Martın 2-də Təhsil Nazirliyində nazir Misir
Mərdanovun iştirakı ilə 2010-2011-ci tədris ili
üçün dərsliklərin nəşrə və çapa hazırlanması ilə
bağlı müşavirə keçirildi. Tədbirdə təhsil
nazirinin müavini İsgəndər İsgəndərov, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyeva, Təhsil Nazirliyinin müvafiq
şöbələrinin müdirləri, tanınmış alimlər,
ayrı-ayrı fənlər üzrə ekspert müəllimlər,
dərsliklərin nəşri və çapını həyata keçirən
nəşriyyat-poliqrafiya müəssisələrinin rəhbərləri
və başqaları iştirak edirdilər.
Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq
ölkəmizdə dərslik siyasətinin uğurla
aparıldığını və bu sahədə müsbət nəticələrin
əldə olunduğunu söylədi. Nazir qeyd etdi ki, son
illər dərsliklərimizin məzmunu və poliqrafik
keyfiyyətinin yaxşılaşdırılması istiqamətində
xeyli işlər görülüb. Dərsliklərin
hazırlanmasında orta məktəblərdə müxtəlif
fənləri tədris edən müəllimlərin iştirakı artıb.
Məhz orta məktəb müəllimlərinin dərslik
müəllifliyinə gətirilməsi, dərsliklərin redaktə
və metodik cəhətdən işlənilməsinə cəlb edilməsi
dərslik sahəsindəki nöqsanların azaldılmasına
gətirib çıxarıb. Bunun müsbət hal olduğunu deyən
təhsil naziri bu işdə əməyi olan hər bir kəsin
zəhmətini yüksək qiymətləndirdi. Məlumat üçün
bildirdi ki, 2010-2011-ci tədris ili üçün
dərsliklərin nəşrə və çapa hazırlanması işinə
başlanılmışdır. Bu il 111 adda dərslik və
müəllim üçün metodik vəsaitin çapı nəzərdə
tutulur. Bunlardan 71-i I, VI və VIII-XI
siniflər, 40-ı isə III siniflər üçündür. III
siniflər üçün dərslik komplektlərinin çapı
tender yolu ilə müəyyənləşdiriləcəkdir.
Dərsliklərin hazırlanması və çapı ilə bağlı
həyata keçirilən tədbirlərdən ətraflı söz açan
nazir Misir Mərdanov daha sonra çap olunacaq
dərsliklərdə diqqət yetirilməsi vacib olan bir
sıra məqamlara toxundu. Təhsil naziri ekspert
müəllimlərin, mütəxəssislərin diqqətinə həmin
mühüm məsələləri çatdıraraq bunlarla bağlı öz
fikirlərini söylədi.
Qeyd olundu ki, dərsliklərin hazırlanması işində
orta məktəb müəllimlərinin sayının daha da
artırılması olduqca zəruridir. Belə ki, orta
məktəb dərsliklərini yazan şəxslər ümumtəhsil
məktəblərində bu fənləri tədris edən ən savadlı,
qabiliyyətli müəllimlər olmalıdır. Dərsliklər
hazırlanarkən şagirdlərin yaşı və qavrama
səviyyəsi nəzərə alınmalı, dərsliklərin elmi
yükü və dili bir qədər yüngülləşdirilməlidir.
Təhsil naziri Misir Mərdanov ayrı-ayrı fənlər
üzrə ekspert müəllimlərdən onlara təqdim olunan
dərslikləri oxuyarkən bu və digər məqamlara
diqqəti artırmalarını, ümumiyyətlə dərslik
hazırlığı ilə məşğul olan hər bir kəsə həmin
işə daha məsuliyyətlə, yüksək həssaslıqla
yanaşmağı tövsiyə edərək, hamıya uğurlar
arzuladı.
Geniş diskussiya şəraitində keçən tədbirdə çıxış
üçün söz alan AMEA-nın müxbir üzvü, professor
Vaqif Abbasov, Bakıdakı 31 nömrəli məktəbin
fizika müəllimi Kəmalə Abıyeva, "Təhsil"
Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru
Bəhruz Axundov, 60 nömrəli məktəbin biologiya
müəllimi Səfura Rəhimova, 23 nömrəli məktəbin
fizika müəllimi Firəngiz Tağıyeva, Bakı Avropa
Liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi
Aygün Mikayılova, Təhsil Nazirliyinin Kənd
rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri
Aydın Əhmədov, 160 nömrəli klassik gimnaziyanın
tarix müəllimi Leyla Axundova dərsliklərin
nəşrə və çapa hazırlıq məsələlərindən
danışaraq bununla bağlı öz fikir və
mülahizələrini söylədilər.
Samirə KƏRİMOVA |