Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - 10

 

Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat

Bookmark and Share

Naxçıvan Böyük türk dünyasının ən qədim və məşhur məkanlarından biridir.  Naxçıvan bütün halları, coğrafi tutumu, tarixi siması ilə türk nəfəsli, türk rəngli, türk hökmlü, türk ləyaqətlidir. Onun dağları əzəmətli və vüqarlıdır: özünün əzəməti, vüqarlı və dəyanətli olması da bu dağlardan gələn əlamətlərdir. Naxçıvan milli tarixi gerçəkliyimizin ən qədim məkan- mərkəzlərindən biri kimi, Borçalı, Ərdahan, Qars, Ərzurum və Ərzincan, Maku, Xoy, Təbriz bölgələrinin əhatə və nüfuz dairəsində qərar tapmış, Azərbaycan ərazilərini ələ keçirməyə çalışan çar rusiyasının törətdiyi müharibələrin, siyasi hadisələrin tarixi burulğanları içərisində çox böyük təzyiqlər altında qalmışdır. XIX əsrdə və XX əsrin əvvəllərindən Naxçıvan tarixinin siyasi vəziyyəti Ümumşərq, Ümumqafqaz, Ümumazərbaycan hadisələrinin ən dramatik və zəngin səhifələrinə çevrilib. Ümumilikdə, 200 ildən çoxdur ki, Naxçıvana qarşı düşmən hücumları  davam edir.

Bütün bu taruxi dramatizmin həm siyasi-ictimai, həm də milli mənəvi, xəlqi vəziyyətləri xüsusi tədqiqatlar tələb edir. Təəssüf ki, mövcud tarixşünaslıq ümumi sözçülükdən, bəsit qəzetçilik təsəvvürlərindən irəli gedə bilmir.

Lakin bunlardan fərqli olaraq, tarixi hadisələrə sistematik xronoloji faktlar və münasibətlər dramatizmindən yanaşmaq tərzinə görə, tarix elmləri namizədi, dosent, Naxçıvan Dövlət Universiteti Azərbaycan tarixi kafedrasının müdiri Zəhmət Şahverdiyevin ötən il nəşr etdirdiyi "Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində" (Bakı, "Elm", 2008) və bu il rusca buraxdırdığı "Azerbaydjanskaya derevnya v posledney treti XIX v.( po materialam Naxiçevanskoqo "Şaruro-Daralaqezskoqo uezdov), (Baku, "Elm" 2009) monoqrafiyaları çağdaş tarixşünaslığımızın uğurlu nümunələri kimi elmi ictimaiyyətin diqqətini cəlb etmişdir.

Monoqrafiyanın hansı elmi- tarixi məziyyətləri vardır? Əvvəla, qeyd edək ki, Naxçıvanın XIX əsr boyu və XX əsrin əvvəllərinin tarixi simasını konkret prizmalarından araşdıran Zəhmət Şahverdiyev  faktlara və tarixi hadisələrin ictimai-siyasi, milli mənəvi köklərinə əsaslanaraq, məsələlərə tam ciddi və elmi -konseptual səciyyələrdən yanaşır. Tədqiqatçının birinci yanaşma səciyyəsi budur ki, o, Naxçıvanın qədim dövrlərdən bəri Azərbaycan tarixi daxilindəki yeri məsələsinə toxunur və arxeoloji qazıntıların verdiyi faktlara dayanan tarixçilərin digər ümumazərbaycan məkanları kimi, Naxçıvana da  həssas tarixçilik meyarından yanaşmışdır. Müəllif, İlkin olaraq, yada salır ki, miladdan əvvəlki minilliklərdən başlayaraq, Naxçıvan mahalı da Manna, Midiya, Əhəməni dövlətlərinin, miladın I əsrində isə Albaniya kimi qüdrətli dövlərin tərkibində olmuşdur.

Zəhmət Şahverdiyev Naxçıvan bölgəsinin tarixi vəziyyətlərinə dair faktları sadalayır, ümumazərbaycan tarixi daxilində Naxçıvana dair məxəzlərə və tədqiqatlara əsaslanaraq, bir sıra mühüm   faktları yada salır. O faktları ki, düşmən onları dilə gətirmək, yada salmaq istəmir; çünki o faktlar məkrə, yalana heç cürə uyuşmur.

Tədqiqatçı məsələlərə sistematik olaraq, tarixi sürəclərin işığından yanaşır və Naxçıvanın XIX əsr və XX əsrin əvvəlləri zamanına dair  gerçəkliklərini tədqiq edərkən ilkin olaraq, tarixin arxiv sənədlərinə istinad etməyi üstün tutmuşdur. 

Uzun illər Tiflis, İrəvan, Moskva, Sankt-Peterburq arxivlərində araşdırdığı sənədlərin işığında müəllif elə faktları təqdim edir ki, indiyədək o faktları yad etmək sanki tarixin "yadından çıxmışdır". 

Bütün problem-faciələrin əsası Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalından sonra başlayır. Z. Şahverdiyev bu məsələlər üzrə araşdırmalarında tarixi gerçəkliklərin faktiki nəticələrini  dilə gətirməklə hadisələrin ictimai-siyasi köklərini də açıqlamış olur. Bu köklərin daxili stimulu belə bir tarixi gerçəkliyə bağlıdır ki, Rusiyanın Qafqaza qarşı yürüş və basqınlarının acı nəticələri Naxçıvana da ağır  zərbələr vurmuşdur. XVIII əsrin sonlarından başlayaraq, çar hökuməti Qafqaza qarşı açıq- aşkar işğalçılıq iddialarını daha da genişləndirmişdir. Giorgiyevski müqaviləsindən sonra (1783) Rusiyanın Azərbaycan ərazilərinə və xanlıqlara qarşı işğalçılıq maraqları artdı. Tədqiqatçının bəzi tarixi gerçəklikləri  fakt kimi yada salarkən diqqəti  problemin, hadisələrin əhatə dairəsinə, ağırlıq aktlarına yönəltmişdir. Ağırlığın ilkin stimulu bundan başladı ki, ruslara, Xoy və İrəvan xanlıqlarına münasibətdə Naxçıvanın mövqeyi zəiflədi. II İrakli Naxçıvana hücumlar etdi. Digər bir halda, Qarabağ xanının "Naxçıvanda möhkəmlənməsinin qarşısını almaq üçün Xoy və Urmiya xanlıqları da Naxçıvan xanlığının müdafiəsinə qalxmağa təhrik edilirdi".

Kəlbalı xanın (1787-1820) hakimiyyətə gəlməsi, ruslarla birtərəfli münasibət yaratması faktı da XIX əsrin ciddi hadisələrindən biri kimi, təkcə Naxçıvan və İrəvan üçün deyil, həm də Qarabağ xanlığı üçün də siyasi gərginliklər yaradırdı.Bu, Azərbaycana xəyanətin daha ciddi və aşkar şəkil almasının yeni təzahürü idi. Tədqiqatçı  bunları da xatırladır ki, Qacarın 1795-ci il yürüşündən sonra Rusiya çarı II Yekaterina V. Zuboru 1796-cı ildə Qafqaza göndərir. Kəlbalı xanla Zubov arasında yazışma olur və Kəlbalı xan Rusiyanın təbəəliyini qəbul edəcəyini bildirir.

Tədqiqatçı, doğru olaraq, faktları sadalayır, ona dair şərh vermir. Burada faktlar özü-özünü şərh edir və bu faktların işığında  Azərbaycanın tarixi faciələrinin siyasi, milli  təbəddülatları aydın görünür. 

Kəlbalı xan da başqaları kimi rus təbəəliyini Azərbaycanın nicatı üçün qəbul etmirdi; hər şey vəzifə tutmaq, öz titulunu saxlamaq üçün idi. Ağa Məhəmməd Şah Qacar türk dünyasını, Şimali və Cənubi Qafqazı rus işğalından qorumaq üçün yürüş etmişdi. Ruslar xanlıqlar arasındakı münasibətləri pozmaq üçün hər kəsi bir vədlə öz tərəfinə çəkirdi. Xəyanətinə görə Kəlbalı xan tutulub Tehrana aparıldı, bir gözü çıxarıldı, bir daha belə xəyanətlər etməməsi şərtilə  altı ildən sonra buraxıldı, İrəvana göndərildi. Onun ruslarla yenidən birtərəfli əlaqələr yaratması İrəvan və Naxçıvan ərazilərini təcavüz altında qoydu. Bu birtərəfli münasibətlərin  nəticələrindən biri bu oldu ki, tədqiqatçının da qeyd etdiyi kimi,Danil Eçmiədzinə rəhbər təyin edildi. Sisyanov 1804-cü ildə rus-İran müharibəsinin başlanmasınadək Kəlbalı xanın vasitəçiliyi ilə Danil-Davit məsələsini həll etməyə cəhd göstərirdi. Bu, yerli əhalini - türkləri sıxışdırmaq, onları hüquqsuz hala salmaq siyasətinin başlanması demək idi. Lakin İrəvan və Naxçıvan əhalisinin, habelə onlara kömək edən Xoy, Maku döyüşçülərinin mübarizliyinə görə ruslar İrəvan və Naxçıvan xanlıqlarını işğal edə bilmədilər.

Kəlbalı xan "Gülüstan" müqaviləsindən sonra da ruslarla əlaqələr yaradır, işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi üçün vahid milli siyasətin yeridilməsinə maneələr törədirdi. Təəssüf ki, bunu "Naxçıvan xanlığı" kitabının müəllifləri Naxçıvanın  müstəqilliyi siyasəti hesab edirlər.

1820-ci ildə Kəlbalı xan ölür. Bundan sonra oğlu Ehsan xanın fəaliyyəti önə çıxır. 1826-cı ildə Şah- Azərbaycan qoşunları ələ keçirilmiş əraziləri geri qaytarmaq üçün hücuma keçirlər. Lakin Ehsan xanın və Mehdiqulu xanın Paskeviçə gizlicə məktub göndərərək rus təbəəliyini qəbul etmək istəmələri həm İrəvan, həm də Naxçıvan xanlıqlarının ruslar tərəfindən işğalı ilə nəticələnir.  

Bütün bunlara nəzərən, müəllifin tədqiq metodolojisi üçün xarakterik olan bir məziyyəti də qeyd etmək gərəkdir: tədqiqatçı  faktları arxiv materialları və araşdırmalar sistemi kontekstindən    yada salmaqla Naxçıvan xanlığının XIX əsrin əvvəllərindəki  ictimai, siyasi vəziyyəti   haqqındakı birtərəfli baxışlara aydınlıq gətirmişdir.

Zəhmət Şahverdiyevin tədqiqata cəlb etdiyi ikinci məsələ Naxçıvanın işğalından sonrakı mərhələyə aiddir. Konkret olaraq, bu məsələni "Rusiya imperiyası tərkibində Naxçıvanın inzibati-ərazi quruluşu və idarə sistemi" adı ilə bağlayır.

Tədqiqatçı bunu xatırladır ki, Naxçıvan zəbt edilərkən onun əraziləri Dərələyəz və Azadciran mahallarını əhatə edən  bölgələrdən ibarət idi. Naxçıvan xanlığı işğaldan əvvəl Cənubi Azərbaycana tabe idi (səh. 40). İşğaldan sonra Naxçıvan və Azadciran (Ordubad) dairəsinin naibliyi Ehsan xana və Şıxəli xana tapşırıldı. Yuxarıda qeyd etdiyimiz kimi, bu vəzifə onların ruslara xidmətinin (əraziləri tabe etmələrinin) nəticəsi olaraq verilmişdir.

İnzibati baxımdan işğaldan əvvəl İrəvan xanlığının 15 mahaldan ibarət olması faktını rus arxiv sənədlərinə əsasən söyləyən tədqiqatçı həm İrəvan, həm də Naxçıvan xanlıqlarının  Azərbaycan üçün nə qədər əhəmiyyətli mövqeyə malik olduğunu diqqət mərkəzinə çəkir. Müəllif , rus arxiv sənədlərinə əsasən, işğaldan əvvəl İrəvan xanlığının 15 mahaldan ibarət olduğunu da göstərir. Bunlar aşağıdakılardan ibarət idi: 1)Qırxbulaq; 2)Zəngibasar; 3)Qarnibasar: 4)Vedibasar; 5)Şərur mahalı; 6)Sürməli mahalı; 7)Dərəkənd-Parçenis mahalı; 8)Saatlı mahalı; 9)Talin mahalı; 10)Seyid Axsaxlı mahalı; 11)Sərdarabad mahalı; 12)Karpibasan mahalı; 13)Abaran mahalı; 14)Dərəçiçək mahalı; 15)Göyçə mahalı.

İrəvan xanlığının başçısı  Hüseyn xan idi.

1827-ci ildə xanlıq rusların əlinə keçəndən sonra öz müstəqilliyini itirdi. Oktyabrın 26-da Naxçıvan və İrəvan xanlıqları üçün A.İ.Krasovskinin komandanlığı ilə Müvəqqəti idarə yaradıldı. İdarəetmədə daha iki məsul şəxs var idi: erməni Nerses Astaraketsi və Borodin. Ümumilikdə, Naxçıvan və Ordubad nahiyələrində rus pristavlarına xüsusi rol verilmişdi. Buradaca belə bir faktı yada salmaq lazımdır ki, çar hökuməti Qafqazı, türklərin ərazilərini- Dərbənddən başlayaraq bütün Şimali Azərbaycan torpaqlarını ələ keçirmək üçün ayrı-ayrı ölkələrdə yaşayan erməniləri də şirnikləndirmiş, onlardan əsgər, döyüşçü dəstələri yaratmış, Azərbaycanda "Erməni vilayəti" yaratmağa söz vermişdir.

Tədqiqatçı Z.Şahverdiyev tarixi faktları müqayisə və analiz mərkəzinə çəkməklə Azərbaycanın işğalının tarixi faciələrinin 1828-ci il məğlubiyyətindən sonra gerçəkləşdiyini göstərir. 1830-cu il arxiv sənədlərinə istinadən müəllif tezis şəklində yazır ki, 1828-ci ilin 21 martında I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının əraziləri əsasında "Erməni vilayəti" yaradıldı. 1828-ci ilin aprelində vilayətin rəisi A.Q.Çavçavadze (1786-1846) təyin edildi.

1830-cu ildə vilayətin idarəsi erməni D.O.Behbudova (1793-1867) tapşırıldı. 1833-cü ildə iyun ayının 23-də çar hökumətinin qəbul etdiyi əsasnaməyə görə, "Erməni vilayəti" adlandırdıqları İrəvan əraziləri 4 dairəyə bölünür:

1)İrəvan dairəsi. Buraya Dərəçiçək, Qırxbulaq mahalları daxil idi.

2)Şərur dairəsi. Buraya Şərur, Vedibasar, Qarnibasar, Zəngibasar mahalları daxil idi.

3)Sürməli dairəsi. Buraya Sürməli, Dərəkənd-Parseniç mahalları daxil idi.

4)Sərdarabad dairəsi. Buraya Saatlı, Talin, Seyidli-Axsaxlı, Abaran, Karpi, Sərdarabad mahalları daxil idi.

Əsasnaməyə görə, Naxçıvan vilayəti və Ordubad dairəsinin inzibati- ərazi bölgüsü əvvəlki şəkildə saxlanılır.

Ehsan xan və Şıxəli bəy polismeystr vəzifəsinə təyin edildi. Onlar da "Erməni vilayəti" idarəsinə tabe idilər. (səh.43).

1840-cı ilin 10 aprelində I Nikolayın imzaladığı fərmana görə, Şimali Azərbaycan əraziləri qəzalara bölündü. İrəvan vilayəti İrəvan qəzasına, Naxçıvan və Ordubad əyalətləri Naxçıvan qəzasına aid edildi.

1846-cı il 14 dekabr fərmanına görə, Zaqafqaziya 4 quberniyaya bölündü: 1)Tiflis quberniyası; 2)Kutaisi quberniyası; 3)Şamaxı quberniyası; 4)Dərbənd quberniyası.

Naxçıvan Tiflis quberniyasının tərkibinə verildi.

İki il yarımdan sonra 1849-cu ilin 9 iyununda İrəvan quberniyası yaradıldı və quberniya 5 qəzaya bölündü: 1)İrəvan qəzası; 2)Aleksandrapol qəzası; 3)Novobayzet qəzası;  4)Naxçıvan qəzası ; 5)Ordubad qəzası.

Zəngibasar, Sürməli, Şərur, Sərdarabad mahalları İrəvan quberniyasına, Naxçıvan və Dərələyəz mahalları isə Naxçıvan qəzasına aid hesab edildi.

1867-ci ilin 9 dekabrından Ordubad qəzası Naxçıvan qəzasına daxil edildi. Əvəzində İrəvan quberniyası üçün Eçmiədzin qəzası yaradıldı.

1874-cü ildə Şərur-Dərələyəz və Sürməli qəzaları yaradıldı.

Monoqrafiyadan göründüyü kimi, Naxçıvan və İrəvan xanlıqlarının  işğal edilməsi, ərazilərin tam nəzarət altına alınması üçün çar hökuməti qeyri-sabit, dəyişkən siyasət yeridirdi. Müəllifin bunları yada salmaqda məqsədi rus imperializminin Azərbaycanın başına gətirdiyi siyasi oyunların törətdiyi faciələrin mənzərəsini göz önündə canlandırmaqdır. Tədqiqatçı indiyədək gizli saxlanılan faktları çox dəqiq və yığcam şəkildə sadalayır, İrəvan və Naxçıvan ərazilərinin siyasi coğrafiyasının işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətini yada salıır. Burada daha bir elmi xarakteristikanı qeyd etmək istərdik: Z.Şahverdiyev rusların siyasi tarix arxivlərinin məlumat və bildirişlərini faktlar və sübutlar semantikasından açıqlayır. Fakt- faktdır; faktlara yozum yoxdur, faktların törətdiyi tarixi,siyasi, milli hüquqsuzluqlar vardır. Siyasi zorakılıqlar artdıqca Azərbaycanın milli və tarixi haqları da əlindən alınmışdır. Müəllif, hər şeydən əvvəl, Azərbaycan əraziləri hesabına "Erməni vilayəti" yaratmaq zorakılığının törətdiyi faciələrin yaxın tarixi keçmişini yada salır, rus imperialist siyasətini, erməni palanının içərisində saxlanılmış yalanların tarixi gerçəkliklər işığında bir daha aşkara çıxdığını sübut edir.

Monoqrafiyanın elmi məziyyətlərini xarakterizə edən cəhətlərdən biri də xəritələrin təqdim edilməsindədir. Xəritələrin siması aydın və qabarıqdır, onların üzərində həkk olunmuş faktların dili və sübutu daha canlıdır. Z.Şahverdiyevin təqdim etdiyi xəritələr müxtəlif tarixi gerçəkliklərin sübutları kimi ən mühüm əhəmiyyət daşıyır. Xəritələrin tarixi yaddaşı daha iti və canlıdır. Burada aşağıdakı faktlar əks olunur:

1727-ci ilə dair İrəvan əyaləti və Naxçıvan sancağını əks etdirən xəritə;

1802-ci ilə aid Qafqaz xəritəsi;

1821-1828-ci illəri əhatə edən Şimalı Azərbaycanın Rusiya tərəfindən işğalı dövrünü əks etdirən 1821-1828-ci illərin coğrafi vəziyyətinə dair xəritə;

XIX əsrin əvvəllərində Şimali Azərbaycanın inzibati-ərazi bölgüsünü əks etdirən xəritə;

Azərbaycanın inzibati ərazi bölgüsünə aid 1840-cı ildə hazırlanmış xəritə;

1846-1860-cı illərin ərazi bölgüsünü göstərən xəritə;

1870-ci illər Qafqaz diyarının xəritəsi;

1903-cü ildə hazırlanmış xəritələr: birincisi, Naxçıvan qəzasına, ikinci, Şərur-Dərələyəz qəzasına aid əraziləri əks etdirir. 10-cu xəritə 1905-1906-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının ərazi materiallarını əks etdirir.

11-ci xəritə 1915-ci il üçün Cənubi Qafqazın inzibati-ərazi bölgüsünü əks etdirir. 12-ci xəritə isə Azərbaycan Respublikasının indiki inzibati- ərazi bölgüsünə aiddir.

Ümumiyyətlə, monoqrafiya Naxçıvan və İrəvan bölgələri üzrə XIX əsrə və XX əsrin əvvəllərinə aid bütün məlumat-faktları canlandırır, Azərbaycanın iki yerə bölünməsi faciəsinin Naxçıvan və İrəvan yaddaşlarını vərəqləyir.

Kitabda Naxçıvan bölgəsinin XIX əsrə, XX əsrin əvvəllərinə dair iqtisadi və sosial həyatına, ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvan ərazilərinə köçürülməsi və yerləşdiklərindən sonra yerli əhaliyə qarşı soyqırımı törətmələrindən,  habelə Naxçıvan bölgəsində mədəniyyətin inkişafı kimi məsələlərdən bəhs edən fəsillər də elmi səviyyəsinə, əhatə dairəsinə görə dolğundur. "Naxçıvan bölgəsinin iqtisadi vəziyyəti" adlı fəsildə məlumatlar dramatik xarakter daşıyır. Əslində kitabın bütün bölmə və fəsilləri dramatik özəlliklərə malikdir. İqtisadi vəziyyətin faktoloji səciyyəsi monoqrafik tutumuna görə tədqiqatın əsas göstəricilərindəndir. Bu fəsildə kənd təsərrüfatı və aqrar münasibətlərin sosial-ictimai mənzərəsi əks olunur; bunlar bilavasitə siyasi münasibətlərin ifadə əmsallarını üzə çıxarır. Tədqiqatçı iqtisadi vəziyyət və münasibətləri bölgənin coğrafi şəraitinə, iqliminə, məşğuliyyət və maraqlarına, əhalinin həyat-yaşam səviyyələrinə aid olan problemlər kontekstindən  araşdırmışdır. Ümumiyyətlə, bu məsələlərin əsas ideya-siyasi konteksti bundan ibarətdir ki, çar hökuməti siyasi işğalını iqtisadi-mədəni sahələr üzrə möhkəmləndirir, əhalinin milli  mənəvi həyatına müxtəlif psixoloji təzyiqlərdən, məqsədli islahat- dəyişmələrdən təsir edir, milli xarakter və münasibətlərdə psixoloji təzyiqləri siyasi faktor kimi artırırdı.

Kitabda kənd təsərrüfatı və aqrar münasibətlər sırasında taxılçılıq, maldarlıq, bağçılıq və üzümçülük, ipəkçilik, pambıq və tütün istehsalı üzrə göstəriciləri əhali məşğuliyyətinin gündəlik həyat normaları, yaşayışlarını təmin edən sahələr kimi xarakterizə edir. Bu məlumatlar daxilində diqqəti çəkən daha bir faktor Naxçıvan və Şərur-Dərələyəz bölgələrində əkinə yararlı torpaq sahələrinin ərazilər, yaşayış məntəqələri üzrə həcminin göstəriciləridir. Bu zaman göstərilir ki, Naxçıvan qəzasında 35988 desyatin əkin üçün yararlı torpaq sahəsindən istifadə edilirdi.  Şərur-Dərələyəz qəzasında isə bu göstərici 59107 desyatin idi.

Əhalinin məşğuliyyəti sahəsində sənətkarlıq peşələrində çalışanların sayı və maraqları da milli məşğuliyyətin simasını əks etdirən faktlar kimi diqqəti cəlb edir. Müəllif hələ 1964-cü ildə A.S.Sumbatzadənin sənət sahələrindən bəhs edən və sənətkarların siyahısını verən cədvəllərdəki faktları da oxuculara təqdim edir.

Naxçıvan əhalisinin say tərkibləri üzrə araşdırmalar da kitabın maraqlı bölmələrindəndir. Burada müxtəlif illər üzrə Naxçıvan, Ordubad və Şərur-Dərələyəz bölgələrində əhalinin say dinamikasına dair vaxtilə rus mənbə və arxivlərinin, məsələn, İ.Şopenin, S.P.Zelinskinin, habelə 1893-cü ildə Tiflis Qubernya İdarəsinin hazırladığı cədvəllərin təqdim edilməsi də diqqəti cəlb edən materiallardır. Naxçıvan, İrəvan, Şərur-Dərələyəz bölgələrində demoqrafik vəziyyətə - əhalinin say tərkibinə dair faktlar, rəqəmlər rus siyasi maraqlarının çərçivəsindən hazırlanmışdır, lakin bununla belə, Azərbaycanda ermənilərin yerləşdirilməsi faktlarına dair məlumatlar  inkaredilməz sübutlar kimi diqqət yetirilməli məsələlərdir.

Kitabın 4-cü fəslində müəllif ermənilərin Azərbaycana köçürülmə, yerləşdirilmə siyasətini, habelə həmin yerləşdirilən, məskunlaşdırılan ermənilərin Azərbaycanda törətdiyi soyqırımının, faciələrin ərazi-məkanlarını və zamanlarını konkret faktlar, rəqəmlər üzrə şərh edir. Göstərir ki, ermənilərin Şimali Azərbaycana köçürülməsi siyasəti I Pyotrla (1682-1721) başlanmışdır. I Pyotr köçürməyə dair 1724-cü ildə noyabrın 10-da fərman imzalamışdır. Tədqiqatçı Z.Şahverdiyev bunu qeyd edir ki, 1768-1774-cü illər rus-türk müharibəsindən sonra çar hökuməti Krımdan köçürülən ermənilər üçün Rostov vilayətində "Yeni Naxçıvan" adlı yaşayış məskəni yaratdı. Qeyd edək ki, XVIII əsrin sonu və XIX əsrin ilk illərində rusların Azərbaycan torpaqlarına hücumu həm də ermənilərin tədricən yerləşdirilməsi ilə paralel aparılırdı.

Beləliklə, XIX əsr boyu, habelə XX əsrin əvvəllərində İrandan-Cənubi Azərbaycandan, Türkiyədən minlərlə erməni ailələri Naxçıvana, İrəvan xanlığına, Qarabağa köçürüldü. Kitabda köçürülmə faktlarılnı əks etdirən cədvəllər də verilmişdir. Burada hansı bölgələrə - şəhər və kəndlərə neçə nəfər ailə və fərdin köçürülməsinə aid göstəricilər də öz əksini tapmışdır.  Köçürmədən əsas məqsəd rusların Zaqafqaziyada toplum yaratmaq, erməni adına məskən-mərkəzlər salmaq, Azərbaycanın Qafqaz hissəsini tam ələ keçirmək idi. 

Tədqiqatçının qruplaşdırdığı və sistemli şəkildə təqdim etdiyi  sənədlər-sübutlarla, faktlarla rusların və ermənilərin Azərbaycanda-Qafqazda törətdikləri faciələrə dair nə qədər hadisə və münasibətləri aydınlaşdırmaq, şərh etmək olar! Bizcə, kitabın başqa tədqiqat əsərlərindən üstünlüyü də burasındadır.

Tədqiqatçı Naxçıvan bölgəsində rus çarizminə qarşı mübarizəyə- azadlıq hərəkatına da ayrıca səhifələr ayırmışdır. Xalq hərəkatı ayrı-ayrı şəxslər tərəfindən yaradılmış, müxtəlif istiqamətlərdə yayılmış,  sürəkli şəkil almışdır.   Bu mübarizə bir əsrdən çox davam etmişdir. Kitabın bu bölməsində (səh.132-141) Qaçaq Nəbi və onun silahdaşlarının mübarizəsinə dair yeni faktlar-məlumatlar vardır.

Zəhmət Şahverdiyev kitabın V-VI fəsillərində XIX əsrin əvvəllərindən başlayaraq, XX əsrin əvvəlləri də daxil olmaqla, Naxçıvanda məktəb və maarifin inkişafı məsələlərinə dair faktlar sadalayır, ədəbi-mədəni həyatda baş vermiş hadisələrin milli mənəvi xarakterini, ictimai-siyasi və sosial dəyərlərini açıqlayır; böyük ziyalılar ordusunun simasında mədəni həyatdakı inqilabi, mənəvi-iradi əlamətləri diqqət mərkəzinə çəkir.Bütün bunlarla bərabər, müəllif milli mədəniyyətimizdə xüsusi xidmətləri olan yazıçı və alimlərin, pedaqoqların, ictimai-siyasi xadimlərin fəaliyyətləri ilə bağlı məsələlərə dair xülasə verir. Tədqiqatçı tarixi yaddaşımızın ən dramatik səhifələrini,  milli fəlakət və faciələr doğuran səbəbləri bütün vacib olan faktlar və məlimatların kontekstində canlandırmaq prinsipini əsas götürmüşdür. Bu, kitabın elmi dəyərini əks etdirən bir keyfiyyət kimi, bugünkü ictimai bəlaların səbəblərinə, bu səbəblərin yaxın tarixi keçmişinə obyektiv yanaşmanın da müasirlik meyarını bəlirləyir.   

Kitabda həmçinin Türkmənçay müqaviləsinin, habelə I Nikolayın "Erməni vilayəti" yaradılması haqqında fərmanının rusca mətnləri verilir. Burada həm də Naxçıvan şəhər sakinlərinin kameral təsvirinin yoxlanmasına dair 1843-cü il arxiv sənədinin fotosurəti təqdim edilmişdir.

Ümumiyyətlə, Zəhmət Şahverdiyevin "Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində" monoqrafiyası yaxın tarixi keçmişimizdə rusların Azərbaycanın - İrəvan və Naxçıvanın başına gətirdikləri faciələrə dair faktları, gerçəklikləri əks etdirən qiymətli tədqiqat əsəridir.

Tədqiqatçı XIX əsrdə, XX əsrin əvvəllərində Naxçıvan və İrəvan bölgəsində baş vermiş regional faciə və ziddiyyətlərin tarixi simasını əks etdirən faktları, ictimai-siyasi, milli mənəvi təbəddülatları özündə təcəssüm etdirən hadisə və əhvalatların, milli münasibətlərin yaddaş sənədlərini sistematik ardıcıllıqla araşdırmış, onlara elmi xülasələr vermişdir.

Kitab həm ümumi oxucu kütləsi, həm də tədqiqatçılar üçün dəyərli mənbədir. Buradakı bölmələrdə faktlar və göstəricilər o qədər zəngin və dəqiqdir ki, onların əsasında yaxın tarixi keçmişimizin faciələrinə dair yüz səhifələrlə şərhlər, təhlillər vermək olar.

Tarix elmində faktlar və sənədlərin dilindən aydın mənbə yoxdur. Zəhmət Şahverdiyevin monoqrafiyası da bu faktların və tarixi gerçəkliklərin aydın salnaməsini verən sistematik və fundamental struktura malik bir tədqiqat əsəri kimi çağdaş tarixşünaslığın uğurlarından biridir. 

Əbülfəzl ƏZİMLİ,
filologiya elmləri namizədi, dosent,
Nadir HÜSEYNBƏYLİ,
tarix elmləri namizədi, dosenti

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - 10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov