Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Yanvar 2010 - 04

 
 
Türkiyə-Azərbaycan təhsil əlaqələrini genişləndirmək üçün böyük potensial var Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun qəzetimizə müsahibəsi
 

Nimet çubukçu 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman vilayətinin Ayrancı kəndində anadan olub. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nimet çubukçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub. 22 iyul 2007-ci il parlament seçkilərində AKP-dən İstanbul üzrə təkrar millət vəkili seçilib. 2009-cu il mayın 3-də keçirilən kabinet dəyişikliyində Türkiyə Cümhuriyyətinin milli təhsil naziri təyin olunub. 

Xəbər verdiyimiz kimi, Türkiyənin ilk qadın milli təhsil naziri xanım Nimet çubukçunun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 21-22-də ölkəmizdə rəsmi səfərdə olub. Səfər proqramı çərçivəsində yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən nümayəndə heyəti Təhsil Nazirliyində, Azərbaycan Diplomatik Akademiyasında, Bakı Dövlət Universitetində, Türkiyənin "çağ" öyrətim Şirkətinin Qafqaz Universitetində, Bakı Türk İlköyrətim Okulunda, Bakı Türk Anadolu Liseyində görüşlər keçirib. Səfər zamanı xanım Nimet çubukçu qəzetimizə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Nimet xanım, bizim üçün çox xoşdur ki, Türkiyənin milli təhsil naziri olaraq ilk xarici səfərinizi ölkəmizə etmisiniz. Səfərdə məqsəd nədir?

- Hər şeydən öncə, ilk rəsmi ziyarətimi Azərbaycana etməkdən böyük məmnunluq duyduğumu bildirmək istəyirəm. Səfərimizdə məqsəd Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrin mövcud vəziyyətini dəyərləndirib onu daha da inkişaf etdirmək və bu sahədə işbirliyi imkanlarını araşdırmaq idi. ölkələrimiz arasında mədəni, o cümlədən təhsil əlaqələrini inkişaf etdirmək üçün böyük potensial var. Bu potensialın hərəkətə gətirilməsində isə, bildiyiniz kimi, qarşılıqlı səfərlər xüsusi önəm daşıyır.

- Səfər zamanı hansısa bir sənədin imzalanması nəzərdə tutulubmu?

- Xeyr, tutulmayıb. Buna ehtiyac duyulmur. çünki ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini, əlaqələrimizin inkişafını nəzərdə tutan 2 protokol mövcuddur. Bunlardan biri 1998-ci ilin noyabrında Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun Türkiyəyə rəsmi səfəri zamanı ölkənizin Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi və Yüksək öyrətim Kurumu (Ali Təhsil Şurası) arasında imzalanmış təhsil və elm sahələrində əməkdaşlıq Protokolu, digəri isə 2000-ci ildə Türkiyənin milli təhsil naziri Mətin Bostançıoğlunun Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi arasında imzalanmış təhsil və elm sahələrində əməkdaşlıq Protokoludur.

- Deyə bilərsinizmi, təhsil sahəsində ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri konkret olaraq hansı istiqamətləri əhatə edir?

- ölkələrimiz arasındakı tarixin dərinliklərindən gələn mədəni bağlar təhsil sahəsindəki işbirliyimizin möhkəm təməllər üzərində qurulmasına zəmin yaradır.

Modern Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət iki dövlət" ifadələri bu təməli ən gözəl şəkildə anlatmaqdadır. Bu baxımdan, ortaq tarix və mədəniyyət əsasında davam etdirməkdə olduğumuz təhsil sahəsindəki işbirliyi bir çox istiqaməti əhatə edir, o cümlədən orta, peşə, ali təhsil sahələrində səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Tələbə və müəllim mübadilələri, müəllimlərin təkmilləşdirilməsi, müasir peşə təhsili müəssisələrinin yeni modellərinin yaradılmasında qardaş Azərbaycana kömək göstərilməsi və s. istiqamətlərdə layihələr gerçəkləşdirilir.

Türkiyə Milli Təhsil Nazirliyinin xətti ilə Azərbaycanda hələ 1990-cı illərin əvvəllərindən Bakı Türkiyə  Türkcəsi Təhsil-Təlim Mərkəzi, Bakı Türk Anadolu Liseyi, Bakı Türk İlköyrətim Okulu yaradılmışdır və hazırda fəaliyyət göstərməkdədir. 1993-2009-cu illər arasında bu təhsil - tədris qurumlarında 352 müəllim çalışmış, hazırda 64 müəllim çalışmaqdadır, 1579 şagird və yaşlı məzun olaraq diplom və sertifikatlar almışdır. Hazırda 1266 şagird və 81 kurs müdavimi təhsillərini davam etdirir.

Azərbaycanın texniki peşə təhsili sahəsindəki islahatlarını da dəstəkləyirik. Bu məqsədlə təhsil naziri, hörmətli Misir Mərdanovun dəvəti ilə texniki peşə təhsili sahəsində işbirliyi qurmaq, yeni texniki peşə təhsili müəssisəsi modeli yaratmaq işində Azərbaycan tərəfinə dəstək vermək və kömək göstərmək məqsədi ilə ötən il 25-28 yanvar tarixlərində nazirliyimiz tərəfindən Türkiyə milli təhsil nazirinin müavini Sadettin Sabarin rəhbərliyi ilə müvafiq şöbələrin və idarələrin müdirlərindən, bir sıra peşə təhsili müəssisələrinin rəhbərlərindən ibarət bir heyət Azərbaycana göndərilmişdir. Həmin nümayəndə heyətinin səfər çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanda texniki peşə məktəblərinin Türkiyənin ən yaxşı texniki peşə məktəbləri ilə qardaşlaşması, seçilmiş müəllim və istehsalat təlimi ustalarına Türkiyədə və Azərbaycanda təhsil dəstəyi verilməsi, bu təhsil müəssisələrinin büdcədənkənar gəlir sisteminin qurulması, proqram və dərsliklərin hazırlanmasına kömək və s. məsələlər sahəsində işbirliyi imkanları araşdırılmış və müvafiq razılıq əldə olunmuşdur. Bu çərçivədə 2008-2009-cu tədris ilində ölkənizin peşə təhsili müəssisələrindən 10 nəfərlik nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə gedərək buradakı Mahzar Zorlu Texniki və Sənaye-Peşə Liseyində müvafiq hazırlıq keçmişdir. Bu il də həmin məktəblərdə əvvəlki təlimin davamı olaraq azərbaycanlı təhsil işçilərinə müvafiq təlim keçiləcəkdir. Müəyyən edildiyi halda digər model məktəblərə də lazımi dəstək veriləcəkdir.

Nazirliyimizin xətti ilə hər il yay aylarında müntəzəm  olaraq digər türk və qohum topluluqlar kimi Azərbaycanın təhsil işçilərinə də təhsil sistemindəki yeniliklərlə tanışlıq, təcrübə mübadiləsi məqsədi ilə türk dilinin tədrisi, türk mədəniyyəti və milli təhsil sistemini tanıtma mövzularında seminarlar təşkil olunur. Bu seminarlarda 1992-2009-cu illər arasında bütövlükdə 282 azərbaycanlı təhsil işçisi iştirak etmişdir.

- Azərbaycanda Türkiyə Milli Təhsil Nazirliyinin xətti ilə yanaşı, digər qurumlarla birgə işbirliyinin nəticəsi olaraq da xeyli təhsil müəssisəsi fəaliyyət göstərir. Onlar barədə nə deyə bilərsiniz?

- ölkənizdə Türk Dünyası Araşdırmaları Vəqfinə aid 1 lisey və idarəetmə fakültəsi, Türkiyə Diyanət Vəqfinin 1 liseyi, "çağ" öyrətim Şirkətinin 11 liseyi, 1 ibtidai məktəbi, 10 kurs mərkəzi və 1 universiteti olmaqla, bütövlükdə 26 təhsil-tədris qurumu fəaliyyət göstərir.

Bildiyimə görə, şagirdlərə verdikləri təhsilin yüksək səviyyəsinə, ali məktəblərə qəbul imtahanlarında yetirmələrinin topladıqları ballara və beynəlxalq olimpiadalarda, digər bilik yarışlarında qazandıqları uğurlara görə bu təhsil müəssisələri Azərbaycan ictimaiyyəti arasında böyük nüfuza malikdir. Təkcə bir faktı göstərim ki, 1994-2010-cu illər ərzində Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri dünya fənn olimpiadalarında 75-i qızıl, 120-si gümüş və 169-u bürünc olmaqla, bütövlükdə 364 medal qazanmışlar. Bütün bunlar bizi çox qürurlandırır. Bu tədris ocaqlarında yüksək səviyyədə təhsil alan şagirdlərin gələcəkdə həm Azərbaycanda, həm də Türkiyədə çox böyük rol oynayacaqlarına əminəm.

Yeri gəlmişkən onu da deyim ki, biz dövlət xətti ilə Azərbaycanda açdığımız məktəblərin sayını artırmaq fikrindəyik. Bununla bağlı görüşdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovla söhbətlərimiz olub.

- Nimet xanım, hazırda Azərbaycanda Türkiyədən nə qədər tələbə təhsil alır? Gələcəkdə onların sayının artırılması nəzərdə tutulurmu?

- İndi Azərbaycanda 4 mindən çox türkiyəli tələbə var. Onlar ölkənizin 21 ali məktəbində təhsil alırlar. Onların sayının artırılması, əlbəttə, mümkündür. ölkələrimiz bu mənada hər cür işbirliyi qurmağa hazırdır.

- Bəs Türkiyə universitetlərində nə qədər azərbaycanlı oxuyur? Əcnəbilərin Türkiyənin ali məktəblərinə daha çox cəlbi istiqamətində nə kimi çalışmalarınız vardır?

- Azərbaycandan olan tələbələrimizin sayı 5 min civarındadır. Onların bir qismi, daha dürüst desək, 209-u bakalavr, 96 nəfəri magistratura, 117 nəfəri doktorantura pilləsində, 95 nəfəri isə tibbdə uzmanlıq üzrə dövlət xətti ilə oxuyanlardır. Qalanları, yəni böyük əksəriyyəti isə öz hesabına təhsil alırlar.

Bildiyiniz kimi, Türkiyədə ali təhsil müəssisələrinə qəbul və yerləşdirmə Ali Təhsil Qurumuna daxil olan Tələbələrin Seçilməsi və Yerləşdirilməsi Mərkəzi tərəfindən YöS adlanan test imtahanları vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Xarici tələbələrin Türkiyədə oxuması da bu mərkəz tərəfindən təşkil edilən imtahanların nəticələrinə uyğun aparılır. Lakin bir tərəfdən ayrılan yerlərin məhdudluğu, digər tərəfdən universitetlərdə oxumaq istəyənlərin sayının çoxluğu mərkəzləşdirilmiş imtahanları gərəksiz edir. Əsasən türk şagirdləri üçün nəzərdə tutulmuş mərkəzləşdirilmiş imtahanların digər bir çatışmazlığı da çoxlu sayda bölümlərdə ayrılmış tələbə yerlərinin boş qalmasına yol açmasıdır. Xarici tələbələr üçün imtahanlar da əslində xarici tələbələri ölkəmizə cəlb etmək üçün pozitiv bir şey deyil, əksinə, imtahan sistemlərinin uyğun olmaması ölkəmizdə bir imtahana girmək və bu imtahanı qazanaraq yerləşmə ehtimalını zəiflədir və nəzərdə tutulmuş tələbə yerləri boş qalır. Dolayısı ilə biz burada Yüksək öyrətim Kurumu və Milli Təhsil Nazirliyi olaraq birlikdə çalışıb bu məsələnin həllini tapırıq. Bir çox ölkələrdən gələn tələbələr öz ölkələrində çox müvəffəqiyyətli orta ballara sahib olduqları halda, bu imtahanlara girə bilmirlər. Qeyd olunan səbəblərdən bizdəki ali təhsil müəssisələrində hazırda, təxminən, 130 min yer boş qalır. Halbuki mövcud imtahan sisteminə əsasən öyrəncilərin universitetlərə bal üstünlüyünə görə seçim mexanizminin ləğv edilməsi ilə ali məktəblərdə boş qalan yerlərinin tamamən dolacağını düşünürəm. Mövcud imtahan sistemlərinin aradan qaldırılmasının bizim üçün heç bir şəkildə mənfi təsiri olmayacaq, əksinə, daha çox sayda tələbə cəlb olunacaq.

Türkiyə bölgədə diqqətçəkən və canlanan bir ölkədir. üstəlik, ali təhsil sahəsində çoxlu sayda yaxşı universitetlər qurulur. Türkiyənin hər vilayətində də yeni universitetlər təsis olunur. Xüsusən bəzi ölkələrlə həmsərhəd olan vilayətlərdə belə yeni universitetlərin özlərinə həmsərhəd olan, amma inkişaf etməmiş ölkələrdən tələbə cəlb etmək ehtimalı çox yüksəkdir. Məsələn, yeni qurulan Trakiya, Tekirdağ universitetləri Balkanlardan daha çox tələbə alır.

Hazırda universitet rektorları bizdən xarici öyrəncilər arasından öz tələbələrini özləri seçmək sisteminin tətbiqini tələb edirlər. Artıq il yarımdır ki, bu məsələnin həlli üzərində işləyirik. Ali təhsil müəssisələrinin tələbə qəbulu qaydalarında və imtahanların təşkili mexanizmində ediləcək dəyişikliklərə əsasən universitetlər xarici tələbələri orta ballarına və ya öz ölkələrində bir imtahan sistemi varsa, buna əsaslanaraq götürəcəklər. Hədəfimiz dünyanın müxtəlif ölkələrindən daha çox sayda tələbəni Türkiyədəki universitetlərdə oxutmaqdır.

- Türkiyə ilə Azərbaycan arasında diplomların qarşılıqlı tanınması sahəsində problemlər varmı?

- Hazırda hər iki ölkədə tibb və hüquq ixtisasları üzrə diplomların tanınmasında problem mövcuddur. Bu problemin aradan qaldırılması üçün hər iki tərəf müvafiq iş aparır. Bu məsələyə cənab Misir Mərdanovla görüşümüzdə də toxunduq. Hər iki tərəfin problemin həllində maraqlı olduğu və bu istiqamətdə müvafiq çalışmalar yapıldığı ifadə edildi.

İnşallah, yaxın gələcəkdə bu məsələ də yəqin ki, öz həllini tapacaq.

- Türkiyənin milli təhsil naziri kimi ölkəmizə ilk səfərinizi necə qiymətləndirirsiniz?

- Azərbaycana gəlişimdən çox böyük sevinc hissləri duydum. çox səmərəli bir ziyarət keçdi. Başda Bakı Dövlət Universiteti, Qafqaz Universiteti olmaqla getdiyim təhsil müəssisələrində apardığım müşahidələr nəticəsində Azərbaycan təhsil sisteminin xeyli inkişaf etdiyini gördüm.

- Müsahibə üçün sağ olun. 

Müsahibəni apardı:
Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
29 Yanvar 2010 - 04
Y.Ə.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olublar
 

Azərbaycan ilə Rusiyanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişlənir

 
Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da çox mühüm sənəd yayıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Regionlarda təhsilin inkişaf perspektivlərilə əlaqədar Ağstafa, Qazax və Tovuz  rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə  keçirilib
 
Türkiyə-Azərbaycan təhsil əlaqələrini genişləndirmək üçün böyük potensial var Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun qəzetimizə müsahibəsi
 
Birinci qrupun birincisi
 
Dünya universitetləri: Tokio Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov