Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Fevral 2010 - 06

 
Dünya universitetləri:

Honq Konq Universiteti

 
  Yerləşir: Çin Xalq Respublikası, Honq Konq şəhəri  
Yaranma tarixi: 1911-ci il
Tipi: Dövlət  
İşçi heyəti: 6539 nəfər
Tələbələrin sayı: 23400 nəfər
Rəsmi saytı: www.hku.hk

Honq Konq Universiteti (University of Hong Kong) Asiyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet çinin Honq Konq şəhərindəki Pokfulam ərazisində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Honq Konq Universiteti 100 ən yaxşı ali məktəb arasında 24-cü yerdədir. Bu ali məktəb universitetlərdən ibarət olan "Universitetlər 21" adlı beynəlxalq elmi-tədqiqat konsorsiumunun yaradıcılarındandır.  

Tarixi 

Honq Konq Universitetinin təməli 16 mart 1910-cu ildə həmin dövrdə Honq Konq qubernatoru olan Frederik Luqard tərəfindən qoyulub. Universitetin yaradılmasında məqsəd çinli gənclərin istifadəsinə ən müasir ali təhsil müəssisəsini vermək olub. Universitetin rəsmi açılışı 11 mart 1911-ci ilə təsadüf edir, 1887-ci ildən fəaliyyət göstərən Tibb Kolleci də həmin il universitetə birləşdirilir.  Bir il sonra universitetdə mühəndislik və incəsənət fakültələri açılır. 1916-cı ilin dekabrında Honq Konq Universiteti 23 tələbə və 5 fəxri məzunla ilk yığıncağını keçirir. 

Yaradılmasından on il keçdikdən sonra - 1921-ci ildə universitetə ilk qız tələbələr qəbul edilir. 1927-ci ildə burada çin Tədqiqatları Məktəbi yaradılır. 1937-ci ildə universitetin Kraliça Mariya hospitalı açılır və həmin vaxtdan bu günədək universitet xəstəxanası kimi fəaliyyət göstərir. İkinci Dünya müharibəsinədək təhsil ocağında dörd fakültə - incəsənət, mühəndislik, tibb və elm fakültələri mövcud olub. Həmin dövrdə universitet kampusunun və tədris proqramlarının təkmilləşdirilməsini planlaşdırsa da, müharibənin başlaması buna mane olur və yapon işğalı dövründə Honq Konq Universiteti fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

1945-ci ildən başlayaraq təhsil ocağında ciddi struktur dəyişikliklərinə başlanılır. Universitetin sürətli inkişafı müxtəlif fənlərin tədrisi üçün ixtisaslaşmış mütəxəssislərə ehtiyac yaradır, yeni-yeni kadrlar işə qəbul edilir,  tələbələrin sayı sürətlə artır. 1967-2000-ci illərdə daha altı fakültə açılır.  Məhz bu dövrdə universitet dünyaya yüksək səviyyəli həkim, mühəndis, memar və hüquqşünaslar, dövlət qulluqçuları, menecment, marketinq, dizayn və s. sahələr üzrə mütəxəssislər bəxş edir.

Yarandığı gündən universitet Honq Konqun novator ruhunu özündə təcəssüm etdirir. Bu gün də təhsil müəssisəsi müxtəlif sahələr üzrə intellektual sıçrayışlar edir, dünyəvi elmi tədqiqatlar aparır. 2011-ci ildə  universitetin 100 illik yubileyinin təntənəli qeyd olunması ilə əlaqədar ciddi hazırlıq işləri aparılır və bu məqsədlə əsas kampusun qərbində yeni Centennial kampusu tikilir.  

Büdcə və təhsil haqqı 

Honq Konq Universiteti bir çox Qərb universitetləri ilə müqayisədə dövlət tərəfindən yüksək səviyyədə maliyyələşməsi ilə seçilir. 1991-ci ildən başlayaraq Tədqiqat Qrantları Şurası (RGC) bu ali təhsil müəssisəsinə 893 milyon Honq Konq (HK) dolları dəyərində vəsait ayırıb. Universitet müəllimlərin əməkhaqqının çoxluğuna görə hətta ABŞ-ın özəl universitetlərini qabaqlayaraq dünyada ön sıralardan birini tutur.

   2009-2010-cu tədris ilində Honq Konq Universitetində yerli tələbələr üçün təhsil haqqı 42100, əcnəbi tələbələr üçün isə 100 000 HK dolları (təxminən 12900 ABŞ dolları) təşkil edib. Yataqxanaların birillik qiyməti 1200 ABŞ dolları dəyərindədir. ümumilikdə, tələbənin birillik xərcləri onun necə yaşamasından asılı olaraq, təxminən, 75000 HK dollarına (9700 ABŞ dolları) bərabərdir. Qarşılaşdıqları çətinliklərin həllində tələbələrə yardım edən Tələbə Təşkilatına üzv olmaq üçün onlar 240 HK dolları ödəməlidirlər.

Universitetə yüksək balla qəbul olmuş tələbələrə, təxminən, 1500 ABŞ dolları məbləğində təqaüd verilir. Yaxşı oxuyan tələbələr də təqaüd və yardımlar alırlar.  

Universitet bu gün 

Honq Konq Universitetinin əsas kampusu Honq Konqun mərkəzində 160000 m2-lik  ərazidə yerləşir. Honq Konqda Britaniyanın bu ərazidə müstəmləkəçilik etdiyi dövrlərə aid bir neçə memarlıq nümunəsi vardır. Universitetin binaları da bu nümunələrdəndir. 1910-1912-ci illərdə renessans üslubunda inşa edilən həmin binalar qırmızı kərpic və qranitdəndir.

Tibb kampusu əsas kampusdan 4,5 km cənub-qərbdə Sendi-Bey ərazisi yaxınlığında yerləşir. Burada Li Ka Şin Tibb Məktəbi, Kraliça Mariya hospitalı, Uilyam korpusu, Stomatologiya Məktəbi, Şahzadə Filip adına stomatoloji poliklinika mövcuddur. Həmçinin universitet 95000 m2 ərazidə yerləşən Kadoorie Kənd Təsərrüfatı Mərkəzinə, d-Agilar yarımadasındakı Svaye Dəniz Elmləri İnstitutuna malikdir.

Honq Konq Universitetində Memarlıq, İncəsənət, Pedaqogika, Dəqiq elmlər, Biznes və İqtisadiyyat, Mühəndislik, Sosial elmlər, Hüquq, Li Ka Şin Tibb, Stomatologiya məktəbləri fəaliyyət göstərir.

Magistrant və doktorantların təhsil aldıqları Ali Məktəb 1998-ci ildə yaradılıb. Məktəb Diplomdansonrakı Təhsil Şurası tərəfindən idarə olunur. Burada magistrant və doktorantlara qabaqcıl, eləcə də beynəlxalq təhsil təcrübəsi öyrədilir.

Peşə Təhsili və Fasiləsiz Təhsil Məktəbi Honq Konqda bu sahə üzrə ən aparıcı təhsil mərkəzidir və hər il tələbələrə 1000-dən çox proqram təklif edir. Məktəb 1992-ci ildə Qiyabi Tədqiqat Departamentinin əsasında yaradılıb. Peşə Təhsili və Fasiləsiz Təhsil Məktəbinin binası universitetin əsas kampusunda yerləşir. Honq Konqun müxtəlif rayonlarında məktəbin 11 korpusu mövcuddur.

Universitetin Kosmik Cəmiyyət Kolleci  2000-ci ildə yaradılıb. Burada əyani bölmədə 6000-dən çox tələbə təhsil alır.

Honq Konq Universitetində 100-dən çox xüsusi ixtisaslaşmış tədris və tədqiqat institutu, mərkəzlər fəaliyyət göstərir - Asiya, Buddizm, Kütləvi İnformasiya Vasitələri, Kənd Təsərrüfatı, Dəniz elmləri, Şəhərsalma və Ətraf mühitin mühafizəsi, Genom Tədqiqatları, İntiharın tədqiqatı və qarşısının Alınması, İngilis mərkəzləri və s.

Honq Konq Universiteti bir çox proqramlar həyata keçirir. Şanxay, çunsin, Şençjen və çinin digər şəhərlərində təhsil almaq üçün universitet altı proqram təklif edir. Honq Konq Universiteti Şanxayda yerləşən Fudan Universiteti ilə birgə beynəlxalq MBA proqramı həyata keçirir, bu isə tələbələrin daha çox marağına səbəb olur. Honq Konq Universiteti Prinston və Yel universitetləri, Massaçusets Texnologiya İnstitutu, Uorton Biznes Məktəbi və dünyanın digər ali məktəblərilə də beynəlxalq proqramlar həyata keçirir. Hər il bu universitetdə dünyanın bir sıra ali təhsil müəssisələrinin 1000-dən çox tələbəsi tədqiqat aparır. Müxtəlif dillərlə maraqlanan tələbələr üçün Qərbi Avropa, Yaponiya, Koreya, Rusiya və digər ölkələrdə yay proqramları təşkil edilir.

Honq Konq Universitetinin kitabxana sisteminə yeddi kitabxana daxildir.  Kitabxanalar oxucuların istifadəsinə zəngin kolleksiya və geniş xidmət spektri təqdim edir. Kitabxana sistemində ümumilikdə 2,7 milyon çap edilmiş, 1,3 milyon elektron kitab, 44000 jurnal, mikrofilm, rəqəmsal resurs mövcuddur və bunların hamısı kitabxananın İnternet səhifəsində  yerləşdirilib.

Universitetin əsas kitabxanasında 1,2 milyondan çox kitab var. Kitabxananın Hung On-K kolleksiyasına bütün sahələri əhatə edən Honq Konq üzrə məcmuələr daxildir. Kitabxanada hər gün 24 saat fəaliyyət göstərən tədris mərkəzi mövcuddur. Universitetin əməkdaşları və tələbələrini geniş proqramla təmin etmək məqsədilə burada 120-dən çox kompüter terminalı fəaliyyət göstərir. Digər böyük kitabxana çin materialları kolleksiyaları, nadir əlyazmalar saxlanılan Pinq Şan kitabxanasıdır. Burada Asiya dillərində olan 852776 cild kitab var.

Beş ixtisaslaşmış kitabxana isə (Yu çun Keunq Tibb, Stomatologiya, Lui çe Vu hüquq, təhsil və musiqi kitabxanaları) aid olduqları məktəblərdə fəaliyyət göstərir. ümumilikdə, bu kitabxanalarda 471046 kitab mövcuddur.

Honq Konq Universitetinin nəzdində tədrisin, tədqiqatların və idarəetmənin dəstəklənməsi məqsədilə kompüter mərkəzi fəaliyyət göstərir. Honq Konq Universiteti onunla əlaqə yaradan hər bir şəxsin İKT biliklərinin təkmilləşdirilməsi, yeniliklərlə tanış edilməsi məqsədilə bu mərkəzdə kurs, seminar və müxtəlif proqramlar təşkil edir, eləcə də, Helpdesk vasitəsi ilə professional məsləhətlər verir. Universitetin portal sistemi müəllim və tələbələrin geniş informasiya texnologiyalarına, resurslarına və veb-interfeysə çıxışını təmin edir. Qeyd edək ki, universitetin bütün kampusları yüksəksürətli İnternet şəbəkəsi ilə təmin edilib. Universitetin kompüter mərkəzi, kitabxana və Honq Konq Universiteti mətbuatı bu təhsil müəssisəsinin intellektual fəaliyyətinin ən vacib hissəsi hesab edilir.

Honq Konq Universitetinin üçmərtəbəli binada yerləşən Funq Pinq Şan muzeyi 1932-ci ildə tikilib. Funq Pinq Şan əvvəllər kitabxana kimi fəaliyyət göstərsə də, sonradan muzeyə çevrilib. 1953-cü ildə əsas kampusda universitet muzeyi və bədii qalereya  yaradılıb. Bu, Honq Konqda yerləşən ən qədim muzeydir. 1996-cı ildə universitet muzeyi və bədii qalereyaya  Tsuy adlanan yeni bina əlavə edilib və köhnə muzey binası ilə körpü vasitəsilə birləşdirilib. Muzeylərdə, əsasən, keramika və tuncdan olan qədim əşyalar, rəsm əsərləri, neolit dövrü, Tsin  sülaləsi dövrünə aid nümunələr saxlanılır.

Honq Konq Universitetinin Təhsil və Tədqiqatlar üzrə fondu 1995-ci ildə yaradılıb. Fond müxtəlif donorların hesabına vəsait toplayır, həmin vəsaiti isə universitetin həyata keçirdiyi layihə və elmi tədqiqatlara xərcləyir. Son on ildə fond universitetə bir çox mühüm təşəbbüslərin gerçəkləşməsində kömək göstərib. Fondun sayəsində yeni akademik və təcrübə proqramları, təqaüdlər, mükafatlar, xarici birjalar reallaşdırılıb. Hazırda fond 2010-cu ildə istifadəyə veriləcək böyük Centennial kampusun tikilməsində  universitetə yardım edir. 

Hazırda Honq Konq Universitetində 23400 tələbə təhsil alır. Onların 12150 nəfərini bakalavr, 11250 nəfərini isə magistrant və doktorantlar təşkil edirlər. Hər il universiteti 7500-ə yaxın məzun bitirir.

Universitetdə tələbələrə dəstək məqsədi daşıyan İnkişaf və Resurs Mərkəzi fəaliyyət göstərir. Mərkəz bir sıra problemlər üzrə tələbələrə məsləhətlər verir, onların işlə, səhiyyə xidmətləri ilə təchiz olunmasını, təhlükəsiz yaşamalarını  təmin edir. Universitetin rəsmi qəbul olunmuş iki tələbə təşkilatı mövcuddur: Honq Konq Universiteti Tələbə Təşkilatı  (HKUSU) və magistrant və doktorantları birləşdirən Ali Təhsil Tələbə Cəmiyyəti (PGSA).

Honq Konq Universiteti uzun illərdir ki, tələbələrini yataqxanalarla təmin edir. Burada hesab edirlər ki, müxtəlif ölkədən, təbəqədən olan tələbələrin bir yerdə yaşamaları onların dünyagörüşünü, həyata baxışını, intellektual səviyyəsini zənginləşdirir. Universitetdə 20 tələbə yataqxanası var: Hersoginya Kent, Ali Ev, Hornell, Ledi Ho Tunq, Li çi Xun, Li Hysan, Li Şau Ki, Pokfild Yol, RC Li, Riççi, Robert Blek, Simon KY Li, Sent-Cons, Starr, Sin çi Sun, Svaye, Universitet, Vey Lun, tibb üzrə təhsil alanlar üçün Xanım Xe SH, Morrison yataqxanaları. Yataqxanalarda tələbələrin istifadəsinə tibb, bank, poçt, kompüter xidmətləri, kitab mağazaları, kitabxanalar, muzeylər, restoranlar, supermarketlər, idman, əyləncə mərkəzləri, tələbə kooperativləri və s. verilib. Burada universitetə gələn alimlər, fəxri qonaqlar, nümayəndə heyətləri, doktorantlar üçün Robert Blek, Müqəddəs Con, Ali Ev və Pokfild Yol rezidensiyaları mövcuddur.

Universitetin işçi heyətinin sayı 6539 nəfərdir. Onların 2520-si müəllim, qalanları isə inzibati işçilərdir. Universitetin müəllimləri tələbələrə müstəqil tədqiqatlar aparmağı, lazımi informasiyaları düzgün axtarmağı, filtrdən keçirməyi, şərh etməyi öyrədir, onlara yüksək təcrübə toplamağa kömək edirlər. Honq Konq Universitetinin hazırkı - 14-cü prezidenti və vitse-kansleri professor Lap-çi Suydur. O, bu vəzifəni 2002-ci ilin sentyabrından icra edir. Professor Yue-çim Riçard Vonq vitse-kanslerin müavini və universitetin rektorudur. Universitetin əsas idarə vasitələri Universitet Məhkəməsi, Universitet Şurası, Senat və Fakültələr Şurasıdır.  Büdcə məsələləri Maliyyə İdarəsi tərəfindən icra edilir.  

Universitetin məşhur məzunları 

Honq Konq Universitetinin müxtəlif sahələr üzrə tanınmış məzunları universitetin inkişafına böyük töhfələr veriblər. Məzunların əksəriyyəti şəxsi hesabından, digərləri  vəsait toplamaqla yardımlar göstərib və universitetin səfiri timsalında təhsil müəssisəsini dünyada tanıdıblar.

 Honq Konq Universitetinin ən məşhur məzunu və fəxri sayılan müasir çin Xalq Respublikasının banisi, inqilabçı, Kuomintan partiyasının yaradıcısı, 1940-cı ildən "Millətin atası" adlandırılan doktor Sun Yat-Sendir. Sun Yat-Sen bu ali təhsil müəssisəsini tibb və cərrahiyyə ixtisası üzrə bitirib. O, universitetdə qonaq olarkən belə söyləyib: "Elə bir hiss keçirirəm ki, sanki öz evimdəyəm. Honq Konq Universiteti mənim biliyimin vətənidir". 

Honq Konq Universitetinin məşhur məzunları 

  Sun Yat-Sen Çin Xalq Respublikasının banisi  
  Tsenq Yok-Sinq  Honq Konq Qanunvericilik Şurasının prezidenti  
  Ambros Lii  Honq Konqun müdafiə məsələləri üzrə katibi  
  Maykl Sin Honq Konqun təhsil məsələləri üzrə katibi  
  Rita Fan Honq Konq Qanunvericilik Şurasının sabiq prezidenti  
  Regina İp Honq Konqun müdafiə məsələləri üzrə sabiq katibi  
  Entoni Len Kem-çunq Honq Konqun maliyyə məsələləri üzrə sabiq katibi  
  Anson çan Fanq On-sanq Honq Konq administrasiyasının sabiq baş katibi  
  Sara Liao  Honq Konqun nəqliyyat və ətraf mühit işləri üzrə sabiq baş katibi  
  Elsi Lenq Honq Konq Ədalət məhkəməsinin sabiq baş katibi  
  Eylin Çanq  məşhur yazıçı  

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Fevral 2010 - 06
Ə.B.Məmmədovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;
 

Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 
N.F.Dadaşovanın Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
V.C.Məmmədova "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında "Uşaqların Ailələrə Verilməsi və Alternativ Qayğı ilə Əhatə Olunması Mexanizminin Yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi
 
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının Əsasnaməsi
 
Təhsil Nazirliyinin kollegiyasında tən ilin yekunları, bu il qarşıda duran vəzifələr müzakirə olunub
 
Azərbaycan ilə Belarusun təhsil sahəsində əməkdaşlığı genişlənir
 
"Təhsildə informasiya texnologiyalarının tətbiqi" mövzusunda konfrans
 
"Ürək deyir yaşa hələ"
 
Honq Konq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov