Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Fevral 2010 - 07

 
Dünya universitetləri:

Kyoto Universiteti

 
  Yerləşir: Yaponiya, Honşu adası, Kyoto şəhəri  
Yaranma tarixi: 1897-ci il
Tipi: Dövlət
İşçi heyəti: 5400 nəfər
Tələbələrin sayı: 22700 nəfər
İllik gəlirləri:  140688 milyon yen
İllik xərcləri: 138915 milyon yen
Rəsmi saytı: www.kyoto-u.ac.jp

Kyoto Universiteti (Kyoto University) Yaponiyanın Honşu adasının mərkəzindəki Kyoto şəhərində yerləşir. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın ikinci ən qədim universitetidir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Kyoto Universiteti 100 ən yaxşı ali məktəb arasında 25-ci yerdədir.  

Tarixi 

18 iyun 1897-ci ildə Yaponiya imperatoru ölkədə ikinci ali məktəbin - Kyoto İmperator Universitetinin yaradılması haqqında sərəncam imzalayır. 1899-cu ildə  universitetdə  hüquq və tibb fakültələri, universitet hospitalı, 1906-cı ildə filologiya, elm və texnika fakültələri yaradılır. 1914-cü ildə elm və texnika fakültəsi mühəndislik və elm fakültələrinə bölünür. 1919-cu ildə burada iqtisadiyyat fakültəsi açılır.

Universitetin fəaliyyəinin ilkin dövründə bu ali məktəbə prezident Yaponiyanın Təhsil Nazirliyi tərəfindən seçilir. Lakin universitetin professor-müəllim heyəti buna etiraz edir, muxtariyyət tələb edərək, 1915-ci ildən rəhbərlərini özləri seçməyə başlayırlar. 1923-cü ildə universitetdə kənd təsərrüfatı fakültəsi yaradılır və tələbələrin sayı xeyli artır.  II Dünya müharibəsinə qədər və müharibə illərində Kyoto İmperator Universiteti durğunluq dövrünü yaşayır.

Müharibədən sonra universitetdə liberal atmosfer bərpa olunur. 1947-ci ildə Yaponiyada orta məktəb təhsili haqqında qanun qəbul olunur. Nəticədə, ümumilikdə bütün təhsil sistemində geniş islahatlar aparılır. 1947-ci ilin oktyabrında  Kyoto İmperator Universitetinin adı dəyişdirilir və Kyoto Universiteti olur. Həmin ilin mayından Kyoto Universitetində 3 illik təhsil 4 illə əvəz edilir. 1894-cü ildən Yaponiyada liberal incəsənət təhsili verən və Ali Məktəb adı ilə fəaliyyət göstərən təhsil ocağı yarım əsr sonra (1949-cu il) Kyoto Universitetinə birləşdirilir. 1953-cü ilin aprelində yeni tədrisin nizamlanması məqsədilə burada ali məktəbdən sonrakı təhsil çərçivəsində ədəbiyyat, elm, hüquq, iqtisadiyyat, əczaçılıq,  maşınqayırma, kənd təsərrüfatı və s. ixtisaslar öyrədilir.

1954-cü ildə universitetdə Azad İncəsənət və Elm İnstitutu, 1955-ci ildə Təhsil haqqında qanuna əlavələr nəticəsində Tibb Məktəbi yaradılır. 1960-cı ildə Tibb Məktəbi  iki instituta - Tibb və Əczaçılıq institutlarına bölünür. 1992-ci ilin oktyabrında Azad İncəsənət İnstitutunun adı İnsanın Kompleks Tədqiqatı fakültəsi olur. Burada tədricən Hüquq və Ekologiya, Energetika, Asiya və Afrika Regional Tədqiqatlar, İnformatika, Bioelmlər və Qlobal Ekologiya Tədqiqatları ali məktəbləri yaradılır. 

2004-cü ildə Molekulyar Biologiya və Genetika Mərkəzi, Beynəlxalq İnnovasiyalar Cəmiyyəti, İnformasiyaların İdarəolunması İnstitutu açılır. 2005-ci ildə universitetin kitabxanası İnternet şəbəkəsinə qoşulur, 2006-cı ildə Menecment Ali Məktəbi, Nano-Tibb Təhsilinin Birləşməsi Qrupu, Qadın Tədqiqatçılar Mərkəzi  açılır. 2007-ci ildə həkimlərin təkmilləşdirilməsi üçün Mühəndislik tədqiqat Qrupu, Vəhşi Təbiətin öyrənilməsi Mərkəzi, 2008-ci ildə isə Kosmosun Sinergetik Tədqiqatı Qrupu yaradılır. 

Büdcə və təhsil haqqı 

Kyoto Universitetinin illik gəlirləri ümumilikdə 140688 milyon yapon yeni təşkil edir. Bu məbləğin 60874 milyonu universitet rəhbərliyinin qrantlarına, 24680 milyonu xəstəxana gəlirlərinə, 22872 milyonu xarici mənbələrdən daxil olan gəlirlərə, 12975 milyonu təhsil haqqına, 12845 milyonu subsidiya xidmətlərindən daxil olan, 6442 milyon yeni isə ümumi gəlirlərə aiddir.

Universitetin illik xərcləri 138915 milyon yenə bərabərdir. Xərclərin 63009 milyonunu tədris və tədqiqat xərcləri, 24846 milyonunu xəstəxana xərcləri, 6470 milyonunu idarəetmə xərcləri, 12845 milyonunu  texniki xidmətlər, 23903 milyonunu sənaye müəssisələrinə olan xərclər, 4803 milyonunu müxtəlif borcların ödənişi, 3039 milyon yenini isə ümumi xərclər təşkil edir.

Kyoto Universitetində bir-illik təhsil haqqı tələbənin təhsil aldığı fakültədən asılı olaraq, orta hesabla 535800-804000 yen arasında dəyişir. Təhsil haqqının daha çox tələb olunduğu fakültə isə hüquqdur. Bir semestr təhsil almaq tələbəyə fakültədən asılı olaraq, təxminən, 267900-402000 yenə  başa gəlir. Qəbul imtahanında iştirak etmək üçün bakalavr üzrə 17000, magistratura və doktorantura üzrə isə 30000 yen ödənilməsi tələb olunur. Qəbul üçün məbləğ universitetə ərizə ilə müraciət edilərkən ödənilir. Birinci semestr üzrə təhsil haqqı, adətən, apreldə, ikinci semestr üzrə isə oktyabrda  ödənilir. ödəniş bank köçürməsi ilə də mümkündür. Yüksək balla qəbul olunan, dərslərə mütəmadi gələn, əlaçı, maliyyə çətinlikləri ilə üzləşən tələbələr təhsil haqqından bütünlükdə və ya yarısından azad oluna bilərlər ("tuition exempton"- təhsil haqqından azad edilmə). Bununla bağlı istənilən tələbə universitetə müraciət edə bilər, lakin yerlər məhdud olduğu üçün tələbələr seçim turundan keçməlidir.

Kyoto Universitetində yuxarıda sadalanan keyfiyyətlərə malik olan tələbələrə təqaüdlər verilir. Bakalavrda oxuyan tələbələr hər ay 125000, magistrantlar 154000, doktorantlar isə 155000 yen təqaüd alır. Universitetin bir sıra regionlarında yerləşən müəssisələrində təhsil alan tələbələrə hər ay 2000, 3000 yen məbləğində vəsait verilir.

Yaponiya Tələbə Xidməti Təşkilatı (JASSO) Yaponiya universitetlərində təhsil alan əcnəbi tələbələrə təqaüdlər təklif edir. 2009-2010-cu tədris ilində JASSO-nun Tokio Universitetində bakalavrlar üçün ayırdığı təqaüdün ("scholarship")  məbləği ayda 48000, magistr və doktorantlar üçün isə 65000 yen təşkil edir. Universitetlər iyunun əvvəllərində JASSO-ya müraciət edir. JASSO komissiyası tərəfindən seçim turu aparılır və müsabiqədən müvəffəqiyyətlə keçmiş tələbələr haqqında məlumat universitetlərə iyul ayının əvvəllərində verilir. Həmçinin bu təşkilat tələbə mübadiləsi çərçivəsində Yaponiya universitetlərinə qısa müddətdə tədqiqat üçün gələn tələbələrə təqaüd ayırır. 2009-2010-cu tədris ilində həmin vəsaitin məbləği 80000  yendir.

Kyoto Universitetində təhsil alan əcnəbi tələbələr öz dövlətləri tərəfindən təqaüdlər alırlar. Dünyanın bir çox universitetlərində olduğu kimi, burada da müxtəlif təqaüdlər mövcuddur.

Tələbənin biraylıq xərcləri, ümumilikdə, qidalanması, yataqxana xərcləri, istirahəti və s. daxil olmaqla onun necə yaşamasından asılı olaraq, təxminən, 134000 yen təşkil edir.  

Universitet bu gün 

Kyoto Universitetinin əsas kampusu Kyoto şəhərinin mərkəzində yerləşən Yoşidadır. Kampus Əsas, Cənub, Şimal, Qərb, Tibb, Əczaçılıq, Universitet Xəstəxanaları hissələrindən ibarətdir. Bu kampusda yerləşən binalar çox qədimdir və müxtəlif üslublarda inşa edilib. Binalar, əsasən, qırmızı kərpicdən tikilib.

Universitetin simvolu olan Yüzilliyin Zalı adlı saat qülləsi məhz bu kampusda yerləşir. Udzi kampusu əsas kampusdan 20 kilometr cənubdadır. Əvvəllər imperator ordusuna məxsus olan bu ərazi 1949-cu ildə universitetə verilib. Kampus Qokaşo və Udzi hissələrindən ibarətdir. Burada təbii elmlər və energetika fakültələri, elmi-tədqiqat institutları və mərkəzləri yerləşir. Katsura kampusu əsas kampusdan 7 kilometr qərbdədir və 2003-cü ilin oktyabrında yaradılıb. Yerləşdiyi rayonun adı verilən bu kampusda texnologiya elmlərinə aid korpuslar yerləşir. Əvvəllər Yoşida kampusunda fəaliyyət göstərən Mühəndislik və İnformatika ali məktəbləri sonradan Katsura kampusuna köçürülüb.

Hazırda Kyoto Universitetində bakalavrlar üçün 10, magistr və doktorantlar üçün 20 məktəb, 13 elmi-tədqiqat institutu, 30 təhsil mərkəzi fəaliyyət göstərir.

Bakalavrlar üçün məktəblər: İnsanın kompleks tədqiqatı, Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, Təbii elmlər, Tibb, Əczaçılıq, Mühəndislik, Kənd təsərrüfatı.

Magistr və doktorantlar üçün məktəblər: Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, Elm, Tibb, Əczaçılıq, Mühəndislik, Kənd Təsərrüfatı, İnsan və Ekologiya Elmləri, Energetika, Asiya və Afrika Regional Tədqiqatları, İnformatika, Bioelmlər, Qlobal Ekologiya Tədqiqatları, Dövlətin İdarəolunması, Menecment, Kyoto Hüquqşünaslıq, İctimai Səhiyyə və Tibbi Texnologiya Kolleci.

 Elmi-tədqiqat institutları: Kimya, Humanitar, Sərhəd Tibb elmləri, Perspektivli Enerji, Sabit Ətraf Mühit, Təbii Fəlakətin Xəbərdarlığı, Yukava Nəzəri Fizika, Virus, Nüvə Tədqiqatları,  İqtisadiyyat, Riyaziyyat, Primatlar, Cənub-Şərqi Asiya.

Təhsil mərkəzləri: Hesablama Texnikası və Media Elmləri, Radiasiya Biologiyası, Ekoloji Tədqiqatlar, Kompleks Regionşünaslıq, Radioizotop Tədqiqatları, Ətraf Mühitin Mühafizəsi, Beynəlxalq, Ali Təhsil Sahəsi üzrə Qabaqcıl Təcrübənin İnkişafı, İnnovasiya Əməkdaşlığı, Aşağı Temperatur və Material Elmləri Tədqiqatı, Tarla Elmləri, Fundamental Kimya, Konsultasiya Mərkəzi, Kokoro Tədqiqat, Vəhşi Təbiətin öyrənilməsi, Arxeologiya Əməliyyatları, Səhiyyə Xidməti, Nano-Tibb Təhsilinin Birləşməsi, Sabit Elmlər, Gələcək Nəslə Şərait (Yol açma), "Karyera-yol" Cavan Alimlərə Yardım, Kosmosun Sinergetik Tədqiqatı, Əczaçılıq Sahəsi üzrə Cavan Liderlər Qrupu, Birinci Beynəlxalq Tədqiqat Təşəbbüsü, Afrika Regional Tədqiqat Mərkəzi, Qadın Tədqiqatçılar üçün Mərkəz, Riskli Biznes Laboratoriyası, Səhiyyə və Tibb Xidmətləri,  Kyoto Universiteti Muzeyi, Kyoto Universitetinin arxivləri.

Kyoto Universitetinin kitabxanası 1899-cu ildə yaradılıb. Universitetin ayrılıqda 85 kitabxanası mövcuddur. Bunlar Əsas, Udzi, Jinkan, Yukava, Oboda, Kurri və s. kitabxanalardır. Demək olar ki, bütün ixtisaslara aid ayrıca kitabxana var. ümumilikdə, kitabxana sisteminə 6256000 kitab, 89000 jurnal daxildir. Kitabxana İnternet şəbəkəsinə qoşulub. Oxucular rəqəmsal kitabxanada 24000 adda elektron jurnal, 60-dan çox verilənlər bazası, 3300 nadir kitab kolleksiyası, elektron kitablar, müxtəlif resurslarla tanış ola bilirlər.

Kyoto Universitetinin muzeyi ali məktəbin yarandığı gündən fəaliyyət göstərir. Bu vaxtadək muzey Yaponiyanın tarixinə, mədəniyyətinə, elminə, texnologiyasına və s. aid 2,5 milyondan çox əşya toplayıb. İstənilən şəxsə həmin nümunələrlə tanış olmaq imkanı yaradılıb.

Kyoto Universitetində Səhiyyə Xidməti fəaliyyət göstərir. Bu xidmət hər il bütün tələbələri və universitetin əməkdaşlarını müayinə edir, onlara sağlamlıqları haqqında sertifikat verir, xəstə tələbələri müalicə edir. Xidmətin daxili təbabət, psixiatriya, dermatologiya, oftalmologiya, otolarinqologiya, ortopediya, stomatologiya və s. departamentləri var. Səhiyyə Xidmətinin ofisləri Katsura, Udzi, Kumatori kampuslarında yerləşir. Universitetdə, həmçinin, müxtəlif bədbəxt hadisələrdən sığorta kampaniyaları mövcuddur.

Hazırda Kyoto Universitetinin işçi heyətinin ümumi sayı 5400 nəfərdir. Onların 2900-ü müəllim, 2500-ü inzibati işçidir. 2008-ci ilin oktyabrından universitetin prezidenti Hirosi Matsumotodur. O, Kyoto Universitetində elektronika sahəsi üzrə bakalavr, magistr və doktorantura pillələrində təhsil alıb.

Kyoto Universitetinin tələbələrin ümumi sayı 22700 nəfərə bərabərdir. Tələbələrin 13400-nü bakalavr, 9300-nü isə magistrant və doktorantlar təşkil edir. Universitetdə təhsil alan əcnəbi tələbələrin sayı 1353 nəfərdir. Burada bütün qitələrdən olan tələbələr təhsil alır.

Yerli tələbələrin qalmaları üçün əsas kampusda dörd yataqxana var. Bunlar Yoşida-Re, Kumano-Re, qızlar üçün Coşi-Re, magistr və doktorantlar üçün Muromati-Re yataqxanalarıdır. 

Əcnəbi tələbələrin və tədqiqatçıların yaşaması üçün Kyoto Universitetində üç beynəlxalq yataqxana mövcuddur - Şuqakuin, Udzi, Ohbaku. Burada qalmaq istəyənlər aprel və oktyabr aylarında müraciət edə bilərlər. Kirayə haqqı otağın ölçüsündən və şəraitindən asılıdır. Mətbəxi, İnternetə çıxışı olan birnəfərlik mənzilin biraylıq qiyməti 11700 yendir. İkinəfərlik yerin qiyməti 18900, ailə üçün nəzərdə tutulmuş mənzilin qiyməti isə 28400 yen təşkil edir. Burada, həmçinin, tələbələrin yaşaması üçün özəl mənzillər mövcuddur, qiymətlər isə 25000-45000 yen arasında dəyişir. özəl mənzillərdə qalanlar əlavə olaraq bir sıra vergilər, depozitlər ödəməlidir.

Kyoto Universiteti dünyanın qədim və ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindəndir. Bu ali təhsil ocağının tələbəsi olmaq dünyanın bir çox gənclərinin ən böyük arzusudur.  

Kyoto Universitetinin məşhur məzunları 

  Li Tenq-hui Tayvanın sabiq prezidenti  
  Hayato İkeda Yaponiyanın sabiq Baş naziri  
  Fumimaro Konoe Yaponiyanın sabiq Baş naziri  
  Tetsu Katoyama Yaponiyanın sabiq Baş naziri  
  Kijuro Şidehara Yaponiyanın sabiq Baş naziri  
  Osaçi Hamaquçi Yaponiyanın sabiq Baş naziri  
  Frenk Se Tayvanın sabiq Baş naziri  
  Hideki Yukava  Yaponiyanın ilk Nobel mükafatçısı, fizika üzrə (1949)  
  Şiniçiro Tomonaqa fizika üzrə Nobel mükafatı laureatı (1965)  
  Keniçi Fukui  kimya üzrə Nobel mükafatı laureatı (1981)  
  Susumu Toneqava tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı (1987)  
  Aunq San Syu Kyi  sülh üzrə Nobel mükafatı laureatı (1991)  
  Ryoji Noyori  kimya üzrə Nobel mükafatı laureatı (2001)  
  Makoto Kobayaşi fizika üzrə Nobel mükafatı laureatı (2008)  
  Toşihide Masukava fizika üzrə Nobel mükafatı laureatı (2008)  

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Fevral 2010 - 07
Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbində olub
 

Ötənilki test sualları müəllimlər üçün də çətin oldu

 

Bu il 25 məktəbin inşası başa çatdırılacaq

 
Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi
 
Mütəxəssislər tarix fənni üzrə test suallarının da mürəkkəb olduğunu bildirirlər
 
"Uğurlarıma görə müəllimlərimə borcluyam"
 
Dünya universitetlər: Kyoto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov