Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - ¹12

 

Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut

Bookmark and Share

Ölkəmizdə xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin inkişafında, bu sahə üçün yüksək ixtisaslı  mütəxəssislərin hazırlanmasında, neft-kimya sənayesinin daha da modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə yol açan elmi-tədqiqat işlərinin aparılmasında bu gün məzunlarına dünyanın hər yerində rast gəlinən Azərbaycan Dövlət Neft Akademiyasının böyük rolu vardır.

Neft-kimya sənayesinin sürətli inkişafı, Azərbaycanın dünyanın əhəmiyyətli enerji layihələrinin əsas iştirakçısına çevrilməsi neftin hasilatı və nəqlində, texnika və kimya elmləri sahəsində, ətraf mühitin mühafizəsində ən müasir texnologiyaların tətbiqini, bu məqsədlə elmi-tədqiqat işlərinin daha da genişləndirilməsini zərurətə çevirmişdir. Məhz bu zərurət nəzərə alınaraq 1992-ci ildə Nazirlər Kabinetinin 16 mart tarixli, 129 saylı qərarı ilə Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində yeni bir elmi qurum - Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.

Əsas məqsədi texnika və kimya elmləri sahəsində fundamental, aktual elmi-tədqiqatların aparılması; onların nəticələrinin sənayedə və tədrisdə tətbiqi; ali məktəbin elmi, elmi-pedaqoji kadrlarının ixtisasının magistratura, doktorantura yolu ilə artırılması; tələbələrin, professor-müəllim heyətinin elmi işlərin yerinə yetirilməsinə cəlb edilməsi; ayrı-ayrı problemlər və texnikanın ən yeni nailiyyətlərinə əsaslanan təcrübi-konstruktor işləri aparmaq və texniki layihələr hazırlamaq; rəqabətə cavab verə bilən elmi-tədqiqat və tədris müəssisələri, firma və kampaniyalar ilə birlikdə beynəlxalq elmi-texniki əməkdaşlığı genişləndirmək olan ETİ yarandığı dövrdən bəri bu məqsədlərin əldə olunması istiqamətində səmərəli  fəaliyyət göstərir.

İnstitutda aparılan elmi işlər neftçıxarma proseslərinin termodinamikası; quruda və kontinental şelfdə dərin quyuların qazılmasının texnika və texnologiyasının işlənməsi; anomal neft yataqlarının işlənməsi və istismarı; neftçıxarmada qeyri-Nyuton sistemlərin tətbiqi; neft məhsullarının nəqli və saxlanması, boruötürücü nəqliyyatlar üçün ekspert-sistemlərinin yaradılması; neft sənayesinin elektrik avadanlığı; kimya, neftkimya və neft emalında kataliz; neftçıxarma və neft emalında üzvi reagentlərin istifadəsi; neft-qaz çıxarmada, neft emalında və neft-kimyada ekoloji aspektlər; zərərli tullantıların təyini üçün kiçikhəcmli analitik cihazların tətbiqi; ağır neft və neft qalıqlarından nadir və əlvan metalların ayrılması texnologiyasının işlənməsi; neft-qaz-mədən avadanlıqlarının tribiotexniki problemləri və s. kimi istiqamətləri əhatə edir.

Hazırda ETİ-də 11 problem laboratoriya fəaliyyət göstərir. Bunlar neft hasilatının texnika və texnologiyası; dəniz neft yataqlarının işlənməsi; maili və horizontal quyuların qazılmasının texnika və texnologiyası; neft hidravlikası; lay-karbohidrogen sistemlərinin qaz termodinamiki tədqiqatı; quruda və dənizdə neft avadanlıqlarının işinin etibarlılığı və səmərəliliyi; neft emalında kataliz; kimyəvi sensorlar və reagentlər; neft fizikası və kritik hadisələrin termodinamikası; yeni texnologiyaların yaradılması, yağlar və yağlı örtüklər laboratoriyalarıdır.

Bunlardan əlavə, b/p-statoyl şirkətinin yaratdığı "Yeni  texnologiyalar" laboratoriyası da fəaliyyət göstərir. Sonralar onun adı dəyişdirilərək "Yeni texnologiyalar mərkəzi" adlandırılmışdır.

ETİ-də 200 əməkdaş işləyir. Onların arasında 5 akademik, 25 elmlər doktoru, 61 texnika elmləri namizədi vardır.

Görkəmli alim, mərhum akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında fəaliyyətə başlayan instituta 1992-ci ildə onun Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin olunmasından sonra tanınmış alim, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmira Ramazanova başçılıq edir.

E.Ramazanova 1952-ci ildə Bakıdakı 134 nömrəli məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan SSR-in Energetika İdarəsində mühəndis işləməklə başlayan E.Ramazanova 1960-cı ildən ADNA-nın aspiranturasında oxuyaraq neft-qaz və qaz kondensat sistemləri karbohidrogenlərin termodinamikası üzrə ixtisaslaşmışdır. 1965-ci ildə namizədlik, 1975-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1967-1977-ci illərdə Neft və qaz yataqlarının işlənməsi kafedrasında dosent, 1978-1981-ci illərdə professor, 1981-1992-ci illərdə isə axşam və qiyabi təhsil üzrə prorektor vəzifələrində işləmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

50 ildən artıq elmi-pedaqoji staja malik  E.Ramazanova 300-dən çox elmi əsərin, o cümlədən 3 monoqrafiya, 11 tədris metodik vəsait, 16 elmi-metodik rəhbərlik, 25 patent və ixtiranın müəllifidir. O, eyni zamanda Azərbaycan Milli Neft Komitəsinin vitse-prezidenti "Azərbaycan neft təsərrüfatı" jurnalı və "Vışka" qəzeti redaksiya heyətlərinin üzvüdür.

Elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında göstərdiyi böyük xidmətlərə görə professor E.Ramazanova "Şərəf nişanı" ordeni (1986), "SSRİ neft sənayesi əlaçısı" nişanı (1981), "SSRİ-nin fəxri neftçisi" (1990), "Əməkdar elm xadimi" (1990) fəxri adları ilə təltif olunmuşdur.

 ETİ nəzdində hələ keçmiş SSRİ Ali Attestasiya Komissiyasının, hazırda isə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi Neft yataqlarının işlənməsi və istismarı; Quyuların qazılması; Maşınlar, aqreqatlar və proseslər kimi üç ixtisas üzrə doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə Şura fəaliyyət göstərir.

ETİ-nin apardığı elmi-tədqiqatların nəticələri dünyanın müxtəlif ölkələrindən gəlmiş ixtisasartırma kurslarında təhsil alanların tədris prosesində geniş tətbiq edilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əmri ilə ETİ-də neft-qaz sahəsinin ehtiyaclarını ödəmək üçün mühəndis kadrları hazırlayan kurslar fəaliyyət göstərir.

Görkəmli Azərbaycan alimi, neft və qaz yataqlarının mexanikası, texnikası, texnologiyası və işlənməsi sahəsində fundamental elmin və bu sahədə institutda mütəxəssislər hazırlanmasının banisi, akademik A.X.Mirzəcanzadənin elmi rəhbərliyi altında institutda ilk dəfə olaraq böyük meyilliklə dərin mailli qazma quyularının axtarışı, kəşfiyyatı və qazılmasının əsasları yaradılmış, dənizdə və qurudakı neft yataqlarından mürəkkəb dağ-geoloji və geofiziki şəraitdə neft və qaz çıxarılmasının və nəql edilməsinin metodları, sinergetik prinsiplər əsasında neft yataqlarının işlənməsi və boru kəməri nəqlinin sistemli təhlili işlənib hazırlanmış və onun nəticələri həm Azərbaycanda, həm də keçmiş İttifaqın bir sıra neft rayonlarında (Tümen vilayətində, Tatarıstan, Başqırdıstan, Qazaxıstan və b.) tətbiq edilmiş, qeyri-Nyuton sistemlərinin hidrodinamikasının nəzəri əsasları  işlənmişdir.

Bunlardan əlavə, institutda neft yataqlarının işlənməsində fiziki sahələrin tətbiqinin nəzəri əsasları və praktik həlli işlənib hazırlanmış, qazma və neft-mədən avadanlığının etibarlılığı nəzəriyyəsi üzrə elmi istiqamət yaradılmışdır. Bu sahədə yeni nəzəri müddəalar alınmış, orijinal tədqiqatlar aparılmış, rəhbər sənədlər, standartlar, monoqrafiyalar hazırlanmışdır; ETİ-də  habelə çoxfunksiyalı və xüsusi təyinatlı kompozisiya materiallarının yeni növlərinin yaradılması və tətbiq edilməsi, maşınqayırma texnologiyası və etibarlılığı sahəsində fundamental tədqiqatlar aparılır.

ETİ-nin bütün fəaliyyəti neft və neft-kimya sənayesinin müxtəlif sahələrində perspektiv və mütərəqqi texnologiyalar yaradılmasına yönəlmişdir. Həmin məsələlərin həlli dünya elminin nailiyyətləri ilə sıx əlaqədardır. Bu isə ETİ-nin xarici ölkələrin qabaqcıl elmi və sənaye strukturları arasında sıx əməkdaşlığı işində prinsipial üsullardan biridir.

ETİ dünyanın bir çox elmi-tədqiqat institutları və mərkəzləri ilə, tanınmış neft şirkətləri - "Amoko", "b/p", "Statoyl", "Ekson", "Penzoyl", "Yunikal", "Shell"lə sıx əməkdaşlıq edir.

İnstitutda b/p şirkəti tərəfindən təsis olunan Qabaqcıl Texnologiya Mərkəzi, kompüter mərkəzi və İnternet şəbəkəsi mövcuddur.

ETİ-də habelə Neft-Qaz Kəşfiyyatı və Hasilatının Qabaqcıl Texnologiyası Mərkəzi nəzdində "Gənc alimlər məktəbi" də fəaliyyət göstərir. Məktəbin başlıca məqsədi yeniyetmələrin dəqiq elmlərə, xüsusilə neft sənayesi ixtisaslarına marağını artırmaqdır.

ETİ beynəlxalq təşkilatların və neft kompaniyalarının elan etdikləri tenderlərdə də iştirak edir. "Vyetsovpetrol" (Vyetnam) neft kompaniyası ilə əməkdaşlıq çərçivəsində geniş işlər aparılır. Belə ki, kompaniyanın sifarişi ilə vyetnamlı mütəxəssislərin elmi-texniki səviyyələrini yüksəltmək üçün ETİ hər il müxtəlif mövzularda kurslar təşkil edir.

İxtisasartırma kursları və elmi seminarlar neftçilərə müxtəlif elmi-praktik məsələlərin həllinə yeni yanaşma üsulları ilə tanış olmağa imkan verir. Bu isə neft çıxarılmasının ən aktual məsələlərinin vaxtında həll edilməsinə və mədən şəraitində həyata keçirilməsinə, eləcə də mütəxəssislərin elmi-praktiki fəaliyyətə cəlb olunmasına kömək göstərir.

Belə əməkdaşlığın məqsədi birgə elmi-tədqiqat işləri aparmaq, bir çox xarici neft şirkətlərinin layihələrində iştirak etməkdir.

İnstitutda elmi işlərə maraq böyükdür. Belə ki, yataqların sistemli analizinin işlənib hazırlanmış metodlar əsasında ilk dəfə olaraq Şimal dəniz yataqlarının işlənməsi prosesinin tədqiqi üzrə iş yerinə yetirilmişdir.

Belə bir fakt da diqqəti xüsusilə cəlb edir ki, Azərbaycanın dəniz yataqlarının işlənməsinin dinamik analizinin yeni üsulları sınaqdan çıxandan sonra "Fortis" və "Maqnus" (Böyük Britaniya) neft-qaz yataqlarında müvəffəqiyyətlə tətbiq edilmişdir.

Amerikanın "Yunikal" şirkətilə birlikdə yerinə yetirilmiş elmi-tədqiqat işləri də az əhəmiyyət kəsb etmir. Bu elmi-tədqiqat işləri sinergetik modellərdən istifadə etməklə geofiziki tədqiqat məlumatlarının interpretasiyası məsələlərinə həsr olunmuşdur.

ETİ-nin dinamik analiz əsasında işləyib hazırladığı texnologiyalar müxtəlif texnoloji məsələlərin həllində və operativ qərarlar qəbul etmək üçün yeni  üsullar Vyetnamın "Ağ pələng" və "Əjdaha" şelflərinin neft yataqlarında müvəffəqiyyətlə tətbiq edilmişdir.

Bir neçə ildir ki, ETİ  "Russlik Energiy Company" Amerika şirkəti ilə sıx əlaqə saxlayır ki, bu da müxtəlif elmi-tədqiqat universitet mərkəzləri və neft profilli firmalarla sıx əlaqələr yaratmağa kömək edir. Belə əməkdaşlıq nəticəsində şirkət ETİ-nin Kanzas şəhərində (ABŞ) keçirilən beynəlxalq konfransda iştirak etməsinə, həmçinin ayrı-ayrı şirkətlərlə, Texas və Hyuston universitetləri ilə sıx əlaqə yaratmışdır.

ETİ-nin b/p şirkətinin sifarişi ilə neft tullantılarının ağır metallardan və civədən təmizlənməsi ilə əlaqədar olaraq gördüyü işlər də böyük maraq doğurur. ETİ Türkiyədə və İranda böyük əhəmiyyətə malik elmi-tədqiqat işləri aparır.

Regional layihələrin yerinə yetirilməsi region üçün əhəmiyyətli olan problemlərin birgə həll edilməsinə və uzunmüddətli regional əməkdaşlığa imkan yaradır.

Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya ETİ Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə Azərbaycan-Britaniya "Azərbaycan Con Braun" şirkətinin səhmdarlarından biridir. Bu şirkət dəniz platformalarının sualtı kommunikasiyalarının boru kəmərlərinin SPBU üzən gəmilərin layihələndirilməsi, yenidən qurulması, genişləndirilməsi sahəsində ixtisaslaşır və neft-qaz sənayesinə geniş mühəndis xidmətləri göstərir. ETİ "Endak" (Böyük Britaniya) və "Kverner" (Norveç) kimi dünya miqyaslı aparıcı xarici şirkətlərlə ittifaqa girərək, ən müasir Qərb texnologiyalarını və layihələrini özünə cəlb etmək imkanı əldə etmişdir. Birgə səylər nəticəsində "Kverner", "Con Braun", "Bakı-Kverner-Kenni" qruplarının yerinə yetirdiyi və praktik həyata keçirdiyi Bakı-Supsa ixrac boru kəmərinin ən böyük "qərb" marşrutunun layihəsində iştirak etmək mümkün olmuşdur.

2005-ci ilin əvvəlində Dünya Neft Şurasının (DNŞ) rəhbərliyindən Azərbaycanın neft elminin, texnologiyasının və menecmentinin inkişafında böyük nailiyyətləri olan ölkə kimi bu nüfuzlu beynəlxalq təşkilata yeni üzv qəbul edilməsi haqqında təklif gəlmişdir. DNŞ-nın təklifi bir daha göstərir ki, ölkəmizin neft elmi və neft-qaz hasilatı sahəsindəki təcrübəsi və nailiyyətləri bütün dünya tərəfindən tanınmışdır, Azərbaycan Respublikası isə bu gün planetimizin aparıcı neft hasilatına malik olan dövlətləri ilə bir sırada durur.

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının son on ildə müvəffəqiyyətlə həyata keçirilməsi, ölkəmizin zəngin elmi potensialı elə bir bünövrə yaratmışdır ki, Azərbaycan bu gün ona əsaslanaraq dünya neft sahəsinə müvəffəqiyyətlə inteqrasiya olunur, dünya alimlərinin ən yeni elmi emallarına yiyələnməkdən ötrü əla imkanlar əldə edir.

Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya ETİ Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə Azərbaycan Milli Neft Komitəsinin təsisçisidir.

Həmin ildən etibarən institut Azərbaycan neft sahəsinin bütün beynəlxalq forumlarında təmsil olunur ki, bu da xarici həmkarlarla qabaqcıl təcrübə mübadiləsi aparmağa, dünya elmi fikri və praktikasının müvəffəqiyyətli emallarını mənimsəməyə, alimlərimizin nailiyyətlərini dünya birliyinin nəzərinə çatdırmağa və respublikanın neft sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların və idarələrin işini əlaqələndirməyə imkan verir.

ETİ-nin fəaliyyət istiqamətlərindən biri də beynəlxalq konfranslarda iştirak, beynəlxalq konfransların, xüsusi seminarların təşkili və keçirilməsidir. Artıq neft sahəsində belə beynəlxalq konfransların keçirilməsi ənənə halını almışdır.

ETİ 1994-cü ildən başlayaraq hər iki ildən bir keçirilən beynəlxalq  "Xəzərneft qazyataq" sərgi və konfranslarında fəal iştirak edir. Bütün beynəlxalq sərgilərdə özünün daimi stendi olan ETİ neft-qazçıxarma və neft-kimya sahəsində işləyib hazırladığı yeni texnologiyaları xarici partnyorlara müvəffəqiyyətlə nümayiş etdirir və təklif edir.

Beynəlxalq "Xəzərneftqazyataq" elmi-təcrübi konfranslarını bu baxımdan xüsusi qeyd etmək lazımdır. Məqsədi beynəlxalq elmi, sənaye və elmi təşkilatlarda alim və mütəxəssislərin geotexnologiya, dəniz neft və qaz kəşfiyyatı və çıxarılmasının riyazi modelləşdirilməsi sahəsində mövcud işlərin vəziyyətinin müzakirəsinə cəlb olunması, həmçinin neft sahələrinin inkişafının təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsi olan həmin konfranslarda enerji təchizatı bölməsinin inkişafında neft, qaz kondensatları və qaz ehtiyatlarının rolu və istifadəsi; yanacaq-enerji kompleksinin inkişafında ətraf mühitin mühafizəsi problemləri; daha əlverişli istehsalat şəraitinin seçilməsi, texniki-iqtisadi məqsədəuyğunluq əsasında neft sahələrinin inkişafının qiymətləndirilməsi; Azərbaycan neft-qaz sənayesində elmi tədqiqatların konsepsiyasının reallaşdırma yolları; kəşfiyyat, işlənmə, neftçıxarma və nəqldə istifadə edilən yeni texnologiyaların tədqiqi istiqamətləri üzrə müzakirələr aparılmışdır.

ETİ Yaponiyada nümayiş etdirilən Beynəlxalq "EXPO-2005" sərgisinin və 2008-ci ildə İspaniyada keçirilən 19-cu Dünya Neft Konqresinin və sərgisinin iştirakçısı olub. 19-cu Dünya Neft Konqresi və sərgisində institutun lay sularının radioaktiv izotoplardan təmizlənməsinin ion-nəqliyyat prosesi; neft-kimya istehsalatının və istilik-elektrik stansiyalarının NOx, SO2 kimyəvi reaksiyaların elektrodda elektrokimyəvi proseslərlə birləşmələrindən təmizlənməsi; neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün qurğu kimi qurğu və texnologiyaları nümayiş etdirilmişdir.

Neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün layihə və qurğunun hazırlanması Dünya Bankının dəstəyi ilə yerinə yetirilmişdir.

ETİ əməkdaşlarının karbon qazı tətbiq etməklə hazırladıqları texnologiya çox mühüm bir ekoloji problemi - neftlə çirklənmiş torpağı təmizləməyə, bununla da torpaqdan öz təyinatı üzrə istifadə etməyə imkan verir.

Regional proyektlərin yerinə yetirilməsi uzunmüddətli regional əməkdaşlığa və region üçün vacib olan problemlərin birgə həllinə gətirib çıxarır.

2004-cü il oktyabrın 2-dən başlayaraq ETİ icraçıları Yunanıstan, Bolqarıstan, Moldova, Ukrayna, Rumıniya və Azərbaycan olan "Xəzər Qara dəniz regionunun, tədqiqatlar və energetika siyasəti" regional layihənin aparıcı iştirakçısıdır. İnstitut bu layihə çərçivəsində "Kəmərlərin enerji və geosiyasəti, Xəzər və Qara dənizi Avropa Birliyi ilə birləşdirən enerji boru xətləri", "Ətraf mühitin modelləşdirilməsi", "Neft və qazötürmə prosesinin təhlükəsizliyi" mövzularının rəhbəridir. Bu işlərin əsasında Qara Dəniz İqtisadi Birliyi ölkələrinin Enerji və İqlim Siyasətinin Şəbəkəsi yaradılmışdı.

Ötən ilin iyun ayında Bakıda Azərbaycan Dövlət Neft Akademiyası Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun DRİLMEC PA və EPKE LTD-nin birgə təşkilatçılığı ilə "Neftçıxarmada yeni texnologiyalar" mövzusunda elmi seminar keçirilmişdir. Mövcud olan yataqlarda elmi-tədqiqat işlərinin aparılması və qazma ilə bağlı müasir texnika və texnologiyaların işlənməsi və tətbiq edilməsini öyrənmək məqsədi ilə keçirilən seminarda institutun direktoru, professor E.Ramazanova geniş məruzə etmiş, maraqlı çıxışlar dinlənilmişdir.

İnstitutun nümayəndə heyəti ötən ilin sonlarında YUNESKO-da Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş elmi məclisdə iştirak etmişdir. Həmin tədbirdə institutun direktoru, professor E.Ramazanova "Azərbaycan qadınının neft sənayesində iştirakı və rolu" mövzusunda geniş çıxış etmişdir.

Hazırda institutun kollektivi bu ilin sentyabr ayında ölkəmizdə "Ekologiya ili" çərçivəsində keçirilməsi nəzərdə tutulan suyun, havanın, torpağın təmizlənməsi problemlərinə həsr olunmuş konfransa hazırlaşır. Konfransda mövzu ilə bağlı ətraflı müzakirələrin aparılacağı gözlənilir. Eyni zamanda institutda  2011-ci ildə Qətərdə keçiriləcək XX Dünya Neft Konqresinə ciddi hazırlıq işləri görülür.

İnstitut neft və enerji məsələləri ilə bağlı bir sıra beynəlxalq nəşrlərin hazırlanmasında da yaxından iştirak edir, əməkdaşlarının elmi məqalələri nüfuzlu elmi jurnallarda nəşr olunur.

Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin enerji xülasəsi adlı toplunu xüsusi qeyd etmək lazımdır.

Yunanıstanın paytaxtı Afinanın Milli Kapodistrian Universitetinin Energetika və İnkişaf Mərkəzi ilə uzunmüddətli əməkdaşlıq əsasında artıq üç nəşri hazırlanmış xülasənin sonuncu nəşri - "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin enerji xülasəsi - 2008" toplusunun təqdimatı həmin təşkilatın maliyyə dəstəyi, Azərbaycan Respublikası Sənaye və Energetika, Xarici İşlər nazirlikləri və ARDNŞ-ın təşəbbüsü, Afinanın sözügedən institutunun Energetika və İnkişaf Mərkəzinin və ADNA Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya ETİ-nin təşkilatçılığı ilə ötən il Bakıda olmuşdur. İlk nəşrdə cəmi 6 ölkənin iştirak etdiyi toplunun üçüncü buraxılışında artıq 12 ölkə təmsil olunmuşdur. Bu da əməkdaşlığın getdikcə genişlənməsinin əyani sübutudur.

Bundan əlavə, institut QDİƏT ölkələrinin birgə buraxdığı "Dayanıqlı energetika siyasətinin inkişafı üzrə Avro-Asiya jurnalı"nın nəşrində də fəal iştirak edir. Artıq iki nömrəsi işıq üzü görmüş bu nüfuzlu elmi jurnalın 3-cü nömrəsi hazırda çap olunur. İnstitutun direktoru, professor E.Ramazanova yeni texnologiyaların bütün dünyaya yayılmasında böyük rol oynayan bu sanballı elmi jurnalın redaksiya heyətinin üzvüdür. 2004-cü ildən başlayaraq institutun özünün elmi əsərləri buraxılır. Həmin toplu digər ölkələrə də göndərilir.

Hazırda Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya ETİ-nin elmi fəaliyyətinin əsas istiqamətlərini neftçıxarmada nanotexnologiyaların işlənməsi və geniş surətdə tətdiqi, yeni texnologiyaların hazırlanması, enerji ehtiyatlarının qorunması, texnologiyalarının hazırlanması, ətraf mühitin mühafizəsi və alternativ enerji mənbələrinin müəyyən edilməsi təşkil edir.

İnstitutun mövcud elmi potensialı və bazası bütün bu işlərin, elmi layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan versə də, bu gün bu elmi-tədqiqat müəssisəsi üçün yeni binanın ayrılmasına ehtiyac duyulur. Müəssisələrinin Təhsil Nazirliyinin daim diqqət mərkəzində durduğunu deyən və buna görə cənab nazirə təşəkkürünü bildirən direktor E.Ramazanova institutun yeni bina ilə yaxın vaxtlarda təmin olunacağına, möhtərəm Prezidentimiz İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın ölkəmizdə elmin daha da inkişaf etdirilməsinə və onun nəticələrinin tədrisdə tətbiqinə böyük imkan yaradacağına əmin olduğunu bildirdi. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - ¹12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov