Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Fevral 2010 - 06

 
Təhsil Nazirliyinin kollegiyasında tən ilin yekunları, bu il qarşıda duran vəzifələr müzakirə olunub
 

Fevralın 5-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirildi. Kollegiya üzvləri ilə bərabər bir sıra millət vəkillərinin, Təhsil Nazirliyi Aparatının məsul işçilərinin, nazirliyin struktur bölmə rəhbərlərinin, rayon, şəhər təhsil şöbə müdirlərinin, bilavasitə Təhsil Nazirliyinə tabe olan ümumtəhsil müəssisələri direktorlarının iştirak etdikləri geniş iclasda "2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr" mövzusunda məsələ müzakirə olundu. 

İclası açan Azərbaycan Respublikasının təhsil naziri, kollegiyanın sədri Misir Mərdanov iştirakçıları salamlayaraq çətin hava şəraitində dəvətlərini qəbul edib kollegiyaya gəldiklərinə görə millət vəkillərinə, digər qonaqlara təşəkkür etdi, Parlamentin çoxsaylı komitə sədrlərinin kollegiya iclasında iştirakını Azərbaycan cəmiyyətində təhsilə diqqətin ifadəsi kimi dəyərləndirdi.

Təhsil naziri Misir Mərdanov kollegiyada "2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr" mövzusunda məruzə-təqdimatla çıxış etdi.

Geniş faktik materiallar, dərin təhlillər əsasında hazırlanmış təqdimatında nazir öncə ölkəmizin inkişaf dinamikasını təcəssüm etdirən bəzi makroiqtisadi göstəriciləri diqqətə çatdırdı. Qeyd etdi ki, ötən ildə bütün dünyada maliyyə böhranı olmasına baxmayaraq, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasət hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ölkədə ümumi daxili məhsul 9,3, sənaye istehsalı 8,6, kənd təsərrüfatı məhsullarının istehsalı 3,5 faiz artmışdır.

Təhsil naziri ötən il möhtərəm Prezidentimizin iştirakı ilə Sumqayıt şəhərində açılışı olmuş və tikinti-quraşdırma işlərinin bu il də davam etdirilməsi nəzərdə tutulan nəhəng texnoparkı və bir sıra digər iri layihələrin həyata keçirilməsini də ən mühüm iqtisadi inkişaf göstəriciləri kimi qeyd edib, 2009-cu ildə xarici siyasət sahəsində də çox vacib addımlar atıldığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində müəyyən irəliləyişlər olduğunu bildirdi. Qeyd etdi ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Nazir yeri gəlmişkən onu da vurğuladı ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının əsas səbəbini dövlət başçısı İlham Əliyevin ölkəni elmi surətdə əsaslandırılmış çoxsaylı dövlət proqramlarının vasitəsi ilə idarə etməsində görürlər. Təsadüfi deyildir ki, yalnız təhsil sahəsində 16 dövlət proqramı həyata keçirilir.

Sonra təhsil naziri ötən ilin təhsillə bağlı ən mühüm hadisələrinə diqqət çəkərək, hər il olduğu kimi, 2009-cu ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni tikilən, əsaslı təmir və bərpa edilən təhsil müəssisələrində olduğunu, il ərzində təhsillə bağlı xeyli fərman və sərəncam imzaladığını bildirdi. Misir Mərdanov bu baxımdan Prezidentin 5 sentyabr 2009-cu il tarixli fərmanı ilə təsdiq olunmuş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu ilin ən mühüm hadisələrindən biri sayaraq Qanunun icrasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən 35 adda sənədin hazırlanıb təsdiq üçün hökumətə təqdim olunduğunu, onlardan 6-nın artıq təsdiq edildiyini söylədi, hazırlanmış və təsdiq olunmuş sənədlərin adları ilə kollegiya iştirakçılarını tanış etdi.

Təhsil naziri habelə Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlarla 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunmasını, Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsini, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsini, ali, texniki peşə, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması ilə bağlı Prezident sərəncamlarına əsasən Prezidentin Ehtiyat Fondundan üst-üstə 23 milyon manat vəsait ayrılmasını da ilin ən mühüm hadisələri hesab edərək bütün bunlar barədə kollegiya iştirakçılarına ətraflı məlumat verdi.

