Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Yanvar 2010 - 02

 
Kurikulum islahatı zamanın tələbidir
 

Qlobal dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin vəzifələri dəyişir. Ağılın, intellektin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Belə bir zamanda Azərbaycan da müstəqillik əldə etmiş ölkələrdən biri kimi bütün sahələrdə, o cümlədən təhsildə islahatlar aparır. Müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev demişdir: "İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın".

Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır. Ən başlıcası, dünyanın əşrəfi sayılan insanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir.

Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu məntiqə uyğun olaraq pillə-pillə aparılır. Son dövrlərdə beynəlxalq miqyasda əldə olunan nailiyyətlərimiz, şagirdlərimizin böyük uğurları apardığımız təhsil islahatlarının qlobal xarakterini, milli köklər üzərində formalaşmış bəşəri mahiyyətini göstərir. Bütün bunlar isə müasir Azərbaycan məktəbinin simasının dəyişdiyini ifadə edir.  Aparılan ilkin araşdırmalar da bu dəyişikliklərin məhz müəllimin, şagirdin, valideynin, ümumiyyətlə, təhsildə marağı olan bütün iştirakçıların fəaliyyətində özünü göstərdiyini təsdiq edir. 

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları demişdir: "Bütün işlər məhz məktəbdən  başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir".

Azərbaycanın tarixində tələbyönümlü bir təhsil sistemi formalaşır. Cəmiyyətimizin ehtiyac və tələbatlarına uyğun belə bir təhsil sisteminin qurulmasında demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi nəzərə alınır. Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas götürməklə təhsil alanların mənafeyinə xidmət göstərmək ön plana çəkilir. Beləliklə, təhsilin bütün sahələrində dönməz xarakterə malik, ardıcıl və sistemli işlərə rəvac verilir. O cümlədən kurikulum islahatları elmi əsasda məqsədyönlü, planlı şəkildə aparılır.

Keçdiyimiz yola diqqət etsək, görərik ki, kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış ilk  Kredit Sazişi əsasında başlayıb. 1999-cu ildən bünövrəsi qoyulan bu islahatın öyrədici innovasiya mərhələsində ümumtəhsilin vəziyyətinin araşdırılması, gələcək fəaliyyətlər üçün istiqamətlərin müəyyənləşdirilməsi, pilot müəssisələrin təşkili, mütəxəssislərə kurikulumların hazırlanması sahəsində zəruri bacarıqların aşılanması və sair sahələrdə işlər görülüb. Beynəlxalq və milli səviyyəli mütəxəssislər tərəfindən ümumi təhsil sistemində aparılan araşdırmalar birbaşa onun mövcud durumunu müəyyənləşdirməyə yönəlib. Xüsusən inzibati amirlik sistemindən çıxan bir ölkə kimi Azərbaycanda təlim-tərbiyə işinin xarakterik cəhətləri öyrənilib.

Həmin araşdırmalarda birmənalı şəkildə belə qənaət hasil edilmişdir ki, Azərbaycanda ümumi təhsil, əsasən, lüzumsuz olaraq elmlərin əsaslarının öyrədilməsinə yönəlib və şagirdlərin həyati bacarıqlara yiyələnməsi üçün istiqamətləndirilməsi imkanları məhdudlaşıb. Bundan əlavə, qloballaşan dünyanın prinsiplərinin əksi olaraq fənlərə daha çox fundamental biliklər mənbəyi kimi baxılıb. Onların inkişafetdirici, tərbiyəvi imkanlarına zəif diqqət yetirilib. Ona görə də ümumi təhsil kurikulumlarının yenidən hazırlanması təklif olunub.

Beləliklə, öyrədici innovasiya mərhələsində görülmüş işlər Dünya Bankının rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığından 2003-2013-cü illəri əhatə edən, iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan və birinci mərhələdə 5 komponentdən ibarət olan ikinci layihə müəyyənləşdirilib. "ümumi orta təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu" adlı birinci komponentin alt-komponentlərindən biri kimi "Kurikulum islahatı" təsdiq olunub.

Təcrübə göstərir ki, təlimin məqsəd, məzmun, forma, metod və vasitələrdən ibarət sistemi həmişə aparıcı olsa da, ona yanaşmalar müxtəlif olmuşdur. Sadalanan vacib komponentlərin strateji bir xətdə əlaqələnməsi, uyğun prinsiplərə tabe olmaması onların mənimsənilməsini çətinləşdirmiş və tətbiq imkanlarını məhdudlaşdırmışdır. Kurikulum modelinə müraciət olunması onların bir məcraya gətirilməsinə, bir xətt üzrə qurulmasına imkan yaratmışdır. Nəticədə komponentlərin şəbəkəli vahid strukturu əmələ gəlmişdir. Başqa sözlə, təhsildə müxtəlif fəaliyyətlərin məzmununu əhatə edən xüsusi sənəd meydana çıxmışdır. Bu sənədin özəlliyi ondadır ki, o, təlimin məzmununu, strategiyalarını, qiymətləndirmə mexanizmlərini və sairi birləşdirməklə konseptual xarakter daşıyır. Bütün resursların yaradılmasında, təlim prosesinin təşkili və aparılmasında baza rolunu oynayır və dərslikləri tərtib edənlərdən başlayaraq ta təlim prosesində qiymətləndirmə ilə məşğul olan bütün mütəxəssislərə qədər insanların fəaliyyətini istiqamətləndirir.

Bəs kurikulumlar necə hazırlanır? Onların müəllifi kimlərdir?

Təhsil kurikulumlarının hazırlanması ağır bir prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən olan insanlar (mütəxəssislər, müəllimlər, valideynlər, şagirdlər və b.)  cəlb edilirlər. Dünyada kurikulumların yaradılması işi ilə xüsusi qurumlar məşğul olur. Həmin qurumlar öz ətrafına fəal qüvvələri toplayaraq cəmiyyətin tələbatlarına uyğun məzmun və texnologiyalar sistemi hazırlayırlar.

Bəzən təhsil kurikulumlarının bir və ya bir neçə şəxs tərəfindən hazırlanmasının mümkünlüyü barədə mülahizələr söylənilir. Bu, əvvəlki təhsil proqramları üçün xas olan xüsusiyyətlərdir. Həmin proqramlar təklifyönümlü olduğundan bir və ya bir neçə nəfərin subyektiv mülahizəsi kimi irəli sürülərək istifadəyə verilirdi.

Təhsil kurikulumları isə maraqlı olan tərəflərdən (mütəxəssislər, müəllimlər, valideynlər, şagirdlər) ibarət  daha çox insanın münasibətini əhatə etməklə obyektiv xarakter daşıyır. Ona görə də dünya ölkələrində təhsil kurikulumlarının hazırlanmasında işçi qruplarından və onların fəaliyyət mexanizmlərindən ibarət texnologiyalara müraciət olunur.

Azərbaycanda da kurikulumlar hazırlanarkən belə bir texnologiyaya istinad edilmişdir. 2005-ci ildə Təhsil Problemləri İnstitutunun strukturunda Kurikulum Mərkəzi yaradılmış, həmin vaxtdan respublikada kurikulum hərəkatı başlanmışdır. Yüzlərlə müəllim, təhsil işçisi bu hərəkata qoşularaq kurikulumların hazırlanması istiqamətində müzakirələrin iştirakçısına çevrilmiş və 400-ə qədər üzvü olan 23 işçi qrupunun ətrafında birləşərək kurikulumların hazırlanması prosesinə qoşulmuşdur. Bu işçi qruplarına respublikanın görkəmli alimlərindən AMEA-nın müxbir üzvləri Nizami Cəfərov (ana dili), Yaqub Mahmudov (tarix), Vaqif Abbasov (kimya), professorlardan Səməd Seyidov (ingilis dili, Fəxrəddin Veysəlov (alman dili), Mirzəli Murquzov (fizika), Sabir Mirzəyev (riyaziyyat), Müseyib Müseyibov (coğrafiya), Ağacan Əbiyev (fiziki tərbiyə) rəhbərlik etmişlər. Dünya Bankının prosedurlarına əsasən seçilmiş 95 nəfər milli məsləhətçi, kurikulum və qiymətləndirmə sahəsində beynəlxalq miqyasda tanınmış Hollandiyanın "CİTO qroep" təşkilatı kurikulumların hazırlanmasında məsləhətçilik xidmətləri göstərmişlər.

Beləliklə, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədinin 2006-cı ildə, I-IV siniflər üçün fənn kurikulumlarının 2007-ci ildə ilk dəfə hazırlanaraq təsdiq olunması respublikamızın təhsil həyatında hadisəyə çevrilmişdir.

Kurikulumlar hazırlanarkən, ilk növbədə, dünyanın ABŞ, Rusiya, Hollandiya, Avstraliya, İngiltərə, Finlandiya, İsveç, Türkiyə, Kanada, Moldova, Qazaxıstan və başqa ölkələrin bu sahədə təcrübələri diqqətlə öyrənilmiş, təhlillər aparılmışdır. İşçi qruplarında müzakirələr keçirilmişdir. Obyektiv qərarların qəbul olunması diqqət mərkəzində saxlanılmışdır.

İşçi qrupları tərəfindən hazırlanan kurikulumların layihə variantları dəfələrlə müzakirə olunaraq mərhələ-mərhələ respublikanın pedaqoji mətbuatında - "Azərbaycan müəllimi", "Təhsil problemləri" qəzetlərində dərc edilərək oxucuların və pedaqoji ictimaiyyətin mühakiməsinə verilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, kurikulumların layihə variantları ilə bağlı Təhsil Nazirliyinə minlərlə təklif göndərilmişdir. Həmin təkliflərdə müəllimlər kurikulumları təqdir etməklə ona münasibət bildirmiş, məzmun standartlarını məqsədəuyğun saymış, layihə variantının təkmilləşdirilməsi üçün zəruri hesab etdikləri təkliflərini irəli sürmüşlər.

Eyni zamanda kurikulumlar ABŞ, Avstraliya, Hollandiya kimi xarici ölkələrdəki bu işlə məşğul olan qurumlara, mütəxəssislərə rəyə göndərilmiş, onlar tərəfindən müsbət qiymətləndirilmişdir. Beynəlxalq ekspertlər hazırlanmış yeni kurikulumları inkişaf etmiş Avropa ölkələrinin kurikulumları səviyyəsinə uyğun sənədlər kimi qiymətləndirmişlər.

Nəticə olaraq bu təkliflər ümumiləşdirilmiş və kurikulumların son variantında nəzərə alınmışdır. Kurikulumlar yeni nəşrə başlayan "Kurikulum" jurnalının 2008-ci il 1-3-cü nömrələrində, Təhsil Problemləri İnstitutunun  "Elmi əsərləri"ndə, eləcə də ayrıca kitab şəklində çap olunaraq müəllimlərin istifadəsinə verilmişdir.

Artıq ikinci ildir ki, fənn kurikulumlarının tətbiqinə başlanılmışdır. Bu işin müvəffəqiyyətlə aparılması üçün 20 minə qədər müəllim, təhsil işçisi təlim kurslarından keçmiş, sertifikat almış, yeni fənn kurikulumlarının tələblərinə uyğun hazırlanmış dərsliklərin xüsusiyyətləri ilə bağlı seminarlarda iştirak etmişlər. Maraqlı tərəflərlə maarifləndirmə işi aparmaq üçün televiziya və radioda, pedaqoji mətbuatda çoxlu sayda çıxışlar olmuşdur.

Fənn kurikulumlarının mahiyyəti və məzmunu ilə bağlı Kurikulum Mərkəzində araşdırmalar aparılmışdır. Məlum olmuşdur ki, fənn kurikulumları mahiyyət etibarilə cəmiyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasına imkan yaradan, cəmiyyətin tələblərinə cavab verən mühüm təhsil sənədi kimi nəticəyönümlü, şəxsiyyətyönümlü və inteqrativ xarakter daşıyır. Onların məzmunu şagird fəaliyyətinin ardıcıl olaraq izlənməsinə, nailiyyətlərin müntəzəm şəkildə qiymətləndirilməsinə imkan yaradır, təlim prosesi ilə gözlənilən nəticə arasında əks-əlaqə mexanizminin qurulmasını təmin edir.

"Kurikulum", "Azərbaycan məktəbi" jurnallarında, institutun "Elmi əsərləri"ndə fənn kurikulumlarının mahiyyəti və məzmunu ilə bağlı,  ilkin empirik araşdırmaların nəticələri kimi, xeyli sayda yazılar çap olunmuş və bu proses hazırda davam etməkdədir. Bütün bunlarla yanaşı, mühüm pedaqoji problem kimi bu məsələlərin öyrənilməsinin davam etdirilməsi, gələcəkdə fundamental elmi-pedaqoji tədqiqatların  obyektinə çevrilməsi qaçılmaz bir zərurətdir. Dünya pedaqoji fikrində kurikulumlar nəzəri və praktik cəhətdən geniş öyrənilmiş, xüsusi nəzəriyyələr formalaşmışdır. Biz də öz fəaliyyətimizdə onlara istinad etmişik. Heç şübhəsiz, bu barədə respublikamızda fundamental pedaqoji araşdırmaların aparılmasına, təhsil sahəsindəki fəaliyyətlərin xarakteri, onlar arasındakı əlaqə və münasibətlər, kurikulumların konseptuallığı və inteqrativliyi, məzmun standartlarının komponentləri, bilik və fəaliyyət, onlar arasında əlaqə və bağlılıq kimi mahiyyətyönümlü məsələlərin öyrənilməsinə ehtiyac yaranmaqdadır. Bu problemlər konseptual xarakter daşıyır və müasir didaktikanın nəzəri məsələlərindən biri kimi özünün tədqiqatçılarını gözləyir.

Bu gün kurikulumlarda yer tutan məzmun standartları şəxsiyyətyönümlü təhsilin nəticələri olmaqla inteqrativ xarakter daşıyır və dəyərləri ifadə edir. Məsələn, "Dinlədiyi fikri əlavələri ilə inkişaf etdirir" ("Ana dili", II sinif), yaxud "çəkdiyi şəkillərə mətnlər daxil edir" ("İnformatika", II sinif), "Hazırlanacaq məmulata görə iş yerini təşkil edir" ("Texnologiya", IV sinif) və s. Bu  dəyərlər uşaqların ümumi inkişafını, intellekt səviyyəsini müəyyənləşdirmək imkanı yaradır. Məzmun standartlarını reallaşdıran dərslik və ya digər vəsaitlərin müəlliflərinə sərbəstlik verilir. Onlar gözlənilən nəticəyə çatmaq üçün potensial imkanlarına uyğun strategiyaları (vasitələri, formaları, üsulları və s.) özləri seçirlər. Müəllimlər isə məktəb, eləcə də sinif kurikulumlarını hazırlayarkən məzmun standartlarını reallaşdırmaq üçün konkret təlim məqsədləri müəyyənləşdirir, imkan və şəraitlərinə uyğun strategiyalar hazırlayırlar. 

Kurikulumlar elmi əsasda, sistemli olaraq hazırlanmış yeni təhsil sənədləridir. Tətbiq edildikcə, təbii olaraq, onların təkmilləşdirilməsi istiqamətində mülahizələr yaranır. Son dövrlər mətbuat səhifələrində dərc olunan yazıları buna misal göstərmək olar. Orada kurikulumların mahiyyəti və məzmunundan, təlim standartlarının, yeni dərsliklərin, fəal dərsin xüsusiyyətlərindən, eləcə də digər məsələlərdən danışılır. Belə fikirlər toplanır, nəzərə alınmaq üçün işçi qruplarında müzakirə olunur.

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində, onun ayrı-ayrı şöbə və bölmələrində kurikulumların hazırlanması və tətbiqi ilə bağlı hazırda gərgin iş aparılır. Müxtəlif institut və universitetlərin əməkdaşları, Bakı şəhəri üzrə təhsil işçiləri, müəllimlər bu işdə yaxından iştirak edirlər. Eləcə də respublikanın ayrı-ayrı bölgələrindən olan müəllimlər müxtəlif vasitələrdən istifadə edərək mərkəzlə əlaqə saxlayır, suallarını, arzu və təkliflərini bildirirlər. Bu müzakirələri daha səmərəli etmək üçün ayda bir dəfə Təhsil Problemləri İnstitutunda (Afiyəddin Cəlilov küçəsi 22, institutun II binası) Azərbaycan təhsilində gedən islahatlarla bağlı ümumrespublika seminarının keçirilməsi planlaşdırılmışdır. Orada müzakirə və diskussiyaların keçirilməsi, irəli sürülmüş təkliflər əsasında fəaliyyətlərin təkmilləşdirilməsi zəruri məqsəd kimi qarşıya qoyulmuşdur. Maraqlı olan hər kəsin bu tədbirdə iştirak etməsi arzu olunur.

Təhsil Problemləri İnstitutu

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
15 Yanvar 2010 - 02
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olub
 
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına
 
Peşə təhsilinin kurikulumlarının hazırlanmasına dair seminar
 
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi
 
NDU-da yubiley tədbiri keçirildi
 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 
Kurikulum islahatı zamanın tələbidir
 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri
 
Dünya universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov