Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Oktyabr 2009 - ¹42

 

"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları" barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə  təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)"  və  13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə  təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"ndan irəli gələn  vəzifələrin icrasını təmin etmək məqsədi ilə "ümumtəhsil məktəblərində məktəbdaxili  qiymətləndirmənin aparılması Qaydaları" hazırlanmışdır. Bu "Qaydalar" Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17.02.2009-cu il tarixli, 3434 nömrəli şəhadətnaməsi ilə dövlət qeydiyyatından keçmiş, Azərbaycan Respublikası təhsil nazirinin 11.02.2009-cu il tarixli, 164 nömrəli əmri ilə təsdiq edilmiş "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"dan irəli gələn tələblərə uyğunlaşdırılıb və fənn kurikulumları tətbiq  olunan  siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir.

Qaydaların şərhinə ehtiyac olduğunu nəzərə alaraq, müəyyən məsələlərə aydınlıq gətirmək istərdik.

Müəllimin fəaliyyəti yalnız summativ qiymətləndirmələrlə məhdudlaşmır, şagird nailiyyətlərinin monitorinqi  diaqnostik və formativ qiymətləndirmə formalarında da aparılır.

Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Nəticələrə uyğun olaraq  müəllim təlim strategiyasını və şagirdlərin hər birinə fərdi yanaşma yollarını  müəyyənləşdirir. Bu qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur.

Formativ qiymətləndirmə tədris-təlim fəaliyyətini davamlı olaraq müşayiət edən prosesdir və  birbaşa müəllim tərəfindən həyata keçirilir. Formativ qiymətləndirmənin nəticələri məktəbli kitabçası vasitəsilə  şagirdlərə və valideynlərə çatdırılır.

Qaydalarda göstərilir ki,  formativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən məzmun standartlarından çıxan təlim məqsədləri əsasında hazırlanmış   meyarlar üzrə aparılır. Fənn  kurikulumları əsasında xüsusi təlim kurslarından keçmiş ibtidai sinif  müəllimləri  məzmun standartlarına uyğun təlim məqsədlərinin yazılması bacarıqlarına yiyələniblər və standartların reallaşdırılmasına xidmət edən gündəlik təlimi necə təşkil etməyin  yolları ilə tanışdırlar.

Formativ qiymətləndirmənin nəticələri məktəbli kitabçasında sözlə təsvir edilir.Bəzən müəllimlər məktəbli kitabçasında  qeydlərin yazılması üçün yer nəzərdə tutulmamasından şikayətlənirlər. Əslində məktəbli kitabçasında  şagirdlərin fəaliyyətinin təsviri  qısa  ifadələrlə verilməlidir. Məsələn,  riyaziyyatdan  10 dairəsində ədədlərin toplanması ilə bağlı izləmələrin nəticəsinin  müxtəlif göstəricilərini müəllim şagirdlərin inkişaf xüsusiyyətlərinə uyğun olaraq belə yaza bilər: "10 dairəsində ədədləri tanıyır,lakin yaza bilmir", yaxud "10 dairəsində  ədədləri toplaya bilir" və ya "10 dairəsində çıxmanı  yerinə yetirir" və s. Müəllim elə bu göstəricilərə əsasən də şagirdin ev tapşırıqlarını müəyyən edir. Beləliklə, valideynin də tədris prosesinə cəlb olunmasına şərait yaranır.

Nəzərə almaq lazımdır ki, müəllim hər gün bütün şagirdlərin gündəliyinə qeyd yazmır.Bu qeydlər vaxtaşırı və lazım gəldikcə, hər hansı məsələ barədə şagird və valideynin   mütləq məlumatlandırılmalı olduğu hallarda edilir.

Bütün bu izləmələr şagirdlərin standartlara uyğun inkişafına  kömək edir.

Şagirdlərin standartların  səviyyələrinə uyğunluğu  summativ qiymətləndirmələr vasitəsilə ölçülür. Standartların səviyyələrinə əsasən hazırlanmış sualların cavablandırılmasına verilən faizlər  və onların qiymət şkalası üzrə açıqlaması "Qaydalar"da göstərilmişdir. Belə ki, tapşırıqların ümumi sayının 10%-nə qədər düz cavab verən şagird "1", 10% daxil olmaqla 20%-nə qədər düz cavab verən şagird "2", 20% daxil olmaqla 50%-nə qədər düz cavab verən şagird "3", 50% daxil olmaqla 80%-nə qədər düz cavab verən şagird "4", 80% daxil olmaqla 100%-nə qədər düz cavab verən şagird "5" qiymətlə qiymətləndirilir.

Yarımil ərzində tədrisin  planlaşdırılmasına uyğun olaraq summativ qiymətləndirmələrin neçə dəfə keçirilməsi də müəllimləri maraqlandıran məsələlərdən biridir. Kiçik summativ qiymətləndirmələr şagirdlərin müəyyən bir müddət ərzində reallaşdırılan standartların  səviyyələrinə uyğunluğunu yoxlamaq məqsədilə keçirilir.

Məsələn, 1-ci sinifdə həyat bilgisi fənnindən sağlamlıqla bağlı olan mövzular tədris olunarkən  reallaşdırmaq üçün seçilən standartlar  müəllimə yoxlanılmalı olan bacarıqları diktə edir.Bu bacarıqlar aşağıdakılardır:

Şagird:

-sağlamlığın mühafizəsi haqqında fikir bildirir;

-sağlam həyat tərzinin  şərtlərini sadalayır;

-yoluxucu xəstəlikləri tanıyır və onlardan qorunma yolları haqqında danışır və s.

Müəllim özünün müəyyənləşdirdiyi qiymətləndirmə vasitəsi ilə  şagirdin bu bacarıqlara hansı səviyyədə nail olduğunu  yoxlayır.

Kiçik summativ qiymətləndirmələrin   sayını isə  fənnin  planlaşdırılmasına əsasən müəllim müəyyən edir. Belə ki, həftədə 4-5  saat tədris olunan fənn ilə həftədə 1 saat tədris olunan fənlərin arasında  kiçik summativ qiymətləndirmələrin sayına görə fərq olacaqdır. Kiçik summativ  qiymətləndirmələrin  sayına  xüsusi bir məhdudiyyətin qoyulması mümkün deyil. Müəllim özü tədrisin planlaşdırılmasına əsasən  qərar qəbul etməlidir."Qaydalar"da yalnız kiçik summativ  qiymətləndirmələrin  6 həftədən gec olmayaraq keçirilməsi  qeyd edilib.

Böyük summativ qiymətləndirmələrdə bu şərhə xüsusi ehtiyac yoxdur. Aydındır ki, hər iki yarımilin sonunda şagirdlərin nailiyyət səviyyələrini müəyyən etmək məqsədilə böyük summativ qiymətləndirmə keçirilir.Böyük summativ qiymətləndirmənin əhatə etdiyi dövrdə reallaşdırılmalı olan  standartlar əsasında ən mühüm bacarıqlar müəyyən olunur və standartların  səviyyələrinə uyğun tapşırıqlar hazırlanır. Bu zaman daha çox bilik və bacarıqların tətbiqinə yönələn suallardan istifadə edilir.

Məsələn,1-ci sinifdə həyat bilgisi fənnindən yarımil ərzində sağlamlıqla yanaşı, təhlükəsizlik, mənəviyyatla bağlı mövzular tədris olunur. Bu mövzular vasitəsilə reallaşdırılan standartların hər birinə ayrılıqda sual hazırlamaq çətindir. Odur ki, müəllim bu standartlar əsasında ən mühüm bacarıqları müəyyən edir və qiymətləndirmə səviyyələrini nəzərə almaqla suallar hazırlayır.

Xüsusi şərhə ehtiyac olan  məsələlərdən biri də ana dilindən imla, inşa, ifadə yazılar, riyaziyyatdan biliyin tətbiqinə yönəlmiş misal və məsələ həllinin hansı qiymətləndirmə növünə (formativ, yoxsa kiçik summativ)  aid olması ilə bağlıdır. Müəllim şagirdin yazı bacarıqlarının inkişafını  izləmək üçün  formativ qiymətləndirmə yolu ilə yazı işləri apara bilər və aparmalıdır. Məsələn, şagirdin öyrəndiyi yeni sözlərin yazılışını yoxlamaq üçün kiçik bir mətnin yazılması,toplama əməlinin yoxlanması üçün məsələ həlli və s. bu tipli yazı işləridir.

Əgər müəllimin məqsədi başa çatmış bölmə və ya bəhs vasitəsilə reallaşdırılmış standartların səviyyələrinə  şagirdlərin uyğunluğunu yoxlamaqdırsa, onda  yoxlama yazılar kiçik summativ qiymətləndirmə vasitəsi kimi istifadə edilir.

"Qaydalar"da I sinifdə summativ  qiymətləndirmələrin aparılması xüsusi olaraq qeyd edilməmişdir. Lakin I siniflər üçün də bütün fənlər üzrə  qiymətləndirmə standartları olduğundan şagirdlərin bəhs, bölmə və ilin sonunda nəticələrə hansı səviyyədə nail olduğunu öyrənmək zəruridir. Bu zərurətdən çıxış edərək I siniflərdə kiçik və böyük summativ qiymətləndirmələrin aparılması müəyyən olunmuşdur.Lakin böyük summativ qiymətləndirmənin nəticələri  şagirdlərin sinifdən-sinfə keçirilməsinə təsir etmir.

Digər bir izah tələb edən məsələ   ana  dili fənnindən oxu və yazının  birlikdə, yoxsa ayrı qiymətləndirilməsidir. Bildiyimiz kimi, ana dili inteqrativ bir fəndir. Odur ki, bu fənn vasitəsilə əldə edilən bilik və bacarıqlar da  inteqrativ şəkildə qiymətləndirilir. Əgər kiçik summativ qiymətləndirmə ana dilindən yazı (inşa, esse) vasitəsilə aparılırsa,  onun hər iki qiyməti əsasında  ümumi  qiymət yazılır.

Musiqi, təsviri incəsənət, texnologiya, informatika fənləri üzrə  şagirdlərin qiymətləndirilməsinin şifahi  və ya  yazılı şəkildə  aparılması isə yoxlanan bacarıqlara uyğun olaraq müəyyənləşir. Müəllim təlim fəaliyyətinə uyğun olaraq qiymətləndirmə üsulu və vasitəsi seçir. Məsələn, musiqi fənnindən musiqi əsərlərinin  müəllifinin  tanınması ilə bağlı bilikləri yoxlayarkən müəllim  şifahi qiymətləndirmə üsuluna uyğun olaraq  sorğu-sual vasitəsindən  istifadə edə bilər. Əgər mahnı oxumaq bacarıqları yoxlanırsa, müəllim həmin əsərin oxusunu təşkil etməli və şagirdi buna əsasən qiymətləndirməlidir.Və yaxud  təsviri incəsənət fənnindən  rəsm əsərlərinin  müəllifinin  tanınması ilə bağlı bilikləri yoxlayarkən müəllim  şifahi qiymətləndirmə üsuluna uyğun olaraq sorğu-sual vasitəsindən  istifadə edə bilər. Şagirdin sadə bədii  təsvir vasitələrindən necə istifadə etdiyini yoxlamaq üçün isə  onun  əl işlərini toplamaq və buna əsasən qiymətləndirmə aparmaq  lazımdır.

Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlərlə  təkrar  qiymətləndirmənin  aparılması ilə bağlı müəyyən suallar ortaya çıxa bilər. "ümumtəhsil məktəblərində məktəbdaxili  qiymətləndirmənin aparılması  Qaydaları"nda göstərilir ki, summativ qiymətləndirmədə iştirak etməyən şagirdin jurnalda  adının qarşısındakı  xana  diaqonal olaraq  2 yerə bölünür. Surətdə "q" (qaib) yazılır, məxrəc isə boş saxlanılır. Müəllim növbəti 2 həftə ərzində  həmin şagirdlə summativ qiymətləndirmə aparır və nəticəni  məxrəcdə qeyd edir. İki həftə  müddət ona görə nəzərdə tutulmuşdur ki, şagirdin  buraxdığı materialı öyrənmək və ya təkrar etmək üçün müəyyən vaxtı olsun.

Böyük summativ qiymətləndirmənin  nəticələrinə görə ən çoxu üç fəndən "qeyri-kafi" qiymət alan II-VIII, X sinif şagirdlərinə "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ına uyğun olaraq yay tədris tapşırıqları verilir. Ən azı bir  fəndən yay tədris tapşırığını yerinə yetirməyən şagirdlər təkrar sinifdə saxlanılırlar.IX və XI siniflərdə bu məsələlər "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın 27, 28, 29-cu maddələri ilə tənzimlənir.

27-ci  maddəyə görə, bütün fənlərdən  müsbət illik, həmçinin  bir-üç fəndən "qeyri-kafi" illik qiyməti  olan IX sinif şagirdləri əsas təhsil kursu üzrə  imtahana buraxılırlar.

28-ci maddəyə görə, dərs ilinin hər hansı  yarımilində  məktəbə gəlmədiyi üçün  biliyi qiymətləndirilməyən  IX və XI sinif, peşə liseylərinin  II-III kurs  şagirdlərinin  imtahanlara buraxılıb-buraxılmaması məsələsinə  məktəbin pedaqoji şurasında baxılıb  müvafiq qərar qəbul olunur.

29-cu maddəyə görə isə bütün fənlərdən  yalnız müsbət illik  qiyməti olan XI sinif, peşə liseylərinin  III kurs şagirdləri  orta təhsil kursu üzrə imtahanlara buraxılırlar.

Sinifdənxaric oxunun qiymətləndirilməsi  və nəticəsinin jurnalda qeyd olunması ilə bağlı suallara da münasibət bildirmək məqsədəuyğundur.Sinifdənxaric oxu ana dilindən oxu bacarıqlarının inkişafına xidmət edən bir fəaliyyətdir və şagirdlərin bu fəaliyyəti  müəllim  tərəfindən mütəmadi olaraq izlənilir, yəni formativ qiymətləndirmə aparılır. Kiçik summativ qiymətləndirmələrdə  oxu bacarıqları qiymətləndirilərkən, eyni zamanda sinifdənxaric oxu zamanı əldə edilən nailiyyətlər şagirdin daha yüksək müvəffəqiyyətinə kömək edir.

Formativ qiymətləndirmələr  bütün dərs boyu davamedici bir proses olduğu üçün ona xüsusi vaxt ayrılmır.Summativ qiymətləndirmələr isə fənlərin planlaşdırılmasında yoxlamaların aparılması üçün nəzərdə tutulan  saatlar hesabına keçirilə bilər.

Onu da qeyd edim ki, sinif  jurnallarının "Göstərişlər" səhifəsində nəzərdə tutulan  bənd (gündəlik xanalara "q" və ya "+" yazılması) bütün siniflərə aid edilir. Kurikulum tətbiq edilən siniflərin  jurnallarında  kiçik  və böyük  summativ qiymətləndirmələrin nəticələri, qalan xanalarda isə "+" və ya "q" yazılır. Kurikulum tətbiq edilməyən siniflərdə (III-XI) siniflərin jurnallarında qiymətləndirilən şagirdlərin qarşısında qiymətlər, dərsdə iştirak edən, lakin qiymətləndirilməyən şagirdin adının qarşısındakı xanada "+", dərsdə iştirak etməyən şagirdin adının qarşısındakı xanada isə "q" yazılır. 

Təranə HACIYEVA,
Təhsil Nazirliyi Monitorinq və

qiymətləndirmə şöbəsinin müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Oktyabr 2009 - ¹42
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın üç məktəbinə kompüterlər bağışlayıb
 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni inzibati binası istifadəyə verilib
 
"Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model"
 
Ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları müzakirə olundu
 
Milli təhsilin inkişafına həsr olunmuş alim ömrü
 
Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans
 
"Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda konfrans
 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə dair "dəyirmi masa"
 
Bakı məktəblərinə işə qəbul üzrə ikinci müsabiqənin nəticələri məlum oldu
 
"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları" barədə
 
Beynəlxalq kulinariya günü qeyd olunub
 
Maarif cəfakeşi, qayğıkeş insan
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov