadın yoxdur, sənin göstəricilərin, boyun uyğundur, həm də ilk olacaqsan, idman tarixində qalacaq adın. Adətən idmançı qızların çoxu ailə qurandan sonra idmandan uzaqlaşır. Məndə əksinə oldu. Ailəm, övladım olandan sonra idmana gəldim.

 

- Narazılıq da olmadı evdən...

 

- Həyat yoldaşım istəmirdi. Dedi bu, qadın işi deyil. Ona dedim ki, necə olur-olsun, bir yol açmalıyam özümə. Əslində, idmana qədər də xeyli iş görmüşdüm. Sol əllə rəsm çəkməyi bilirəm. Əl işləri hazırlamağı öyrənmişdim. Müxtəlif gəlinciklər hazırlayırdım. Tək əllə xalça toxumağı da öyrənmişdim. Ayrıca müxtəlif kompüter kurslarına gedib, proqramları mənimsəmişdim. Dil kurslarına gedib, dil bacarıqlarımı inkişaf etdirmişdim. Əlil Qadınlar Cəmiyyətində də işləyirdim. Həyat yoldaşıma dedim ki, bu qədər işləmişəm, mənə mane olmamısan, yenə mane olma. Qoy məşq edim, yarışa çıxım, nailiyyətim olmasa, birinci yarışdan sonra evdə oturacağam.

 

İlk məşqçim Əvəz Tağıyev oldu. İlk deyəndə, elə indi də Əvəz müəllimlə işləyirəm, o, həm də bizim milli yığmanın baş məşqçisidir. Məşqlərə başlayanda o qədər çətinlik var idi. Hesab edirdim ki, alınmayacaq, özümü bəri başdan evdəkilərin yanında uduzmuş bilirdim.  Bir də mən əvvəllər əlilliyi olan idmançılarla yox, tam normal olanlarla məşq edirdim. Hərdən hiss edirdim zərbə vuranda pis olurlar, düzdür, əsəbiləşirdim əvvəl, amma onu da anlayırdım ki, ağrıyacağımdan ehtiyat edirlər. Bir dəfə anlatdım ki, siz vurun, narahat olmayın. Məni siz burda vurmasanız, yarışda kimsə vuracaq və məğlub olacağam. Yəni siz mənə əslində, pislik edirsiniz. Sonradan komanda yoldaşlarımla məşq etməyə başladım. Bizim öz uşaqlarımızda artıq rəhmi gəlmək yoxdur, çünki hamımız eyni cürük. Çox çətin oldu məşqlərimiz. İndi baxıram əlilliyi olan qızlar gəlib gedirlər. Çətinliyə dözümləri yoxdur, bir bəhanələri də var ki, bu, mənlik deyil! Yaxşı axı nə sənlikdir?!.. Qəbul etmirəm belə şeyləri, bütün hadisələrdən çıxış yolu var.

 

- İlk qələbə harada oldu?

 

- 2010-cu ildə dünya çempionatı keçirilirdi. Dedilər sən artıq hazırsan, uduzsan da, udsan da yarışa aparırıq. Ölkədən çıxmalı idim, təbii ki, ailəm bunu da bilməli idi. Dedim, bu dəfə də etiraz edildi. Şərtimi yada saldım, söz verdim ki, nailiyyət olmasa, ikinci dəfə yarış adı çəkməyəcəm. Beləcə, 2010-cu ildə Sankt-Peterburqda keçirilən dünya çempionatına qatıldım. Ağlıma gəlmədiyi halda dünya üçüncüsü oldum. Bu, bilirsinizmi mənim üçün nə idi? Möcüzə. Təsəvvür edin, biz Azərbaycana dönəndən sonra ölkə başçısı İlham Əliyevlə görüşəcəkdik. Bu, mənim üçün bir əlçatmaz zirvə idi. Həm də ən maraqlısı bu idi ki, qırx nəfər kişi idmançı arasında yeganə qadın idim. Bilirsiniz, bəzən deyirik ki, onsuz da alınmayacaq və dayanırıq. Məni həmişə nəsə qoymurdu dayanım, küsüm, inciyim. Elə hey gedirdim, gedirdim, gedirdim. Bəlkə birincə dəfədir bunu deyəcəm, amma bu uğur həyatdan bütün çəkdiklərimin qarşılığı idi. O qədər kənddə bağımızın lap aşağısına gedib, hamıdan, atamdan, anamdan gizlənib ağlayırdım. Axı mənim qabiliyyətim, üstünlüklərim var, mən niyə istədiklərimi edə bilmirəm? Deyirdim bacarıq, potensialımı ortaya qoymaq üçün fürsətim heç olmayacaqmı? İlk qələbəm hər şey etmək üçün verilən fürsətim idi. Bugünkü Aynur həmin mükafatdır. İndi zərrəcə pis olmuram. Elə yaxşı ki, məni anam belə dünyaya gətirib.  İndi o qənaətdəyəm ki, insanın beyni, ruhu əlil olmasın. Ən dəhşətli əlillik odur. Mənim kimi çoxlu sayda gənc var, onları motivə etməyə çalışıram həmişə. Sınmaq olmaz, ruhdan düşmək olmaz, özünə qapanmaq olmaz. Siz hamı kimi deyilsiniz, amma mütləq hamıdan fərqli, üstün bir cəhətiniz var. Onu kimsə sizdə əlilliyə görə axtarmayacaq. Əzizləyib, qadağalar qoyacaqlar, haradasa yazıqları gələcək. Bütün bu qadağaları aşın, özünüzün yolunuzu cızın. Mən anamın bu sözlərini həmişə örnək aldım. İndi də bu örnəyi əlilliyi olan insanlarla paylaşıram. Əlilliyinizdə gizlənən üstünlüyünüzü tapmamış, özünüzdən əl çəkməyin.

 

- Özünüz bu qədər sarsıntılar, əziyyətlərdən keçmisiniz, sizin kimi uşaqlar üçün nə etmisiniz?

 

- Bir təşkilat yaratmışam. Ora müxtəlif yaş kateqoriyasından əlilliyi olan yüzə yaxın gənc üzv kimi yazılıb. Bizim təşkilatda əlilliyi olan azyaşlılar arasında artıq bir qrup formalaşıb, indidən parataekvando ilə məşğuldurlar. Əminəm, mütləq nəticələri olacaq. Yəni bacardığımı edirəm, arxalarında dururam ki, mənim sarsıntılarımı yaşamasınlar. Bu təşkilatı yaratmaq, real olaraq fəaliyyət göstərmək, bilirsinizmi nə qədər əlilliyi olan insanı intihardan xilas edir? Bu şansı qazandığıma, bu imkanları əldə etdiyimə görə çox xoşbəxtəm.

 

Bir söz də deyim, bizdə əlilliyi olan oğlanlarla müqayisədə qızlara münasibət daha sərtdir. Onları aciz duruma salıb, həyatdan küsdürmək olmaz. Bu qızdır, sonu, aqibəti necə olacaq deyib faciə yaratmağa ehtiyac yoxdur. Bəlkə əlilliyi olanların çoxunun həyatının qurulmasına elə o rişxəndlə yanaşma mane olur. Unutmasın kimsə, bəlkə onun gələcək həyatında elə həmin əlilliyi olan oğlan, qız qədər faydalı ikinci adam heç olmayacaq.

 

Jalə MÜTƏLLİMOVA

 

 



11.05.2018 | 14:30