Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Yanvar 2010 - ¹03

 
Dünya universitetləri:

Edinburq Universiteti

 
  Yerləşir: Böyük Britaniya, Edinburq şəhəri  
Yaranma tarixi: 1582-ci il
Tipi: Dövlət
İllik gəlirləri: 592 milyon funt-sterlinq
(1 funt-sterlinq 1,6 ABŞ dollarına bərabərdir)
İşçi heyəti: 6983 nəfər
Tələbələrin sayı: 26138 nəfər
Rəsmi saytı: www.ed.ac.uk.

Edinburq Universiteti (University of Edinburgh) Avropanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet Böyük Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim təhsil ocaqlarından olan bu universitet Şotlandiyada yaradılan dördüncü universitetdir. Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na, eləcə də, "21 universitet" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.  Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı ali məktəb arasında 21-ci yerdə sıralanıb.  

Tarixi 

Edinburq Universitetinin yaranması şotlandiyalı yepiskop Robert Reydin adı ilə bağlıdır.  1558-ci ildə R. Reyd vəfat edir. O, vəsiyyətnaməsində universitet yaratmaq məqsədilə fond təchiz edilməsini qeyd edir və bütün var-dövlətini fonda bağışlayır. 1582-ci ildə kral VI Ceyms universitet yaradılması haqqında hazırlanmış xartiyanı imzalayır. Həmin dövrdə insanların daha çox məskunlaşdığı zəngin İngiltərədə cəmi iki universitet olduğu halda, Edinburq Universiteti Şotlandiyada yaradılan dördüncü ali məktəb olur. 1708-ci ilədək burada bir rəhbər və dörd müəllim çalışır. İlk vaxtlar ali məktəbdə incəsənət, məntiq, etika, metafizika, riyaziyyat və astronomiya elementləri daxil olmaqla fizika elmləri öyrədilir, Aristotelin ideyaları izah edilir. Artıq XVIII əsrdə Edinburq Universiteti Avropa maarifçiliyinin mərkəzinə çevrilir.

Universitetin ən qədim binalarından biri hazırda Hüquq Məktəbinin yerləşdiyi  Old (qədim) Kollecdir. Əvvəllər bu binada anatomiya və cərrahiyyə elmləri öyrədilib. XIX əsrin sonlarında Old Kollecdə təhsil alan tələbələrin çoxluğunu nəzərə alaraq, 1875-ci ildə yeni tibb məktəblərinin tikintisinə başlanılır. 1840-cı ildə burada Müstəqil Kilsə Kolleci inşa edilir. 1920-ci ildən universitetin İlahiyyat Məktəbi kimi fəaliyyət göstərən bu təhsil müəssisəsi hazırda Yeni Kollec adı ilə tanınır. 1884-cü ildə Robert Bell Edinburq Universitetində Tələbə Assosiasiyası yaradır. 1889-cu ildə Tələbə İttifaqı rəhbərliyi tərəfindən Edinburq Universiteti Təşkilatının təməli qoyulur.

2002-ci ildən universitet 3 kollec və 22 məktəbə bölünür. Hazırda məktəblərin əksəriyyəti yüksək dərəcəli muxtariyyət və daxili  təşkilatçılıq hüququna malikdir. 12 avqust 2002-ci ildə Edinburq hersoqu Şahzadə Filip ən müasir xəstəxana, baytarlıq klinikaları, elmi-tədqiqat institutları açmaq üçün universitetə 40 milyon funt vəsait ayırır. Beləcə, iki böyük teatr, bir tibb kitabxanası, xəstəxanalar, məktəb, fakültə və institutlar, tədqiqat mərkəzlərindən ibarət olan və Kiçik Fransa adlanan ərazidə yerləşən Edinburq Kral Xəstəxana kompleksi yaradılır.            

Büdcə xərcləri və təhsil haqqı 

ötən il Edinburq Universitetinin illik dövriyyəsi 592 milyon funt-sterlinq təşkil edib. 2009-cu ildə universitetə edilən yardımların məbləği 249  milyon funt-sterlinq olub. 2009-2010-cu tədris ilində Edinburq Universitetində əyani təhsil almaq üçün təhsil haqqı orta hesabla 3225 funt-sterlinq təşkil edib. 2010-2011-ci tədris ilində isə bu rəqəmin 3290 funt olacağı müəyyənləşdirilib. ümumiyyətlə, bu məbləğ tələbənin oxuduğu kollecdən, məktəbdən, seçdiyi ixtisasdan asılı olaraq dəyişir. Təhsil haqqını ödəmək üçün tələbəyə kredit təklif olunur. Kreditin məbləği tələbənin ailə büdcəsindən asılıdır. Tələbə kredit borclarını universitetdə təhsil alarkən tədricən ödəyir. Tələbəyə kredit verildiyi gündən hər sentyabr ayı borcun uzərinə faiz əlavə olunur. Bundan irəli gələrək, tələbə borcunu nə qədər tez qaytararsa, o qədər ona sərfəlidir. Əyani və yarımçıq təhsil haqqı isə yenə də tələbənin oxuduğu kollec və məktəbdən asılıdır. 

Universitet bu gün 

Edinburq Universitetinin hazırkı kampusu yeddi hissədən ibarətdir: Mərkəzi rayon, Kral Binaları, Kiçik Fransa, Əsas Qərbi,  Pasxa Buş, Summerhall, Kral Mili. Kampusun ən qədim hissəsi Mərkəzi rayondur. Bu ərazidə Corctaun meydanı, 2008-ci ildə yaradılmış İnformatika Forumu (İnstitutu), Duqald Stüart binası, Old Kollec, Humanitar və sosial elmlər kolleci, İnformatika və Hüquq məktəbləri, kitabxana və s. yerləşir. Summerhall adlanan ərazidə Royal Dik baytarlıq tədqiqatları məktəbi və məktəbə aid geniş təsərrüfat sahəsi mövcuddur. Kral Mili yaxınlığında 1998-ci ildə universitetə birləşdirilən Mori Təhsil Evi yerləşir.

Edinburq yaşamaq və oxumaq üçün təhkükəsiz şəhərdir. Burada təhsil alan tələbələr üçün, demək olar ki, bütün şərait yaradılıb. Tələbələr, magistrantlar, doktorantlar yataqxanalar, restoranlar, idman, müxtəlif əyləncə mərkəzləri, media-oxu zalları, rahat nəqliyyat, hətta iş yerlərilə də təmin olunurlar. 

Edinburq Universitetinin akademik strukturuna 22 məktəbdən ibarət olan 3 kollec daxildir:

Humanitar və sosial elmlər kollecinə İncəsənət, mədəniyyət və ətraf mühit, İlahiyyat, Biznes, Sosial elmlərdə səhiyyə, Tarix, klassika və arxeologiya, Hüquq, Ədəbiyyatlar, dillər və mədəniyyətlər, Mori Təhsil Evi, Fəlsəfə, psixologiya və dil elmləri, İctimai və siyasi elmlər, Fasiləsiz təhsil məktəbləri aiddir.

Tibb və baytarlıq kolleci  Biotibbi elmlər, Kliniki elmlər və səhiyyə, Molekulyar və kliniki tibb, Royal Dik baytarlıq tədqiqatları məktəblərindən ibarətdir.

Elmlər və mühəndislik kollecinə Biologiya elmləri, Kimya, Geoelmlər, Mühəndislik, İnformatika, Riyaziyyat, Fizika və astronomiya məktəbləri daxildir.

Edinburq Universiteti müxtəlif proqramlar üzrə onlayn distant təhsil təklif edir. Dünyanın istənilən İnternet şəbəkəsinə qoşulan nöqtəsindən informasiya texnologiyaları və hüquq, innovasiyalar, intellektual mülkiyyət, tibbi etika, memarlıq, elektron tədris, anesteziya təcrübəsi, kliniki təhsil, tibbi informatika, cərrahiyyə, beynəlxalq baytarlıq və s. ixtisaslar üzrə universitetin magistratura pilləsində təhsil almaq mümkündür.

Edinburq Universitetinin kitabxanası hələ universitet yaradılmamışdan əvvəl ayrıca kitabxana kimi fəaliyyət göstərib və hazırda Şotlandiyanın ən böyük universitet kitabxanası hesab olunur. Onun təməli 1580-ci ildə qoyulub və hazırda Əsas Kitabxana adlanır. Burada 2 milyondan çox kitab, əlyazma, dissertasiya işi, mikroforma və s. mövcuddur. Onların əksəriyyəti  Corctaun meydanında səkkizmərtəbəli binada yerləşən Əsas Kitabxanada - Avropanın ən böyük akademik kitabxanasında toplanıb. Artıq XVII əsrdə universitet kitabxanasının ehtiyatı 2400 cild kitaba bərabər idi. Hazırda kitabxanada 1200-dən çox əlyazma (inkunabula), XVI əsrə aid 9000, XVII və XVIII əsrlərə aid 35000, XIX əsrə aid  60000 çap edilmiş kitab saxlanılır. Kitabxanada reformasiya dövrünə (XVI əsrdə Qərbi Avropada katolik kilsəsinə və papa hakimiyyətinə qarşı dini mübarizə şəklində cərəyan edən feodalizmə qarşı ictimai-siyasi hərəkat) aid zəngin kolleksiya toplanıb. Şekspirin yaradıcılığına aid 1872-1889 və 1964-cü illərdə əldə edilmiş kolleksiyalar da kitabxananın ən dəyərli sərvətlərindəndir. Universitetdə fəaliyyət göstərən digər kitabxanalardan Darvin, Pasxa Buş baytarlıq, Ceyms Klerk Maksvell, Hüquq və Avropa, Mori evi, Yeni kollec, Robertson mühəndislik və elmlər, Roslin İnstitutu,  Royal Xəstəxana, Şotland tədqiqatları, Baytarlıq, Qərbi ümumi hospital kitabxanalarını qeyd etmək olar.

Edinburq Universitetinin muzeyində 200000-dən çox incəsənət əsəri, qədim tapıntılar, modellər, musiqi alətləri, elmi-texniki avadanlıq və s. mövcuddur. Portret Kolleksiyası adlanan incəsənət nümunələri universitet yarandığı gündən toplanıb və hazırda təhsil müəssisəsinin divarlarını bəzəyir. Universitetin Qədim musiqi alətləri muzeyi beynəlxalq mahiyyətə malikdir. İki binada yerləşən bu muzey hər zaman cəmiyyət üçün açıqdır. Universitetin elmi nailiyyətlərinə, inkişaf yoluna aid kolleksiyalar Təbii tarix muzeyində, DNK kitabxanasında nümayiş olunur. Universitetin nəzdində Talbot Rays qalereyası, Təsviri incəsənət, Polşa tibb məktəbi, Kimya, anatomiya, resurs mərkəzi kolleksiyaları, Cokburn Geologiya, Şotland tədqiqatları, arxiv muzeyləri fəaliyyət göstərir.

Hazırda Edinburq Universitetində 6983 professor-müəllim heyəti çalışır. 1953-cü ildən universitetin kansleri Edinburq hersoqu Əlahəzrət Şahzadə Filipdir. Onun təşəbbüsü ilə 2002-ci ildə universitetin Tibb korpusu tikilib. Universitetin tədrisinə və tədqiqatlara verdiyi mühüm nailiyyətlərə görə 2003-cü ildə Şahzadə Filip Kansler Mükafatı ilə təltif edilib. Edinburq Universitetində kanslerdən əlavə rektor fəaliyyət göstərir. 2009-cu ilin martından universitetin rektoru Yan Makvirterdir. Kansler olmadıqda rektor Baş Şuraya rəhbərlik edir.  

 Universitetdə təhsil alan tələbələrin ümumi sayı 26138 nəfərdir. 2009-2010-cu tədris ilində universitetə qəbul ücün 37791 müraciət daxil olub. Edinburq Universitetində "Erasmus" proqramı çərçivəsində Avropa ölkələrilə tələbə mübadiləsi üçün 350, Şimali, Cənubi Amerika, Asiya, Avstraliya ölkələri universitetləri üçün isə 170 yer ayrılıb.

2009-2010-cu tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bir azərbaycanlı gənc - Əli Roman oğlu Əmircanov Edinburq Universitetinin iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsində təhsil alır. Həmin universitetin magistratura pilləsində maliyyə və investisiyalar ixtisası üzrə təhsil almış Elvin Əhliman oğlu Şükürlü isə ötən il məzun olub. Gələcəkdə Edinburq Universitetində azərbaycanlı gənclərin sayının artmasına və onların adlarının universitetin məşhur məzunları sırasında olmasına böyük ümid bəsləyirik.

Edinburq Universitetinin məşhur məzunları

  Culius Nyerere  Tanzaniyanın sabiq prezidenti  
  Yun Po Sun Cənubi Koreyanın sabiq prezidenti  
  Uiliyam Uolker  Nikaraqua Respublikasının sabiq prezidenti  
  Qordon Braun Böyük Britaniyanın sabiq Baş naziri  
  Con Rassel Böyük Britaniyanın sabiq Baş naziri  
  Henri Templ Böyük Britaniyanın sabiq Baş naziri  
  Çarlz Tupper Kanadanın sabiq Baş naziri  
  Maykl Cullen Yeni Zellandiyanın maliyyə naziri  
  Devid Yum məşhur Şotland filosofu  
  Adam Smit   Şotland iqtisadçısı, müasir iqtisadi  nəzəriyyənin banisi  
  Artur Konan Doyl məşhur yazıçı, Şerlok Holms haqqında  detektiv romanların müəllifi  
  Valter Skott dünya şöhrətli yazıçı  
  Robert Stivenson məşhur macəra romanlarının müəllifi  
  Edvard Appleton  fizika üzrə Nobel mükafatı laureatı  
  Çarlz Barkla fizika üzrə Nobel mükafatı laureatı  
  Maks Born  fizika üzrə Nobel mükafatı laureatı  
  İqor Tamm  fizika üzrə Nobel mükafatı laureatı  
  Piter Doherti  tibb üzrə Nobel mükafatı laureatı  
  Ceyms Mirrlees iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Piter Mitçell  kimya üzrə Nobel mükafatı laureatı  

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
22 Yanvar 2010 - ¹03
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
 
Litvanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub
 
Nazirlər Kabineti məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq edib
 
Türkiyənin milli təhsil naziri ilə görüş
 
Nazir bir sıra lisey və gimnaziyaların direktorlarını ciddi tənqid etdi 
 
"Tələbələrin sayına görə Avropada liderik" Litva Respublikasının təhsil və elm naziri cənab Gintaras Steponaviçiusun qəzetimizə müsahibəsi
 
İstedadlı alim, görkəmli elm və təhsil təşkilatçısı
 
Kamalı böyük, qəlbi sadə sənətkar
 
Dünya universitetləri: Edinburq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov