Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

05 Mart 2010 - 09

 

"Ana dili" dərsliklərimizin tərtibi və nəşri tarixindən Təravətini saxlayan dərsliklər

 

Xalqımızın zəngin milli və ümumbəşəri elmi-pedaqoyi dəyərlərini tədqiq etmək, onları üzə çıxarmaq, onlara yeni nəfəs vermək, gənc nəslin elmi-pedaqoyi biliyinin artırılması işində ondan istifadə etmək bütün zamanlarda olduğu kimi, bu gün də aktualdır.Rəşid bəy Əfəndiyev. "Uşaq bağçası"

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" adlı məşhur fərmanında xalqımızın Mirzə Kazımbəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani kimi klassikləri sırasında Rəşid bəy Əfəndiyevin xidmətləri də yüksək qiymətləndirilir. Həmin fərmanda deyilir:

"XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunu məktəblərdə tədrisin ana dilində aparılmasında  gördüklərindən, Azərbaycan dilinə aid dərslik və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazımbəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbdülhəsən bəy Vəzirov, Səid Ünsüzadə, Rəşid bəy Əfəndiyev, Sultan Qənizadə, Məmmədtağı Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, A.Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır".

XIX yüzilliyin 30-cu illərindən etibarən Zaqafqaziyanın iri şəhərlərində və əsasən, qəza mərkəzlərində təsis edilən dövlət məktəblərinin tədris planına Azərbaycan dilinin rəsmən daxil edilməsi, bu dilin öyrənilməsinin zəruriliyi ana dilində yeni dərslik və tədris vəsaitlərinin yaranması ilə nəticələndi. Digər millətlərdən olan şagirdlərin də bu dili öyrənmələri üçün nəzərdə tutulmuş həmin dərslik və tədris vəsaitlərinin tərtibi Azərbaycan dilində yeni metodla dərslik tərtibinin birinci mərhələsi hesab edilir.

XIX əsrin 80-ci illərindən başlayaraq, meydana gələn xalq məktəbləri ilə əlaqədar ana dilində dərsliklər tərtibinin ikinci dövrü başlandı. Bu dövrdə yaranan dərsliklər yalnız azərbaycanlılar üçün nəzərdə tutulurdu. Rəşid bəy Əfəndiyev. "Bəsirət-ül-ətfal",  Bakı, 1901.

"Ana dili" dərsliklərinin tərtib edilməsində Rusiyanın mütərəqqi məktəb təcrübəsinin və pedaqogikasının mühüm rolu oldu. Cənubi Qafqazda və Rusiyanın daxili quberniyalarında rus dilində təhsil almış gənclərin qabaqcıl dəstəsi mütərəqqi rus mədəniyyəti və pedaqogikasının təsiri altında Azərbaycanda elm və mədəniyyəti, məktəb və xalq maarifini inkişaf etdirirdilər. F.Köçərli yazırdı: "Onların bəziləri dərsliklər tərtib etməklə, başqaları rus ədəbiyyatından tərcümələr etməklə məşğul olur, bəziləri də povest və romanlarda öz gücünü sınayır, bir hissəsi də özlərini tamamilə dramatik ədəbiyyata həsr edirdilər".

Azərbaycan ziyalılarının ədəbi, elmi və pedaqoji yaradıcılığı içərisində yeni metodla dərsliklər tərtib etmək əsas yeri tuturdu.

XIX əsrin sonu və XX əsrin birinci yarısında Azərbaycanda xalq maarifi və pedaqoji fikrin inkişafı tarixində mühüm yer tutan, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra özünün əməli pedaqoji fəaliyyəti ilə pedaqogika elminin və məktəb təhsilinin inkişafı üçün mühüm xidmətlər göstərən görkəmli müəllim və pedaqoqlardan biri də Rəşid bəy Əfəndiyev olmuşdur.

R.Əfəndiyev 1863-cü ildə Nuxada (indiki Şəki) anadan olmuşdur. Nuxada Cümə məscidi yanındakı mollaxanalardan birində ilk təhsil alan Rəşid bəy, sonralar təhsilini şəhər məktəbində davam etdirmişdir.

Rəşid bəy təhsilini davam etdirmək üçün hərbi məktəbə daxil olmaq istəmiş, lakin 1878-ci ildə M.F.Axundovla görüşü onu bu məqsəddən çəkindirmişdi. Rəşid bəy sonralar öz tərcümeyi-halında bu barədə yazırdı: "M.F.Axundov mənə hərbi məktəbə girməyi məsləhət görmədi. Ancaq dedi ki, qardaş oğlu, gələn il Qoridə yalnız müsəlmanlardan ötrü tatarski otdeleniye (Azərbaycan şöbəsi - H.Ə.) açılır. O məktəb sənə çox münasibdir. Oraya mən səni indidən kandidat yazdıraram".

1879-cu ildə A.O.Çernyayevski Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə tələbə toplayarkən İrəvan, Naxçıvan, Şuşa, Şamaxı, Qazax və s. şəhərlərlə yanaşı, Nuxaya da gəlir və Rəşidi Qoriyə aparır. Həmin il Rəşid bəy Qori Müəllimlər Seminariyasına daxil olur. 1882-ci ildə oranı bitirib, Qutqaşendə açılan ikisinifli ibtidai xalq məktəbinə müdir və müəllim təyin olunur.  8 il Qutqaşendə müəllimlik etməklə yanaşı, Qafqaz Arxeoloji Cəmiyyəti ilə əməkdaşlıq etmiş və özünün "Nour gölü", "Qutqaşen kəndi haqda bir neçə məlumat", "Nuxa qəzasında xalq səhiyyəsi" və s. adlı məqalələrini "Sbornik materialov po opisanie mestnostey i plemen Kafkaza" məcmuəsində nəşr etdirmişdi. Rəşid bəy 1892-ci ildə Tiflisə köçür. Orada müəllimlik etməklə bərabər, həm də Zaqafqaziya müsəlmanlarının ruhani idarəsində katib müavini vəzifəsində çalışır.

Rəşid bəyin həyatı və fəaliyyətində diqqəti cəlb edən cəhətlərdən biri də onun 1900-cü ildən 1916-cı ilə qədər Qori Müəllimlər Seminariyasında müəllimlik etməsidir. O, bu dövrdə seminariyanın müəllim və şagird kollektivi arasında yüksək hörmət və nüfuz qazanmışdır. Məhz buna görədir ki, Qafqaz Tədris Dairəsinin direktoru onu 1911-ci ildə fərqlənmə medalı ilə təltif etmişdir.

Rəşid bəy sonralar İrəvan quberniyasında müsəlman məktəblərinin müfəttişi işləmiş, Naxçıvanda, Kuban vilayətinin tatarlar yaşayan Tiberda rayonunda və Qaraçay vilayətində qısamüddətli müəllimlər kursu təşkil etmiş və 1918-1919-cu illərdə Bakıda Müəllimlər Seminariyasının direktoru vəzifəsində işləmişdir.

Rəşid bəy həyatının son dövrünü doğma Nuxa şəhərində keçirmiş və orada fəaliyyət göstərmişdir. O, 1920-ci ildə Nuxada darülmüəllim (kişi seminariyası), darülmüəllimat (qadın seminariyası) təşkil edir və zəhmətkeş balalarından, xüsusilə qızlardan yüzlərlə gənc müəllim kadrı hazırlayır.

1925-ci ildə Nuxa ictimaiyyəti R.Əfəndiyevin pedaqoji və ədəbi fəaliyyətinin 43 illik yubileyini keçirmişdir. Həmin il Rəşid bəyə ömürlük dövlət təqaüdü təyin edilmişdir, lakin o, pedaqoji fəaliyyətindən ayrıla bilməmiş və 1933-cü ilə qədər Nuxa Pedaqoji Məktəbində rus dili müəllimi vəzifəsində işləmişdir.

R.Əfəndiyev 1942-ci il avqustun 31-də Nuxada 79 yaşında vəfat etmişdir. Hazırda Şəkidə R.Əfəndiyev adına küçə salınmış və onun yaşadığı ev ölkəşünaslıq muzeyinə çevrilmişdir.

R.Əfəndiyevin 60 illik fəaliyyəti rəngarəng və çoxcəhətlidir, lakin hər şeydən əvvəl, o, müəllimdir, pedaqoqdur.

R.Əfəndiyevin pedaqoji görüşlərində dövrünün təlim-tərbiyə sisteminin bir sıra məsələlərinə aid maraqlı və  əhəmiyyətli cəhətlər vardır.

R.Əfəndiyev elmi və pedaqoji fəaliyyətə hələ Zaqafqaziya Müəllimlər Seminariyasının tələbəsi ikən başlamışdır. O, seminariyanın I kursunda oxuyarkən özünün müəllimi A.O.Çernyayevski (1840-1894) ilə birlikdə Azərbaycan şöbəsinin tədqiqat məktəbi (nümunə - baza məktəbi - H.Ə.) üçün proqram tərtib etmişdir.

Seminariyanın III kursunda ikən həndəsə və cəbrdən həll etdiyi məsələlərdən ibarət "Həndəsə ilə hesab məsələləri məcmuəsi" kitabını yazmış, həndəsə kitabını rus dilinə tərcümə etmişdir. Həmin əsərlər Moskvada təşkil olunmuş Ümumrusiya Sənaye, Kənd Təsərrüfatı, Elm və Mədəniyyət sərgisinə göndərilmiş və Zaqafqaziya Müəllimlər Seminariyası bu kitablar üçün sərgi komitəsi tərəfindən 1882-ci ildə ikinci dərəcəli diplom və gümüş medalla mükafatlandırılmışdır. Bununla yanaşı, R.Əfəndiyev yuxarıda deyildiyi kimi, seminariyada oxuyarkən A.O.Çernyayevskinin "Vətən dili" adlı əlifba dərsliyinin hazırlanmasında fəal iştirak etmişdir.

Sövti üsul əsasında yazılan bu əlifba kitabı o zamanlar üçün çox böyük pedaqoji hadisə idi. Bu kitab əsrlərdən bəri davam edən höccələmə (əbcəd-çərəkə) üsullarına qarşı ilk qüvvətli bir hücum və zərbə idi.

R.Əfəndiyevin pedaqoji fəaliyyətində diqqəti cəlb edən çox mühüm cəhətlərdən biri onun ana dilində dərsliklər tərtib etməsidir. Rəşid bəy hələ seminariyada oxuyarkən, K.D.Uşinskinin pedaqoji görüşlərinin təsiri altında yeni Azərbaycan məktəbi yaratmağı qarşısına məqsəd qoymuşdur. Buna görə də o, seminariyada oxuyarkən, gələcək Azərbaycan məktəbləri üçün ana dilində mükəmməl bir vəsait yaratmaq haqqında düşünürdü. Rəşid bəy yaradacağı xalq məktəblərində şagirdlərə ana dilini öyrətməyi əsas götürürdü. Buna görə də o, seminariyanı qurtarıb kənddə müəllimlik etdiyi vaxt Çernyayevskinin "Vətən dili" dərsliyini təcrübədən keçirib onun bütün müsbət və mənfi cəhətlərini aşkar etmişdi. Rəşid bəy müəyyən etmişdi ki, A.Çernyayevski ərəb əlifbasını, onun bütün mürəkkəb xüsusiyyətlərini dərindən öyrənə bilmədiyindən, "Vətən dili" kitabının tərtibində bəzi səhvlərə yol vermişdir. Mollalar Çernyayevskiyə öyrətmişdilər ki, ərəb əlifbasında hərflərin hər birinin dörd yazılış şəkli var (biri sözün əvvəlində yazılan, biri ortada yazılan, biri başqa hərflə bağlı, biri də müstəqil olan). A.O.Çernyayevski də ərəb əlifbasında 32 hərfin hər birinin dörd şəkli olduğunu nəzərə alıb, kitabında 32x4=128 dərs-oxu üçün mətn düzəltmişdir. Bu səbəbdən Çernyayevskinin "Vətən dili" kitabı ilə dərs aparan müəllim məcbur idi ki, yalnız əlifbanı öyrətmək üçün şagirdləri azı altı ay məşğul etsin.

R.Əfəndiyev bütün bu nöqsanları aradan qaldırmaq üçün özünün onillik pedaqoji təcrübəsinə və K.D.Uşinskinin pedaqoji görüşlərinə əsaslanaraq, "Uşaq bağçası" adlı yeni əlifba kitabını yazmışdır. "Vətən dili" dərsliyinin müvəffəqiyyətlərini inkişaf etdirən bu kitab ilk dəfə 1898-ci ildə İstanbulda çap edilmişdir. Kitabın birinci nəşri 104 səhifədən ibarətdir.

R.Əfəndiyevin "Uşaq bağçası" kitabının Çernyayevskinin "Vətən dili" kitabından bir sıra fərqi və üstünlüyü vardır. Bu fərq ondan ibarət idi ki, Çernyayevskinin "Vətən dili" kitabı vasitəsi ilə ərəb əlifbasını şagirdə 6 aydan az vaxtda öyrətmək mümkün olmadığı halda, Rəşid bəy Əfəndiyevin "Uşaq bağçası" kitabı vasitəsi ilə bu əlifbanı bir ay müddətində öyrətmək, şagirdlərə yazı vərdişlərini aşılamaq mümkün idi. Buna görə də Rəşid bəy Əfəndiyev kitabın titul səhifəsində belə yazmışdı: "Savadsız adam bir ayda oxuyar və yazar".

Rəşid bəy Əfəndiyev "Uşaq bağçası" kitabında əvvəlcə ərəb məxrəci ilə ifadə olunan 8 ərəb hərfini ataraq 24-nü saxlamışdır. O, "Uşaq bağçası" kitabında 24 hərfin hər birinə aid bir dərs nümunəsi verməklə kitaba 24 mətn daxil etmişdir.  "Uşaq bağçası" kitabına yazmış olduğu müqəddimə şagirdlərə ilk dəfə xətlər və şəkillər çəkmək, bunlara aid sual-cavab aparmaq, iki və daha çox "müxtəlif cisimlərin bir-birindən fərq və təfavütünü, müsavi və oxşayışını ayırd etmək", sonra şagirdlərə cisimlərin adlarından və bir mənaya dəlalət edən sözlərdən cümlə (mətləb) tərtib etməyi öyrətmək, həmçinin hecaları, hecanın sait sözlərdən əmələ gəlməsini şagirdə izah etmək kimi məsələlərdən bəhs olunur. Bu yolla əvvəlinci dərsdən oxumaq və yazmağın bünövrəsinin qoyulması göstərilir. Kitabdakı 28 mətn -28 dərs keçildikdən sonra "şagirdin kəmalincə yazmaq və oxumağı" bacarması qeyd edilir.

R.Əfəndiyev sonralar 1901-ci ildə yazdığı "Müəllimlər üçün üsuli-cədid üzrə ən əvvəl şüru etmənin qəvaididir" adlı metodiki göstərişində yuxarıda göstərilən fikirlərini inkişaf etdirərək, ana dili təlimində səs üsulunun üstünlüklərini bir daha göstərmişdir.

Rəşid bəy xalqın kitaba rəğbətini və məktəbə məhəbbətini daha da artırmaq üçün "Uşaq bağçası"nın sonrakı çapında bir sıra təshih və əlavələr etmişdir.

R.Əfəndiyevin "Uşaq bağçası" kitabı Azərbaycan dilində təhsil verən bütün dövlət və xüsusi tədris məktəblərində istifadə etmək üçün Qafqaz Təhsil Dairəsi tərəfindən bəyənilmişdir. "Uşaq bağçası" dörd dəfə (cəmi 90.000 nüsxə) nəşr edilmişdir. Bu kitab təkcə Zaqafqaziya məktəblərində deyil, Şimali Qafqaz və Orta Asiyadakı müsəlman məktəblərinin inkişafında da mühüm rol oynamışdır.

R.Əfəndiyev Azərbaycanda K.D.Uşinskinin ardıcılı və onun ideyasını əməli surətdə həyata keçirən ilk görkəmli pedaqoq və maarif xadimlərindən biri olmuşdur.

R.Əfəndiyev yazmışdır: "Mən, o zaman məktəblər tarixinə göz gəzdirdim, gördüm ki, rus milləti vaxtı ilə "serkovno slovyanski" (kilsə-slavyan-H.Ə.) yazıdan əl götürüb ana dilində təzə "Rodnoe slovo Uşinskoqo I ç." kitabı ilə məktəblərini milliləşdirmişlər... "Mən də onu təqlidən balalarımızı ərəb və fars dillərindəki mövhumata və lüğət əzbərləməyə məcbur və məşğul edən əski ərəb məktəbini təməlindən yıxıb türk qövmü üçün ana dilində əsaslı bir dərsxana meydana gətirə bildim".

R.Əfəndiyevin ədəbi yaradıcılığı M.F.Axundovun təsiri altında inkişaf etdiyi kimi, pedaqoji fikirləri də K.D.Uşinskinin mütərəqqi ideyalarının təsiri altında inkişaf etmişdir.

Sözünə davam edən R.Əfəndiyev yazmışdır: "Pedaqojini öyrəndikdən sonra mən anladım ki, köhnə məktəb xalqa maarif və bilik verməyir, köhnə məktəb dağıdılmalıdır. Bu isə yalnız K.D.Uşinskinin yeni üsulla olan dərs kitabı kimi, öz məktəbimiz üçün ana dilində dərs kitabını tərtib etməklə mümkündür".

R.Əfəndiyev yazır ki, məhz bu məqsədlə də "Uşaq bağçası" kitabını qiymətli bir əsərə bənzətmək üçün pedaqoq Uşinskinin məşhur və məhbub əlifba kitabçasını özümə rəhbər etdim.

"Uşaq bağçası" kitabına daxil edilmiş şeir parçalarının bir hissəsi müəllif tərəfindən rus şairlərinin əsərlərindən tərcümə edilmişdir.

R.Əfəndiyevin ikinci məşhur dərsliyi "Bəsirət-ül-ətfal" kitabıdır. Qeyd etmək lazımdır ki, Rəşid bəy ZMS-nin Azərbaycan şöbəsinə müəllim təyin olunarkən, bu şöbənin tələbələri üçün Azərbaycan dilində mükəmməl bir kitab yox idi. Buna görə də o, Tiflisdə işlərkən tərtib etdiyi ədəbi qiraət kitabını 1901-ci ildə 2 min tirajla "Bəsirət-ül-ətfal" adı ilə Bakıda nəşr etdirmişdir. Bu barədə o, öz tərcümeyi-halında yazmışdır: "Tiflisdə ikən düzüb-qoşduğum "Bəsirət-ül-ətfal", müntəxəbatını əgər Bakıda tələsik basdırmasaydım, Qori seminariyasında türk lisanı dərsləri üçün məndən müqəddəm əldə bir kitab yox idi. Mənə də türk dili dərsləri həvalə olunduğu üçün 1902-ci sənədə, mən də öz kitabımdan dərs verməyə başlamışdım".

Kitabın titul səhifəsində onun məqsədi və onun müəllifi göstərilir: "Məktəblərdə oxunmalı türki-qiraət kitabıdır". Kitabın müəllifi və naşiri "Şaki" təxəllüslü Zaqafqaz Darül-müəlliminin müsəlman şöbəsinin elm-ilahi müəllimi Rəşid bəy Əfəndizadə. Kitab bismilləhir-rəhmanir-rəhim ilə başlayır.

"Uşaq bağçası"nda olduğu kimi, müəllif bu kitabda da savad təlimi, oxu texnikasını inkişaf etdirmək məsələləri ilə yanaşı, həm də onların tərbiyə edilməsinə, əxlaqına təsir etməyə xüsusi fikir vermişdir. Bu cəhətə böyük əhəmiyyət verən müəllif əsərin titul səhifəsində yazmışdır:

"Müsəlman millətinin tərbiyeyi-əxlaqına və məlumati-nafiəsinə xidmət edici tazə bir kitabdır".

"Bəsirət-ül-ətfal" kitabı üç babdan, yəni üç hissədən ibarətdir. Birinci hissə hər biri bir dərsdən ibarət olan kiçik hekayələrdir ki, bunların da bəzisi nəzm, bəzisi isə nəsr ilə verilmişdir.

Kitabın "Azərbaycan ədəbiyyatı nümunələri" adlanan ikinci hissəsi iki yarım başlıqdan ibarətdir. Birinci yarım başlıq "Ədəbiyyat" xüsusunda bir para məlumat adlanır. Kitabın ən yaxşı cəhətlərindən biri də budur ki, uşaqlara yazı nümunələri yazının nəsr və nəzm növlərinə - məktub, təbriknamə, dəvətnamə, təziyətnamə (başsağlığı) yazmaq qaydasına aid nümunələr, izahlar, şərhlər verilməsidir. Şeir növlərinə, o cümlədən qəsidə, qəzəl, nöhə (vəfat etmiş insan barəsində yazılmış ahu-fəğan, qəmli şeir növü), mədh- (bir şəxsin mərhəmətinə ithaf edilən şeir), həcv, rübai, bayatı, ağı və s. haqda kitaba daxil edilən material maraqlıdır.

Dərsliyin üçüncü hissəsi müsəlman uşaqları üçün təlim və tərbiyə vəzifələrinin ən vacibi hesab etdiyi dini qaydalara aiddir. "Hər bir şəxsə xaliqini bilmək fərzdir", - deyən müəllif yazır ki, "Xaliq özü hər yerdə iştirak edir və müşahidə edir", insanın hər bir əməlini görür. Odur ki, gərək insan uşaqlıq dövründə "dini-İslami" kəmalınca bilsin. Burada müəllifin  gəldiyi  nəticə  budur  ki:  doğruluq  və  sədaqət, insaf və mürvət, həya və ədəb, əmanət və diyanət (yəni dindarlıq), hümmət və şəfqət,  elm  və  mərifət,  əfkari-aqibət  (yəni  gördüyün işin  sonunu  fikirləşmə)  və s.

 "Uşaq bağçası" kitabında olduğu kimi, "Bəsirət-ül-ətfal" kitabında da müəllif rus və Azərbaycan ədəbiyyatının klassiklərinin bəzilərinin  əsərlərindən nümunələr vermişdir.

Azərbaycan klassik şairlərindən M.Füzuli və S.Ə.Şirvanidən bir sıra parçalar verməklə yanaşı, böyük rus şairlərindən İ.A.Krılovun "Ayna və meymun", "Kəndli və ilan", "Qurd və pişik", A.S.Puşkinin "Kaftar", "Torçu və balıq", "Hal anası", "Bağçasaray fontanı" və s. hekayə və şeirlərini tərcümə edərək kitabda verilmişdir.

Kitabın bu məziyyətlərindən bəhs edən tanınmış ədəbiyyatşünas alim, professor M.Rəfili "İ.A.Krılov və Azərbaycan ədəbiyyatı" adlı kitabında R.Əfəndiyevin böyük rus yazıçılarından bacarıqla etdiyi bu tərcümələrə yüksək  qiymət vermişdir.

R.Əfəndiyevin "Bəsirət-ül-ətfal" kitabında yuxarıda göstərdiyimiz rus klassiklərinin bəzi əsərlərinin tərcümələri ilə yanaşı, özünün məişətimizdə olan nöqsanları göstərən, xeyirxahlıq, yoldaşlıq və əxlaqi sifətlər aşılayan şeir, hekayə və rəvayətlərini də dərsliyə daxil etmişdir. Bu şeir, hekayə və rəvayətlərdə vətənin təbiətini sevmək, xalqın məişətini bilmək, məktəbə getmək, elm öyrənmək və s. məsələlər ön planda qoyulmuşdur.

R.Əfəndiyevin "Bəsirət-ül-ətfal" kitabında kənd təsərrüfatı, təbiət və coğrafiyaya aid bir sıra məlumatlar da verilmişdir.

"Uşaq bağçası" kimi, bu dərslik də məktəb təhsilinin, təlim və tərbiyə işlərinin yaxşılaşmasında mühüm rol oynamışdır. "Bəsirət-ül-ətfal" kitabı XX əsrin əvvəllərində məktəblərdə istifadə edilən ən yaxşı vəsaitlərdən biri olmuşdur.

Təkcə onu qeyd etmək kifayətdir ki, "Bəsirət-ül-ətfal" kitabı 1901-ci ildən 1912-ci ilə kimi 42.000 tirajla 4 dəfə çap olunmuşdur. Kitabı hər dəfə çapa hazırlayarkən müəllif əlavə materiallarla onu zənginləşdirmiş və bir daha təkmilləşdirmişdir.

R.Əfəndiyevin dərslikləri uzun müddət Azərbaycan məktəblərində geniş miqyasda istifadə edilmiş və Azərbaycan gənclərinin bütöv bir nəsli bu kitablardan təlim və tərbiyə almışdır.

Azərbaycan Beynəlxalq Universiteti nəzdində fəaliyyət göstərən "Təhsilin aktual problemləri" elmi-tədqiqat laboratoriyasının əməkdaşları XIX əsrdə nəşr olunan "Ana dili" dərslikləri, o cümlədən R.Əfəndiyevin haqqında bəhs etdiyimiz dərsliklərini ərəb əlifbasından mövcud latın əlifbasına transliterasiya edərək oxuculara çatdırılmışlar. 

Hüseyn ƏHMƏDOV,
pedaqoji elmlər doktoru,
professor, Rusiya Təhsil
Akademiyasının akademiki

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
05 Mart 2010 - 09
F.Ə.Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş uşaq bağçası açılıb
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşüb
 
Xarici ölkələrin ali məktəblərində azərbaycanlı tələbələrin təhsil alması üçün yeni imkanlar yaradılır
 
"BP-Azərbaycan" şirkəti ölkədə elm və təhsilin inkişafına yardım edir
 
Azərbaycanın uşaq və gənclər birliyi BMT mükafatına layiq görülüb
 
İstedadlı uşaqlar üçün informasiya bankı yaradılacaq
 
Təhsilin bütün pillələrində adambaşına düşən xərclər artıb
 
Əməkdaşlığa dair razılıq əldə olunub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində dərsliklərin hazırlanması ilə bağlı müşavirə keçirilib
 
Peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyəti vurğulanıb
 
Təhsil naziri Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru ilə görüşüb
 
Qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
 
Səfir ADU-nun qonağı olub
 
"Azərbaycanın elmi diasporu" layihəsi çərçivəsində İnternet portalı yaradılıb
 
Alimin 80 illik yubileyi qeyd edilib
 
Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
 
Müəllim hazırlığına yeni yanaşmalar.  "Təhsilin əsasları" fənninin pedaqoji təcrübə ilə inteqrasiyası
 
"Ana dili" dərsliklərimizin tərtibi və nəşri tarixindən Təravətini saxlayan dərsliklər
 
Ölkəmizin bir qrup təhsil işçisi ABŞ-da "Məktəb liderliyi" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib
 
İkiqat bayram sevinci
 
Ziyalı alim
 
"Müasir dərsə verilən tələblər" mövzusunda  "açıq dərs"
 
Vətənə, xalqa xidmət tədrisə münasibətdən başlanır
 
Daha bir məktəbdə Valideyn-Müəllim Assosiasiyası yaradıldı
 
Yeniyetmə rəssamlarımız beynəlxalq müsabiqələrdə uğur qazanırlar
 
Ənənəvi əl işləri sərgisi keçirilib
 
AMİ-də Ümumdünya Mülki Müdafiə gününə dair tədbir keçirilib
 
NDU-da yubiley tədbiri
 
Əlil və kimsəsiz uşaqlar üçün yeni layihə
 
Turnirin qalibləri mükafatlandırılıb
 
Tennis üzrə ölkə birinciliyi Şəkidə keçiriləcək
 
Şəhidlərin xatirəsinə həsr olunmuş respublika şahmat turniri
 
Basketbol üzrə respublika birinciliyi
 
Dünya universitetləri: Karnegi Mellon Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov