2010-cu ilin sentyabr ayında dahi bəstəkar,
müasir Azərbaycan musiqi sənətinin banisi,
görkəmli musiqişünas alim, publisist, dramaturq,
pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin
anadan olmasının 125 illiyi tamam olur.
Azərbaycan mədəniyyətinin inkişafı naminə
misilsiz töhfələr verərək müstəsna xidmətlər
göstərmiş Üzeyir Hacıbəylinin 125 illik
yubileyinin layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının
təklifləri nəzərə alınmaqla, Üzeyir Hacıbəylinin
125 illik yubileyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsinlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2010-cu il |