Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - ¹10

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) təşkilatları ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi sizinlə bölüşəcəyəm.

Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə təhsil sahəsində əməkdaşlığımız iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, bu əməkdaşlığın hazırkı səviyyəsi kifayət qədər yüksəkdir.

Azərbaycan və Almaniya arasında təhsil mübadilə proqramları əsasən DAAD tərəfindən həyata keçirilir. Bu təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr alman dilinin öyrənilməsi və tələbələr üçün yay məktəblərindən başlamış, ali məktəblərin akademik heyəti və elmi-tədqiqat işçilərinin Almaniyada elmi təcrübə keçməsi və tədqiqat aparmasına qədər çoxprofilli proqramları əhatə edir.

DAAD təxminən 300 alman universitetinin birliyi olan qeyri-dövlət təşkilatıdır. O, həmin universitetləri xarici ölkələrdə təmsil edir. DAAD-ın əsas məqsədi Almaniya ilə tərəfdaş ölkələr arasında akademik münasibətlərin inkişafı, xüsusən elmin inkişafına yardım, alman təhsil sisteminin, ümumiyyətlə, akademik təcrübənin ölkə hüdudlarından kənarda yayılmasıdır.

Bu gün DAAD dünyanın, demək olar ki, əksər ölkələrində təmsil olunur. Təşkilatın təqribən 200 milyon ABŞ dolları həcmində illik büdcəsi vardır ki, bu da Almaniyanın vergi gəlirləri, müəyyən miqdarda isə Avropa Birliyindən gələn mənbədən formalaşır. Bu büdcə Almaniya ilə dünyanın digər ölkələri arasında mübadilə və kooperasiya proqramlarına sərf olunur. Təşkilat hər il 60 minə yaxın təqaüd ayırır ki, bununla da almanların xaricdə, əcnəbilərin isə Almaniyada təhsil almalarına və tədqiqat aparmalarına geniş imkanlar açılır. DAAD bir çox milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində Almaniya və xarici ölkələrdə islahat layihələrini dəstəkləyir. Bu qurum Almaniyada müxtəlif təsisatlar, birliklər, firma və xarici ölkə nümayəndəlikləri ilə əməkdaşlıq edən ən böyük təşkilatdır.

1925-ci ildə yaradılan DAAD 85 ildir ki, fəaliyyət göstərir və onun böyük təcrübəsi və zəngin ənənələri mövcuddur. Birinci Dünya müharibəsindən sonrakı həmin dövrdə Almaniyada, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi çətinliklər yaranmışdı. Belə bir şəraitdə Almaniya təhsilini inkişaf etdirmək və onu xaricdə tanıtmaq zərurəti meydana çıxmışdı. DAAD məhz həmin zərurətdən yaranmışdır. İkinci Dünya müharibəsi illərində öz işini dayandıran DAAD 1950-ci ildə fəaliyyətini yenidən bərpa etmişdir. Bir çox dövlətlərin, xüsusilə də ABŞ-ın köməyi sayəsində Almaniya artıq yenidən öz təqaüdlərini verməyə başlamış, Avropa və Amerikada mübadilə proqramları həyata keçirilmişdir.

DAAD-ın Azərbaycandakı fəaliyyətinə gəlincə, onun tarixi ötən əsrin 60-cı illərinə - Sovet İttifaqı dövrünə təsadüf edir. Moskvada fəaliyyət göstərən nümayəndəlik vasitəsilə təşkilat Sovet İttifaqı ilə əməkdaşlıq edirdi. Bu əməkdaşlıq çərçivəsində 60-cı illərdən Azərbaycana da təqaüdlər verilmişdir. Əsasən mühəndislər və alman dili mütəxəssislərindən ibarət olan bu təqaüdçülərin sayı o qədər də çox olmamışdır.

1988-ci ildə təşkilat ilk təmsilçisini Bakıya göndərmiş və o, 1990-cı ilədək Azərbaycanda fəaliyyət göstərmişdir, lakin ölkə müharibə şəraitində olduğu üçün nümayəndəlik öz işini dayandırmalı olmuşdur. Sovet İttifaqı dağıldıqdan sonra DAAD müstəqillik əldə etmiş yeni dövlətlərlə əməkdaşlıq proqramları həyata keçirməyə başlamışdır. 1990-1997-ci illərdə Azərbaycanda DAAD-ın təmsilçiliyi olmamışdır. Azərbaycanla əməkdaşlıq Moskvadakı nümayəndəlik vasitəsilə həyata keçirilmişdir. Mübadilə proqramlarının həyata keçirilməsi Almaniya səfirliyi və keçmiş Təqaüdçülər Birliyinin fəaliyyəti ilə bağlı olmuşdur. 1997-ci ilin fevral ayında DAAD Bakıda yenidən nümayəndəliyini açmışdır və hazırda fəaliyyətini uğurla davam etdirir.

DAAD-ın üç əsas fəaliyyət sahəsi vardır. Bunlardan biri informasiya, ikincisi yardım, üçüncüsü isə maliyyələşdirmədir. Təşkilat Almaniyada təhsil sistemi və ali məktəblər, xaricdəki ali məktəblərdə tədris kursları, yardım imkanları və təqaüdlər haqqında informasiya yayır, tələbələrə, ali təhsilli gənc mütəxəssislərə, Almaniyadan və xaricdən olan alimlərə mindən çox proqramla yardım göstərir. İllik qısamüddətli təqaüdləri, qrup şəklində proqramları, tələbə praktikasını və tələbə gəzintilərini, alimlərin, habelə xarici məktəblərin dəvəti ilə işləyən müəllimlərin mübadiləsini, alman ali məktəbləri arasında elmi əməkdaşlıq layihələrini maliyyələşdirir.

DAAD, ilk növbədə, ali təhsilin bütün pillələri üzrə akademik mübadilələri təşkil edir. Mübadilə, əsasən, ayrı-ayrı şəxslərə verilən fərdi təqaüdlər şəklində həyata keçirilir. Bu təqaüdlər elmi işlərini davam etdirmək istəyən professorlara, elmi işçilərə və aspirantlara təqdim olunur. Qurum ali məktəblərdə akademik dairədə fəaliyyət göstərən elmi işçilərə üstünlük verir. Təşkilat, eyni zamanda ayrı-ayrı qurumlar, universitetlər arasında olan mübadilə proqramlarını da maliyyələşdirir.

DAAD Azərbaycana hər il təqribən 70-ə qədər təqaüd ayırır. Təqaüd proqramlarında tədqiqat səfərləri, yay kurslarının təşkili, illik təqaüdlər, qrup səyahətləri üstünlük təşkil edir. Təqaüd proqramları nəticəsində Azərbaycanın dörd ali məktəbi ilə alman ali məktəbləri arasında səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu, Azərbaycan Dövlət Neft Akademiyası ilə Zigen İnstitutu, Azərbaycan Dillər Universiteti ilə Boxum Universiteti, Azərbaycan Texniki Universiteti ilə Köln Tətbiqi Elmlər Ali Məktəbi, Bakı Dövlət Universiteti ilə Hamburq Universiteti arasında olan əlaqələrdir.

DAAD-ın fəaliyyəti yalnız təqaüd proqramları ilə məhdudlaşmır. Bunlarla yanaşı, aşağıdakı istiqamətlər üzrə layihələr də həyata keçirilir:

-alman və Azərbaycan tədqiqat və təhsil müəssisələri arasında əlaqələrin yaradılması (institut və ali məktəb əməkdaşları, elmi işçilər üçün tədqiqat əlaqələri);

-germanistikanın inkişafına yardım və onun yenidən qurulması (xüsusən Azərbaycan Dillər Universitetində müəllimlərin təkmilləşmə məqsədilə Almaniyaya göndərilməsi, yeni tədris materiallarının əldə edilməsi);

-universitetlərdə alman dilinin tədrisinin inkişafına yardım (dil kurslarının təşkili, alman dili dərslərinin təşkili metodikasının təkmilləşdirilməsi, fakültələrdə dil dərslərini təşkil edəcək Dil Tədris Mərkəzinin yaradılması);

-qeyri-alman dili fakültələrində alman dilinin və ya alman dili ixtisas bölmələrinin inkişafına yardım (məsələn, beynəlxalq münasibətlər və ya tətbiqi riyaziyyat fakültələrində);

-regional səviyyədə əməkdaşlığın yaradılması;

-Almaniya ali məktəbləri haqqında informasiya, Almaniyada öz hesabına təhsil almaq istəyənlərə kömək (həftədə iki dəfə olmaqla Almaniyada təhsil və təqaüd almaq imkanları haqqında məsləhət saatları);

-Almaniyada Azərbaycanın təhsil sisteminə dair məlumatların yayılması (Azərbaycan ali məktəbləri haqqında alman dilində broşüra hazırlanmışdır);

-elmin inkişafına yardım (müxtəlif sahələr üzrə alman-Azərbaycan və Azərbaycan-alman lüğətləri çap olunmuşdur).

DAAD-ın Azərbaycanda həyata keçirdiyi təqaüd proqramları geniş və əhatəlidir.

Aspirantlar və gənc alimlər üçün tədqiqat təqaüdləri. Bu təqaüdlər dərəcə verilməsini nəzərdə tutmur. Təqaüdlər üçün yaşı 36-ya qədər olan, alman dilini bilən və ali məktəbdə, tədqiqat institutlarında çalışan gənc tədqiqatçılar müraciət edirlər. İddiaçı alman dilini yaxşı bilmirsə, ona əlavə olaraq 2-4 ay ərzində dil kursları təşkil olunur. Proqramın müddəti 36 yaşadək olanlar üçün 1-6 aylıq, 32 yaşadək olanlar üçün isə 7 ay və bundan artıq ola bilər. Proqram üçün müraciət edən şəxs Almaniyada keçirəcəyi tədqiqat proqramının alman professoru tərəfindən razılaşdırılmış iş planına malik olmalıdır. Təqaüdü almış namizədlərin təhsil, yaşayış və gündəlik xərcləri ödənilir.

Ali məktəb müəllimləri və alimlər üçün tədqiqat səfərləri təqaüdləri. Bu təqaüdlər ali məktəblərdə və elmi-tədqiqat institutlarında çalışan, Almaniyanın dövlət və yaxud hökumət tərəfindən tanınmış qeyri-dövlət tədqiqat müəssisələrində tədqiqat layihəsini həyata keçirmək imkanına malik olan namizədlərə verilir. Ərizə sahibinin iş cədvəlindən asılı olaraq bu təqaüdlər 1 aydan 3 aya qədər olan müddəti əhatə edir. Proqrama müraciət edənlər elmlər namizədi (Phd) elmi dərəcəsinə malik olmalı, Almaniyada yerinə yetirilmək üçün yaxşı tərtib olunmuş tədqiqat layihəsi təqdim etməlidirlər. Bu layihə də Almaniyadakı tərəfdaş müəssisə tərəfindən təsdiq olunmalıdır. Hər bir tədqiqatçı üç ildə bir dəfə bu proqramın imkanlarından yararlana bilər.

Bütün istiqamətlər üzrə magistratura təqaüdləri. Proqram bütün ixtisaslar üzrə Almaniya ali təhsil müəssisələrində magistratura pilləsində təhsil alıb magistr dərəcəsi qazanmaq imkanını verir. İxtisasdan asılı olaraq təqaüd 10 aydan 24 aya qədər olan müddəti əhatə edə bilər. İlkin olaraq təqaüd tələbəyə 1 il üçün verilir və onun təhsil göstəriciləri yaxşı olduğu təqdirdə seçilmiş dərəcə proqramının sonuna qədər uzadılır. Belə tələbələrə DAAD tərəfindən aylıq 715 avro məbləğində təqaüd verilir. Bundan əlavə, onların tibbi sığortası, yol xərcləri DAAD tərəfindən ödənilir. Bu proqrama bakalavr dərəcəsini uğurla bitirmiş məzunlar müraciət edə bilərlər. Uğurlu təhsil göstəricilərindən əlavə, iddiaçı Almaniyada təhsilini davam etdirmək üçün akademik və şəxsi səbəbləri əsaslı surətdə təqdim edə bilməlidir. Proqramın ən mühüm tələblərindən biri də ərizəçinin konkret Almaniya ali məktəbi tərəfindən qəbulu haqqında rəsmi bildirişin təqdim olunmasıdır. Bu o deməkdir ki, proqramın imtiyazlarından Almaniya ali məktəblərində magistr pilləsi üzrə təhsil almaq hüququ qazanmış şəxslər bəhrələnə bilərlər. Xüsusən humanitar və incəsənət ixtisasları üçün müraciət edənlər alman dilini yaxşı bilməlidirlər. Alman dilini bilməyib ingilis dilini bilən şəxslər də proqrama müraciət edə bilərlər. Belə ki, Almaniyanın bir çox ali məktəblərində ingilis dilində də təhsil verilir. İddiaçıların maksimum yaş həddi 32-dir.

Keçmiş təqaüdçülər üçün yenidən dəvət proqramı. Bu proqram DAAD-ın birillik təqaüdünü almış məzunları üçün nəzərdə tutulmuşdur. Keçmiş təqaüdçülər tədqiqat, yaxud iş layihəsini tamamlamaq üçün Almaniyadan yenidən dəvət aldıqları təqdirdə bu proqramdan yararlana bilərlər. Proqramın müddəti bir aydan üç aya qədər ola bilər. Proqramda iştirak edən ali məktəb müəllimləri 1840, dosentlər 1990, professorlar isə 2240 avro məbləğində aylıq təqaüd, əlavə olaraq yol xərcləri də ala bilərlər. Bu təqaüdü almaq üçün Almaniyadakı hər hansı qəbul edən ali məktəb tərəfindən tədqiqat və yaxud iş layihəsinin yazılı təsdiqi və iş şəraiti ilə təmin olunacağı barədə bildiriş təqdim olunmalıdır.

Ali məktəb müəllimlərinin ikitərəfli mübadiləsi proqramı. Proqram tədqiqat, yaxud təhsil səfərlərini dəstəkləmək məqsədi daşıyır. Bu proqram mühazirə üçün səfərləri və konfranslarda iştirakı maliyyələşdirmir və onun müddəti üç aydan artıq olmur. Bu təqaüdlər bu və ya digər ölkədə mədəni mübadilə proqramları və digər ikitərəfli razılaşmalar əsasında çalışan alimlərə verilir.

İncəsənət sahəsində çalışanlar üçün təqaüdlər. Bu tədris təqaüdləri incəsənət, dizayn, kino, musiqi, arxitektura, o cümlədən dram, rəqs və xoreoqrafiya sahəsində Almaniyada dövlət və ya dövlət tərəfindən tanınmış qeyri-dövlət ali təhsil müəssisələrində bu və ya digər kursları dərəcə almadan tamamlamaq imkanında olan şəxslərə verilir. Proqramın müddəti adətən 1 akademik ili əhatə edir, lakin fərdi qaydada onun müddəti artırıla bilər. Bu proqramda iştirak etmək istəyənlər də Almaniyanın təhsil müəssisələrindən dəvət almalıdırlar.

Alman dili ixtisası üzrə təhsil alan tələbələr üçün birsemestrlik təqaüd. Bu təqaüd alman dili ixtisası üzrə təhsil alan tələbələrə bir semestr ərzində alman dili xarici dil kimi, yaxud alman dili üzrə tərcümə ixtisasları üzrə təhsil almaq imkanı yaradır. Təqaüd adətən qış semestri üçün beş ay müddətinə verilir və onun vaxtı uzadılmır. Bu təqaüd sahiblərinə aylıq 615 avro təqaüd, birdəfəlik başlanğıc üçün yardım, birdəfəlik dərs ləvazimatı üçün ödəniş, tibbi sığorta və yol xərcləri DAAD tərəfindən ödənilir. Bu proqramda təqaüdçüləri qəbul edən ali məktəblər, adətən, DAAD tərəfindən seçilir, ayrı-ayrı hallarda mümkün olduğu təqdirdə ali məktəbin seçimində təqaüdçülərin rəyi də nəzərə alına bilər. Proqram üçün müraciət edənlər yaxşı təhsil göstəricilərinə malik olan, Almaniyadakı birsemestrlik təhsillərini əsaslandırmağı bacaran, 2-ci və 3-cü kursları bitirmiş, yaşı 32-dən yuxarı olmayan tələbələr ola bilərlər.

DAAD/Açıq Cəmiyyət İnstitutu proqramı. Proqram DAAD və Açıq Cəmiyyət İnstitutu tərəfindən ali təhsilin diplomdansonrakı dərəcələrinə malik olanlar və gənc ali məktəb müəllimləri üçün nəzərdə tutulur. Təqaüdlər Almaniya universitetlərində təhsil almaq və yaxud doktoranturanı bitirmək istəyənlərə verilir. Bu proqramın məqsədi yerli ali məktəblərdə humanitar, sosiologiya və sosial elmlər sahəsində tədrisin və tədqiqatın təkmilləşdirilməsi, həmçinin bu ali məktəblərin əməkdaşlarının Almaniyadan olan həmkarları ilə beynəlxalq əməkdaşlıq yaratmalarına yardım etməkdir. Təqaüdlər ikiillik magistr kurslarına, üçillik doktorantura proqramlarına və iki-üç aylıq tədris səfərlərinə verilir. Təhsil pilləsindən asılı olaraq, proqram iştirakçıları 715-1840 avro məbləğində aylıq təqaüd ala bilərlər.

Qabiliyyətli tələbələr üçün universitet yay kursları. Bu proqram alman dilini və ya regionşünaslığı öyrənən tələbələrə Almaniya ali təhsil müəssisələrində yay dövründə kurslar keçməyə imkan yaradır. Proqram yay aylarında iki-üç həftəlik dövrü əhatə edir. Bu proqramın xərcləri qismən DAAD tərəfindən ödənilir. Proqramda iştirak edən tələbələr yaxşı akademik göstəricilərə malik olmalı, alman dilini mühazirə və seminarlarda iştirak səviyyəsində bilməlidirlər.

İqtisadiyyat və biznesin idarəolunması üzrə təhsil alan tələbələrə birillik təqaüd proqramı. Bu təqaüd, adından göründüyü kimi, iqtisadiyyat və biznesin idarəolunması üzrə təhsil alan tələbələrə iki semestr ərzində Almaniyada təhsil almağa imkan yaradır. Bu müddəti tələbələr dissertasiya və ya diplom işini tamamlamaq üçün deyil, yalnız ixtisaslarına aid gərəkli fənlər üzrə təhsil almaq üçün sərf edə bilərlər. Bu proqramda iştirakın bütün xərcləri DAAD tərəfindən ödənilir. Qəbul edən ali məktəbin təklifindən asılı olaraq tələbələr Almaniyada təhsilə başlamaq üçün hazırlıq kursu keçə bilərlər, lakin bu hazırlıq dil ilə bağlı deyildir. Proqramın maraqlı cəhətlərindən biri də budur ki, tələbələr qeyd olunan ixtisaslar üzrə Almaniyada təhsil proqramı ərzində hər hansı alman müəssisəsində iş, yaxud sənaye təcrübəsi keçməlidirlər. Bir qayda olaraq, bu təcrübə qış və yay semestrləri ərzində təklif olunur. Proqrama yalnız alman dilini yaxşı bilən, dördillik bakalavr pilləsi üzrə təhsil alan ikinci kurs tələbələri müraciət edə bilərlər.

Xarici tələbələr üçün Almaniyaya tədris səfərləri/təhsil seminarları və praktika proqramı. Proqram universitet müəllimi tərəfindən rəhbərlik edilən xarici tələbə qruplarına təklif olunur. Proqramın məqsədi tələbələri müvafiq səfərlər, səyahətlər və informasiya görüşləri, yaxud Almaniya universitetinin dəvəti ilə ixtisas üzrə seminarlar və praktik kurslar təşkil etməklə ixtisasları üzrə daha dolğun bilgi ilə təmin etməkdir (tədris səfərləri). Qəbul edən universitet həmçinin digər universitetlər, şirkətlər, ictimai müəssisələrlə birlikdə praktik kurslar da təşkil etməlidir (tədris seminarları və praktika). Proqram həmçinin alman tələbələri, alimləri və tədqiqatçıları ilə yeni əlaqələr qurmağa, tələbələrə Almaniyanın iqtisadi, siyasi və mədəni həyatının incəliklərini öyrənməyə şərait yaradır. Bu cür səfərlər yeddi gündən on iki günədək müddəti əhatə edir. Burada yalnız tibbi və həyat sığortası DAAD tərəfindən verilir, lakin beynəlxalq səfər xərcləri ödənilmir. Belə qruplarda iştirak edənlərin sayı 10-dan 15-ə qədər olur.

İnkişaf etməkdə olan ölkələr üçün diplomdansonrakı dərəcə kursları. Bu kurslar ticarət, biznes və idarəetmə sahələrində öz ölkələrində işləyən ixtisaslaşmış mütəxəssislər üçün nəzərdə tutulur. Bu diplomdansonrakı dərəcə kursları iştirakçılara çalışdıqları sahələr üzrə təlim vasitəsilə təcrübələrini artırmaq imkanı verir. Kurslar magistr dərəcəsinin verilməsi ilə nəticələnirsə, onun müddəti 12 aydan 24 aya qədər, əgər doktor dərəcəsi qazanılacaqsa, bu müddət 36 ay, yəni 3 il olur. Təqaüd üçün müraciət edənlər ən azı iki il təcrübəyə malik olan sənaye, biznes və idarəçiliyin müxtəlif sahələrində çalışan və yaşı 36-ya qədər olan iddiaçılar olmalıdırlar. Bu proqramda iştirak edənlər ya ingilis dilindən TOEFL, yaxud İELTS imtahanları üzrə müvafiq olaraq 550 və 6 ballıq şkaladan yuxarı sertifikata malik olmalıdırlar. İngilis dilində təhsil almaq istəyənlər ikiaylıq intensiv dil kursu keçə, alman dilində təhsil almaq istəyənlər isə altıaylıq alman dili kursunda iştirak edə bilərlər.

1998-ci ildən DAAD tərəfindən həyata keçirilən proqramlar üzrə Azərbaycan vətəndaşlarına bütövlükdə 680 təqaüd verilmişdir. Bu təqaüdlərin böyük əksəriyyəti DAAD, bir hissəsi isə DAAD/ACİ tərəfindən birgə maliyyələşdirilən təqaüdlərdir ki, onların da maliyyələşdirilməsinə hər il yüz minlərlə avro məbləğində vəsait sərf olunur.

Son on il ərzində DAAD-ın müxtəlif proqramları üzrə Azərbaycana 680 təqaüd ayrılmışdır. O cümlədən, 1998-ci ildə 40 təqaüd, 1999-cu ildə 47 təqaüd, 2000-ci ildə 57 təqaüd, 2001-ci ildə 86 təqaüd, 2002-ci ildə 55 təqaüd, 2003-cü ildə 95 təqaüd, 2004-cü ildə 43 təqaüd, 2005-ci ildə 62 təqaüd, 2006-cı ildə 55 təqaüd, 2007-ci ildə 68 təqaüd, 2008-ci ildə 72 təqaüd üzrə azərbaycanlı Almaniyada təhsil almış, təcrübə mübadiləsində iştirak etmiş, tədqiqat aparmış, ixtisasını artırmışdır.

Qarşılıqlı səfərlər nəticəsində DAAD-la Təhsil Nazirliyinin əməkdaşlıq əlaqələri daha da inkişaf etmişdir. 2003-cü ildə DAAD-ın prezidenti Teodor Barxemin dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin Almaniyaya səfərindən sonra bu təşkilatın Azərbaycanda fəaliyyəti daha da genişlənmişdir.

16-29 may 2003-cü il tarixlərində həyata keçirilmiş səfər zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin DAAD və Almaniyanın müxtəlif təhsil müəssisələri, o cümlədən Köln, Zigen və Düsseldorf universitetlərinin rəhbərləri, Nord Reyn Vestfaliya torpağının elmi-tədqiqat və təhsil naziri ilə səmərəli görüşləri olmuş, faydalı danışıqlar aparılmışdır. Bu səfər Azərbaycanın Almaniya ilə gələcək əməkdaşlığının prioritetlərini müəyyən etməyə və təhsil əlaqələrinin qurulmasına əsaslı zəmin hazırlamışdır. Ali məktəblər və Almaniyanın təhsili idarəetmə strukturlarında keçirilmiş görüşlər zamanı Almaniya tərəfi Azərbaycanın mühəndis və təbiət elmləri sahələrində mütəxəssis hazırlayan ali məktəbləri ilə birbaşa əməkdaşlıqda maraqlı olduqları və mövcud əlaqələri daha da genişləndirmək niyyətlərini Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinə bildirmişlər. Görüşlər zamanı Azərbaycandan gənc mütəxəssislərin Almaniyanın ali məktəblərində ixtisasartırma, stajkeçmə və tədqiqat aparmaq imkanları müzakirə edilmiş, nəticə olaraq qərara gəlinmişdi ki, alman dilini mükəmməl bilən gənc alimlərimiz elmi-tədqiqat işlərini Almaniyada davam etdirmək üçün DAAD-a müraciət edə bilərlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndə heyətinin Almaniyaya növbəti səfəri Köln Tətbiqi Elmlər Ali Məktəbinin dəvəti əsasında həyata keçirilmişdir. Təhsil Nazirliyinin nümayəndə heyəti 9-17 oktyabr 2007-ci il tarixlərində Almaniyada rəsmi səfərdə olmuşdur. Səfərin əsas məqsədi Almaniya-Azərbaycan təhsil əlaqələrinin genişləndirilməsi, azərbaycanlı gənclərin Almaniyanın ali məktəblərində təhsil imkanları barədə müvafiq müzakirə və danışıqların aparılması olmuşdur.

Səfər zamanı nümayəndə heyəti Köln Tətbiqi Elmlər Ali Məktəbində "Azərbaycanda mühəndis təhsili sistemində islahat prosesi" mövzusunda keçirilən tədbirdə iştirak etmişdir. Tədbirdə Köln Tətbiqi Elmlər Ali Məktəbinin rektoru, professor Yoaxim Metsner çıxış edərək Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq barədə məlumat vermiş, Almaniya Federativ Respublikası Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Şteffen Rayxe Azərbaycanın Almaniyada daha geniş təbliği sahəsində səylərin artırılmasının vacibliyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil və mədəniyyət sahələrində son illərdə həyata keçirilmiş tədbirləri yüksək qiymətləndirmişdir.

DAAD-ın Baş katibinin müavini Vilfrid Berqman iki ölkə arasında həyata keçirilən akademik mübadilə barədə məlumat vermiş, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer təhsil və mədəniyyəti iki ölkə arasında əməkdaşlıq körpüsünün əsas sütunları kimi səciyyələndirmişdir. Köln Tətbiqi Elmlər Ali Məktəbinin professoru Reza Talebi-Deryani Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən indiyədək TEMPUS proqramı çərçivəsində Azərbaycan və Almaniya ali məktəbləri arasında həyata keçirilən əməkdaşlıq barədə məlumat vermişdir.

Səfər proqramında nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndə heyətinin rəhbəri "Azərbaycan və Boloniya prosesi" mövzusunda əsas məruzə ilə çıxış etmişdir. Tədbirdə "Təhsil sahəsində Azərbaycan-Almaniya əməkdaşlığının məqsədləri və imkanları" mövzusunda elm və sənaye nümayəndələrinin çıxışları dinlənilmiş, Almaniyanın BMW, Siemens və digər şirkətlərinin nümayəndələri ilə elm və sənayenin əlaqələndirilməsi, Azərbaycan mühəndislərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.

Səfər çərçivəsində 11-14 oktyabr 2007-ci il tarixlərində DAAD-ın Baş katibi Kristian Bode, Almaniya Ali Məktəbləri Rektorlar Konfransı Prezidentinin müavini, Berlin Azad Universitetinin rektoru, professor Dieter Lenzen, Almaniya Federativ Respublikası təhsil nazirinin müavini, Dövlət Katibi Andreas Stormla ikitərəfli görüşlər keçirilmişdir.

DAAD-ın Baş katibi Kristian Bode ilə aparılmış müzakirələrdə razılaşdırılmışdır ki, rəhbərlik etdiyi təşkilatın Almaniyanın bütün ali məktəbləri ilə əlaqələri və dünyanın 150-dən çox dövləti ilə tələbə və alim mübadiləsi sahəsində zəngin təcrübəsi nəzərə alınaraq, azərbaycanlı gənclərin Almaniyada təhsil alması barədə Saziş layihəsinə yenidən baxılsın, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Almaniyaya göndəriləcək azərbaycanlı tələbələrlə bağlı DAAD-ın təcrübəsindən daha geniş istifadə edilsin. Kristian Bode DAAD-ın Azərbaycanla təhsil sahəsində indiyədək uğurla əməkdaşlıq etdiyini vurğulayaraq, bundan sonra da rəhbərlik etdiyi təşkilatın əməkdaşlığa səy göstərəcəyini bildirmişdir.

Səfər zamanı aparılmış müzakirələrin nəticəsi olaraq qərara alınmışdır ki, 2008-ci ilin fevralında təhsillə bağlı Almaniya-Azərbaycan birgə beynəlxalq konfransı keçirilsin. Konfransda digər məsələlərlə yanaşı, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramına dəstək kimi DAAD-ın təcrübəsi və imkanlarından istifadə də nəzərdə tutulmuşdu.

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrası çərçivəsində 2008-ci ilin iyun ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndə heyətinin rəhbəri və DAAD-ın vitse-prezidenti Maks Huber tərəfindən Dövlət Proqramı hesabına DAAD ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı Saziş imzalanmışdır. Dövlət Proqramı çərçivəsində 2007-ci ildə 5, 2008-ci ildə 21, 2009-cu ildə 45 nəfər Almaniyada təhsil almağa göndərilmişdir.

DAAD-ın dəstəyi ilə Azərbaycan Dillər Universitetinin Almaniyanın Höte İnstitutu ilə əməkdaşlığı çərçivəsində ADU-da Alman oxu zalı yaradılmışdır. Bu oxu zalında Almaniyanın tarixi, ədəbiyyatı, iqtisadiyyatı, beynəlxalıq münasibətləri və mədəniyyəti ilə bağlı çoxsaylı ədəbiyyat toplanmışdır. Oxu zalından həm universitetin tələbələri, həm də digər oxucular istifadə edirlər. Almaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə burada vaxtaşırı olaraq seminarlar, danışıq saatları və mədəni tədbirlər keçirilir.

DAAD-la əməkdaşlıq çərçivəsində Azərbaycan Dillər Universitetinə qısa və uzunmüddətli layihələr üzrə alman alim və professorlar cəlb edilmişlər. DAAD-la səmərəli əməkdaşlığın nəticəsidir ki, əgər əvvəllər alman dili üzrə mütəxəssislərin hazırlanması yalnız Azərbaycan Dillər Universitetində həyata keçirilirdisə, indi Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetində də müvafiq ixtisaslar açılmışdır.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) də Təhsil Nazirliyinin sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biridir. Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin Texniki Əməkdaşlıq Cəmiyyəti Azərbaycan da daxil olmaqla, 7 ölkədə (Mərkəzi Asiya və Cənubi Qafqaz respublikaları) texniki peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının ixtisasının artırılması sahəsində layihələr həyata keçirir. Azərbaycan bu layihələrə 2003-cü ildən qoşulmuşdur. Təşkilatla əməkdaşlıq çərçivəsində respublikada milli seminarların keçirilməsi üçün peşə təhsili sahəsində təcrübəsi olan 4 nəfər mütəxəssis Daşkənd, Bişkek və Düşənbə şəhərlərində keçirilən xüsusi kurslarda olmuş və onlar Alman Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən milli seminarı aparmaq hüququ verən sertifikatlar almışlar.

Cəmiyyətin xəttilə 2004-cü ilin mart-aprel aylarında (2 həftəlik) və 2005-ci ilin aprel-may aylarında (2 həftəlik) peşə təhsili müəssisələrinin 50 nəfər müəllimi texniki peşə təhsili sahəsində alman təhsil texnologiyalarını öyrənmək üçün Bakı şəhərində ixtisasartırma kurslarında iştirak etmişdir.

İxtisasartırma kurslarını keçmiş müəllimlər 2004-cü ildə respublikanın 50 peşə məktəbi və liseyində kurslar təşkil etmişlər. Bu kurslarda 1093 nəfər, o cümlədən 383 fənni müəllimi və 710 istehsalat təlimi ustası ixtisasını artırmışdır. 2005-ci ildə keçirilmiş kurslarda isə 1086 nəfər, o cümlədən 375 fənn müəllimi və 711 istehsalat təlimi ustası iştirak etmişdir.

2005-ci ilin sentyabr - oktyabr aylarında 50 nəfərdən ibarət qrupun birhəftəlik 5-ci seminarı keçirilmişdir. Layihə 2006-cı ildə 2 həftəlik seminarla başa çatmışdır.

GTZ ilə əməkdaşlığın istiqamətlərindən biri də Azərbaycanda təhsil müəssisələrinin tikintisi və bərpası sahələrini əhatə edir. Belə ki, Almaniya hökuməti və Almaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə kiçik qrantlar çərçivəsində 2001-ci ildə Kürdəmir şəhərində 5 nömrəli orta məktəb, Ağcabədi şəhərində orta məktəb əsaslı təmir edilmişdir. Həmin ildə orta məktəblər üçün Azərbaycan dilində 1890, rus dilində 1260 kitab, o cümlədən dərslik alınmış, Xaçmaz, Şamaxı, Kürdəmir və Beyləqan rayonlarının orta məktəblərinə paylanmışdır.

Almaniyanın GTZ şirkəti ilə birgə əməkdaşlıq proqramı çərçivəsində 1999-2003-cü illərdə bu təşkilat tərəfindən Xızı, Dəvəçi, Siyəzən, Ağstafa, Tovuz, Qazax və Gədəbəy rayonlarında 58 məktəb təmir edilmiş, 4 yeni məktəb tikilmişdir. Sonuncu yeni məktəb Siyəzəndə 2003-cü ilin sentyabr ayında istifadəyə verilmişdir. Təşkilat ümumilikdə bərpa və tikinti işlərinə 500000 ABŞ dolları məbləğində vəsait xərcləmişdir.

Son illərdə Azərbaycanla Almaniya arasında təhsil əlaqələrinin inkişafı, eyni zamanda təhsil sahəsində nou-hau və təcrübələrin ötürülməsi məqsədilə GTZ tərəfindən təhsil sahəsində əməkdaşlığın yeni fəaliyyət istiqamətləri təklif olunur. Belə ki, təklif olunan əməkdaşlığın əsas hissəsini təcrübə mübadiləsinin təşkili, təhsil sahəsindəki ixtisaslı və aparıcı kadrların ixtisaslarının artırılması təşkil edir. Bununla əlaqədar olaraq Almaniya tərəfindən uşaq bağçalarının, uşaq evlərinin, sosial xidmətlərin, məktəblərin, ixtisasartırma müəssisələrinin, kütləvi idman növlərinin dəstəklənməsi üzrə müəssisələr və təşkilatların iqtisadi və təşkilati modelləri təqdim olunmaqdadır.

Azərbaycandakı ixtisaslı və aparıcı işçilərin təlim məqsədilə Amaniyada təhsil müəssisələrinə və xidmət birliklərinə səfər etməsi, iş şəraiti ilə yerində tanış olması gələcəkdə GTZ ilə əməkdaşlıq baxımından səmərəli olacaqdır.

Hazırda Azərbaycan Dövlət Aqrar Universiteti GTZ-nin "Cənubi Qafqaz aqrar təhsilin və regionların inkişafına dəstək" layihəsi çərçivəsində Almaniyanın Vaynştefan Universiteti ilə sıx əməkdaşlıq edir. Belə ki, 2003-cü ildən başlayaraq ADAU-nun tələbələri hər il Vaynştefan Tətbiqi Elmlər Universitetində təhsillərini davam etdirmək və elmi təcrübə keçmək üçün oraya göndərilir və eyni zamanda həmin universitetin müəllim və professorları ADAU-da treninqlər və seminarlar keçirirlər. Bu əməkdaşlıq çərçivəsində indiyədək Vaynştefan Tətbiqi Elmlər Universitetinin Trisdorf bölməsində magistraturada 14 tələbə təhsilini başa vurmuş, hazırda 4 nəfər II kursda, 3 nəfər isə I kursda təhsil alır. Bundan başqa, indiyədək 27 tələbə bu proqram çərçivəsində Almaniyada təcrübə keçmişdir. ADAU-da 2005-ci ildən başlayaraq Alman proqramı ilə aqrar-menecment ixtisası üzrə mütəxəssis hazırlanır.

(Ardı var)

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - ¹10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov