· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Polis Akademiyasında tədris prosesinin informasiyalaşdırılması yeni mərhələdə

Bəşəriyyət üçüncü minilliyə informasiya və kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı ilə qədəm qoymuşdur. Hazırda informasiya texnologiyaları ümumi inkişafa təsir göstərən əsas amillərdən birinə çevrilməklə dövlət və cəmiyyətin bütün institutlarını, iqtisadi və sosial sahələri, elm, təhsil və mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edir. Hüquq-mühafizə orqanları fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarının istifadə olunmasının effektivliliyi daxili işlər orqanlarının əməkdaşlarının müasir kompüter texnologiyaları ilə işləmə vərdiş və bacarıqlarını mənimsəmə səviyyələrindən asılıdır. Bu funksiyanın həyata keçirilməsində DİN-in Polis Akademiyası xüsusi ali təhsil müəssisəsi kimi müstəsna rola malikdir.

 

Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri həyatın bütün sahələrinin informasiyalaşdırılması, informasiya cəmiyyətinin yaradılmasıdır. Hər bir dövlətin və cəmiyyətin strateji fəaliyyət sahəsi olan təhsil də bu cəhətdən istisna deyildir. Təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarından istifadə bir sıra məsələlərin birgə həllini tələb edən kompleks problemdir. Onun optimal həlli isə istifadə edilən İKT vasitələrinin həm texniki imkanlarının, həm də tədris prosesində səmərəli istifadə yollarının təhlilini aparmadan mümkün deyildir. Nəzərə alsaq ki, təhsil sisteminin informasiyalaşdırılması keçici bir mərhələ deyil, davamlı inkişafın ardıcıl tələbidir, onda məsələnin vacibliyi bir daha aydın olur.

Təhsil sahəsində informasiya texnologiyalarının zəruriliyini diktə edən əsas amillərdən biri təhsil pilləsindən asılı olmayaraq bütün təhsil alanlarda informasiya texnologiyalarından istifadə vərdişlərini formalaşdırmaqdan ibarətdir.

Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədi ilə  "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 10 iyun 2008-ci il tarixli sərəncam imzalanmışdır. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması və kadr potensialının gücləndirilməsi tədbirləri Dövlət Proqramının həyata keçirilməsinin əsas özəyini təşkil edir. Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şəraitin yaradılmasıdır. Həmin strateji məqsədə çatmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq işlərin aparılması nəzərdə tutulmuşdur:

- təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi;

- elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi;

- təhsil sistemində idarəetmənin informasiyalaşdırılması;

- kadr potensialının gücləndirilməsi;

- normativ-hüquqi bazanın təkmilləşdirilməsi və s.

Dövlət Proqramının həyata keçirilməsi nəticəsində təhsil müəssisələrinin İKT avadanlığı ilə təminat göstəricilərinin köklü şəkildə yaxşılaşması, bütün təhsil müəssisələrində hər bir şagirdə düşən kompüter nisbətinin ən azı 20:1-ə çatdırılması, bütün fənlər üzrə elektron tədris və metodiki resursların yaradılması, yeni təlim formaları, xüsusən distant təhsilin tətbiqinin genişləndirilməsi, bütün təhsil müəssisələrini əhatə edən ölkədaxili korporativ və yüksəksürətli İnternet şəbəkəsinə çıxış imkanının yaradılması, İKT-nin təhsilin idarə olunmasına səmərəli inteqrasiyasının təmin edilməsi, təhsilin idarə olunmasının və monitorinqinin səmərəliliyinin artırılması, vahid təhsil portalının formalaşdırılması və digər məsələlər həllini tapacaqdır.

ölkəmizdə peşəkar polis kadrlarının hazırlığı ilə məşğul olan Polis Akademiyasının pedaqoji kollektivi bu vəzifənin vacibliyini tam məsuliyyəti ilə dərk edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamını rəhbər tutaraq daxili işlər orqanları sistemi üçün ali təhsilli kadr hazırlayan Polis Akademiyasında həyata keçirilən islahatlar tədrisin məzmun və formaca təkmilləşdirilməsinə, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə, tədris prosesində elmi-texniki nailiyyətlərdən istifadə olunmasına geniş şərait yaradır.

Dövlət Proqramında əsas istiqamətlərdən biri də elektron dərsliklərin, dərs vəsaitlərinin, elektron kitabxanaların yaradılması, informasiyalaşdırma prosesinin elmi-metodik təminatı məsələlərinin əhatə edilməsidir. Bu istiqamətdə də son illərdə akademiyada xeyli iş görülmüşdür. Tədris proqramlarına, mühazirələr toplusuna, dərs vəsaitlərinə, sxemlər albomuna aidiyyəti üzrə rəylər və Təhsil Nazirliyi tərəfindən müvafiq nəşr hüququ- "qrif" alındıqdan sonra nəşr olunur və onların elektron variantları akademiyanın elektron kitabxanasının fonduna daxil edilir. Hazırda akademiyanın ümumi kitabxanasında istifadə olunan kompüterlər ADSL sistemi ilə yüksək sürətli İnternet şəbəkəsinə qoşulmuş, onların yaddaşına Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və digər inkişaf etmiş Avropa dövlətlərinin qanunvericilik və normativ-hüquqi aktları bazası daxil edilmişdir ki, bunlar da mütəmadi olaraq yeni normativ aktlar, qanunlar və qanunlara əlavələr qəbul edildikcə yeniləşdirilir. Bu elektron bazadan akademiyanın həm professor-müəllim heyəti, həm də müdavim və dinləyiciləri tədris prosesində səmərəli şəkildə istifadə edirlər.

90 il şərəfli yol keçmiş Azərbaycan polisi informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı bir neçə uğurlu layihələrin iştirakçısı olmuşdur.  Hazırda təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı bir neçə layihə üzərində işlər davam etdirilir. Bu cür layihələrdən biri də akademiyada distant təhsilə imkan verən telekommunikasiya və tədris prosesinin mərkəzləşdirilmiş videonəzarət sistemlərinin quraşdırılmasıdır.

İnanırıq ki, dövlət başçısının bu günlərdə imzaladığı tarixi sərəncamın icrası və reallaşması nəticəsində Azərbaycan təhsilində İKT-nin rolu və əhəmiyyəti daha da artacaq, təhsil müəssisələrimizdə, o cümlədən də Polis Akademiyasında informasiya cəmiyyətinin tələblərini dərindən bilən müasir təfəkkürlü gənc polis əməkdaşlarının yetişdirilməsi sahəsində yeni-yeni nailiyyətlər əldə ediləcəkdir.

 

Səməd HüMBƏTOV,

Polis Akademiyası DİO-da idarəetmənin

təşkili kafedrasının rəisi, fizika-riyaziyyat

elmləri namizədi