Oktyabrın 23-də Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutunda professor Ş.Mikayılovun
anadan olmasının 80 illik yubileyinə həsr
olunmuş tədbir keçirildi. Yubiley tədbirinin
iştirakçıları əvvəlcə alimin əsərlərindən ibarət
sərgi ilə tanış oldular.
Azərbaycan Respublikasının təhsil naziri,
professor Misir Mərdanov geniş iclas zalına
toplaşanları salamlayaraq, ölkədə pedaqoji,
psixoloji elmlərin inkişafında xidmətləri
olanların əməyini yüksək dəyərləndirdi. Nazir
ədəbiyyat tədrisi metodikası sahəsində
tədqiqatları ilə seçilən professor Ş.Mikayılovun
fəaliyyətini təqdir etdi, onu insanpərvər, nurlu
bir insan-alim kimi səciyyələndirdi. Professor
Misir Mərdanov onu da vurğuladı ki, Ş.Mikayılov
məhz xidmətlərinə görə təhsil sahəsində ölkə
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
fərdi təqaüdə layiq görülən alimlərdəndir. Giriş
sözünün sonunda Misir Mərdanov Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanını
yubilyara təqdim etdi.
Professor Şəmistan Mikayılov 62 ildir
elmi-pedaqoji fəaliyyət göstərir. Qədim
Borçalının böyük kəndlərindən olan Faxralıda
dünyaya göz açmış Ş.Abdu oğlu Sarvanda Pedaqoji
Texnikumda oxuyub, Azərbaycan Dövlət
Universitetinin məntiq-psixologiya şöbəsində ali
təhsil alıb. O, doğma kənddə müəllim və məktəb
direktoru vəzifələrində çalışıb,
həmkəndlilərinin təhsil almalarında əməyini
əsirgəməyib.
Sonralar Bakıya gələn Ş.Mikayılov Azərbaycan
Elmi-Tədqiqat Pedaqogika İnstitutunda
aspiranturaya qəbul olunub, aşağı siniflərdə
ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi
mövzusunda namizədlik dissertasiyası müdafiə
edib.
1974-cü ildə orta məktəbdə ədəbiyyat nəzəriyyəsi
tədrisinin nəzəri əsasları mövzusunda doktorluq
dissertasiyası müdafiə edən alim araşdırmalarını
davam etdirib.
Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunun direktor müavini, pedaqoji elmlər
doktoru, professor Yəhya Kərimov professor
Ş.Mikayılovun elmi-pedaqoji fəaliyyəti"
mövzusunda məruzəsində həmkarının "Orta məktəbdə
ədəbiyyat tədrisi" adlı ikicildlik tədris
vəsaitinin hər iki nəşrinin hazırlanmasında
müəllif və elmi redaktor kimi fəaliyyətindən,
aspirant və dissertantların elmi əsərlərinin
hazırlanmasında elmi rəhbər kimi rolundan,
opponent kimi obyektiv çıxışlarından, bir müddət
institutun direktoru kimi çalışmasından, Orta
Asiya respublikalarında elmi-pedaqoji kadr
hazırlanmasında opponent və şura üzvü kimi
əməyindən söhbət açdı.
Məruzəsinin sonunda professor Y.Kərimov
yubilyarı institut əməkdaşları, yetirmələri və
çoxsaylı ədəbiyyat müəllimləri adından təbrik
edib cansağlığı arzuladı.
Tədbir iştirakçılarından psixologiya elmləri
doktoru, professor Əbdül Əlizadə professor
Ş.Mikayılovu diqqətli, səmimi və mehriban qonşu,
əsl ata kimi səciyyələndirərək, bir alim olaraq
elmi-metodik yaradıcılığındakı psixoloji təhlil
elementlərindən danışdı.
Respublika Təhsil Şurasının sədri, pedaqoji
elmlər doktoru, professor Əjdər Ağayev
Ş.Mikayılovun elmi-pedaqoji yaradıcılığının
əsasında duran əməksevərliyin qaynaqlandığı ailə
mühitindən, alimin vətənində qazandığı nüfuz və
hörmətdən yaddaqalan epizodlar şəklində söhbət
açdı.
Pedaqoji elmlər doktoru, professor Rəfiqə
Mustafayeva Şəmistan Mikayılovun həm də nüfuzlu
ədəbiyyatşünas olduğunu təsdiq edən bir
hadisədən - Türkiyədə şahidi və iştirakçısı
olduğu bir ədəbi mübahisədən bəhs edərək,
professor Mikayılovun təxmiş, müxəmməs, beşlik
ədəbi anlayışlarına aydınlıq gətirən qələm
məhsulunun elmi-nəzəri cəhətdən düzgünlüyündən
məlumat verdi.
Azərbaycan Müəllimlər İnstitutunun kafedra
müdiri, professor Mircəfər Həsənov professor
Ş.Mikayılovun elmi-pedaqoji araşdırmalarında
dini dəyərlərə bələdliyi faktlarını vurğuladı.
"Azərbaycan məktəbi" jurnalının baş redaktoru,
filologiya elmləri namizədi, dosent Nəcəf
Nəcəfov professor Ş.Mikayılovun ədəbiyyat
proqramının tərtibi, dördüncü sinif üçün
"Ədəbiyyat" dərsliyi hazırlanması sahəsində
fəaliyyətindən maraqlı faktlar danışmaqla,
yubilyarın yaradıcı-şəxsi keyfiyyətlərinə, elmi
cəsarətinə aydınlıq gətirdi. SDU-nun kafedra
müdiri, dosent Yusif Aslanov yubilyarın
axtarışlarından bəhs etdi.
Yubiley tədbirini Azərbaycan TPİ-nin direktoru,
professor, Rusiya Təhsil Akademiyasının həqiqi
üzvü Abdulla Mehrabov ümumiləşdirərək
yekunlaşdırdı. O, professor Ş.Mikayılovun 62
illik elmi-pedaqoji fəaliyyəti boyunca
Azərbaycan təhsilinə öz elmi-metodik kitab və
məqalələri ilə, ixtisasartırma kurslarında
mühazirələri, metodist alim kadrları
hazırlığında elmi rəhbər kimi fəaliyyəti ilə
fayda verdiyini yüksək dəyərləndirdi. 80 yaşlı
alimə cansağlığı və uğurlar arzulayan institut
direktoru yubilyara müəssisənin Fəxri fərmanını
və hədiyyələrini təqdim etdi.
Şamxəlil MƏMMƏDOV |