Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2009 - 51

 
Dünya universitetləri:

MakGill Universiteti

 
  Yerləşir: Kanada,  Kvebek,  Monreal şəhəri  
Yaranma tarixi: 1821-ci il
Tipi: Dövlət
Kansleri: Arnold Steynberq
İşçi heyəti: 1616 nəfər (akademik heyət), 3457 nəfər (inzibati heyət)
Tələbələrin sayı: 35300 nəfər
İllik büdcəsi:  1 074 061 000 Kanada  dolları
Ərazisi: 32 hektar
Rəsmi saytı: www.mcgill.edu.ca

 

MakGill Universiteti (McGill University) Kanadanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsidir. Universitet Kanadanın Kvebek əyalətinin Monreal şəhərində yerləşir. Böyük Britaniyanın həftəlik dərc olunan "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə MakGill Universiteti 100 ən yaxşı ali məktəb arasında 18-ci yerdədir. 

Tarixi 

MakGill Universitetinin adı tanınmış mesenat Ceyms MakGillin adı ilə bağlıdır. Ceyms MakGill 6 oktyabr 1744-cü ildə Şotlandiyanın Qlazqo şəhərində anadan  olub və sonralar Kvebekdə məşhur tacir kimi tanınıb. C.MakGill ingilis və fransız dillərini mükəmməl bilən savadlı şəxs kimi var-dövlətini təhsilin inkişafına sərf etmək istəyib. Bu məqsədlə o, 10000 funt məbləğində 19 hektarlıq ərazi əldə edir. Lakin C.MakGill 1813-cü ildə vəfat etdiyi üçün arzularını reallaşdıra bilmir. Təhsilin Yaxşılaşdırılması üzrə Kral İnstitutu onun istəyini həyata keçirmək üçün universitet  yaratmaq qərarına gəlir.  C.MakGillin vəsiyyətnaməsində onun aldığı ərazidə ölümündən sonra ən azı 10 il ərzində ayırdığı vəsait hesabına ali məktəb tikilməsi, həmin məktəbin onun adı ilə adlandırılması göstərilir, əks təqdirdə, vəsiyyətnamədə göstərilənlərin həyat yoldaşının varislərinə çatması qeyd olunurdu.  Beləcə, Desrivieres ailəsi (Ceyms MakGillin həyat yoldaşının varisləri) ilə uzun məhkəmə çəkişməsindən sonra Kral İnstitutu qalib gəlir və nəticədə 31 mart 1821-ci ildə kral IV Georq  MakGill Kollecinin yaradılması haqqında sənədi imzalayır. Lakin kollecin binası olmadığı üçün ilk dərslər 27 yanvar 1829-cu ildə Burnsayd Pleysdə - C.MakGillin şəhərkənarı evində keçilir. Bu ev 1840-cı ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir (MakGill Universitetinin ilk binası olan İncəsənət Korpusunun tikildiyi ilə qədər).

1855-1893-cü illərdə ali təhsil müəssisəsinə tanınmış geoloq Con Uilyam Douson rəhbərlik edir. MakGill Kollecinin universitet kimi fəaliyyəti onun rəhbərliyi dövrünə təsadüf edir. C.Douson Monrealın varlı şəxslərini təhsil müəssisəsinə yardım etməyə cəlb edir və kampusun ərazisində yerləşən binaların çoxu hazırda onların adlarını daşıyır - Redpet Muzeyi, Redpet Kitabxanası, MakDonald Fizika, Kimya, Mühəndislik binaları, Strathcona Anatomiya və Stomatologiya korpusu və s. 1885-ci ildə  təhsil müəssisəsinə rəsmi olaraq MakGill Universiteti adı verilir. 1848-ci ildə universitetin nəzdində Kanadada ilk hüquq fakültəsi, 1896-cı ildə isə Memarlıq Məktəbi fəaliyyətə başlayır.

1884-cü ildə Lord Strathcona kimi tanınan, universitetin əsas xeyriyyəçilərindən olan mesenat Donald Smit qadınların  MakGill Universitetində təhsil almaları üçün fond yaradır. Sonralar onun şərəfinə burada təhsil alan qız tələbələr "Donaldlar" ("Donalds") adlandırılır. Universitetin ilk qız məzunu 1890-cı ildə Kerri Derik  olur. 1888-ci ildən başlayaraq qız tələbələrə elmi dərəcələr verilir. 1899-cu ildə universitetin nəzdində qızlar üçün Kral Viktoriya Kolleci yaradılır. Hazırda bu kollec qızlar yataqxanası kimi fəaliyyət göstərir.

1900-cü ildə universitetdə MakLennan Kitabxanası yaradılır. 1905-ci ildə Donald Smit Monrealın qərbində kampus yaratmaq üçün böyük ərazi alır. 1907-ci ildə yaradılmış bu şəhərcik hazırda MakDonald Kampusu adlandırılır.

MakGill Universiteti Britaniya Kolumbiyası əyalətinin Vankuver və Viktoriya kimi böyük şəhərlərində təhsil müəssisəsi açan ilk Kanada universitetidir. 1903-cü ildə Viktoriya şəhərində incəsənət və elmlər üzrə ixtisaslaşmış Viktoriya Kolleci (hazırkı Viktoriya Universiteti), 1908-ci ildə Vankuver şəhərində  MakGill Universitetinin Britaniya Kolumbiyasında kolleci yaradılır. Bu ali təhsil müəssisəsi 1915-ci ildə müstəqillik əldə edir və Britaniya Kolumbiyası Universiteti adlandırılır.

1969-cu ildə MakGill Universitetində "Français" (fransız) hərəkatı başlayır. Hərəkata Ontariodan olan politoloq Stenli Qrey rəhbərlik edir. Qeyd edək ki, bu zamana qədər MakGill Universitetinin rəsmi dili ingilis dili hesab olunur, fransızdilli tələbələrə isə 1835-ci ildən bu dildə yalnız diplom işi yazmağa icazə verilir. Kanada ikidilli dövlət olduğundan, əhalinin fransızdilli hissəsi buna qarşı çıxaraq, universitetdə ingilis dili ilə yanaşı, fransız dilinin də eyni hüquqa malik olmasını tələb edir. Bu hərəkat böyüklüyünə görə Monrealda ikinci ən böyük nümayiş hesab olunur. Lakin yenə də MakGill Universiteti rəsmi ikidilli ali məktəbə çevrilmir. Hazırda universitet tələbələrinin yalnız 18 faizi fransızdillidir. Bu gün MakGill Universiteti Kvebekdə fəaliyyət göstərən üç ingilisdilli ali məktəbdən biridir, yalnız hüquq fakültəsində ingilis dili ilə birgə fransız dilini də bilmək tələb olunur.  

Universitet bu gün 

MakGill Universitetinin əsas kampusu Monreal şəhərinin mərkəzində Royal (Kral) dağının ətəyində 32 hektarlıq ərazidə Peel və MakGill metro stansiyalarının yanında yerləşir. Tələbə şəhərciyinin binalarının tikintisində birləşdirmə elementi kimi yerli boz əhəngdən istifadə olunub. Binalar parklarla əhatə edilib. Universitetin idman mərkəzləri və məşhur Molson stadionu Royal dağında yerləşir.

MakGill Universitetində də, başqa universitetlərdə olduğu kimi, tələbələr kampusun rezidensiyalarında yaşayırlar. Lakin universitet yalnız birinci kursları şəhərcik daxilində yataqxanalarla təmin edir. Qalan tələbələr kampusdan kənarda özlərinə yaşayış yerləri tapmalıdırlar. Birinci kursların əksəriyyəti Royal dağının ətəyində yerləşən MakKonnell, Molson, Hardner, Duqlas yataqxanalarından ibarət Yepiskop rezidensiyasında yaşayır. Universitetin ikinci ən böyük rezidensiyası qızlar üçün nəzərdə tutulmuş Viktoriya Kral Kollec yataqxanasıdır. Kampusun ən böyük yataqxanası 4 ulduzlu otelə malik "Nyu-Rez" rezidensiyasıdır. 2009-cu ilin aprelində MakGill Universiteti Qərbi Şerbruk, 475 küçəsində 4 ulduzlu Şeraton hoteli əldə edərək onu yataqxanaya çevirir və həmin ilin payızında tələbələrin istifadəsinə verir. Tələbələr binanı Şerbruk və ya "Nyu-Nyu-Rez" adlandırırlar. Yuxarı kurs tələbələrinin əksəriyyəti kampusdan şərqdə "MakGill Getto" (getto - orta əsrlərdə bəzi ölkələrin iri şəhərlərində yəhudilər üçün ayrılan xüsusi məhəllələr) adlanan ərazidə yaşayır. Kampusa yaxın ərazilərdə icarə haqqı qiymətləri baha olduğundan tələbələr qıraq rayonlara üstünlük verirlər.

MakGill Universitetinin ikinci şəhərciyi Monrealın qərbində 6,5 km2 ərazidə yerləşən MakDonald Kampusudur. Burada kənd təsərrüfatı və ətraf mühit haqqında elmlər fakültəsi, Dietologiya və İnsanın Qidalanması, Ətraf Mühitin Mühafizəsi məktəbləri, Parazitologiya İnstitutu, Morqan Dendarisi və J.S. Marşall Radar Rəsədxanası yerləşir. Morqan Dendarisi 1945-ci ildə yaradılıb və 2,5 km2 ərazidə yerləşir. Bu meşə qoruğunda növlərin yaradılması, qorunması, genişləndirilməsi, meşə təsərrüfatının inkişafı və s. üzrə müxtəlif tədqiqatlar, proqramlar həyata keçirilir.

MakGill Universitetində 11 fakültə və 10 məktəb fəaliyyət göstərir:

Kənd təsərrüfatı və ətraf mühit haqqında elmlər fakültəsinə Dietologiya və İnsanın Qidalanması, Ətraf Mühitin Mühafizəsi məktəbləri daxildir.

İncəsənət fakültəsinə İctimai Fəaliyyət və  Ətraf Mühitin Mühafizəsi məktəbləri  daxildir.

Stomatologiya fakültəsi əsas kampusun ərazisində yerləşir, Kanadanın ən yüksək ixtisaslaşmış stomatoloqlarını hazırlayır.

Pedaqogika fakültəsinə Kitabxana və İnformasiya Tədqiqatları Ali Məktəbi daxildir.

Mühəndislik fakültəsində Memarlıq və Şəhərsalma məktəbləri fəaliyyət göstərir.

Hüquq fakültəsi əsas kampusda, şəhərin mərkəzi hissəsində yerləşir, insan hüquqlarının qorunması üzrə mühüm layihələr həyata keçirir. Kanadada yaranan ilk hüquq fakültəsidir.

Dezotel menecment fakültəsi 1906-cı ildə yaradılıb və dünyanın aparıcı biznes məktəblərindən biridir.

Tibb fakültəsinə Kommunikasiya Elmləri və Pozulmalar, Tibb bacısı, Fiziki və Əmək Müalicəsi məktəbləri daxildir.

Şulix musiqi fakültəsi əsas kampusda yerləşir, dünyaya yüksək səviyyəli musiqi xadimləri bəxş edib.

İlahiyyat fakültəsi 1948-ci ildə yaradılıb və bütün dünya dinlərinin öyrənilməsi ilə məşğuldur.

Dəqiq elmlər fakültəsinə İnformasiya Texnologiyaları və Ətraf Mühitin Mühafizəsi məktəbləri daxildir.

Burada mövcud olan digər akademik bölmələrdən Təhsilin Davametdirilməsi Mərkəzini, Ali və Doktorantura Tədqiqatları Ofisini qeyd etmək olar.

Kanadada ilk  tibb fakültəsi 1832-ci ildə MakGill Universitetində yaradılıb. Fakültə MakGill Universitetinin Sağlamlıq Mərkəzinə daxildir. Mərkəzdə 5 hospital - Monreal Uşaq, ümumi, Kral Viktoriya, Nevrologiya İnstitutu, çest (Sandıq) İnstitutu xəstəxanaları yerləşir. MakGill Universitetinin Sağlamlıq Mərkəzi ölkənin ən müasir xəstəxana-tədqiqat imkanlarına malik tibb müəssisəsidir. Burada 500-dən çox tədqiqatçı və həkim, 1000-ə yaxın diplomlu mütəxəssis və doktorant çalışır, mərkəzdə 100 milyon dollar dəyərində tədqiqatlar həyata keçirilir. Bundan başqa, universitetin nəzdində Ser Mortimer Devis - Yəhudi ümumi Xəstəxanası, Duqlas Psixi Sağlamlıq İnstitutu və Müqəddəs Məryəm Hospital Mərkəzi fəaliyyət göstərir.

MakGill Universitetinin kitabxana sisteminə Monreal Mərkəzi və MakDonald kampuslarında yerləşən 13 sahə kitabxanası daxildir. Kitabxana kolleksiyasına 6 milyon cilddən çox kitab, jurnal, val, mikroforma, audio - və videokaset, DVD, kompakt disk, onlayn verilənlər bazası və indekslər daxildir. Bu, böyüklüyünə görə Kanadanın dördüncü akademik kitabxanasıdır. Kitabxanada bütün sahələr üzrə ingilis və fransız dillərində onlayn kataloq mövcuddur. Humanitar və  ictimai elmlər üzrə kitablar Maklennan və Redpet kitabxanalarında toplanıb. Nadir Kitablar və Xüsusi Kolleksiyalar Kitabxanasında incəsənət, memarlıq, tarix, ədəbiyyat və s., Osler Kitabxanasında tibb, həyat elmləri  üzrə müxtəlif kitablar var.

MakGill Universiteti kitabxanası Kanada Elmi-Texniki Kitabxanalar, Tədqiqat Kitabxanaları assosiasiyalarının üzvüdür.

MakGill Universitetinin kansleri Arnold Steynberq, vitse-kansleri isə Hizer Manro-Blyumdur. Universitet həmçinin İdarəçilər Şurası tərəfindən idarə olunur. Şuranın sədri Robert Rabinoviçdir. Ali təhsil müəssisəsində 1616 nəfər akademik, 3457 nəfər inzibati heyət fəaliyyət göstərir. Akademik heyətin 135 nəfəri Kanada Kral Cəmiyyətinin üzvüdür. Universitetin hüquq üzrə professoru Paul-Andre Crepeau, biokimya üzrə professoru Filipp Qross və iqtisadiyyat üzrə professoru Jan-Mari Dyufura mükəmməl karyera əldə etmələri, mövcud əyalətin elmi, ictimai tərəqqisinə böyük töhfələr verdikləri üçün hər il Kvebek Prizinə layiq görülürlər. Psixoloq, MakGill Universitetinin fəxri professoru Ronald Melzak Kanada Tibbi Memorialının 76 üzvündən biridir.     

Universitetin elmi nailiyyətləri 

MakGill Universiteti yarandığı gündən dünya elminə yeni nailiyyətlər verməyə başlayıb. Belə ki, 1899-cu ildə professor Ernest Rezerford radon adlanan radiaktiv qazı kəşf edir. Radon uzun illər xərçəng xəstəliyinin müalicəsində, şüa terapiyasında istifadə olunub. 1902-ci ildə E. Rezerford kimyaçı Frederik Soddi ilə birgə atomun parçalanması və transmutasiya üzrə nəzəriyyə irəli sürürlər. Onlar aşkar edirlər ki, atomlar bir-birlərindən müxtəlif materiya formalarında qopa bilərlər. Bu kəşf 1908-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülür.

1936-cı ildə universitetin tədqiqatçısı Moda Abbott "Anadangəlmə ürək qüsurları" atlasını nəşr etdirir. Kitab uzun illərin araşdırmalarının nəticəsi olaraq çox böyük uğur əldə edir və müəllif M. Abbott ürək xəstəlikləri üzrə aparıcı dünya ekspertinə çevrilir.

1940-cı ildə professor Herbert Henri Casperilk beyinin elektrik fəallığını öyrənmək üçün ilk dəfə olaraq elektroensefaloqrammadan (EEQ) istifadə edir. Elektroensefaloqrammanın köməyi ilə beyin xərçəngi, kəllə-beyin travmaları və s. xəstəliklərin müalicəsində istifadə olunur. Epilepsiyanın diaqnozunda elektroensefaloqramma ən vacib alət hesab edilir.

1952-ci ildə universitetin tədqiqatçısı Hayns Lemann şizofreniyanın müalicəsində "Xlorpromazin" adlı preparatdan istifadə edərək, müasir psixiatrik yardıma böyük töhfə edir. 1957-ci ildə tədqiqatçı Tomas çanq dünyada ilk süni özək yaradır. Universitetin professoru Robert Bell yeni radioaktivlik formasını kəşf edir. 1965-ci ildə Sem Fridman və Fil Qold insanın qanında mövcud olan və xərçəng xəstəliyini yaradan embrional antigen adlı zülal növünü aşkarlayırlar.

1980-ci ildə biotexnologiya üzrə professor Kelvin Oqilvi bir neçə saat ərzində DNK-nın ardıcıl düzülüşünü mümkün edən genlərin avtomatlaşdırılmış sintezatorunu kəşf edir. 1986-cı ildə Oqilvi yeni preparatların yaradılmasına gətirən RNK-nın sintezini, 1993-cü ildə isə tədqiqatçılar  Denis Fiqreviç, Hay Yun Hoto və Aldis Krizus Lu Heriq adlanan irsi xəstəliyin səbəbkarı olan  geni müəyyənləşdirirlər.

1998-ci ildə  universitetin psixiatriya  üzrə professoru  Sonia  Lyupien stress hormonlarını - yaddaşın itirilməsinə gətirən  davamlı  kartizolun dərəcəsini müəyyən edir.  Bu kəşf  bir çox  irsi xəstəliklərin müalicəsində  böyük rol oynayır.  Eləcə də  həmin il  tədqiqatçılar Filipp Qros və Emil Skameni siçanlarda bir çox infeksion xəstəliklərə, xüsusilə  vərəm  və cüzam  xəstəliklərinə səbəb olan gen aşkarlayırlar.

2005-ci ildə Ceremi Cas  yoğun  bağırsaqdakı xərçəng xəstəliyinin yaradıcısı olan geni müəyyən edir. Nəticədə inkişaf etmiş ölkələrdə xərçəngin çətin formaları müalicə edilir.  Elə həmin il professor Viki Kaspi neytron ulduz - pulsarı kəşf edir. Onun tədqiqat qrupu Süd Yolu qalaktikasında 20-dən çox pulsar aşkarlayır.

2006-cı ildə həkim  Renso Cecere başda olmaqla MakGill Universitetinin həkimləri 65 yaşlı Jerar Lenjevenin üzərində ürək inplantasiyası  əməliyyatı  həyata keçirirlər. Onların yaratdığı süni ürək 10 il fəaliyyət göstərmək qabiliyyətinə malik olur, bu da həmin ana qədər yaradılmış ən uzunömürlü mexaniki ürək olur. 2006-cı ildə universitetin paleontoloqu Hans Larsson Qütb dairəsinə ekspedisiyası zamanı nəhəng dəniz canlısı ixtiozavrın qalıqlarını aşkar edir. Tapıntı qədim dəniz həyatının miqrasiyasının öyrənilməsinə  önəmli töhfə verir.

2007-ci ildə kardioloqlar Co Martucci və Adrian Dancea ilk qapalı ürək əməliyyatı (kəsiksiz) həyata keçirir və xəstə 48 saatdan sonra evə buraxılır. Bu təcrübə sayəsində açıq cərrahiyyədə və ürək qüsurları xəstəliklərinin müalicəsində böyük uğurlar əldə etmək mümkündür. Həmin il universitetin Onkologiya Mərkəzinin direktoru Mişel Trimblinin rəhbərliyi ilə süd vəzilərində xərçəngə səbəb olan PTP1B geni müəyyən edilir. Hazırda həmin genin ingibitorları süd vəzilərində xərçəng aşkarlanan xəstələrin üzərində təcrübədən keçirilir. 

Büdcə xərcləri və təhsil haqqı  

2007-2008-ci illərin nəticələrinə əsasən MakGill Universitetinin ümumi gəlirlərinin məbləği 1 074 061 000 Kanada dolları təşkil edib. Bu gəlirin 318840000 dolları Kvebek hökumətinin qrantlarından, 19158000 dolları federal hökumətin tədqiqatlara ayırdığı vəsaitdən, 292411000 dolları tədqiqat qrantlarından, 160334000 dolları təhsil haqqından, 105713000 dolları ianə və yardımlardan, 87694000 dolları investisiya və faiz gəlirlərindən, 89881000 dolları isə əlavə gəlirlərdən ibarət olub.

 MakGill Universitetində 2009-2010-cu tədris ilində təhsil haqqı Kvebek sakinləri üçün 1868 dollar, Kanadanın müxtəlif bölgələrindən gələn tələbələr üçün 5378, əcnəbilər üçün isə 15000-dən başlayaraq seçilmiş proqram çərçivəsində artır.

MakGill Universiteti dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Qabaqcıl elmi-tədqiqat mərkəzi olaraq bu ali məktəb dünya elminin inkişafında böyük rol oynayır. Xüsusilə tibb elmi üzrə ali təhsil müəssisəsinin əldə etdiyi nailiyyətlər danılmazdır. Universitetin 8 məzunu Nobel mükafatına layiq görülüb.

Hazırda MakGill Universitetində ümumilikdə 35 300 tələbə təhsil alır. Onların 7 975-ni magistr və doktorant, qalanlarını isə bakalavrlar təşkil edirlər. Universitetdə oxuyan əcnəbi tələbələrin sayı 6829 nəfərdir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində MakGill Universitetində azərbaycanlı tələbə təhsil almır. ümid edirik ki, tezliklə bu universitetin tələbələri sırazında azərbaycanlı gənclər də olacaqlar. 

MakGill Universitetinin məşhur məzunları:  

  Vayra Vike-Freyberq Latviya Respublikasının 6-cı prezidenti  
  Daniel Oduber Quiros Kosta-Rikanın sabiq prezidenti  
  Əhməd Nazif  Misirin Baş naziri  
  Jonn Abbott 

Kanadanın üçüncü Baş naziri

 
  Uilfrid Laurier 

Kanadanın yeddinci Baş naziri

 
  Zbiqnev Bjezinski  ABŞ-ın sabiq prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə məsləhətçisi  
  Ceyms Neysmit

basketbol oyununun yaradıcısı

 
  Ernest Rezerford 

kimya üzrə Nobel mükafatı laureatı

 
  Frederik Soddi  kimya üzrə Nobel mükafatı laureatı  
  Rudolf Markus  kimya üzrə Nobel mükafatı laureatı  
  Uillard Boyl  fizika üzrə Nobel mükafatı laureatı  
  Val Fitç fizika üzrə Nobel mükafatı laureatı  
  Robert Mandell   iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Cek Szostak tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Endryu Viktor Şalli tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Devid Hanter Hyubel  tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  J.Payette Kanadanın tanınmış astronavtı  
  D.Uilliams Kanadanın tanınmış astronavtı    
  R. Thirsk Kanadanın tanınmış astronavtı    

    

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
31 Dekabr 2009 - 51
Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-cu il nə ilə yadda qalacaq?
 
Heydər Əliyev Fondu tərəfindən Niderlanddakı Azərbaycan məktəblərinə Yeni il hədiyyələri təqdim olunub
 
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənlikləri keçirir
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeni il ərəfəsində Şamaxıda uşaq incəsənət məktəbinin təməli qoyulub
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Yaponiya səfirliyində layihələrin imzalanma mərasimi keçirilib
 
6 nömrəli Bakı Peşə Liseyinin yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Uğurlarımızın əsasını demokratik idarəetmə təşkil edir
 
Dünya universitetləri: MakGill Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov