· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri

Naxçıvan Dövlət Universitetində "Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri" mövzusunda perspektiv şəbəkələndirmə üzrə NATO işçi elmi seminarı (Şəbəkə idarəetməsi üzrə VI CEENet işçi elmi seminarı) keçirildi. Tədbir NDU, Şimali Atlantika Birliyi, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının (Polşa) təşkilatçılığı ilə gerçəkləşdirildi. Elmi seminarın iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi öndərin ev muzeyində oldular. Sonra qonaqlar universitetdəki CİSKO Akademiyası və müxtəlif İnternet zalları ilə tanış oldular.

 

İlk plenar iclas Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun sədrliyi ilə keçirildi. Prorektor tədbir iştirakçılarını salamlayaraq Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən uğurlu işlərdən danışdı, elmi seminarın məqsədini açıqladı. Natiq Beynəlxalq Məsləhət Komitəsinin həmsədrlərindən olan, NATO-nun Qafqaz üzrə müşaviri, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının Baş katibi, professor Gasek Qajevski çıxış edərək bildirdi ki, NATO hərbi-siyasi blok olmasına baxmayaraq, elm, texnika və səhiyyənin inkişafına xidmət edən mülki xarakterli proqramların həyata keçirilməsinə xüsusi önəm verir. Qajevski coğrafi və siyasi səbəblər üzündən uzaq düşmüş regionlarda informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən bəhs etdi. Natiq erməni işğalı nəticəsində uzun illər blokadada yaşayan Naxçıvanın da bu cəhətdən xüsusi maraq doğurduğunu söylədi.

Nyu-York Universitetinin professoru Corc Sadovski, Kanadanın Simon Freyzer Universitetinin professoru Stela Atkins çıxış edərək sivil cəmiyyətdə informasiya texnologiyalarından istifadənin mühüm rolundan bəhs etdilər. NDU-nun fizika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Fərman Qocayev keçiriləcək beynəlxalq elmi seminarın uzun illər blokadada olan Naxçıvan MR üçün əhəmiyyətindən danışdı.

Elmi seminar "Milli və beynəlxalq miqyasda şəbəkələndirmə: əməkdaşlıq və texniki həllər" mövzusunda bölmə iclası ilə işini davam etdirdi.

Növbəti gün elmi seminar plenar iclasla işini davam etdirdi. ABŞ-ın Nyu-York Universitetinin professoru Corc Sadovski "çətin giriş imkanı olan ssenarilər: mümkün cavablar" mövzusunda məruzə etdi. Amerikalı professor İnternetdən istifadənin sürətliliyinin təmin edilməsi, müəyyən texniki problemlərin aradan qaldırılması, İnternet şəbəkələrinin müxtəlif növləri haqqında ətraflı məlumat verdi.

Kanadanın Simon Freyzer Universitetinin professoru Stela Atkins "Uzaq regionlarda təcili tibbi telesəhiyyə xidmətlərinin təchizində yeni çağırışlar" mövzusunda məruzəsində Alyaska və Dunay çayı deltasının timsalında ucqar ərazilərdə yaşayan əhaliyə təcili tibbi yardım göstərilməsi zamanı informasiya və kommunikasiya texnologiyalarının tətbiqindən danışdı.

Fasilədən sonra elmi seminar bölmə iclaslarında işini davam etdirdi. "Mərkəzdən uzaq olan regionlar üçün elektron elm, distant təhsil və elektron səhiyyə xidmətləri" mövzusunda keçirilən bölmə iclasında AMEA-nın müxbir üzvü, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev "Elektron-elm: müasir vəziyyət, problemlər və həllər" mövzusunda məruzə etdi. Sonra Azərbaycan Respublikasının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma və elmi potensial şöbəsinin müdiri, professor İlham Mərdanov "Universitet təhsilində innovativ tədris ideyaları", Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov "Elmi kadrların hazırlanmasında və beynəlxalq tədqiqatlarda informasiya və kommunikasiya texnologiyalarının rolu", özbəkistanı təmsil edən, məktəb kompüter və İKT təlimi üzrə yerli məsləhətçi, dosent Sayyora Rəhmankulova "özbəkistanın ucqar regionlarından olan müəllimlər üçün distant öyrənmənin imkanlarına dair təcrübə və perspektivlər" mövzusunda məruzələr etdilər.

"Kampus şəbəkəsi, uzaq regionların universitetlərində informasiya və kommunikasiya texnologiyaları, şəbəkə təhlükəsizliyi, innovasiya zonaları" adlanan bölmə iclası Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədovun "Uzaq regionların informasiya və kommunikasiya xidmətlərinə giriş imkanının təşkili" mövzusunda məruzəsi ilə başladı. İclasda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Cülməmmədovun "Azərbaycan iqtisadiyyatının diversifikasiyasında regional innovasiya zonasının rolu", Lənkəran Dövlət Universitetinin əməkdaşı ülkər Bayramovanın "Ucqar regionlardakı ali məktəblər üçün kampus şəbəkə kommunikasiyaları və onların problemləri" mövzusunda məruzələri dinlənildi.

Elmi seminarın zirvə tədbirindən öncə müxtəlif ölkələrin nümayəndələri və digər qonaqlar Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qəbulunda oldular, regionda informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məsələsi geniş müzakirə edildi.

Naxçıvan Dövlət Universitetinin tanıtma filminin nümayişi ilə başlayan zirvə tədbirində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov "Azərbaycan Respublikasının regionlarda şəbəkə infrastrukturunun inkişafının prioriteti istiqamətləri" mövzusunda məruzə etdi. Nazir ümummilli lider Heydər Əliyevin Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində mühüm işlər gördüyünü, dahi öndərin bu sahədəki uğurlu siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

NATO-nun Qafqaz üzrə müşaviri Gasek Qajevski "Naxçıvan Dövlət Universiteti üçün WiMax şəbəkəsi" mövzusunda məruzə edərək universitetin bu şəbəkə vasitəsilə bir il ərzində ən güclü və müasir İnternet kampusuna çevriləcəyini bildirdi.

NDU-nun rektoru, akademik İsa Həbibbəyli "Naxçıvan Dövlət Universiteti üçün informasiya və kommunikasiya texnologiyaları konsepsiyasının səciyyəvi xüsusiyyətləri" mövzusunda məruzə etdi. Rektor qeyd etdi ki, "Elektron Naxçıvan: problemlər və həllər", "Elmin və təhsilin inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu və əhəmiyyəti", "İnformasiya cəmiyyəti: reallıqlar və perspektivlər" kimi "Elektron Naxçıvan" proqramları məhz bu ali təhsil ocağında reallaşdırılmışdır.

Türkiyənin Kocaeli Universitetinin rektoru, professor Sezər Kamsuoğlu, Qars Qafqaz Universitetinin rektoru, professor Abumüslüm Güven çıxışlarında dünyada tanınmaqda olan Naxçıvan Dövlət Universitetini informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində layiqli tərəfdaş kimi gördüklərini qeyd etdilər.

Beynəlxalq elmi seminarın iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olundu.

Tədbir NDU-nun Konservatoriyasının müəllim və tələbələrinin hazırladığı konsert proqramı ilə başa çatdı.

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universiteti 

mətbuat xidmətinin əməkdaşı