Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Noyabr 2009 - 46

 
Dünya universitetləri:

Con Hopkins Universiteti

 
  Yerləşir: ABŞ,  Merilend ştatı, Baltimor  
Yaranma tarixi: 1876-cı il
Tipi: Özəl
Rektoru: Ronald Daniels
İşçi heyəti: 15000 nəfər
Tələbələrin sayı: 4744 nəfər
Aspirantların sayı: 14275 nəfər
Rəsmi saytı: www.jhu.edu

 Con Hopkins Universiteti  (Johns Hopkins University) ABŞ-ın Merilend ştatında - Baltimor şəhərində yerləşən özəl elmi-tədqiqat mərkəzidir. Universitetin Merilend ştatında salınan şəhərciklərindən əlavə, Vaşinqtonda, Kolumbiyada, İtaliyada, çində və Sinqapurda da kampusları mövcuddur. Con Hopkins Universiteti  Amerika Universitetləri Assosiasiyasının 14 üzvündən biridir. "QS-World Rankings" jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Con Hopkins Universiteti 100 ən yaxşı ali məktəb arasında 13-cü yerdə sıralanıb. 2009-cu ilin martından Ronald Daniels universitetə prezident təyin edilib. Universitetin 33 məzunu Nobel mükafatına layiq görülüb. 

Tarixi 

1873-cü ildə xeyriyyəçi Con Hopkins varisi olmadığından öz var-dövlətini universitet və xəstəxana tikintisinə sərf etməyə qərar verir və bu məqsədlə vəsiyyətnaməsində 7 milyon dollar ayrılmasını qeyd edir. ABŞ tarixində bu, ən böyük məbləğdə xeyriyyə vəsiyyətnaməsi olur. Beləliklə, 22 fevral (Corc Vaşinqtonun anadan olduğu gün) 1876-cı ildə yaradılan ali təhsil ocağına Con Hopkins Universiteti adı verilir. Universitetin ilk prezidenti Daniel Koyt Gilman olub. Yarandığı gündən təhsil ocağının məqsədi elmi tədqiqatların rəğbətləndirilməsi, elmin inkişafında müstəsna xidmətləri olan alimlərin maddi vəziyyətlərinin yüksəldilməsidir.

Con Hopkins Universiteti Vilhelm fon Humbolt, Fridrix Ernst Şleyermaxer tərəfindən hazırlanmış alman modelini birinci tətbiq edən ABŞ ali məktəbidir. İlk dəfə bu universitetdə mühazirələrlə birgə seminarlar keçirilib. Con Hopkins Universitetində diplomdan sonrakı təhsilin inkişafına böyük əhəmiyyət verilir. Universitet doktorluq dissertasiyalarını çoxsaylı elmi jurnallarda, eləcə də 1878-ci ildə yaradılmış Con Hopkins Universiteti mətbuatında ("Con Hopkins Universiteti qəzeti", "Con Hopkins jurnalı", "Bölmə nəşrləri", "Yeniliklər buraxılışı") nəşr etdirən  ABŞ-ın ilk ali təhsil ocağıdır.

1889-cu ildə burada Con Hopkins Hospitalının tikintisi başa çatır. 1893-cü ildə Tibb Məktəbi yaradılır və məktəb qızlarla oğlanların birgə təhsil aldığı ilk tibb məktəbi kimi tarixə düşür. Tibb sahəsini inkişaf etdirmək məqsədilə Uilyam Osler, Uilyam Halsted, Hovard Kelli, Uilyam Uelç kimi dünyada tanınmış müəllimlər Tibb Məktəbinə dəvət olunurlar.

1909-cu ildə universitetdə təhsilin davam etdirilməsi proqramı qəbul edilib, 1916-cı ildə isə burada ölkədə ilk İctimai Səhiyyə Məktəbi açılıb. 1950-ci ildə Vaşinqtonda universitetin Nitsşe Beynəlxalq Tədqiqatlar və 1977-ci ildə Baltimorda Pibodi İnstitutu yaradılıb. 

Universitet bu gün 

Con Hopkins Universitetinin əsas kampusu Homvud adlanır. Kampusun Şərqi Baltimorda yerləşdiyi 140 hektarlıq ərazi 1900-cü ildə əldə olunub. Kampusdakı bütün tikililər qırmızı kərpic və ağ mərmərdən inşa edilib, onlar gözoxşayan görünüşə malikdirlər. Hazırda bu binalar tarixi abidə hesab olunur və dövlət tərəfindən qorunur. Kampusun yaxınlığında Baltimor İncəsənət Muzeyi yerləşir. Homvudun ərazisində məşhur Deker bağı vardır. Əvvəllər Botanika bağı adlanan və biologiya kafedrasının əməkdaşları tərəfindən istifadə olunan bu bağ hazırda estetik məqsədlərə xidmət edir. Homvudda yerləşən Kosmik Teleskop Elmi İnstitutu universitetin ən böyük rəsədxanalarındandır. Bu institut Habbl teleskopu vasitəsilə məlumatlar toplayır, onları analiz və idarə edir.

Con Hopkins Universitetinin nəzdində aşağıdakı məktəb və institutlar fəaliyyət göstərir:

Zenvil Kriger İncəsənət və Elmlər Məktəbi - universitetin əsas institutudur, tələbələrə 60-dan çox ixtisas üzrə proqram təklif edir. Bu məktəb Homvud kampusunda yerləşir.

Uaytinq Mühəndislik Məktəbi - Homvudda yerləşir, tələbələrə yalnız mühəndislik proqramları təklif edir.

Təhsil Məktəbi - 1909-cu ildə biznes və təhsil üzrə ixtisaslaşmış məktəb kimi yaradılıb, 2007-ci ildən biznes və təhsil bölmələri ayrılıb və iki müxtəlif məktəblər yaranıb.

Tibb Məktəbi - Şərqi Baltimorda universitetin Tibbi İnstitutlar kampusunda, Con Hopkins Hospitalının yanında yerləşir. Bu məktəb dünyanın ən yaxşı tibb məktəbi və biotibbi tədqiqat mərkəzi kimi tanınır.

Tibb Bacısı Məktəbi - Con Hopkins Hospitalının və Tibb Məktəbinin yaxınlığında yerləşir.

Blumberq İctimai Səhiyyə Məktəbi - 1916-cı ildə yaradılıb, dünyanın ən böyük səhiyyə məktəblərindəndir. ABŞ-ın "U.S. News & World Report" jurnalı tərəfindən dünyanın bir nömrəli ictimai səhiyyə məktəbi adlandırılıb.

Keri Biznes Məktəbi - 2007-ci ildə yaradılıb və Mərkəzi Baltimorda Maunt Vernonda yerləşir.

Pibodi İnstitutu - 1857-ci ildə yaradılıb, Mərkəzi Baltimorda çarlz küçəsində yerləşir. ABŞ-ın ən qədim konservatoriyalarından biri olan bu institut 1977-ci ilədək Con Hopkins Universitetinin bölməsi kimi fəaliyyət göstərib. Hazırda institut müstəqil olaraq tələbə qəbul edir və dərəcələr verir.

Paul Nitsşe Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbi - 1943-cü ildə yaradılsa da, 1950-ci ildən Con Hopkins Universitetinin bir hissəsinə çevrilib. Məktəb Vaşinqtondakı kampusda yerləşir, beynəlxalq problemlər, münasibətlər, diplomatiya və iqtisadiyyatın öyrənilməsi ilə məşğuldur. Bu təhsil müəssisəsinin Boloniyada, İtaliyada, Nankində və çində filialları fəaliyyət göstərir.

Tətbiqi Fizika Laboratoriyası - Merilend ştatında Laurel şəhərində yerləşir, ABŞ-ın Təhlükəsizlik Departamenti, NASA (Aeronavtika və Kosmik Fəzanın Tədqiqatları üzrə ABŞ Milli İdarəsi), dövlət və vətəndaş müəssisələrinin məqsədləri üçün tədqiqatlar aparır. Bu laboratoriya Con Hopkins tibb müəssisələri ilə birgə 100-dən çox biotibbi qurğular yaradıb, həmçinin Homvudda yerləşən Kosmik Teleskop Elmi İnstitutu ilə sıx əlaqələr qurur.

Universitetin Tibbi İnstitutlar kampusunda Tibb və Tibb Bacısı məktəblərindən başqa, Con Hopkins Hospitalı, Con Hopkins Beyvyu Tibb Mərkəzi, Con Hopkins Sinqapur Beynəlxalq Tibb Mərkəzi, Hovard ümumi Dairə Hospitalı fəaliyyət göstərir.  Universitetdəki elmi-tədqiqat mərkəzlərindən Dil və Nitq Mərkəzini, Con Hopkins Siyasi Elmlər, Berman Biotexnika, Con Hopkins İnformasiyanın Təhlükəsizliyi institutlarını qeyd etmək olar.

Con Hopkins Universitetinin əsas xüsusiyyətlərindən biri burada təhsil alan tələbələrin önəmli tədqiqatlarda fəal iştirak etməsidir. Tələbələrin 80%-i oxuduqları 4 il ərzində öz sahələri üzrə müstəqil tədqiqatlar aparır. ümumiyyətlə, bu ali təhsil ocağı ABŞ-da tədqiqatlara ən çox sərmayə qoyan universitetlərdən biridir. Xüsusilə, universitet mədəniyyət, musiqi, tarix, biologiya və təbii elmlər, biotibbi texnika, yaradıcılıq, ingilis dili, roman dilləri, iqtisadiyyat, beynəlxalq tədqiqatlar, tibb, nevrologiya, xəstələrə qulluq, səhiyyə, siyasi nəzəriyyə sahələri üzrə əldə etdikləri nailiyyətləri ilə fəxr edir. 1999-2009-cu illər ərzində Con Hopkins Universiteti dünyada ən çox məqalələri çap olunan tədqiqat mərkəzləri siyahısındadır (Harvard Universiteti və Maks Plank Cəmiyyətindən sonra üçüncü yerdə). 

Con Hopkins Universitetinin məşhur məzunları: 

  Madlen Olbrayt  ABŞ-ın sabiq dövlət katibi  
  Spiro Eqnyu ABŞ-ın vitse-prezidenti  
  Aniş Çopra ABŞ-ın baş texnologiya rəisi  
  Enn Dersi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri  
  Nikolas Börns ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini  
  İbrahim Qəmbəri BMT Baş katibinin müavini  
  Lourens Di Rita Pentaqonun məruzəçisi  
  Devid Yakobson ABŞ-ın Kanadadakı səfiri  
  Məhəmməd Zubair Xan Pakistanın sabiq ticarət naziri  
  Hans Huqervorst  Niderlandın səhiyyə naziri  
  Uanq Cuancya   Çinin BMT-dəki səfiri  
  Piter Aqr kimya üzrə Nobel mükafatı laureatı  
  Ceyms Frank fizika üzrə Nobel mükafatı laureatı  
  Riçard Aksel tibb üzrə Nobel mükafatı laureatı  
  Pol Qrinqard tibb üzrə Nobel mükafatı laureatı  
  Jozef Olencer tibb üzrə Nobel mükafatı laureatı  
  Hamilton Smit  tibb üzrə Nobel mükafatı laureatı  
  Tomas Morqan tibb üzrə Nobel mükafatı laureatı  
  Robert Foqel iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Merton Miller  iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Herbert Spenser  psixologiya üzrə Nobel mükafatı laureatı  
  Codi Uilyams sülh üzrə Nobel mükafatı laureatı  

Con Hopkins Universitetinin kitabxana sistemi 3,6 milyon cilddən çox kitaba malikdir. Universitetin əsas kitabxanaları Homvud kampusunda yerləşən Şeridan və Milton Eyzenhauer kitabxanalarıdır. Milton Eyzenhauer kitabxanası (tələbələr tərəfindən "MSE" adlandırılır) 2,6 milyon cilddən çox kitaba, 20 min jurnala malikdir. Kitabxanaya ABŞ-ın sabiq prezidenti Duayt Eyzenhauerin qardaşı, universitetin prezidenti olmuş Milton Eyzenhauerin adı verilib. Qeyd edək ki, Miltonun Con Hopkins Universitetində prezidentliyi zamanı təhsil ocağı sürətlə inkişaf edib, universitetin gəlirləri üç dəfə artıb, geniş tikinti-quruculuq işləri aparılıb. Universitetin inkişafı üçün gördüyü işlərə görə Milton Eyzenhauer "fəxri prezident" adına layiq görülüb.

Universitetin başqa kampuslarında yerləşən kitabxanalardan tibb sahəsi üzrə Uiliyam Velç, Tibb Tarixi İnstitutu, Adolf Meyer, Beyvievdə Harold Harison, Cons Fridenvold Memorial (Uilmer Göz İnstitutu), Karol Qrey Tibb Bacısı Resurs Mərkəzi, Abraham Laylinfild, Keri Biznes Məktəbinə aid Kolumbiya,Vaşinqton, Dauntaun Mərkəzi, Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbinin R.Sidney və  V.Elza  Mason, Boloniya Mərkəzi, Con Vork Cerret, JSkolarşip kitabxanalarını, Alan Mason çisni Tibb, Ferdinand Hamburger Universitet, Pibodi İnstitutu arxivlərini qeyd etmək olar.

Dünyanın başqa universitetlərində olduğu kimi, Con Hopkins Universitetinin tələbələri də buradakı yataqxanalarda yaşayaraq təhsil alırlar. Lakin bu təhsil ocağında yataqxanalarla tam təminat  əsasən I-II kurs tələbələri üçün nəzərdə tutulub.

Con Hopkins Universitetində təbiətin mühafizəsi üzrə müxtəlif proqramlar həyata keçirilir,  elektriklə işləyən nəqliyyat vasitələri yaradılır, suya qənaət edilir, təbii qidalara üstünlük verilir və s. Tələbələr nəqliyyat vasitəsi kimi velosipedlərdən istifadə edirlər. 

Con Hopkins Universitetində hazırda 19000-dən çox tələbə təhsil alır. Onların 4744-nü bakalavr, 14275-ni aspirant və magistrlər təşkil edir. Universitetdə 15000-dən çox professor-müəllim heyəti çalışır. Con Hopkins Universitetinin missiyası tələbələrə elm öyrətməklə yanaşı, onlara həyat dərsi keçmək, müstəqil tədqiqatlara sövq etmək, eləcə də elmə dəyərli töhfələr verməkdir. Bu qədim ali təhsil ocağının dünya elminin inkişafında əldə etdiyi mühüm və əlamətdar yeniliklər danılmazdır.

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
27 Noyabr 2009 - 46
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayına
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"  İctimai Birliyinin təsis qurultayı keçirilib
 
Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Təhsil naziri Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının təmsilçiləri ilə görüşüb
 
Laçın təhsilində dönüş
 
"Metallar fizikasının müasir problemləri"nə dair elmi-praktik konfrans
 
Futbol üzrə I respublika turnirinin final mərhələsinin açılış mərasimi keçirildi
 
Alimin yubileyinə həsr olunmuş konfrans
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov