Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - 11

 
Dünya universitetləri:

Toronto Universiteti

Bookmark and Share
  Yerləşir: Kanada, Ontario əyaləti, Toronto şəhəri  
Yaranma tarixi: 1827-ci il
Tipi: Dövlət   
İşçi heyəti: 3080 nəfər
Tələbələrin sayı:

70000 nəfər

İllik gəlirləri: 1 milyard 899,5 milyon Kanada dolları
İllik xərcləri:   2 milyard 68,7 milyon Kanada dolları
Rəsmi saytı: toronto.ca

Toronto Universiteti (University of Toronto) Şimali Amerikanın ən yüksək intellektual keyfiyyətə malik elmi-tədqiqat mərkəzlərindən biridir. Ali məktəb Kanadanın Ontario əyalətinin Toronto şəhərində yerləşir. 1926-cı ildən Toronto Universiteti "Amerika Universitetləri Assosiasiyası"nın üzvüdür. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Toronto Universiteti 100 ən yaxşı ali məktəb arasında 29-cu yerdədir. Kanadanın həftəlik dərc olunan "MacleanTs" jurnalının ölkə üzrə apardığı reytinqə əsasən universitetin tibb məktəbləri 12 il (1994-2005) ardıcıl olaraq birinci pillədə qərarlaşıb. Toronto Universitetinin ədəbi tənqid və kommunikasiya nəzəriyyələri proqramları üzrə tanınan Toronto məktəbi dünyada böyük nüfuza malikdir.  

Tarixi 

15 mart 1827-ci ildə kral IV Georq Yuxarı Kanadada Kral Kollecinin yaradılması haqqında xartiya imzalayır. Dini yönümlü kollecin ilk prezidenti Toronto şəhərinin Anqlikan kilsəsinin yepiskopu Con Straçan təyin edilir. Həmin il Kral Kollecinin üçmərtəbəli yunan intibahı üslubunda inşa edilmiş və hazırda tarixi abidə kimi qorunan binası tikilir. C.Straçanın rəhbərliyi altında fəaliyyət göstərən kollec İngiltərə kilsəsi və  elit Britaniya koloniyaları ilə  sıx əlaqələr qurur.

Yarandığı gündən islahatçı siyasətçilər kolleci dünyəvi ali təhsil müəssisəsinə çevirmək məqsədilə ruhanilərlə gərgin mübarizə aparırlar. Uzun mübahisələrdən sonra 1849-cu ildə Yuxarı Kanadanın yeni yaradılmış məsul hökuməti səs çoxluğu ilə Kral Kollecinin Toronto Universiteti adlandırılması haqqında qərar verir. Ali məktəb bütünlüklə kilsə ilə əlaqəni kəsir. Bu hadisədən bir il öncə C.Straçan istefa verir və Anqlikan kilsəsinin özəl seminariyası olan Triniti Kollecinin yaradılması işinə başlayır.

1878-ci ildə universitetin Tətbiqi Elmlər Məktəbi yaradılır və Skule adlandırılır. Toronto Tibb Məktəbi 1887-ci ildə yaradılsa da, tibb fakültəsi universitetdə 1843-cü ildən fəaliyyət göstərirdi. 1887-ci ildə universitetdə hüquq, bir il sonra isə stomatologiya  fakültələri açılır. 1884-cü ildən ali təhsil müəssisəsinə qızların qəbulu aparılır.

1890-cı ildə Toronto Universitetində güclü yanğın baş verir və nəticədə 1853-cü ildə yaradılmış Universitet Kollecinin çox hissəsi və kitabxanadakı 33000 cild kitab yanır. Universitet bu itkiləri yalnız iki ilə bərpa edir. Toronto Universitetində 10 il ərzində kollegial rəhbərlik sistemi formalaşır və bir neçə yeni kilsə kollecləri yaradılır. 1896-1991-ci illərdə Toronto Universiteti Kral Konservatoriyasına, 1912-1968-ci illərdə isə Ontario Kral Muzeyinə rəhbərlik edir. Bu müəssisələr hazırda müstəqil fəaliyyət göstərsələr də, universitetlə sıx əməkdaşlıq edirlər. 1901-ci ildə Toronto Universiteti mətbuatı yaradılır. 1910-cu ildə universitetin pedaqogika fakültəsi Toronto Universiteti Məktəbləri adlı məktəb laboratoriyası yaradır.

I və II Dünya müharibələri zamanı universitet durğunluq dövrünü yaşayır, tələbə və müəllimlər könüllü orduya gedirlər. Sonradan universitetdə müharibədə həlak olan insanların şərəfinə 44 metr hündürlükdə Əsgər Qülləsi ucaldılır. Qüllənin üzərində I və II Dünya müharibələrində həlak olan şəxslərin adları həkk edilir. Hazırda həmin qüllə Toronto Universitetinin simvollarından biridir. 

1935-ci ildə Riçmond Hill şəhərində Toronto Universitetinin  Devid Danlep Rəsədxanası, 1949-cu ildə isə Aerokosmik Tədqiqatlar İnstitutu tikilir. 1964-cü ildə universitetin Skarboro, 1967-ci ildə isə Mississauqa  kampusları yaradılır.  1959-cu ildə Toronto Universitetinin nəzdində yaradılan York Universiteti  altı il sonra müstəqillik əldə edir.

1980-ci ildən başlayaraq Toronto Universiteti dövlət tərəfindən maliyyələşdirməni azaldır və yardımlar hesabına vəsait toplamağa daha çox diqqət yetirir. 80-ci illərdə təhsil müəssisəsi 1 milyard Kanada dollarından çox maliyyə yardımı alır.

2001-ci ildə universitetdə "Citizen Lab" adlı laboratoriya yaradılır. Bu laboratoriya İnternet senzurasına qarşı mübarizə aparır.  

Büdcə və təhsil haqqı 

2009-cu ildə Toronto Universitetinin illik gəliri 1 milyard 899,5 milyon Kanada dollarına bərabər olub. Bu məbləğin 146,7 milyon dolları investisiya gəlirləri, 82,1 milyon dolları yardımlar, 247,2 milyon dolları müxtəlif xidmətlər, 434,5 milyon dolları müqavilələr, 636,4 milyon dolları təhsil haqqı, 646 milyon dolları isə dövlət qrantları hesabına əldə edilib. 

Ötən il universitetin xərcləri 2 milyard 68,7 milyon Kanada dolları təşkil edib. Həmin vəsaitin 82,5 milyon dolları təmir və texniki işlərə, 144,6 milyon dolları müxtəlif təqaüdlərə, 195,8 milyon dolları yeni avadanlıqlara, 218,3 milyon dolları  əməkhaqları və dərsliklərə, qalanları isə digər xidmətlərə sərf olunub.

2009-2010-cu tədris ilində bakalavr pilləsində təhsil alan tələbələrin birillik təhsil haqqı onların seçdiyi ixtisas və proqramdan asılı olaraq 4000-34000 Kanada dolları arasında dəyişib. Əksər fakültələrin qiyməti 7880 Kanada dolları təşkil edib. Bu tədris ilində magistr və doktorantların təhsil haqqı bir çox proqramlar üzrə 6366 Kanada dolları dəyərində olub. Lakin burada da qiymətlər proqram (stomatologiya-32760 Kanada dolları, maliyyə riyaziyyatı-37000 Kanada dolları, menecment-85000 Kanada dolları) çərçivəsində fərqlənir.

Əcnəbi tələbələrin təhsil haqqı tədris proqramından asılı olaraq 11160-40000 dollar arasında dəyişir.

Toronto Universiteti tələbələrə edilən maliyyə yardımı və təqaüdlərə görə Şimali Amerikada əsas yerlərdən birini tutur. Universitetdə əlaçı, xüsusi istedada malik tələbələrə verilən təqaüdün məbləği orta hesabla 5035 dollar təşkil edir. Maliyyə durumu çətin olan tələbələrə əlavə 400-1000 dollar dəyərində qrant verilir. Təqaüd almaq istəyən tələbə bununla bağlı universitetə yazılı müraciət etməlidir.

Toronto şəhərində yaşamaq tələbələrə baha başa gəlir. Burada qiymətlər çox bahadır. Nəqliyyat, yaşamaq haqqı tələbənin şəxsi büdcəsi hesabına ödənilir. Universitetdə təhsil alan əcnəbi tələbələr Ontario hökuməti tərəfindən tibbi sığortadan (UHIP) keçir. Universitetin tibbi sığortası 567 Kanada dollarıdır.

Toronto Universitetinin hər üç kampusunda bir neçə yataqxana mövcuddur. Bu yataqxanalardan ən məşhurları İnnis, Çestnut, Ali, Loretto, Yeni, Uilson, Triniti, Sant-Hilda, Uitni, Morrison, qızlar üçün Ennsli, doktorantlar üçün Messi və digərləridir. Yataqxanalarda məskunlaşmaq istəyən tələbələr ərizə ilə ali təhsil müəssisəsinə müraciət etməlidirlər. Tələbələrə binalarda hər bir şəraitlə təmin edilmiş otaq və mənzillər (1, 2 və daha çox otaqlı), xüsusi evlər təklif olunur. Yataqxanalarda 8 ay (1 tədris ili) qalmaq otaqlardakı şəraitdən asılı olaraq tələbələrə 7920-13474 Kanada dollarına başa gəlir. Evlərin aylıq qiyməti isə onların şəraitindən və yerləşdiyi ərazidən asılı olaraq 610-1000 dollardır.  

Universitet bu gün 

Toronto Universitetinin yerləşdiyi Toronto şəhəri Kanadanın ən böyük şəhərlərindən və dünyanın mədəniyyət mərkəzlərindən biridir. Təxminən 10000 akrlıq ərazidə yerləşən şəhər Ontario gölünün yaxınlığında salınıb və kontinental iqlimə malikdir. Toronto beynəlmiləl şəhərdir və burada bir çox millətlərin nümayəndələri yaşayır.  Bununla yanaşı, şəhər Amerika qitəsinin ən təhlükəsiz meqapolislərindəndir, belə ki, burada yaşayan bütün xalqlar münaqişəsiz həyat sürür.

Toronto Universiteti üç kampusdan ibarətdir: Müqəddəs Georq (163 akr), Mississauqa (224 akr), Skarboro (300 akr). Müqəddəs Georq kampusu Toronto şəhərinin mərkəzində yerləşir və tarixi memarlıq abidələrinə, əsrarəngiz parklara, yaşıllıqlara malikdir. Kampusda intibah, qotik, klassik və s. üslublarda tikilmiş memarlıq abidələri buraya çoxlu sayda turist cəlb edir. Müqəddəs Georq kampusunda Tətbiqi Elmlər və Texnika, Musiqi, Fiziki Tərbiyə və Sağlamlıq kollecləri yerləşir.  

Mississauqa kampusu Toronto şəhərinin qərbindədir. Kampusda universitetin nəşriyyatı, radiostansiyası, Tələbə Təşkilatının binası, 60-dan çox klub vardır. Bu şəhərciyi universitetin ən qonaqpərvər, dostluq münasibətlərinin möhkəm olduğu kampus adlandırırlar. Kampusda, həmçinin, Heyzel McCallion akademik tədris mərkəzi, kitabxana, istirahət guşələri, idman kompleksləri və s. yerləşir. Əcnəbi tələbələr bu kampusda daha çox məskunlaşıb.

Skarboro kampusu Toronto şəhərinin şərqində Highland Krik vadisinin yanındadır. Bu kampusda daha çox modern binalara rast gəlinir. Skarboroda, əsasən, qlobal iqtisadi tendensiyalar, bazar iqtisadiyyatının tələblərinə cavab verə biləcək innovativ proqramlar həyata keçirilir.

 Universitetdə 1000-ə yaxın tələbə təşkilatı, klubları və s. fəaliyyət göstərir. Burada tələbələrdən ibarət universitet teatrı, musiqi ansamblı, caz orkestri, xor kapellası, ümumilikdə "Varsity Blues" adlanan 44 idman komandası,  həftədə iki dəfə dərc olunan "Varsity" tələbə qəzeti, "Hart House Review" ədəbi jurnalı, CIUT FM radiostansiyası mövcuddur. Hər kollecin, məktəb və fakültənin ayrıca olaraq qəzet, jurnal  və digər nəşrləri var.

Toronto Universitetinin nəzdində fəaliyyət göstərən kolleclər aşağıdakılardır:

Təsis kollecləri - İnnis, Yeni, Universitet, Vudvort;  ilahiyyat kollecləri - Noks, Recis, Vikliff; federativ (birləşdirilmiş) kolleclər -  Müqəddəs Mixail, Universitet, Triniti Universitet, Müqəddəs Hilda, Viktoriya Universitet, Emannuil; diplomlu mütəxəssis (ali) kolleci - Messi.

Bu ali təhsil müəssisəsində mövcud olan fakültə və məktəblərdən Tətbiqi elmlər və mühəndislik, Elmlər və incəsənət, Musiqi, Memarlıq, Landşaft və dizayn, Meşə təsərrüfatı, Tibb, Stomatologiya, Tibb bacısı, Əczaçılıq, Fiziki tərbiyə və sağlamlıq, Səhiyyə, İnformatika, Hüquq, Pedaqogika, Dövlət idarəçiliyi, Menecment, Sosial fəaliyyət, İlahiyyat və digərlərini qeyd etmək olar. 

Universitetdə tələbələrə 800-dən çox incəsənət, biznes və digər proqramlar, dünyanın 40 ölkəsində 130 mübadilə proqramı, 16 ölkədə yay proqramları təklif edilir. 

Toronto Universitetinin kitabxana sistemi böyüklüyünə görə Harvard, Yel, Berkli universitetlərinin kitabxanalarından sonra Şimali Amerikada dördüncü yerdə durur. Kitabxana sisteminə 19 milyon cild kitab, 5,4 milyon  mikrofilm, 70000 dövri nəşr, 1 milyon xəritə və s. daxildir. Universitetin ən böyük kitabxanası Robartsdır. Burada sosial və humanitar elmlərə aid beş milyondan çox kitab var. Tomas Fişer  kitabxanasında nadir kitablar və əlyazmalar, qədim Misir papirusları, inkunabulalar (kitab çapı icadının ilk dövründə yığma hərflərlə çap olunmuş ilk kitab), librettolar qorunur. Toronto Universitetinin kitabxana sistemi 2005-ci ildən İnternet şəbəkəsinə qoşulub.

Toronto Universitetinin İncəsənət Mərkəzi 4 əsas kolleksiyadan ibarətdir. Malkove kolleksiyasında xristianlıqdan əvvəlki və Bizans dövrünə aid heykəltəraşlıq nümunələri, tunc, mebel, ikona və ədəbi əsərlər, yunan-Roma dövrünə aid şüşə əşyalar və daş relyeflər, rəssam Böyük Lukas Kranaxın 1538-ci ilə aid olan "Adəm və Həvva" adlı sənət əsəri saxlanılır.  Toronto kolleksiyasına Kanadanın incəsənət nümunələri daxildir.

Toronto Universitetinin kansleri Devid Piterson, prezidenti isə professor Devid Neylordur. Universitetin akademik, inzibati və tələbə məsələləri ilə 1971-ci ildə yaradılmış İdarəçilər Şurası məşğul olur. Hazırda Toronto Universitetində 3080 nəfər işçi çalışır. Onların 98,6%-i doktorluq dərəcəsi almış müəllimlərdir. Ali məktəbin alimlərinin əksəriyyəti Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri, Amerika Elminin İnkişafı Assosiasiyasının təqaüdçüləridirlər. Universitetin məzunlarından və tədqiqatçılarından 9 nəfəri Nobel mükafatına layiq görülüb.

Toronto Universitetində 70000 mindən çox tələbə təhsil alır. Onların 50336 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edir. Burada Kanadanın 10 bölgəsindən, ABŞ-ın 48 ştatından və dünyanın 160 ölkəsindən olan tələbələr oxuyur. Universitetin məzunlarının sayı 450000 nəfərə yaxındır.

Toronto Universitetindən aldığımız məlumata görə, hazırda bu təhsil müəssisəsində 17 azərbaycanlı tələbə təhsil alır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu il Toronto Universitetinin bakalavr pilləsində Toğrul Elkömək oğlu İbrahimli iqtisadiyyat və genetika, Mətin Mahir oğlu Hüseynli kimya mühəndisliyi, Əli Tahir oğlu Hüseynov kommersiya, Əhəd İlhami oğlu Süleymanlı kompüter elmləri sahələri üzrə təhsil alırlar. Tural Paşa oğlu Qəlbinur isə oftalmologiya sahəsi üzrə doktorantdır.

Toronto Universiteti dünya elminə böyük töhfələr verib. Burada ilk elektron kardiostimulyator, süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı vəzinin transplantasiyası əməliyyatı, bir çox xəstəliklərin müalicəsi həyata keçirilib. Universitetdən 2 km. aralıda yerləşən Toronto şəhərinin Diskoveri rayonunda 5000 aparıcı tədqiqatçı hər il 1 milyard dollar dəyərində tibbi tədqiqatlar aparır.   1921-ci ildə burada tibb tarixində önəmli hadisələrdən olan insulin kəşf edilib. 1963-cü ildə beyin sümüyünün köçürülməsi əməliyyatının əsasını qoyan gövdə hüceyrələri aşkarlanıb. 1972-ci ildə "Cyqnus X-1" tədqiqatları nəticəsində atmosferdə qara dəliklərin olması sübuta yetirilib. Universitetin astronomları Uran planetinin peykləri olan Kaliban və Sikoraksanı, Andromeda I, II, III qalaktikalarını aşkar ediblər. Universitet UTEC adlanan dünyada ilk operativ kompüterlərdən birini hazırlayıb, UNIVAC I-dən (ABŞ-da yaradılan ilk kommersiya kompüteri) sonra dünyada ikinci kommersiya kompüteri yaradıb. Toronto Universiteti bu gün də tədqiqatlarını sürətlə inkişaf etdirir və gələcəyin lider elmi-tədqiqat mərkəzi olmaq niyyətindədir.  


Toronto Universitetinin məşhur məzunları 

  Vaira Vike-Freiberqa 

Latviyanın 6-cı prezidenti

 
  Nur Həsənəli  Trinidad və Tobaqonun 2-ci prezidenti  
  Stefen Harper Kanadanın 22-ci Baş naziri  
  Pol Martin

Kanadanın 21-ci Baş naziri

 
  Lester Pirson 

Kanadanın 14-cü Baş naziri

 
  Uilliyam Makkenzi Kinq Kanadanın 10-cu Baş naziri  
  Artur Meighen Kanadanın 9-cu Baş naziri  
  Frederik Bentinq     tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Con Ceyms Maklod tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Oliver Smithis   tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Lester Pirson  sülh üzrə Nobel mükafatı laureatı  
  Jeyms Orbinski   

sülh üzrə Nobel mükafatı laureatı

 
  Artur Leonard Skavlov  fizika üzrə Nobel mükafatı laureatı  
  Bertram Brukhaus fizika üzrə Nobel mükafatı laureatı  
  Con Çarlz Polani

kimya üzrə Nobel mükafatı laureatı

 
  Volter Kohn

kimya üzrə Nobel mükafatı laureatı

 

              Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - 11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov