İngilis dili dərslərində fənlərarası inteqrasiya

Yaşadığımız dövr “elm”, “kosmos”, “kompüter” əsri adlandırılır. Belə ki, qeyd olunan  sahələr hamısı hazırda çox sürətlə inkişaf etməkdədirlər. Təbiidir ki, bu inkişafla əlaqədar müxtəlif elm, istehsal, mədəniyyət və s. sahələrə aid yeni-yeni termin və ifadələr yaranaraq müvafiq sahələrdə dövriyyəyə daxil olur. Şagirdlərin isə ayrı-ayrı elm sahələrinə aid olan terminlərin mahiyyətinin dərk etmələrinin vacibliyindən  danışmaq, zənnimizcə,  artıqdır. Belə ki, insan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

 

Hazırda müasir dövr tarixinin tədrisində bir sıra yeni sözlər - provayder, xaker, noutbook, brifinq, impiçment, reytinq, qrant və s. kimi ingilisdilli terminlər getdikcə daha geniş işlənməkdədir. Provayder, xaker, noutbook kimi terminlər əsasən İKT (İnformasiya-Kommunikasiya Texnologiyası) dərslərində işlədilir. Təcrübə göstərir ki, şagirdlər bir çox hallarda işlətdikləri cümlələrdə hər hansı bir sözün mənasını tamamilə başa düşmədikdə ifadə edilən fikir onlara tam çatmır, düşüncələrində müəyyən qədər qaranlıq yerlər qalır. Ona görə də ingilis dili müəllimi kimi bu termin və ifadələrin mənasını açıqlamasını zəruri sayıram.

 

Əvvəlcə provayder sözündən başlayaq. Provayder internetə çıxışı təmin edən kompaniya hesab olunur. Hazırkı dövrdə həyatımızı internetsiz təsəvvür edə bilmərik. Aydındır ki, ayrı-ayrı abonentlərin internetə çıxış üçün provayderlərdən istifadə etmələri zəruridir. Bu baxımdan istər şagirdlərin, istərsə də müəllimlərin bu sözün mənasını bilib dərk etmələri zəruridir.

 

Son dövrlərdə istər siyasi dairələrdə, istərsə də kütləvi informasiya vasitələrində ən çox istifadə edilən sözlərdən biri də “xaker” sözüdür. Təbii ki, XI siniflərdə müasir dövr hadisələrinin tədrisində, xüsusilə təhlildə bu söz daha çox hallanır. Bəs Xaker nə deməkdir? Xaker - müxtəlif kompüter sistemlərinin kodunu sındıran, onlara müdaxilə edən adam deməkdir. Əlbəttə, son dövrlərdə kompüterlərin həyatımıza daha geniş miqyasda daxil olması ilə əlaqədar bu söz də daha geniş miqyasda işlənməkdədir. Təbii ki, bu sözün mənasını tarix müəllimləri də yaxşı bilməlidirlər. Belə ki, gələcəkdə yəqin ki, bu söz daha geniş miqyasda işlənəcəkdir.

 

Son dövrlərdə məişətimizdə ən çox işlənən avadanlıqlardan biri də blenderdir. Müxtəlif bərk qida maddələrinin parçalanması və səliqəli şəkildə doğranması üçün nəzərdə tutulan bu qurğunun da adı ingilis mənşəlidir. Aydındır ki, texnologiya, eləcə də fizika dərslərində məsələ həllində şagirdlərin rastlaşa biləcəkləri sözlərdən biri də məhz  “blender” ola bilər. Bu baxımdan şagirdlərin bu sözün də mənasını bilmələri çox vacibdir.

 

Hazırda geniş miqyasda işlənən “notebook” sözü də ingilis dilindən götürülmüşdür. Belə ki, ingilis dilində “dəftər” mənasını verən “notebook” sözü həm də kiçik, “dizin üstünə” qoyula bilən kompüter  mənasını verir.

 

Müasir dövrdə ən geniş miqyasda işlənən sözlərdən biri də “brifinq” sözüdür. Bu söz də ingilis mənşəlidir. Mənası “qısa konfrans” olan bu sözü həm tarix, həm də ingilis dili müəllimləri dərslərində qarşılıqlı əlaqəli şəkildə işlədə bilərlər. Belə ki, hazırkı dövrdə siyasi xadimlərin hər hansı beynəlxalq görüşdən sonra jurnalistlərlə baş tutmuş görüş və danışıqlar haqqında mətbuat konfransı anlamını verən bu söz eyni dərəcədə həm tarix, həm də ingilis dili fənni üçün əhəmiyyətlidi.  Bu baxımdan ingilis dili müəllimləri dərsin motivasiya hissəsində sinfə müraciət edərək şagirdlərdən qısamüddətli konfransın necə adlanmasını soruşsunlar. Şagirdlərdən müvafiq cavab aldıqdan sonra sinfə bu sözün əsasən hansı mənalarda və hansı məqsədlərlə işlənməsi haqqında sualla müraciət etmək olar. Təbiidir ki, alınacaq cavab nəticə etibarı ilə həm də tarix və ingilis dili fənləri arasında əlaqəyə nümunə olacaqdır. 

 

Həm ingilis dili, həm də tarix müəllimləri üçün eyni dərəcədə əhəmiyyət daşıyan terminlərdən biri də “impiçment”dir. Məlum olduğu kimi, hərfi mənası “dövlət başçısının hakimiyyətdən uzaqlaşdırılması”  olan  bu söz son dövrlər tez-tez işlənir. SSRİ dağıldıqdan sonra əmələ gəlmiş on beş müstəqil respublikadan biri olmuş Rusiya Federasiyasında məlum olduğu kimi prezident Boris Yeltsinin hakimiyyəti dövründə ölkə başçısının hakimiyyətdən kənarlaşdırılmasını bildirən impiçment keçirilmişdi.  Bu baxımdan ingilis dili müəllimləri müvafiq mövzunu tədris edərkən sinfə RF-də vaxtilə dövlət başçısının hakimiyyətdən uzaqlaşdırılması üçün keçirilmiş tədbirin necə adlanmasını soruşmaqdır. Tarix müəllimləri isə RF-nin ən yeni tarix dövrünü tədris edərkən  bu yolla  “impiçment” sözünü şagirdlərə izah edə bilərlər. Təbiidir ki, belə olduqda şagirdlər haqqında söz gedən terminin mənasını daha yaxşı başa düşür və onu daha uzun müddətə yadlarında saxlayırlar.

 

Son dövrlərdə KİV-də ən çox işlənən terminlərdən biri də “reytinq”dir. Reytinq sözü də həmçinin ingilis dili mənşəlidir. Mənası “qiymət”, “məşhurluq dərəcəsi” mənasını verən bu sözdən, məlum olduğu kimi, təkcə siyasi xadimlər haqqında yox, müxtəlif idmançılar, musiqi və idman xadimləri üçün də istifadə olunur.

 

İngilis dili və tarix müəllimləri dərslərinin motivasiya hissəsində müxtəlif ictimai-siyasi xadimlərin məşhurluq səviyyələrini müəyyənləşdirərkən hansı termindən istifadə edildiyini şagirddən soruşub müvafiq cavab almaqla bu sözün izahını verə bilərlər.

 

Son dövrlərdə ölkəmizin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar müxtəlif müəssisələrdə, həmçinin bar, restoran, kafe və digər mədəni- məişət müəssisələrində yaxalarında, eləcə də köynəklərinin qollarında “sekyuirite” yazılmış göstəricilər gəzdirən idmançı görkəmli gənclər nəzərə dəyir. Bu söz  “qoruyucu”, “asayişi qoruyan” mənasını verir. Yeri gəlmişkən qeyd edək ki, bu sözlər artıq rus dilində də geniş miqyasda işlənir və artıq “vətəndaşlıq” hüququ almış hesab olunur.

 

Son dövrlərdə KİV-də, eləcə də ölkəmizin ən yeni tarix dövrünə aid tədqiqat əsərlərində, tarix fənninə aid müvafiq mövzularda “qrant” sözünə də tez-tez rast gəlinir. Bu söz də ingilis mənşəlidir və artıq digər ölkələrdə olduğu kimi ölkəmizdə də özünə “vətəndaşlıq” hüququ qazanıb. “Qrant” sözü ingilis dilindən tərcümədə incəsənət və elmə kömək üçün müəyyən edilmiş pul vəsaitidir. Əlbəttə, ölkəmizin ən yeni tarix dövrünün izahında belə terminlərin işlədilməsi zamanı şagirdlərin onları tamamilə başa düşməsi, anlaması üçün müvafiq izahın olması zəruridir. Belə terminlərin tam anlaşıqlı olması üçün onların həm tarix, həm də ingilis dili dərslərində izahı zəruridir.

 

Müasir dövrdə ədəbiyyat sahəsində işlənən geniş yayılmış terminlərdən biri də “triller” sözüdür. “Triller” sözü qorxulu, insanların psixikasına təsir edən əsər deməkdir. Həm ədəbiyyat, həm də ingilis  dili fənlərində ingilis mənşəli “triller” sözü işlənərkən onu müvafiq mövzularda əlaqələndirmək müsbət nəticə verir. Belə ki, təcrübənin göstərdiyi kimi əlaqələndirilmiş dərslərdə öyrədilən terminlər şagirdlərin yadında daha yaxşı və daha uzun müddətə qalır. Bu baxımdan təbiidir ki, onların səmərəsi daha çox olur.

 

Hazırda orta məktəblərdə təhsil alan şagirdlərin, xüsusilə oğlan uşaqlarının ən çox sevdikləri idman növlərindən biri də kikboksinqdir. Orta məktəblərdə şagirdlərin fiziki tərbiyə dərslərində kikboksinq sözünün ingilis dili mənşəli olduğunu müəllimlərindən eşitmələri, yaxud da ingilis dili dərslərində müəllimin şagirdlərə kikboksinq idman növünün adının ingilis dili mənşəli olmasını bildirməsi də bu terminin onlar tərəfindən yaxşı dərk edilməsinə və uzun müddətə yaddaşlarında qalmasına səbəb olardı.

 

Hazırda respublikamızın bazar iqtisadiyyatı yolu ilə inkişaf etdiyi bir dövrdə mənzillərin, eləcə də digər daşınmaz əmlakın alınıb - satılmasında ən çox adı hallanan, bu işlərdə iştirakı zəruri olan qurumlardan biri də rielterlərdir. Əvvəllər “dəllal”, “makler” kimi işlənən ifadələri əvəz edən bu söz getdikcə daha çox yayılmaqdadır. Dərslərdə müəllimin rielters sözünü işlədərkən əvvəlcə onun ingilis dilindəki qarşılığını soruşması bu sözün mənasını anlamaqda şagirdlərə kömək edə bilər.

 

Sonda qeyd edək ki, müstəqillik yollarında inamlı addımlarla irəliləyən respublikamızın dünyaya inteqrasiya etməsi ilə əlaqədar həm iqtisadiyyatımızda, həm təhsilimizdə, həm elmimizdə, həm də digər sahələrdə daha çox xarici mənşəli, xüsusilə ingilisdilli sözlər işlənməkdədir. Aydındır ki, şagirdlərimizin bu sözlərin mənasını yaxşı-yaxşı bilmələri zəruridir. Bu baxımdan ayrı-ayrı fənlər arasında inteqrasiya yaradılması, müvafiq əlaqələrin şagirdlərin başa düşəcəyi şəkildə izahı böyük rol oynayır. Bu zaman ayrı-ayrı müəllimlərdən tədris etdikləri fənnin incəliklərinə dərindən bələd olmaları ilə yanaşı, yeri gələndə zəruri inteqrasiya apara bilmələri də tələb olunur. Belə ki, bu yolla qazanılan bilik həm möhkəm, həm də  davamlı olur.

 

Ülviyyə SALAMOVA,

Bakı şəhəri Məktəb-Lisey Kompleksinin ingilis dili müəllimi



11.05.2018 | 14:45