Məruzə-təqdimatda Prezidentin sərəncamlarına əsasən keçirilən və müəllimlər arasında ciddi rəqabət mühiti yaradan "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrinin bəzi yekunlarından da söz açıldı, təhsil ocaqları və müəllimləri müsabiqələrdə fəallıq göstərən, heç iştirak etməyən və iştirak edib qaliblər sırasına düşməyən şəhər və rayonların adları açıqlandı, müqayisələr aparıldı, iclasda iştirak edən rayon təhsil şöbə müdirlərinin deyilənlərdən nəticə çıxaracaqlarına inam ifadə edildi.

Daha sonra nazir təhsil büdcəsinin inkişaf dinamikasını əks etdirən diaqramı kollegiya iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, dövlət büdcəsinin tərkibində təhsilə ayrılan faktiki xərclər 2009-cu ildə 1,097 milyard manat təşkil etmişdir. 2010-cu ildə isə təhsilə 1,2 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2009-cu ilin büdcəsinə nisbətən 180 milyon manat (10%) artıqdır.

Təhsil işçilərinin orta aylıq əməkhaqqının son 7 ildə artımını göstərən qrafik də təqdim olundu. Məlumat verildi ki, təhsil işçilərinin orta aylıq əməkhaqqı ilbəil artaraq, 2008-ci ildə 220 manatdan 2009-cu ildə 268,5 manata yüksəlmişdir. Təqdimatda, eyni zamanda ayrı-ayrı təhsil pillələri üzrə hər təhsil alana düşən xərclərin artım dinamikası da bir neçə slaydla nümayiş olundu. Nazir təhsilin bütün pillələrində bu göstərici üzrə artım baş verdiyini bildirdi.

Təhsil naziri məruzə-təqdimatında təhsilin inkişafı sahəsində əldə edilən nailiyyətlər üzərində də dayandı. Qeyd etdi ki, son 20 ildə heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 6 min nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötmüşdür.

Nazir çıxışına davam edərək söylədi ki, son illər Azərbaycanda 450000 şagird yerlik 2000-dək yeni məktəb binası tikilərək istifadəyə verilmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş təhsil müəssisələrinin sayı 300-ü ötmüşdür. Eyni zamanda 450-dən çox məktəb əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. Aparılan işlərin nəticəsində ölkə üzrə 1050000 şagirdin, yəni bütün şagirdlərin 75 faizinin təlim şəraiti yaxşılaşdırılmış, ikinövbəli məktəblərin faizi 73,3-dən 44,5-ə enmişdir.

2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanmış, bu proses 2009-2010-cu tədris ilində I və II sinifləri əhatə etmişdir. Yeni kurikulumların tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və nümunəvi tədris materialları ilə təmin edilmişdir.

Son 7 il ərzində məktəblilər üçün 35 milyon nüsxə dərslik çap olunmuşdur. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I və II siniflər üçün yeni dərslik komplektləri (şagirdlər üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) çap edilmişdir.

Əldə edilən nailiyyətlər sırasında ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada  keçirilməsi, həmin imtahanlarda əla qiymət almış məzunların 51 faizinin 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 500-700 bal toplaması, Azərbaycan məktəblilərinin dünya və beynəlxalq fənn olimpiadalarında 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla ümumilikdə 99, Avropa, dünya birinciliyi və çempionatlarında və digər beynəlxalq yarışlarda 57 qızıl, 51 gümüş, 60 bürünc olmaqla ümumilikdə 168 medal qazanmaları xüsusi qeyd olundu.

ölkənin ümumtəhsil məktəblərinin müvafiq dövlət proqramları çərçivəsində İKT ilə təminatı sahəsində görülmüş işlərdən və əldə olunan uğurlardan söz açan nazir hər 20 şagirdə bir kompüter nisbətinin təmin olunduğunu, 500 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternetə qoşulduğunu, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla, 40000 nəfərin müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələndiyini söyləyib, bu sahədə əldə olunmuş digər nailiyyətləri diqqətə çatdırdı.

Məruzə-təqdimatda ümumtəhsil məktəblərinin kadrlarla təminatı, müəllimlərin ixtisasartırma işinin təşkili ilə bağlı görülmüş işlərə də toxunuldu və bildirildi ki, 2005-2009-cu illəri əhatə edən müvafiq Proqram çərçivəsində ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilmiş, ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanmış, "modul-kredit" sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasını, proqramların akkreditasiyasını, stimullaşdırıcı vasitələrin tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni ixtisasartırma modeli hazırlanmışdır.

Misir Mərdanov kollegiya iştirakçılarına dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər barədə də məlumat verərək Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Planın hazırlandığını və 2009-cu ilin aprelində hökumət tərəfindən təsdiq olunduğunu, həmin plana əsasən 9 ümumtəhsil internat məktəbinin ümumtəhsil məktəbinə çevrildiyini və nəticədə dövlət uşaq müəssisələrinin sayının 55-dən 46-ya endiyini, bir sıra yerlərdə günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin yaradıldığını qeyd etdi.

Son illərdə təhsilin texniki peşə təhsili, orta ixtisas və ali təhsil pillələrində, beynəlxalq təhsil əlaqələrinin inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə də söz açan təhsil naziri Qəbələdə Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin yaradıldığını, 8 peşə təhsili müəssisəsinin əsaslı təmir edildiyini, İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisinin aparıldığını, müxtəlif peşələr üzrə 8 adda dərslik hazırlanıb çap edildiyini, bir sıra beynəlxalq qurumlarla, bəzi ölkələrin şirkətləri ilə birgə layihələrin icrasına başlandığını diqqətə çatdırdı.

Nazir qeyd etdi ki, Azərbaycan Boloniya prosesinə qoşulduqdan sonra Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmış, bir sıra beynəlxalq qurumların sənədlərinə və beynəlxalq təsnifat strukturuna uyğun olaraq ali təhsilin bakalavr səviyyəsi ixtisaslarının (proqramlarının) yeni siyahısı hazırlanaraq hökumət tərəfindən təsdiq edilmiş, dövlət ali təhsil müəssisələrinin, bir neçə özəl ali məktəbin maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmiş, avadanlıqlar alınmış, 19 ali təhsil müəssisəsi akkreditasiyadan keçirilmiş, "Təhsilin əsasları" adlı yeni fənnin tətbiqinə başlanmışdır. Dünyanın aparıcı universitetlərində müxtəlif mənbələr hesabına təhsil alan azərbaycanlı gənclərin sayı 10 mini ötmüş, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət Proqramı" çərçivəsində dünyanın 23 ölkəsinə 498 nəfər təhsil almağa göndərilmiş, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı 7 minə çatmışdır. Davamlı insan inkişafı sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər BMT tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan təcrübəsi bütün üzv ölkələrə nümunə kimi tövsiyə olunmuşdur.

Təhsil naziri  Misir Mərdanov məruzə-təqdimatında daha sonra təhsilin pillələri üzrə mövcud vəziyyət, görülmüş işlər, əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən bəhs etdi. Təqdimatın məktəbəqədər təhsil bölməsində nazir öncə dövlət və özəl məktəbəqədər təhsil müəssisələri haqqında statistik məlumatları diqqətə çatdırdı. Qeyd etdi ki, 2009-cu ildə dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı 1604, burada tərbiyə olunanların sayı isə 104022 olmuşdur. Bu müəssisələrdə 13532 pedaqoji işçi çalışmışdır. 12 özəl bağçada isə 645 uşağın tərbiyəsi ilə 161 pedaqoji işçi məşğul olmuşdur.

ölkə başçısının 12 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin ötən il də davam etdirildiyini deyən məruzəçi ölkə üzrə 14 yeni məktəbəqədər təhsil müəssisəsinin tikildiyini, 10 müəssisənin əsaslı təmir olunduğunu, 129 müəssisənin bərk və yumşaq inventarla təmin edildiyini söylədi. Sonra məktəbəqədər təhsil sahəsində 2010-cu ildə görüləcək işlər diqqətə çatdırıldı. Məktəbəqədər təhsil müəssisələrinin İKT avadanlığı ilə təmin edilməsinin, pedaqoji heyətin İKT üzrə savadlılığın artırılması, bu müəssisələrin nümunəvi nizamnaməsinin hazırlanması, məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması və s. istiqamətdə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirildi.

ümumi təhsil sistemində 2009-cu ildə görülmüş işləri slaydlar vasitəsi ilə kollegiya iştirakçılarının diqqətinə çatdıran Misir Mərdanov 2009-2010-cu dərs ilində ölkədə 4529 ümumtəhsil müəssisəsinin fəaliyyət göstərdiyini, bunlarda 1360760 şagirdin oxuduğunu, 170848 müəllimin çalışdığını, 17 özəl ümumtəhsil müəssisəsində 7128 şagirdin təlim-tərbiyəsi ilə 1133 təhsil işçisinin məşğul olduğunu bildirdi. Qeyd etdi ki, ötən il 68 yeni məktəb binası təmir olunub. 87 məktəbin istilik sistemi bərpa edilib, 201 məktəb və 10 RTŞ müasir avadanlıqlarla təmin olunub.

Nazir  2010-cu ildə 25 yeni məktəbin inşasının başa çatdırılmasının, 1 məktəbdə əlavə korpusun tikintisinin, 4 məktəbin əsaslı təmirinin, ümumtəhsil məktəblərinin avadanlıqlarla təminatı, rasionallaşdırılması və optimallaşdırılması, "Təhsil haqqında" Qanunun qəbulu ilə əlaqədar normativ-hüquqi bazanın yeniləşdirilməsi işlərinin davam etdiriləcəyini, adambaşına maliyyə mexanizminə keçidlə bağlı zəruri tədbirlər görüləcəyini söylədi.

Təqdimatda kurikulum islahatı çərçivəsində 3 pilot məktəbində həndəsə və cəbrin inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi layihəsinə başlanıldığı, xarici dillərin intensiv tədrisi layihələri çərçivəsində Britihs Council təşkilatının dəstəyi ilə Bakı şəhərinin 7 pilot məktəbində xüsusi tədris planı və proqramı əsasında ingilis dilinin intensiv tədrisinə başlandığı, cari tədris ilindən respublikanın 50 məktəbində rus dilinin intensiv tədrisi layihəsinə başlanması üzrə tədbirlərin həyata keçirildiyi, bu işlərin 2010-cu ildə davam etdiriləcəyi qeyd olundu.

Təhsil naziri bu il XI siniflərlə yanaşı, IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçiriləcəyini söyləyib, yerlərdə bu məsələlərə ciddi yanaşılmasını tövsiyə etdi.

Kollegiyada 2009-cu ildə ali məktəblərə qəbulun nəticələri də geniş müzakirə olundu. Məruzə-təqdimatında bu məsələdən bəhs edən nazir öncə qəbul imtahanlarında 0-100, 100-200, 200-300, 300-500, 500-700 bal toplayan abituriyentlər, o cümlədən əlaçılar haqqında statistik məlumatı əks etdirən diaqramları iclas iştirakçılarının diqqətinə çatdırdı və 0-100 bal toplayan abituriyentlərin, o cümlədən əlaçı abituriyentlərin sayının 2003-cü ildən başlayaraq azaldığını, 500-700 bal toplayan əlaçı abituriyentlərin sayının isə getdikcə artdığını və 2009-cu ildə 51 faizə yaxın olduğunu qeyd etdi.

Nazir habelə son illər 600-dən çox bal toplayan abituriyentlərin dinamikasını, orta bal göstəricilərini əks etdirərək diaqramları, ali məktəblərin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəricilərini əks etdirən cədvəli də nümayiş etdirib, müvafiq müqayisələr apardı. Bəzi qəbul göstəricilərinin təhlilini verən Misir müəllim bir sıra fənlər üzrə 2009-cu ildə sualların çətinlik səviyyəsinin 2008-ci ildəkindən 2 dəfə artırıldığını bildirib, fikirlərini ayrı-ayrı fənlər və ixtisas qrupları üzrə suallardan gətirdiyi misallarla əsaslandırdı.

Sonra 2009-cu il məzunlarının ali məktəblərə qəbulolma göstəricilərinin bölgələr üzrə nəticələri diqqətə çatdırıldı, yaxşı və pis nəticələr göstərən bəzi rayon və şəhərlərin adları qeyd olundu, bu rəqəmlərdən hər kəsin özü üçün nəticə çıxarması vurğulandı.

Məruzə-təqdimatda istedadlı uşaqlarla iş, dərslik siyasəti, kadr təminatı sahəsində görülmüş işlərə də toxunuldu, həyata keçirilmiş tədbirləri əks etdirən slaydlar nümayiş etdirildi, bu istiqamətlərdə 2010-cu ildə görüləcək işlər diqqətə çatdırıldı.

Nazir məktəbdənkənar təhsil müəssisələri haqqında da məlumat verib bu gün ölkədə 380 belə müəssisənin fəaliyyət göstərdiyini, onlarda 334670 uşaq və yeniyetmənin istedadının üzə çıxarılması, yaradıcılığının inkişafı istiqamətində sistemli iş aparıldığını, müxtəlif yaradıcılıq müsabiqələrinin keçirildiyini, bir sıra məktəbdənkənar müəssisələrin təmir olunduğunu, bu yöndə işlərin 2010-cu ildə də davam etdiriləcəyini, "Ekologiya ili" elan olunması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini söylədi.

Məruzə-təqdimatda texniki peşə təhsili, orta ixtisas təhsili müəssisələri haqqında statistik məlumatlar, hər iki sahənin inkişafı ilə bağlı son illər görülmüş işlər də öz əksini tapmışdı. Bütün bunlar barədə məlumat verən təhsil naziri 2010-cu ildə peşə təhsili müəssisələri üçün 12 adda dərsliyin hazırlanıb çap edilməsinin, bəzi ixtisaslar üzrə standartların hazırlanmasının, Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarı ilə təsdiq olunmuş "2010-2013-cü illərdə Azərbaycan Respublikasında orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" çərçivəsində təhsilin bu pilləsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, məzmunun və texnologiyaların yeniləşdirilməsi, struktur və idarəolunma sisteminin modernləşdirilməsi, keyfiyyətin təmin olunması və s. istiqamətlər üzrə islahatlar aparılmasının nəzərdə tutulduğunu qeyd etdi.

Ali təhsil sistemində görülmüş və görüləcək işlərdən söz açan təhsil naziri ölkədə fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri barədə statistik rəqəmləri, 2009-cu ildə bu müəssisələrin infrastrukturunun inkişafı sahəsində görülmüş işləri diqqətə çatdırdıqdan sonra 2010-cu il üçün həyata keçirilməsi planlaşdırılmış tədbirlərlə iclas iştirakçılarını tanış etdi.

Ali məktəblərin məzunları işləyəcək yerlərlə əlaqələrinin zəif olduğunu vurğulayan nazir bu məsələnin növbəti illərdə diqqət mərkəzində saxlanılmasının vacibliyini ifadə etdi.

Məruzə-təqdimatının beynəlxalq əlaqələr, xaricdə təhsil bölümündə kollegiya sədri təhsil sahəsində ikitərəfli əməkdaşlıq məsələsinə toxunaraq ölkəmizin ABŞ, Suriya, İran, İsrail, İordaniya, Malayziya, Cənubi Koreya, Belarus, Almaniya, Litva kimi ölkələrlə əlaqələrinin genişləndiyini, ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlıq çərçivəsində 8 saziş və protokol imzalandığını, Bakıda Almaniya, Malayziya və Cənubi Koreya universitetlərinin təhsil sərgisinin keçirildiyini, Avropa İttifaqı, Avropa Şurası, İSESKO, YUNESKO, YUNİSEF, Britiş Council, DAAD və BMT-nin digər ixtisaslaşmış qurumları ilə əməkdaşlığı çərçivəsində layihə və proqramlar həyata keçirildiyini söylədi, keçirilmiş birgə iclas, seminar və konfranslardan söz açdı.

Sonra Misir Mərdanov xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alanların ixtisaslar və ölkələr üzrə bölgüsünü əks etdirən diaqramları, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin ali məktəblər üzrə səpələnməsini göstərən cədvəllə kollegiya iştirakçılarını tanış etdi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi üçün 2010-cu ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirləri diqqətə çatdırdı.

Məruzə-təqdimatının sonunda təhsil naziri ali məktəblərdə elmin inkişaf etdirilməsi ilə bağlı görülmüş və görülməsi nəzərdə tutulan işləri qeyd edib, bunları əks etdirən statistik rəqəmlərlə kollegiya iştirakçılarını tanış etdi.

Sonra məruzə ətrafında müzakirə aparıldı.

çıxış üçün söz alan millət vəkili Gülər Əhmədova orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanları məsələsinə toxundu. O qeyd etdi ki, məzunlar çox az zaman intervalında  2 dəfə - məktəbi qurtaranda 8 fənn üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı, sonra isə eyni üsulla qəbul imtahanı verməyə məcburdurlar.

Pedaqoji sahədə fəaliyyət göstərən hər kəs imtahan prosesində gənclərin çox ciddi stress keçirdiyini çox gözəl bilir. Bu hal hətta müxtəlif xəstəliklərin yaranmasına da səbəb olur. Universitetlərə yeni qəbul olunmuş birinci kurs tələbələrinin əksər hallarda pis oxumalarının səbəbi də məhz onların hələ də sağlamlıqlarını tam bərpa edə bilməməsidir.

Millət vəkilinin sözlərinə görə, dünyanın əksər ölkələrində imtahanlar bir dəfə təşkil olunur. Gənclər göstərdikləri nəticələrlə istədikləri universitetlərə müraciət edirlər. Hər bir ali məktəb qəbul üçün tələb edilən bala müvafiq olaraq bu nəticələrə əsasən öz tələbələrini seçir.

Gülər Əhmədova bu məsələnin artıq Milli Məclisdə müzakirə edildiyini, dünya təcrübəsinə uyğun olaraq buraxılış və qəbul üçün bir imtahan keçirilməsinin məqsədəuyğun sayıldığını diqqətə çatdırdı və bununla bağlı müəyyən bir qərar qəbul etməyin zəruri olduğunu vurğuladı.

Millət vəkili Cəmil Həsənli çıxışında təhsilin ölkənin ictimai həyatının çox mühüm hissəsini əhatə etdiyini dedi və bu sistemin ayrı-ayrı sahələrində görülən işlər, həllini gözləyən vacib məsələlər və qarşıda duran vəzifələr barədə müfəssəl məlumatın verildiyi hesabat məruzəsini çox yüksək qiymətləndirdi.

çıxışında BDU-nun 90 illik yubileyinin çox yüksək səviyyədə keçirildiyindən bəhs edən Cəmil Həsənli ölkə Prezidenti cənab İlham Əliyevin yubiley mərasimində iştirakının təkcə bu universitetə deyil, respublika rəhbərliyi tərəfindən ümumilikdə təhsil sahəsinə yetirilən xüsusi diqqət və qayğının təzahürü olduğunu vurğuladı.

Millət vəkili qeyd etdi ki, müxtəlif mətbuat səhifələrində dərc edilən tənqidi yazılara təbii yanaşmaq lazımdır. Ən vacibi görülən işlər, həyata keçirilən islahatlardır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, inkişafın yeganə mənbəyi təhsildir. Pedaqoji fəaliyyətlə məşğul olduğuma görə, tam məsuliyyətlə deyə bilərəm ki, bu gün auditoriyada gördüyümüz gənclər ötənilkilərdən çox fərqlənirlər və mən əminəm ki, gələn il də belə olacaq. Bu mənada respublikada təhsilin yüksələn xətt üzrə inkişaf etdiyini tam aydınlığı ilə dərk etmək olar.

Cəmil Həsənli çıxışının sonunda dedi: "Təhsil naziri Misir Mərdanov hesabat məruzəsində bu sahədə həll olunacaq bir sıra məsələlərdən söz açdı. İnanıram ki, bütünlüklə təhsil ictimaiyyətinin real potensialı bu problemlərin aradan qaldırılmasına imkan verəcəkdir".

Akademik Urxan Ələkbərov çıxışında iki məsələyə - dövlətin insan potensialının formalaşması sahəsində apardığı siyasətə və təhsillə əmək bazarının arasında olan münasibətlərə toxunmaq istədiyini bildirdi.

öncə təhsil nazirinin məruzə-təqdimatına münasibətini açıqlayan akademik onu yüksək qiymətləndirdi, məruzədə təhsil siyasəti ilə yanaşı, ölkənin siyasi-iqtisadi sahədə əldə etdiyi uğurların da öz əksini tapmasını müsbət hal adlandırdı.

Möhtərəm Prezidentimizin "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" fikrini sitat gətirən U.Ələkbərov insan kapitalının formalaşmasının sağlamlıq, təhsil və bunlara ayrılan vəsait kimi 3 komponentdən ibarət olduğunu, son illərdə, o cümlədən də hesabatı verilən ildə bu məsələlərə xüsusi diqqət yetirildiyini, 2000-ə yaxın məktəbin tikildiyini, paytaxtda və bölgələrdə çoxlu sağlamlıq mərkəzlərinin açıldığını qeyd etdi. Bildirdi ki, hələ ulu öndərimizin təsdiq etdiyi təhsil strategiyasına görə insan potensialının inkişafına hər zaman böyük fikir verilmişdir.

Görülmüş böyük işlərlə yanaşı, problemlərin də olduğunu bildirən U.Ələkbərov bunlara misal olaraq təhsillə əmək bazarı arasındakı münasibətlərdə yaranmış disproporsiyanı göstərərək qeyd etdi ki, son illər ölkəmizdə aspirantura səviyyəsində aparılmış müqayisə nəticəsində texniki elmlərlə ictimai elmlərin tədrisi arasındakı nisbətdə böyük fərqin olduğu aşkar edilib. Hüquqşünaslar 30, iqtisadçılar 15, filoloqlar 9 dəfə artdığı halda, riyaziyyatçıların, fiziklərin, kimyaçıların, mühəndislərin və b. sayı azalıb. Halbuki inkişaf piramidasının əsasını məhz texniki sahənin işçiləri, mühəndislər yaradırlar. Akademik bu məsələyə diqqət yetirilməsinin vacibliyini vurğuladı.

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov təhsil nazirinin təqdim etdiyi hesabat məruzəsinin çox yüksək səviyyədə, hərtərəfli hazırlandığını, təhsilin bütün sahələrinə aid ətraflı məlumat verildiyini, problemlərin də diqqətə çatdırıldığını dedi. öz çıxışında təhsil sahəsi ilə bağlı bir sıra məsələlərdən bəhs edən natiq daha sonra imtahanların keçirilməsi ilə əlaqədar fikirlərini səsləndirdi. O bildirdi ki, hər hansı bir problemin həlli məqsədilə müəyyən bir metodoloji müstəviyə gəlmək lazımdır. Orta məktəb buraxılış imtahanlarını bir proqramda işləyir, ali məktəbə qəbul isə tamamilə başqa bir proqram üzrə keçirilir. Şagird isə bu imtahanların hər ikisinə eyni vaxtda hazırlaşmaq baxımından çıxılmaz vəziyyətə düşür. Lakin imtahanlar müəyyən dəyişikliklər etmək şərti ilə vahid bir proqram əsasında aparılsa, bu təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərər. Millət vəkili təəssüf hissi ilə bu məsələnin dəfələrlə müzakirə edildiyini, amma ciddi problem kimi hələ də mövcud olduğunu vurğuladı.

Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov  kollegiya iclasındakı çıxışında qeyd etdi ki, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasına uyğun olaraq, təhsil sisteminin də özünəməxsus inkişaf modeli formalaşdırılıb, perspektivlər müəyyənləşdirilib və artıq bu sahənin inkişafı istiqamətində çox önəmli islahatlar həyata keçirilib.

Digər sahələrdən fərqli olaraq, təhsil sahəsində aparlıan islahatların nəticələrinin illər keçəndən sonra məlum olduğunu deyən millət vəkili bünövrəsi çox möhkəm qoyulmuş bu işlərin uğurla başa çatacağına inandığını bildirdi.

İmtahanların keçirilməsi məsələsinə münasibətini bildirən Ə.Əhmədov qeyd etdi ki, ilk növbədə, bu prosesdə iştirak edənlərdə yeni münasibət formalaşmalıdır. İmtahan şagird, yəni bilik alanın biliyinin müəyyənləşdirilməsi məqsədini güdməlidir. Bu iş kimisə vahiməyə salmaq, kiminsə həyəcan və stress keçirməsinə səbəb olmamalıdır. Bununla bağlı mövqeyini diqqətə çatdıran millət vəkili imtahan prosesinin bir dəfə təşkil edilməsini düzgün saydığını bildirdi.

Milli Məclis sədrinin birinci müavini, millət vəkili Ziyafət Əsgərov təhsil naziri Misir Mərdanovun yüksək səviyyədə hazırlanmış təqdimatını məhz Azərbaycanın iqtisadi göstəriciləri ilə başlamasını çox təbii hesab etdiyini dedi. Bütün sahələrin inkişafında iqtisadiyyatın həlledici rol oynadığını bildirən Z.Əsgərov qeyd etdi ki, təhsil sahəsində indiyədək də inkişaf proqramları həyata keçirilib. Lakin bu gün Azərbaycanda istehsal, iqtisadiyyatın inkişafı o səviyyəyə çatıb ki, artıq qarşıya qoyulmuş təhsil konsepsiyasını, yəni neft kapitalının insan kapitalına çevrilməsi prosesini daha da sürətləndirmək zərurəti meydana çıxır. ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqət yetirməsi isə çox təqdirəlayiq haldır. Bu gün təhsil sisteminin ayrı-ayrı pillələrində həyata keçirilən islahatlar Azərbaycan xalqının müstəqil və xoşbəxt gələcəyi üçün, hər kəsin millətinə və dövlətinə layiqli, savadlı vətəndaş kimi yetişməsi üçün nəzərdə tutulub.

Daha sonra natiq bir sıra təklif və arzularını iclas iştirakçılarının diqqətinə çatdırdı. "Son illər 2 minədək məktəb binasının tikilməsi çox böyük nailiyyətdir. Mən çox istərdim ki, həmin təhsil müəssisələri müasir texniki avadanlıqlar, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunsun. Müəllimlər peşəkarlıq səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq təkmilləşdirmə və ixtisasartırmaya cəlb edilsinlər".

Z.Əsgərovun verdiyi digər təklif isə qəbul imtahanlarına salınan suallarla bağlı oldu. Natiq qeyd etdi ki, müəyyən riyazi tənlikləri, kimya və fizikaya aid məsələləri və s. verilən vaxt ərzində həll etmək qeyri-mümkün olduğundan bu testlər orta məktəb proqramına uyğun hazırlanmalı, Təhsil Nazirliyi ilə razılaşdırılmalı və bu qurumun verdiyi rəydən sonra imtahana salınmalıdır.

Daha sonra millət vəkili bu gün uşaq və gənclərin mütaliəyə həvəsinin olmaması məsələsinə toxundu. O, bu işə diqqət yetirməyin orta məktəblərin qarşısında duran vacib vəzifə olduğunu vurğuladı. 

Yusif ƏLİYEV,
Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Fevral 2010 - 06
Ə.B.Məmmədovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;
 

Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 
N.F.Dadaşovanın Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
V.C.Məmmədova "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında "Uşaqların Ailələrə Verilməsi və Alternativ Qayğı ilə Əhatə Olunması Mexanizminin Yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının Əsasnaməsi
 
Təhsil Nazirliyinin kollegiyasında tən ilin yekunları, bu il qarşıda duran vəzifələr müzakirə olunub
 
Azərbaycan ilə Belarusun təhsil sahəsində əməkdaşlığı genişlənir
 
"Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda konfrans
 
"Ürək deyir yaşa hələ"
 
Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov