Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 Dekabr 2009 - 50

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə müstəqillik illərində ölkəmizin ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, qarşılaşdığımız çətinliklər və onların həlli istiqamətində görülən işlər barədə fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm.

ötən məqalədə də qeyd olunduğu kimi, çox təəssüf ki, 80 ildən artıq müddətdə bütün keçmiş Sovetlər Birliyində, o cümlədən Azərbaycanda da təhsil sistemində qiymətləndirməyə ciddi yanaşılmamış, bu vacib məsələyə ötəri münasibət bəslənilmişdir. İctimaiyyətdə belə bir yanlış təsəvvür formalaşmışdı ki, təhsil sistemində qiymətləndirmə dedikdə, bu, yalnız dərsə cavablarına görə şagirdlərin qiymətləndirilməsi prosesidir.

Uzun illər təhsil sahəsində, auditoriyada çalışan bir müəllim kimi, deyə bilərəm ki, o zamanlar "biz təhsilalanları nə üçün qiymətləndiririk", "qiymətləndirmənin məqsədi nədir" sualları heç vaxt gündəmdə olmamış, heç kimi narahat etməmişdir. Təəssüflə onu da qeyd etməliyəm ki, o zamanlar biz xarici ölkələrdəki təcrübəni də öyrənmək imkanlarından məhrum idik.

Həyatda hər bir fəaliyyət sahəsinin, prosesin öz fəlsəfəsi olduğu kimi, təhsil sahəsində qiymətləndirmə də mahiyyət etibarilə öz fəlsəfi məna tutumuna malikdir. Nədir qiymətləndirmənin fəlsəfəsi? Heç şübhəsiz, qiymətləndirmənin fəlsəfəsi özündə keyfiyyətin idarəolunmasında başlıca amil kimi çıxış etməsini, keyfiyyətin yüksəldilməsi ilə əlaqədar ən zəruri qərarların qəbul edilməsi üçün etibarlı mənbə olmasını ehtiva edir.

Məlum məsələdir ki, qiymətləndirmənin mərkəzində təhsilalanların nailiyyətləri dayanır. Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin nəticələri isə daha ətraflı təhlillər aparmağa, qiymətləndirilənlərin əhatə dairəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır. Bu fikir daha aydın olsun deyə, qısa bir açıqlama verək. Təsəvvür edək ki, hər hansı bir məktəbin məzunlarının nəticəsi keyfiyyət baxımından qeyri-qənaətbəxş hesab olunmuşdur. Biz bunu yalnız təhsilalanlara şamil etməklə kifayətlənə bilərikmi? Əlbəttə yox. Məhz şagirdin orta təhsil üzrə nəticələri, eyni zamanda onlara dərs deyən müəllimlərin, məktəb rəhbərlərinin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində indikator rolunu oynayır. Geniş mənada götürsək, həmin nəticələr şagirdlərin əhatə olunduğu mövcud təhsil infrastrukturunun, kurikulumların, dərsliklərin, maliyyələşdirilmənin qiymətləndirilməsində də əsas götürülə bilər.

Beləliklə, ümumiləşdirmə aparsaq, qiymətləndirmənin mahiyyətini və xarakterini aşağıdakı kimi qruplaşdırmaq olar:

-idarəedici - təhlil vasitəsilə əldə edilən nəticələr əsasında yeni keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi;

-səfərbəredici - təhsilin keyfiyyətinin təmin olunmasında təhsilverənlərin, təhsilalanların, valideynlərin, məktəb rəhbərlərinin, təhsili idarəetmə orqanlarının səylərinin birləşdirilməsi və məsuliyyətinin artırılması;

-inkişafetdirici - qiymətləndirmənin nəticələrinə görə keyfiyyət dəyişikliklərinin aparılması prosesində təhsilalanların, təhsilverənlərin, idarəedənlərin inkişafı;

-perspektivlilik - mövcud nəticələrə görə gələcək fəaliyyət istiqamətlərinin və təhsil siyasətinin müəyyənləşdirilməsi;

-proqnostik - təhsilin keyfiyyətinin bugünkü inkişaf səviyyəsi baxımından növbəti mərhələlər üçün hədəflərin real təsəvvür edilməsi.

Obyektiv aparılmış qiymətləndirmə, hər şeydən əvvəl, real vəziyyətin aşkara çıxarılmasında mühüm vasitədir. Məhz real vəziyyətin təhlili nəticəsində buraxılan nöqsanlar müəyyən edilir, onların aradan qaldırılması yolları dəqiqləşdirilir və gələcək üçün proqnozlaşdırma aparılır.

Qiymətləndirmənin nəticələrinə görə perspektiv fəaliyyətlər planlaşdırılarkən, ilk növbədə, hansı inkişaf pilləsində qərarlaşmanı müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir. Bu mənada, açıq etiraf etmək lazımdır ki, təhsil sahəsində bir sıra yeni məsələlərin, o cümlədən ümumi təhsil müəssisələrində qiymətləndirmə sahəsində dünyada sınaqdan çıxmış müasir mexanizmlərin öyrənilməsi və tətbiqinə son bir neçə ildə başlanmışdır.

Yaxın keçmişə nəzər salsaq, 1992-ci ildən etibarən Azərbaycanda ali məktəblərə tələbə qəbulunun mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılması ümumtəhsil məktəblərində də şagirdlərin yekun attestasiyasının uyğun model əsasında həyata keçirilməsini zəruri etdi. Ona görə də ictimai rəy öyrənildikdən sonra ümumtəhsil məktəblərində də buraxılış imtahanlarının test tapşırıqları vasitəsilə aparılması qərarına gəldik. 1999-2000-ci dərs ilindən başlayaraq XI siniflərdə 4 fənn üzrə buraxılış imtahanlarının Təhsil Nazirliyi tərəfindən hazırlanmış test sualları əsasında keçirilməsinə başlandı. Dövrünə görə imtahanların bu qaydada aparılması mühüm yenilik idi. Baxmayaraq ki, sonrakı bir neçə ilin yekunlarına görə test tapşırıqları əsasında imtahanların ayrı-ayrı məktəblərdə keçirilməsinin gözlədiyimiz nəticələri vermədiyinin şahidi olduq, lakin etiraf etmək lazımdır ki, o zamanlar həmin addımı atmasaydıq, bu gün uğurla tətbiq edilən mərkəzləşdirilmiş buraxılış imtahan modelinə keçə bilməzdik.

Əlbəttə, imtahanlar şagird nailiyyətlərinin qiymətləndirilməsinin bir formasıdır, məktəbdaxili qiymətləndirmənin sonuncu mərhələsidir. Yekun qiymətləndirməyədək şagirdlər digər qiymətləndirmə mərhələlərindən, o cümlədən diaqnostik, formativ və summativ qiymətləndirmə mərhələlərindən keçirlər. Bütün bu məsələlər, eləcə də şagird nailiyyətlərinin qiymətləndirilməsinə yeni yanaşma 2006-cı ildə hökumət tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində öz əksini tapmışdı. Həmin sənəddə şagird nailiyyətlərinin qiymətləndirilməsi təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi təqdim olunur, təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarilə onun yüksəlməsinə xidmət etməsi xüsusi vurğulanır.

Həmin sənədin qiymətləndirmə ilə bağlı müddəaları əsas tutularaq Təhsil Nazirliyi onların həyata keçirilməsi istiqamətində əməli tədbirlərə başladı. İlk olaraq 2006-2007-ci dərs ilində pilot kimi müəyyənləşdirilən 4 məktəbdə (6 nömrəli məktəb-lisey, Elitar gimnaziya, Sumqayıt şəhər 18 nömrəli və Abşeron rayonu Novxanı kənd məktəbi) cari qiymətləndirmədən imtina olunaraq summativ qiymətləndirmə modeli tətbiq edildi. Bu eksperiment V və VIII siniflərdə ana dili və riyaziyyat fənlərini əhatə edirdi. Eksperimentin səmərəliliyinin təmin edilməsi məqsədilə göstərilən siniflərdə dərs deyən fənn müəllimləri treninqlərdən keçirildi, xüsusi formada sinif jurnalları tərtib olundu. Eksperimentin nəticələri sonrakı mərhələlərdə məktəbdaxili qiymətləndirmə mexanizmlərinin hazırlanmasında faydalı oldu.

Yeni qiymətləndirmə sisteminin yaradılması ilə bağlı aktual məsələlər çox olsa da, bütün ictimaiyyəti daha çox maraqlandırdığı üçün və prinsipial əhəmiyyət kəsb etdiyindən buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması diqqət mərkəzinə çəkilən ilk tədbirlərdən oldu. Bu addımı atarkən 2000-ci ildən etibarən buraxılış imtahanlarının test tapşırıqları əsasında keçirilməsi təcrübəsi də nəzərə alınmışdı. Əlbəttə, bu prosesə bütün ölkə üzrə birdən-birə keçmək mümkün olmazdı, bu ideyanın səmərəliliyinə, optimallığına əmin olmaq üçün eksperiment aparmağı qərara aldıq və 2005-2006-cı dərs ilində İmişli və Bakı şəhərinin Xətai rayonlarının ümumtəhsil məktəblərində təhsil alan 6 min XI sinif şagirdi əhatə olunmaqla mərkəzləşdirilmiş imtahan keçirdik.

Onu da qeyd edim ki, təhsil tariximizdə ilk dəfə keçirdiyimiz bu tipli imtahanlara ciddi hazırlaşmışdıq. Nazirliyin əməkdaşları hər iki rayonun məktəblərində müəllimlərlə, şagirdlərlə və valideynlərlə izahat işləri aparmışdı. Buraxılış imtahanına hazırlığı təmin etmək məqsədilə üç dəfə sınaq yoxlama imtahanları aparıb nəticələri müzakirə etmişdik. Mərkəzləşdirilmiş imtahanın nəticələrinin qiymətləndirilməsi üçün meyarlar hazırlanıb təsdiq edilmişdi.

Bu prosesdə məni həmişə düşündürən bir problemi də aradan qaldırdıq. Məsələ bundadır ki, mövcud qaydalara əsasən şagirdlərin yekun qiymətləri çıxarılarkən yalnız illik və imtahan qiyməti nəzərə alınırdı. İndi isə yekun qiymət hesablanarkən illik və imtahan qiymətləri ilə yanaşı, sınaq yoxlamalarının nəticələri və əvvəlki sinifdəki illik qiymət nəzərə alınır. Düşünürəm ki, yekun qiymətin bu düsturla hesablanması bilavasitə şagirdin mənafeyinə xidmət etməklə məktəbin, müəllimin və şagirdin yalnız son sinifdə deyil, əvvəlki siniflərdə də məsuliyyətini xeyli artırır.

Növbəti illərdə mərkəzləşdirilmiş buraxılış imtahanlarının miqyası daha da genişləndirildi, artıq bütün ölkəni əhatə edir. Cari dərs ilindən IX siniflər üzrə buraxılış imtahanları da mərkəzləşdirilmiş qaydada təşkil olunacaqdır.

Hazırda qiymətləndirmə sahəsində diqqətimiz məktəbdaxili qiymətləndirmənin ilk iki növünə (diaqnostik və formativ) yönəlmişdir. Onu da diqqətinizə çatdırım ki, həm məktəbdaxili qiymətləndirmə növləri, eləcə də milli və beynəlxalq qiymətləndirmə 2009-cu ildə Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi təhsil sistemində qiymətləndirmə Konsepsiyası"nda öz geniş əksini tapmışdır.

Diaqnostik qiymətləndirmə konkret bir mərhələdə təhsilalanın nailiyyətlərinin səviyyəsini müəyyən etmək üçün aparılır. Diaqnostik qiymətləndirmə şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasını təmin edir, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumatlar almağa imkan yaradır. Bu qiymətləndirmə növünü ilkin səviyyənin qiymətləndirilməsi də adlandırırlar. Xüsusi qeyd edim ki, diaqnostik qiymətləndirmə olduqca məsuliyyətli mərhələdir və böyük diqqət tələb edir. çünki şagird bu ilkin mərhələdə düzgün qiymətləndirilməzsə onun sonrakı inkişaf istiqamətlərini optimal müəyyənləşdirmək qeyri-mümkün olar.

Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini, şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir, onların təlim ehtiyaclarının öyrənilməsinə lazımi şərait yaradır.

Summativ qiymətləndirmə təhsilin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Bu qiymətləndirmə məzmun standartlarının mənimsənilmə səviyyəsinin etibarlı göstəricisidir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində vacib istiqamətlərdən biri təhsilalanların təlim fəaliyyətinin, nəticələrinin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsidir. Başqa sözlə, bu proses kurikulum üzrə qiymətləndirmə də adlandırılır.

Məlum olduğu kimi, 2007-ci ildə təsdiq olunmuş fənn kurikulumları 2008-2009-cu dərs ilindən etibarən ölkənin ümumtəhsil məktəblərində tətbiq olunmağa başlanmışdır. Hazırda I və II siniflərdə tədris həmin kurikulumlar əsasında hazırlanmış dərslik komplektləri ilə aparılır. Əlbəttə, kurikulumların, dərsliklərin hazırlanması işin bir tərəfidir, ciddi əhəmiyyət kəsb edən məsələlərdən biri kurikulumlarda təsbit edilmiş dövlət standartlarının dövrün tələbinə görə hansı səviyyədə tərtib olunması, eləcə də bu standartların şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətinin müəyyənləşdirilməsidir. Ona görə də nəzərdə tuturuq ki, ibtidai təhsil pilləsində hər sinfin sonunda kurikulumların monitorinqi aparılsın və nəticələrdən asılı olaraq kurikulumlarda zəruri dəyişikliklər aparılsın. Onu da diqqətə çatdırmaq istərdim ki, ibtidai təhsil kurikulumlarının geniş miqyasda monitorinqi ibtidai təhsilin sonunda aparılacaqdır. Eyni qiymətləndirmə gələcəkdə ümumi orta və tam orta təhsil üzrə də həyata keçiriləcəkdir.

Hörmətli oxucular, bugünkü qiymətləndirmə siyasətində milli qiymətləndirmənin möhkəm yer tutması müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf etmiş ölkələrin təhsil sistemlərinə məqsədyönlü inteqrasiyasının nəticəsidir. Nəzərinizə çatdırım ki, keçmiş Sovetlər Birliyində əsas və orta təhsil pilləsi üzrə şagird nailiyyətlərinin ölkə üzrə qiymətləndirilməsi aparılsa da, bu, nəticələrə görə təhlillər aparıb təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı inkişafyönümlü tədbirlərin müəyyənləşdirilməsinə deyil, yalnız şagirdlərin bir pillədən digərinə keçirilməsinə və təhsil sənədi almasına xidmət edirdi. Hazırda isə məktəbdaxili qiymətləndirmə ilə yanaşı, ölkə üzrə qiymətləndirməyə də yanaşma dəyişmişdir. Yanaşmanın dəyişməsi bu qiymətləndirmənin adından da məlum olur.

Qiymətləndirmə Konsepsiyasında milli qiymətləndirmənin məqsədləri aşağıdakı kimi təsbit olunmuşdur:

-şagirdlərin təlim nəticələrində zəif və güclü tərəfləri aşkar etməklə, ümumi mənimsəmə səviyyəsini və onun dinamikasını müəyyənləşdirmək;

-şagirdlərin təlim nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək və nəticələr arasındakı fərqləri müqayisə etmək üçün şagirdlərin, onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;

-ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;

-şagirdin təlim nəticələrinin və irəliləyişlərinin dəyərləndirilməsi vasitəsilə təhsilin dövlət standartlarının monitorinqini aparmaq, təhsil sisteminin məqsədlərinin müvafiqliyini və səmərəliliyini tənzimləmək, sistemin təsir dairəsini genişləndirmək;

-təhsil siyasətini müəyyən edənlərin cavabdehlik səviyyəsini artırmaq;

-ölkədə təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini təşkil etmək.

Göründüyü kimi, bu məqsədlərin mərkəzində nəticələrin ciddi təhlili vasitəsilə ölkənin təhsil siyasətində inkişafyönümlü köklü dəyişikliklərin edilməsi dayanır.

İndi isə milli qiymətləndirmə sahəsində görülən işləri diqqətinizə çatdırmaq istəyirəm. ölkəmizdə ilk dəfə 2003-cü ildə Hollandiyanın CİTO qrupunun texniki dəstəyi ilə 20 məktəbdə IV sinif, 2006-cı ildə 70 məktəbdə IV və IX sinif şagirdləri əhatə olunmaqla milli qiymətləndirmə keçirilmişdir. 2009-cu ilin may ayında respublikanın 52 rayon və şəhərinin 216 məktəbində 12500 şagird əhatə olunmaqla milli qiymətləndirmənin tədqiqat mərhələsi aparılmışdır. Sorğularda 216 məktəb direktoru, 600-dək ana dili və riyaziyyat müəllimi, 3 minədək valideyn iştirak etmişdir. Hazırda milli qiymətləndirmənin nəticələrinin təhlili aparılır və ilin sonunda ictimaiyyətə elan ediləcək. 2011-ci ildə milli qiymətləndirmənin əsas mərhələsi keçiriləcək. 2013-cü ildə isə bütün ölkə üzrə milli qiymətləndirmənin aparılması nəzərdə tutulmuşdur.

Milli qiymətləndirmə ölkə səviyyəsində təhsilalanların nailiyyətlərinin səviyyəsini müəyyənləşdirməyə əsas verirsə, beynəlxalq qiymətləndirmə konkret bir ölkədə təhsil səviyyəsinin digər ölkələrlə müqayisəli təhlilini aparmağa imkan yaradır. Əslinə qalsa, hər iki qiymətləndirmə bir-biri ilə sıx qarşılıqlı əlaqədədir. Belə ki, biz yalnız milli qiymətləndirmə apamaqla kifayətlənsək, bu zaman beynəlxalq aləmdə mövcud olan inkişaf səviyyəsindən geri qalmış olarıq. Məhz beynəlxalq qiymətləndirmənin nəticələri fəaliyyətimizə tənqidi nəzər yetirməyimizə, boşluqları müəyyənləşdirməyə, perspektivləri dəqiqləşdirməyə etibarlı zəmin yaradır. Bu mənada ölkəmizin beynəlxalq qiymətləndirmə proqramlarına qoşulması ciddi əhəmiyyət kəsb edir və təhsilimizin inkişafına təkanverici amil hesab olunur. Beynəlxalq qiymətləndirmədə əsas məqsəd nədən ibarətdir? Bunları, əsasən, aşağıdakı kimi qruplaşdırmaq olar:

-ölkədə təhsilin vəziyyəti haqqında müvafiq məlumat əldə etmək, beynəlxalq səviyyəli müqayisələr aparmaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri, təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;

-təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kurikulumun hazırlanması üçün əsas təlim məqsədlərini təyin etmək, kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparmaq, gözlənilən və nail olunan təlim nəticələrini müqayisə etmək;

-pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik təcrübədə istifadə olunan nəzəri və praktiki məsələlərini öyrənmək;

-müasir qiymətləndirmə vasitələrinin hazırlanmasını, nəticələrin təhlili üsullarını və hesabatlar hazırlanması qaydalarını öyrənmək;

-ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması istiqamətində ümumi orta təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş müzakirəsini təşkil etmək.

Hazırda ölkəmiz üç beynəlxalq qiymətləndi

rmə proqramına (PİSA, TİMSS, PİRLS) qoşulmuşdur. Azərbaycan 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət fənləri üzrə bacarıqlarının səviyyəsini müəyyənləşdirən, 3-4 ildən bir aparılan PİSA (şagirdlərin qiymətləndirilməsi üzrə beynəlxalq proqram) proqramının iki layihəsində iştirak edir. 2006-cı ildə Azərbaycanda 72 ümumtəhsil məktəbinin 6500 şagirdi əhatə olunmaqla beynəlxalq qiymətləndirmə (PİSA-2006) keçirilmiş, nəticələr 2008-ci ildə elan olunmuşdur. Azərbaycan şagirdləri riyaziyyatdan nəzəri qabiliyyətlər üzrə reytinq cədvəlində 57 ölkə arasında 4-cü yeri tutmuş, təbiət fənləri və oxu bacarıqları üzrə isə zəif nəticələr göstərmişlər. "PİSA-2006"-nın nəticələrinə əsasən reytinq cədvəlində ən yüksək göstəricilər Finlandiya, Cənubi Koreya, Kanada, Honq-Konq (çin) şagirdlərinə məxsus olmuşdur. Cari ilin aprel-may aylarında respublikanın 162 məktəbinin 15 yaşlı 4716 şagirdi əhatə olunmaqla "PİSA - 2009"-un əsas mərhələsi keçirilmişdir. Nəticələr 2010-cu ildə elan ediləcəkdir.

2010-cu ilin fevralında seçim yolu ilə ölkənin 150-160 məktəbində TİMSS proqramının (riyaziyyat və təbiət elmlərini öyrənmə meyilləri üzrə beynəlxalq tədqiqatlar) sınaq mərhələsi keçiriləcək. 2012-ci ildə IV siniflərdə TİMSS, eyni zamanda oxu bacarıqları üzrə PİRLS beynəlxalq qiymətləndirmələri aparılacaq.

Qiymətləndirmə üzrə fəaliyyətə başlayıb bir sıra işlər həyata keçirsək də, etiraf etməliyik ki, bu sahədə kifayət qədər təcrübəyə malik deyilik. Bununla əlaqədar yaxın gələcək üçün fəaliyyətlərimizi planlaşdırarkən aşağıdakıların nəzərə alınmasını vacib hesab edirik:

-qiymətləndirmə sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi işinin davam etdirilməsi;

-qiymətləndirmə sahəsində tanınmış beynəlxalq mütəxəssislərin iştirakı ilə öyrədici təlimlərin təşkili;

-qiymətləndirmə üzrə elmi-pedaqoji tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsi və onların səmərəli aparılması üçün lazımi şəraitin yaradılması;

-qiymətləndirmə üzrə institusional tədbirlərin həyata keçirilməsi;

-qiymətləndirmə sahəsində tədbirlərin səmərəli həyata keçirilməsinə imkan verən etibarlı normativ-hüquqi bazanın yaradılması;

-pedaqoji işçilər üçün dövri olaraq qiymətləndirmə üzrə öyrədici təlim kurslarının təşkili və metodik tövsiyələrin hazırlanması;

-qiymətləndirmə nəticələrinin təhlili və nəticələr əsasında inkişafyönümlü təkliflərin hazırlanması. 

(Ardı var) 

  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor
 

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
25 Dekabr 2009 - 50
Dünya azərbaycanlılarına
 
Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İl ərzində çoxlu sayda təhsil işçisi dövlət təltiflərinə və fərdi təqaüdlərə layiq görülüb
 
ADU-da elmi-praktik konfrans
 
Azərbaycanlı müəllimlər Kent Universitetində təcrübə keçiblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
BDU-da təlim kursunun müdavimlərinə sertifikatlar təqdim olundu
 
Təhsil naziri "açıq dərs"də iştirak etdi
 
Bir müəllimin ərizəsini 7 dəfə oxusaq da...
 
Kredit sistemini ilk tətbiq edən ali məktəb
 
Məktəbdə İKT-nin tətbiqi  xeyli genişlənib
 
"Biliklər cəmiyyəti"ndə təhsil paradiqması
 
Dünya universiteti: Avstraliya Milli  Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov