Zəng edənin səsindəki sevinc və fərəh ilk
kəlmələrdən duyuldu.
O, Novruz bayramı münasibətilə təbrikdən sonra
cavab verməyə imkan vermədən: - Fakültəmizin
tələbəsi Honkonqda dünya çempionu olub, - dedi.
- Bu barədə "Azərbaycan müəllimi"ndə xəbər
verəydiniz.
Səsindən tanımışdım; Sumqayıt Dövlət
Universiteti kimya fakültəsinin dekanı, dosent
Qafar Ramazanov idi.
Martın 29-da, deyilən vaxtda redaksiyada
görüşdük. Tomriz Həsənova Bakıdakı 60 nömrəli
orta məktəbin məzunudur. 2008-ci ildə orta
təhsili başa vuran Tomris artıq Çində geniş
yayılmış uşu döyüş sənəti üzrə məşqlərlə çoxdan
məşğul olurdu. Cəldlik, dəqiqlik, cəsarət və
enerji, həm də incəlik və soyuqqanlılıq tələb
edən bu idman növünə olan maraq ona atası Azər
Həsənovdan keçib.
2009-cu ildə testlə qəbul imtahanlarında 405 bal
toplayan Tomriz Azər qızı Sumqayıt Dövlət
Universitetinin kimya fakültəsinə daxil oldu.
Artıq tələbə idi və qəlbinin dərinliyində oyanan
qeyri-adi bir hissin təsiri ilə məşqlərə davam
etdi. 2010-cu ilin martında Honkonq şəhərində
keçiriləcək yarışlara hazırlaşmağa başladı.
Üstəlik ali məktəbdə ilk semestrin imtahanları
olacaqdı.
...Martın 10-da yarışlar başlandı. Dünya
çempionatında 6800 nəfər idmançı iştirak edirdi.
Martın 14-də ilk rəqiblə qarşılaşan Tomriz
Həsənova uşu üzrə yarışda birinci yeri qazanaraq
Uzaq Şərq şəhərində Azərbaycanın idman şərəfini
ləyaqətlə ucaltdı. 13 iştirakçı arasında yaş
həddinə görə I yeri qazanan idmançı qız
Azərbaycan bayrağı altında, Azərbaycan himninin
sədaları altında qürurla dayanmışdı. Bu, idmanın
inkişafına, bədən tərbiyəsinin kütləviliyinə
yüksək qiymət verilən, böyük diqqət yetirilən
ölkədə idman uğurları salnaməmizə yazılmış yeni
zəfərlərdən biri idi.
Sözarası onun təhsili ilə maraqlandıq.
Eksperimental biologiya kafedrasının müdiri,
dosent Ələddin Qədimov fakültənin biologiya
müəllimliyi ixtisaslı 324-cü qrup tələbəsi
Tomriz Həsənovanı tərbiyəli, sakit və çalışqan
bir bakalavr kimi səciyyələndirdi. Yanvar
semestrindəki imtahanlardan "4"-"5" qiymətlər
aldığını söylədi.
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və
xeyir-duası ilə yaradılmış Sumqayıt Dövlət
Universitetinin 10 illik salnaməsində
nailiyyətlər az deyil. 2010-cu ilin uğurları
sırasında tələbə T.Həsənovanın dünya
çempionatındakı yüksək göstəricisi Novruz
bayramı ərəfəsində qazanılmış ən sevindirici
müvəffəqiyyətdir. Uğurlar olsun!
Ş.MƏMMƏDOV |