Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - ¹12

 

Zəhmətin bəhrəsi, illərin töhfəsi...

Bookmark and Share

Ömrün hər anı o zaman mənalı olur ki, aydın məqsəd yolunda inamlı addımlar atırsan, necə deyərlər, yerişinə-duruşuna, hərəkətinə fikir verirsən, niyyətin saf, əməllərin sözlərinə uyğun olur. Bu cəhətə fikir verənlər həyat yollarında həmişə uğur qazanır, yaxınların - doğmaların, dost-tanışların sevimlisinə çevrilirlər. 

Anadan olmasının 60, pedaqoji-elmi fəaliyyətinin 40 illiyi bu günlərdə tamam olan həmkarımız, əməkdar incəsənət xadimi, professor Nazim Kazım oğlu Kazımov da hamının sevimlisi, qadir Allahın xalqımıza bəxş etdiyi qənimət insanlardandır.

Professor Nazim Kazımov və sadiq dostları üçün əlamətdar olan bu günlərdə onun keçdiyi mənalı ömür yoluna nəzər salarkən iftixar hissi ilə bu qənaətə gəldik ki, o, öz işini mükəmməl bilən, musiqi təhsili aləmində dəst-xətti, dəyərli fəaliyyət istiqamətləri ilə tanınan, sayılıb-seçilən pedaqoq alimdir.

Xalqına, Vətəninə sədaqətlə xidmət edən bu zəhmətsevər insanın, mahir musiqi pedaqoqunun ömür yolu dahilər, görkəmli sənətkarlar diyarı  Naxçıvandan başlanıb. 1950-ci il aprelin 4-də dünyaya gələndə həmişə ağsaqqallıq, kişilik titulunu şərəflə daşıyan Kazım kişiyə, qohum-əqrəbaların istəklisi Həcər anaya gözaydınlığı verənlər çox oldu. Həcər ananın həzin laylaları ilə dünyanı dərk etməyə başlayan Nazimin körpəlik-uşaqlıq illəri də bir-birindən maraqlı keçdi.

Görkəmli pedaqoq-psixoloq alimlərin gəldiyi qənaətə görə, insanın  məktəbəqədər dövrdəki təəssüratlarının, həyat müşahidələrinin və qabiliyyətlərinin zənginliyi sonrakı həyat mərhələlərinin mənalı keçməsi üçün möhkəm zəmin yaradır. Bəlkə elə buna görədir ki, o dövrdə iti hafizəsi, bədii maraq və qabiliyyəti ilə yaşıdlarından fərqlənən Nazim ədəbiyyata, musiqiyə könül verdi. 1956-cı ildə ayaq açdığı Naxçıvan şəhər Üzeyir Hacıbəyov adına 1 nömrəli orta məktəbində və bir neçə il sonra Naxçıvan şəhər musiqi məktəbinin tar sinfində oxuyarkən fəallığı ilə seçildi. Onda ədəbiyyata da, musiqiyə də güclü həvəs vardı. Ona görə də orta təhsilini başa vurarkən iki yolun ayrıcında qaldı. Lakin çox düşünmədən ədəbiyyatı da, musiqini də özünə "yol yoldaşı" etdi. 1966-cı ildə mötəbər musiqi təhsili ocaqlarından sayılan Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil oldu. 1967-ci ildən isə qiyabi yolla Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almağa başladı.

1970-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib təyinatla Əli Bayramlı şəhər musiqi məktəbində tar müəllimi kimi pedaqoji fəaliyyətə başlayanda  universitet təhsilini davam etdirdi və 1973-cü ildə buranı filoloq ixtisası üzrə bitirdi. Musiqi təhsilini artırmaq üçün Y.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə daxil oldu. Onun daim oxumaq istəyi dost-tanışları tərəfindən təəccüblə qarşılandı. Hətta "bu qədər oxumaqla nə qazanacaqsan?" deyənlər də tapıldı.

Ancaq Nazim müəllim inadından dönmədi. Bilirdi ki, inkişafa, tərəqqiyə, yüksəlişə aparan yolların əsas cığırları məhz ixtisas məktəbindən keçir. Buna görə də sevib-seçdiyi sənətin nəzəri-praktik məsələlərini mükəmməl mənimsəmək üçün gecə-gündüz  hey çalışırdı. İxtisas müəllimləri - xalq artistləri, Dövlət mükafatı laureatları, professorlar Səid Rüstəmov (tar ixtisası üzrə), Süleyman Ələsgərov (dirijorluq ixtisası üzrə) yetirmələrinin uğurlarından fərəhlənir, ifaçılıq qabiliyyətlərini yüksək qiymətləndirirdilər.

"Taleyin gərdişi ilə tələbəm olan Nazim Kazımov çox qabiliyyətli və həssas musiqiçidir. Onun ifaçılıq və pedaqoji fəaliyyətdə böyük uğurlar qazanacağına əminəm". Görkəmli bəstəkarımız, professor Səid Rüstəmov hələ 33 il əvvəl böyük iftixar hissi ilə yetirməsi haqqında təəssüratını bu sözlərlə bildirmişdi.

1970-ci ildə Əli Bayramlı şəhər musiqi məktəbində əmək fəaliyyətinə başlayan N.Kazımov tezliklə şagirdlərin, onların valideynlərinin və pedaqoji kollektivin sevimlisi oldu. Sonralar Nazim müəllimin əmək kitabçasına yeni-yeni ünvanlar, təhsil ocaqları - Bakıdakı 15, 25 nömrəli musiqi məktəbləri yazıldı.

N.Kazımovun 40 illik əmək fəaliyyətinin 16 ili Əli Bayramlı şəhər musiqi məktəbi ilə bağlıdır. O bu məktəbdə tar müəllimi, tədris işləri üzrə direktor müavini, direktor vəzifələrində çalışarkən məktəbin şöhrəti daha da artmışdı. Nazim müəllim o dövrdə şəhər sovetinin deputatı kimi uşaqların və məktəbli gənclərin estetik tərbiyəsi naminə bir sıra mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə, yeni musiqi kollektivlərinin - xalq çalğı alətləri orkestrinin və ansamblının yaradılmasına nail oldu. Respublikada müxtəlif devizlərlə keçirilən baxışlarda, müsabiqələrdə məktəbin gənc istedadları həmişə fərqlənir, aldıqları fəxri fərmanların, diplomların sayı ilbəil artırdı. Həmin illərdə tələbələrdən Ariz Abduləliyev, Fəxrəddin Qafarov, Vaqif Abuzərov, Vüqar Nəzərov musiqi məktəbi şagirdlərinin ifaçılığı üzrə respublika müsabiqələrində laureat adına layiq görüldülər. Əlbəttə, bunlar hər şeydən əvvəl pedaqoji kollektivin və bu kollektivə bacarıqla rəhbərlik edən Nazim müəllimin aydın məqsəd yolunda səylə çalışmasının real nəticələri idi. Onun yetirmələrindən bir çoxu indi də müstəqil respublikamızda musiqi təhsilinin inkişafi, müasir tələblər  səviyyəsində qurulması naminə böyük həvəslə, səylə çalışırlar.

İstedadlı musiqişünas Ariz Abduləliyev Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Mübariz Dadaşov Şirvan şəhər musiqi məktəbinin, Əmirhüseyn Hüseynov Bakıdakı 25, Ramiz Əliyev 33 nömrəli musiqi məktəblərinin direktorları, Rahib Məmmədov isə Hacıqabul Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində səmərəli fəaliyyət göstərirlər. Cəfər Qarayev və Yaqub Manafov isə hazırda kollecdə Nazim müəllimlə birlikdə çalışırlar.

Sevib-seçdiyin sahənin bilikli, səriştəli mütəxəssisi kimi tanınmaq, sayılıb-seçilmək həqiqətən böyük qabiliyyətdir. Nazim müəllim 1992-ci ildə Təhsil Nazirliyində mütəxəssis kimi fəaliyyət göstərməyə irəli çəkiləndə də, şübhəsiz, məhz bu cəhət nəzərə alınmışdı. Burada o, təxminən 10 il inspektor, aparıcı mütəxəssis, rəis müavini vəzifələrində çalışaraq təşəbbüskarlığı, səriştəliliyi ilə diqqəti cəlb edir. O, eyni zamanda 1997-ci ildən 2001-ci ilədək Təhsil Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin sədri  vəzifəsini aparır, rəhbərlik etdiyi təşkilatın fəaliyyətini səmərəli qurmaqla həmkarlar ittifaqı üzvlərinə göstərdiyi diqqət və qayğısı, insaniliyi, ağır-ağayanalığı, hər kəsin yerini, dilini bilmək qabiliyyəti ilə bu mötəbər qurumun kollektiv üzvlərinin dərin rəğbətini qazanır.

Nazim müəllim nazirlikdə işlədiyi müddətdə də həmişə arayıb-axtarmağa böyük səy göstərmişdir. 1994-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olanda bu səyi, həvəsi daha parlaq şəkildə nəzərə çarpdı. Səsi respublikamızda keçirilən ən mötəbər elmi məclislərdən gəldi. Pedaqoji mətbuat səhifələrində bir-birindən maraqlı yazılarla çıxış etdi. Məhz bu səyin, həvəsin və səmərəli elmi araşdırmaların nəticəsində o, "Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi" mövzusunda namizədlik dissertasiyasını tamamlayaraq müvəffəqiyyətlə müdafiə etdi.

Nazim Kazımov yaradıcılıq planlarını əzmlə həyata keçirən alimdir. O, dissertasiya müdafiəsindən sonra da gənc nəslin musiqi-estetik tərbiyəsi üzrə tədqiqatlarını davam etdirir. "Azərbaycan məktəbi" jurnalında, "Azərbaycan müəlimi" qəzetində dərc olunan elmi-metodik məqalələri bu baxımdan əhəmiyyətlidir. N.Kazımovun çap etdirdiyi "Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə proqramı" (Bakı, 1998),  "Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri" (Bakı, 1996, 2000), "Tar ilə fortepiano üçün pyeslər məcmuəsi" (Bakı, 1999) həm Musiqi Akademiyasının, Milli Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin tələbələri, uşaq musiqi məktəblərinin şagirdləri üçün dəyərli vəsaitlər kimi qiymətləndirilir.

O, eyni zamanda ali musiqi tədrisi müəssisəsində pedaqoji fəaliyyətini davam etdirərək musiqi kadrlarının hazırlanmasında yaxından iştirak edir. Azərbaycan Dövlət Konservatoriyasında 1981-84-cü illərdə müəllim, 1993-1998-ci illərdə baş müəllim, 1998-2006-cı illərdə dosent vəzifələrində çalışır. 2006-cı ilin fevral ayında Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasında professor vəzifəsinə seçilir. Böyük təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 2001-ci ildə N.Kazimovu Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinə direktor təyin etdilər. Onun məqsədyönlü fəaliyyəti nəticəsində Musiqi Kolleci əvvəlki şöhrətini qaytararaq ölkənin ən nüfuzlu orta ixtisas musiqi təhsili müəssisəsinə çevrilmişdir. Musiqi təhsili sahəsindəki səmərəli fəaliyyəti layiqincə qiymətləndirilən N.Kazımov müxtəlif vaxtlarda fəxri fərmanlara, "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görüldü. 2006-cı ildə isə Nazim Kazımova ölkəmizdə musiqi təhsilinin, musiqi mədəniyyətinin inkişafına böyük diqqət və qayğı göstərən Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə "Əməkdar incəsənət xadimi" fəxri adı verildi.

Əməyinin yüksək qiymətləndirilməsi onu daha da ruhlandırdı.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli bəstəkar və musiqi xadimi, Dövlət mükafatı laureatı Səid Rüstəmovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Ölməz sənətkarın xatirəsinə göstərilən bu hörmət və ehtiram Nazim müəllimi çox sevindirdi. Üzərində işlədiyi lSəid Rüstəmov» monoqrafiyasını çapa hazırladı. 2007-ci ildə "Nərgiz" və "Çaşıoğlu" nəşriyyatı tərəfindən nəfis şəkildə buraxılan bu fundamental monoqrafiya Səid Rüstəmov sənətini layiqincə qiymətləndirənlərin-səidsevərlərin çox böyük marağına səbəb oldu.

Professor Nazim Kazımovun Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoyanlardan biri kimi tanınan, ancaq 23 il ömür sürən (1909-1932) Asəf Zeynallının anadan olmasının 100 illiyinə həsr etdiyi dəyərli monoqrafiyası isə 2009-cu ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən çap olundu və dərs vəsaiti səviyyəsində dəyərləndirildi. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, xalq artisti, Dövlət mükafatı laureatı, "İstiqlal" ordenli, professor Arif Məlikov "Asəf Zeynallı haqqında ilk monoqrafiya" adlı ön sözdə yazır:

"Monoqrafiyanın dərs vəsaiti kimi nəzərdə tutulması Azərbaycan musiqi tarixi, XX əsr Azərbaycan musiqi ədəbiyyatı fənləri üzrə müəllim və tələbələrə layiqli töhfədir. Digər tərəfdən, Asəf Zeynallı barədə musiqi ədəbiyyatının lazımi səviyyədə olmadığı müasir dövrdə bu monoqrafiya bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumata və dərs vəsaitinə olan tələbatı ödəyə biləcəkdir".

Nazim müəllimin rəhbərlik etdiyi möhtəşəm təhsil ocağının-Musiqi Kollecinin 110 illiyinə həsr etdiyi və ötən il çapdan buraxılmış kitab da maraqla qarşılanıb. Musiqi təhsili işçiləri, sənətşünas alimlər, müəllimlər, tələbələr və geniş musiqi ictimaiyyəti üçün nəzərdə tutulan vəsaitdə bu müqəddəs sənət-təhsil ocağının keçdiyi inkişaf yolu tarixi mərhələlərlə nəzərə çatdırılır.

N.Kazımov geniş diapazona malik musiqi pedaqoqudur.  Bu ali keyfiyyət onun həyata, ətraf aləmə baxışı, dünyagörüşü ilə bağlıdır. Professor Nazim Kazımov yaxşı bilir ki, milli şüurun, vətənpərvərlik tərbiyəsinin inkişafında, formalaşmasında musiqinin çox böyük rolu, təsir imkanları vardır. Bax elə buna görə də o, ali və orta ixtisas musiqi məktəblərində, habelə ümumtəhsil məktəblərində musiqi fənlərinin müasir tələblər səviyyəsində tədrisinə, pedaqoji, metodik təminatına müsbət təsir göstərən tədris vasitələrinin hazırlanmasında yaxından iştirak edir. O, təlim Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin 2, 5, 7, 8-ci sinifləri üçün son illərdə nəşr edilən "Musiqi", "Muzıka" dərsliklərinin həmmüəlliflərindən biridir.

Professor Nazim Kazımov həyatının, yaradıcılığının müdrik çağında Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinə-burada çalışan yaradıcı kollektivə çox böyük diqqət və qayğı ilə rəhbərlik edir. Onu da deyək ki, uzun müddət qəza vəziyyətində olan və  sınıq-sökük binada yerləşmiş bu möhtəşəm təhsil ocağının yeni ünvanda, müasir tələblər səviyyəsində fəaliyyət göstərməsində də Nazim müəllimin böyük əməyi var. Bunu kollecin adlı-sanlı müəllimləri, tələbələri və təhsil ocağı ilə müntəzəm əlaqə saxlayan valideynlər də etiraf edirlər. Bu möhtəşəm təhsil ocağının nəyə qadir olması YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü və səyilə keçirilən muğam ifaçılığı müsabiqələrində də parlaq şəkildə nəzərə çarpdı. 2005-ci ildə müsabiqədə iştirak edən 20 nəfərdən 14-ü, 2007-ci ildə isə 20 nəfərdən 12-si məhz bu kollecin tələbələri olmuşdur. Bu  möhtəşəm təhsil ocağının məzunu Təyyar Bayramov isə 2009-cu ildə Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının qalibi olmuş və festivalın "Qran-Pri" mükafatına layiq görülmüşdür. Onun "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adını alması isə dövlətimizin başçısının gənc istedadlara necə böyük diqqət və qayğı göstərməsinə parlaq nümunədir. Bütün bunlar böyük fəxrlə, ürək-qəlb genişliyi ilə belə fikir söyləməyə əsas verir ki, zəngin ənənəsi, tarixi olan bu möhtəşəm musiqi təhsili ocağının rəhbəri, professor Nazim Kazımov daha xoş günlərin, gələcək uğurların təməlini qoyur. Ömrü-günü müqəddəs  musiqi sənətinə vurğunluqla aşılanan həmkarımıza 60 illik yubileyində möhkəm cansağlığı, uzun ömür, daha böyük uğurlar arzulayırıq! 

Vidadi  XƏLİLOV,
Azərbaycan Respublikası
Təhsil Problemləri İnstitutunun
şöbə müdiri, pedaqoji  elmlər  doktoru, professor, əməkdar  müəllim

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - ¹12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov