Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Aprel 2010 - 13

 

Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib

Bookmark and Share

Aprelin 2-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirildi. Kollegiyada "Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)" mövzusunda məsələ müzakirə olundu. İclasda kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul şəxsləri, struktur bölmə rəhbərləri, ali məktəblərin rektorları, əcnəbi tələbələrin təhsilinə məsul müvafiq strukturların nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.

Kollegiya iclasını təhsil naziri Misir Mərdanov açaraq zala toplaşanları salamladı və bir neçə cari məsələni diqqətə çatdırdı. Müzakirəyə çıxarılan məsələ ilə bağlı fikirlərini bildirən təhsil naziri qeyd etdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə bütün ali məktəblərin maddi-texniki bazası ən yüksək səviyyədə yenidən qurulur, həmin müəssisələrdə çalışanların əməkhaqqı ilbəil artır.

Məhz belə müsbət dəyişikliklər xarici ölkə vətəndaşlarının Azərbaycanda fəaliyyət göstərən ali məktəblərə marağının artmasına səbəb olur. Təsadüfi deyil ki, indi respublikamızda 7 minə yaxın əcnəbi tələbə təhsil alır. Halbuki, əvvəllər valideynlər övladlarının oxumaq üçün Bakıya gəlmələrinə razılıq vermirdilər. Bu uğurlar Azərbaycan  dövlətinin, onun qurucusu, ümummilli liderimiz Heydər Əliyevin apardığı siyasətin nəticəsidir. Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan təhsili, xüsusən də ali təhsil sahəsi çox yüksək sürətlə inkişaf edir və mən əminəm ki, gələcəkdə daha böyük nailiyyətlər əldə olunacaq.

Sonra "Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)" mövzusunda təqdimat üçün söz təhsil nazirinin müavini Elmar Qasımova verildi.

Təhsil nazirinin müavini məruzə-təqdimatda öncə əcnəbi vətəndaşların ölkəmizə ali təhsil almağa gəlməsinin tarixi haqqında ətraflı məlumat verdi və bununla bağlı faktları kollegiya iştirakçılarının diqqətinə çatdırdı. O qeyd etdi ki, Azərbaycan Respublikasının ali məktəbləri ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələr üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı sahəsində ilk addımlar atmışlar. 1961-ci ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun nəzdində yaranmış əcnəbi tələbələr üçün hazırlıq fakültəsi qısa bir zamanda Sovet İttifaqında fəaliyyət göstərən 55 hazırlıq fakültəsi arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Leninqrad Politexnik İnstitutundan sonra üçüncü yeri tuturdu. İldə 500 nəfərdən artıq əcnəbi vətəndaş qəbul edən bu fakültənin məzunlarının çoxu ölkəmizin ali məktəblərinin müxtəlif fakültələrində təhsillərini davam etdirmək hüququ qazanırdı.

Müstəqilliyin ilk illərində keçmiş Sovet İttifaqı məkanında yalnız Azərbaycan əcnəbi tələbələrə yarımçıq qalan təhsillərini SSRİ-nin üzərinə götürdüyü öhdəliklər əsasında dövlət hesabına başa çatdırmaq imkanı yaratmışdı. O vaxt bu fakt beynəlxalq aləmdə ən yüksək səviyyələrdə çox müsbət dəyərləndirildi.

Keçid dövründə əcnəbilərin təhsili

müxtəlif əmr və sərəncamlarla tənzimlənirdi. Daha sonra isə 1994-cü ildə əcnəbi tələbələrin təhsili ilə bağlı bir neçə sənəd hazırlandı və təsdiqləndikdən sonra ali  məktəblərə göndərildi.

Beləliklə, Nazirlər Kabinetinin 06.03.2001-ci il tarixli 56 nömrəli qərarı ilə həm öz vətəndaşlarımızın xaricdə təhsili, həm də əcnəbilərin ölkəmizdə təhsilini tənzimləyən "Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamə" təsdiq edildi.

Əcnəbi tələbələrin respublikamızın ali məktəblərinə marağının əsas amilləri haqqında danışan məruzəçi vurğuladı ki, ulu öndərimiz Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə yaranmış stabillik, inkişaf dinamikası və Azərbaycanın dünyada tanınması yolunda əldə olunmuş uğurlar təhsildə, o cümlədən xarici vətəndaşların ali təhsil müəssisələrinə cəlb olunmalarında da müstəsna rol oynadı.

Məruzə-təqdimatda daha sonra əcnəbi tələbələrin Azərbaycanda təhsilinin ayrı-ayrı məqamlarından bəhs olundu və bununla bağlı statistik məlumatların əks olunduğu slaydlar monitorda nümayiş etdirildi.

Verilən məlumata görə, hazırda ölkəmizin ali təhsil müəssisələrində - Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti (fakültə), Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (şöbə), Naxçıvan Dövlət Universiteti (əcnəbi vətəndaşların dekanlığının nəzdində), Azərbaycan Dillər Universiteti (mərkəz) və Bakı Musiqi Akademiyasında (bölmə) əcnəbi vətəndaşları ali təhsilə hazırlayan strukturlar mövcuddur.

2009-2010-cu tədris ilində respublikamızda 45 ölkədən 6813 nəfər əcnəbi tələbə təhsil alır ki, bu da tələbələrin ümumi sayının (101127 nəfər) 6,7 faizini təşkil edir. Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət xətti ilə, qalan əksəriyyəti isə ali məktəblərlə bağladıqları müqavilə əsasında ödənişli təhsil alır. Hazırda Azərbaycanda oxuyan xarici ölkə vətəndaşlarından 196 nəfəri dövlət, 6617 nəfəri qeyri-dövlət xətti ilə gələnlərdir.

Ən çox xarici ölkə vətəndaşlarının təhsil aldığı ali məktəblər Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetidir. 

Lakin universitetlərin tələbələrinin ümumi sayı ilə müqayisədə birinci yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti tutur. Belə ki, orada təhsil alan 4876 tələbənin 1000 nəfəri - 20,5 faizi əcnəbidir.

Azərbaycan Tibb Universitetində təhsil alan 6690 tələbənin 15,9 faizini (1067 nəfər), Qafqaz Universitetinin 2568 tələbəsinin 17,6 faizini (452 nəfər), Bakı Musiqi Akademiyasının 526 tələbəsinin 13,3 faizini (70 nəfər) əcnəbilər təşkil edirlər. BDU-da isə 16638 tələbədən 1097 nəfəri xarici ölkə vətəndaşıdır (faiz nisbəti: 6,6%).

Monitorda ən çox əcnəbi tələbə qəbul edən dünya universitetlərinin siyahısını nümayiş etdirən nazir müavini tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Prinston Universitetində təhsil alan 7567 nəfərin 3657-si (48,3 %), Stenford Universitetinin 15140 tələbəsinin 5400-ü (35,7%), Oksford Universitetində oxuyan 20000 nəfərin 7100-ü (35,5%) və s. xarici ölkələrdən gələnlərdir.

E.Qasımovun təqdimatına əsasən, əcnəbi tələbələr Azərbaycanın ali məktəblərində öz ölkələri üçün tələb olunan tibb, kompüter mühəndisliyi, memarlıq, inşaat, faydalı qazıntı yataqlarının işlənməsi, neft və qaz quyularının işlənməsi və istismarı, qazılması, neft və qaz kəmərlərinin və anbarlarının layihələndirilməsi, iqtisadiyyat və idarəetmə, kommersiya, beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər, sosiologiya, psixologiya, Azərbaycan, rus, türk dili və ədəbiyyatı, təbiət və dəqiq elmlər, dizayn, rəngkarlıq, teatr-dekor, xanəndə, xalq çalğı alətləri, xor-dirijor və bəstəkarlıq ixtisasları üzrə təhsil alırlar. Xarici ölkə vətəndaşları arasında mühəndislik - texniki-inşaat (33%), humanitar (19%), pedaqoji (18%), tibb (15%), iqtisadiyyat və idarəetmə (11%) , mədəniyyət və incəsənət (3%) və aqrar (1%) sahələr üzrə ixtisaslara yiyələnənlər üstünlük təşkil edirlər.

Növbəti slaydda son 10 il ərzində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin say dinamikası təqdim olundu. Verilən statistik məlumatda ötən illərlə müqayisədə xarici ölkələrdən gələn tələbələrin sayının nəzərəçarpacaq dərəcədə artdığı diqqəti cəlb etdi. Belə ki, 1999-2000-ci tədris ilində ölkəmizin ali məktəblərində 1580 nəfər, 2008-2009-cu tədris ilində isə 7150 nəfər əcnəbi tələbə təhsil alıb.

2009-2010-cu tədris ilinə dair ölkələr üzrə statistikadan aydın oldu ki, Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbilərin sayına əsasən, ilk üç yeri Türkiyədən (4073 nəfər), İrandan (1484 nəfər) və Çindən (248 nəfər) olan tələbələr tuturlar.

 Respublikamıza təhsil almaq məqsədi ilə gələn tələbələr arasında ABŞ, Norveç, Finlandiya, Kanada, Almaniya, İsveç, Danimarka kimi ölkələrin vətəndaşları da var.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması ilə ölkədə yeni miqrasiya siyasətinin həyata keçirilməyə başlandığını deyən natiq qeyd etdi ki, bu, Təhsil Nazirliyi ilə DMX arasında əməkdaşlığın genişlənməsinə səbəb olmuş, ali məktəblərdə təhsil alan əcnəbi tələbələrlə işin planlı və səmərəli şəkildə qurulması məqsədilə nazirliyin Beynəlxalq əlaqələr şöbəsi  tərəfindən "Nümunəvi Tədbirlər Planı" hazırlanmışdır.

Təqdimatda daha sonra Azərbaycan Respublikasının ali məktəblərində ödənişli əsaslarla oxuyan əcnəbi vətəndaşlar və Dövlət Proqramı çərçivəsində xaricdə oxuyan azərbaycanlı gənclər üçün müəyyən edilmiş təhsil haqlarına dair statistika diqqətə  çatdırıldı. Aydın oldu ki, Azərbaycan vətəndaşları əcnəbilərə nisbətən xarici ölkələrin universitetlərinə bir neçə dəfə artıq vəsait ödəməli olurlar. Məsələn, Bakı Dövlət Universitetinin hazırlıq kursu üçün əcnəbi tələbə 900, əsas təhsil kursu üçün 700-1000 ABŞ dolları ödəyirlər. Azərbaycan vətəndaşları üçün isə eyni ixtisaslar üzrə təhsil haqqı Almaniyanın Bremen Universitetində  8250, Dusseldorf Universitetində 1200, Avstriyanın Vyana Universitetində 6000 manatdır. Xaricilər Azərbaycan Memarlıq və İnşaat Universitetinin hazırlıq kursu üçün 600, əsas təhsil kursu üçün 1000-1200 ABŞ dolları ödəyirlər. Azərbaycan vətəndaşları üçün isə eyni ixtisaslar üzrə təhsil haqqı Böyük Britaniyanın Kembric Universitetində 17 min, Oksford Universitetində 6-25 min, London Kollec Universitetində 8-20 min manatdır.

Məruzə-təqdimatda daha sonra iclas iştirakçılarına dünyanın müxtəlif ölkələrində əcnəbi tələbələrin sayı, Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşlarının təhsil haqlarından son 3 ildə ayrı-ayrı universitetlər üzrə əldə edilən gəlirlər və s. barədə statistik məlumatlar verildi.

Çıxışına davam edən  Elmar Qasımov hazırda Boloniya prinsiplərinin respublikamızın ali təhsil sistemində tətbiqi istiqamətində ciddi addımların atıldığını deyərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il  tarixli Sərəncamı bu işin uğurla həyata keçirilməsi üçün daha əsaslı zəmin yaratdı.

Hazırlıq fakültə, şöbə və mərkəzlərində təhsilin keyfiyyəti əcnəbi vətəndaşların oxuduqları əsas fakültələrdə özünü göstərir. Buna görə də hazırlıq fakültələrində dərslərin keyfiyyəti və məişət şəraitinin normal olması mühüm amillərdən biri sayılır.

Sovet dövründə hazırlıq fakültələrində tədris həftədə 36 saat olmaqla 38 həftə davam edirdi. Təkcə məşğələlərin sayı 1368 saat təşkil edirdi.

Hazırda müxtəlif ali məktəblərdə həm həftələrin sayı azalmış, həm də 5 günlük iş həftəsinə keçidlə bağlı dərs saatları 36-dan 30-a endirilmişdir.

Beləliklə, hazırlıq fakültələrində faktiki olaraq 300-dən artıq saat ixtisar olunmuşdur ki, bu da əsasən, dilə ayrılan saatların hesabınadır. 1995-ci ilədək dil dərslərinə 740-810 saat ayrıldığı halda, indi bu rəqəm 480-540 saat arasında dəyişir.

Təhsil nazirinin müavini Elmar Qasımov sonda ölkəmizdə əcnəbi tələbələrin ali təhsili sahəsində işin təkmilləşdirilməsi ilə bağlı təklifləri iştirakçıların diqqətinə çatdırdı:

- Əcnəbi  tələbələrin  təlim-tədris  prosesinin  təkmilləşdirilməsi  məqsədilə Təhsil  Nazirliyinin  nəzdində  müvafiq  metodiki  şuralar yaradılsın;

- Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsindən sonra ölkədə ictimai-siyasi, sosial-mədəni və iqtisadi sahələrdə baş vermiş tərəqqi, XXI əsrin yeni tələblərinin meydana çıxması və Azərbaycan ali məktəblərində təhsil alan əcnəbilərin cəmiyyətə inteqrasiyası və yerli şəraitə uyğunlaşdırılması işinin yaxşılaşdırılmasının vacibliyinin artması nəticəsində 1995-ci ildə təsdiq olunmuş ali məktəblərin əcnəbi tələbələrlə iş üzrə hazırlıq fakültələri üçün nümunəvi tədris planı yenidən hazırlansın;

- əcnəbi tələbələrin təhsilində dil hazırlığının əhəmiyyəti nəzərə alınaraq bu məsələyə xüsusi diqqət yetirilsin;

- əcnəbi tələbələrin hazırlıq fakültə, mərkəz və şöbələrinin fəaliyyət göstərdiyi ali məktəblərin maddi-texniki bazaları daim yenilənsin, dil tədrisi ilə bağlı linqofon və kompüter mərkəzləri yaradılsın və ya yenilənsin;

- əcnəbi tələbələrin təhsilindən əldə edilən gəlirlərin müəyyən hissəsi ali məktəblərdə mövcud olan yataqxanaların təmirinə və ya yeni yataqxanaların inşasına yönəlsin. Bu məqsədlə Bakıda fəaliyyət göstərən iş adamları da cəlb oluna bilər;

- "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar sosial, mədəni və iqtisadi sahələrdə müəyyən tədbirlərin görülməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən hazırlanmış "Nümunəvi Tədbirlər Planı"nın icrasına diqqət artırılsın;

- Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsinin alınması məqsədilə Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçirilmə məsələlərinə daha ciddi yanaşılsın və DMX-dən müvafiq sənədlərin alınması vaxtlı-vaxtında həyata keçirilsin;

- əcnəbi vətəndaşlar üçün Azərbaycanda mövcud olan təhsil imkanları barədə maarifləndirmə işinin mütəşəkkil həyata keçirilməsinin zəruriliyi nəzərə alınaraq ali məktəblər tərəfindən ölkəmizdə və xaricdə təşkil olunan təhsil sərgilərində iştirak təşviq olunsun.

Sonra məruzə ətrafında müzakirə aparıldı. Çıxış üçün söz alan Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov öncə belə aktual bir məsələnin kollegiya iclasında müzakirəyə çıxarıldığı üçün təhsil nazirinə təşəkkürünü bildirdi.

Təqdimata münasibətini bildirən A.Məhərrəmov materialın məntiqə əsasən qurulduğunu və çox dəyərli, maraqlı statistik məlumatlarla zəngin olduğunu vurğuladı. Rektor qeyd etdi ki, Azərbaycanda əcnəbilərin təhsilinə dair son 10 ilin statistikasından da göründüyü kimi, ölkəmizin ali məktəblərinə maraq ildən-ilə artır. Lakin zəruri şərait yaradılsa, onların sayını daha da artırmaq olar. BDU-nun 18 min tələbəsindən 5 mini yataqxana ilə təmin edilə bilər. Amma hazırda 1 tələbə də yataqxanada yaşamır. Respublikamızın ali məktəblərində təhsil almaq arzusunda olan xarici ölkə vətəndaşları təhsil haqqı, tədris prosesi,  mühit və s. ilə maraqlansalar da, ən önəmli məsələ yataqxana ilə təminatdır. Əcnəbilərə bu şəraiti yaratmadıqda onlar təhsil almaq məqsədi ilə başqa ölkələri seçirlər. Bilik səviyyəsi çox aşağı olan əcnəbi tələbələrlə güzəştli davranmağın təhsilimizin nüfuzuna böyük ziyan vurduğunu deyən millət vəkili BDU-da artıq 2 ildir ki, belə halların qarşısını almaq məqsədilə kəskin tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.

Sonra çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirdi ki, müstəqillik əldə etdikdən sonra ölkəyə qonşu Türkiyə və İrandan çox sayda tələbələr gəlməyə başladı. Uzun illər ayrı düşdüyümüzə görə biz onları səmimi qarşılayır və təhsillərini başa vurmalarına hər cür  şərait yaradırdıq. Təəssüf ki, məhz bu amil həmin ölkələrdə bizim ali məktəblərimiz haqqında müəyyən  fikrin formalaşmasına səbəb olub. Hər bir ölkə maraqlıdır ki, xaricdən gələn tələbələrin sayı çox olsun. Lakin savadsızların hesabına artım bizim universitetlərin adına başucalığı gətirmir. Bu gün ali məktəblərimizə savadlı xarici ölkə vətəndaşlarını cəlb etmək üçün ciddi seçim aparmalıyıq.

Ə.Əmiraslanov bununla bağlı rəhbərlik etdiyi təhsil müəssisəsində həyata keçirilən tədbirləri diqqətə çatdırdı və xarici ölkələrin səfirliklərilə həmin istiqamətdə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyini vurğuladı.

Yataqxana ilə təminat məsələsinə toxunan rektor qeyd etdi ki, Azərbaycan Tibb Universitetində  təhsil alan əcnəbi tələbələrin yataqxanası olsa da, tələbləri tam ödəmir. Keçən tədris ilində yerli tələbələrə aid olan yataqxananın 2 mərtəbəsi təmir olunaraq xarici ölkə vətəndaşlarına verilib. Lakin bu da kifayət etmir.

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov təhsil nazirinin müavini Elmar Qasımovun təqdim etdiyi məruzənin çox yüksək səviyyədə hazırlandığını və bu sahəyə aid ətraflı məlumatın verildiyini qeyd etdi.

Ayrı-ayrı ölkələrin universitetlərində əcnəbi tələbələrin təhsilinə dair statistik məlumatı xatırladan S.Seyidov bildirdi ki, dünyada güzəştli təhsil yoxdur. Biz də universitetlərimizin imicini yüksək tutmaq üçün say dalınca qaçmamalı, ilk növbədə, biliyə üstünlük verməliyik. Əcnəbi tələbələrin təhsil haqqı məsələsinə toxunan rektorun fikrincə, xaricilərin ödədiyi vəsait yerlilərdən ən azı 2 dəfə artıq olmalıdır. Statistika göstərir ki, xarici ölkələrdə oxuyan vətəndaşlarının sayına görə Çin Xalq Respublikası dünyada birinci yeri tutur. Təkcə ABŞ-da 250 min çinli ali təhsil alır və onlara heç bir güzəşt yoxdur. Bizdə isə əksinədir və bu təhsil müəssisəsinin reytinqinə çox ciddi təsir edir.

Səməd Seyidov əcnəbi tələbələrin təhsili sahəsində hazırlıq kurslarının mühüm əhəmiyyət kəsb etdiyini dedi. Qeyd etdi ki, dünyanın bütün ali məktəblərində xarici vətəndaşlar üçün hazırlıq kursları var və həmin kurslarda tələblər müxtəlifdir. ABŞ-a getmək istəyən mütləq TOEFL, Böyük Britaniyaya gedən İELTS kursundan, Fransaya, Almaniyaya gedənlər də müvafiq olaraq xüsusi kurslardan keçməlidirlər. Azərbaycana gələn əcnəbilər üçün də dilimizi mükəmməl öyrənmələri məqsədilə ümumiləşdirilmiş və sertifikatlaşdırılmış test hazırlanmalıdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev yataqxanaların olmamasının bu sahənın inkişafında böyük çətinliklər yaratdığını dedi. Ş.Hacıyev bu problemin həll olunması, eləcə də tələbə şəhərciklərinin salınması məqsədilə Təhsil Nazirliyinin Dünya Bankı və ya digər beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsinin məqsədəuyğun olduğunu vurğuladı.

Millət vəkili qeyd etdi ki, əcnəbi gənclər ölkəmizdə 4-5 il təhsil alırlar. Onlarla təlim-tərbiyə prosesi elə qurulmalıdır ki, bizim tariximizi, dilimizi, coğrafiyamızı dərindən öyrənsinlər, mədəniyyətimiz, milli mənəvi, əxlaqi dəyərlərimizlə yaxından tanış olsunlar. Belə ki, öz ölkəsinə qayıdan hər bir əcnəbi müəyyən mənada Azərbaycanın səfirinə çevrilməlidir.

Azərbaycan  Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova rəhbərlik etdiyi ali məktəbdə əcnəbi tələbələrlə aparılan işlər haqqında məlumat verdi. G.Məmmədova bildirdi ki, bir neçə il əvvəl universitetə dövlət xətti ilə bir nəfər də tələbə gəlmirdi. Əcnəbi tələbələri cəlb etmək üçün biz özümüz çalışırdıq. İndi isə vəziyyət dəyişib. AMİU-da təhsil alan türk tələbələrin 80 faizi dövlət xətti ilə göndərilənlərdir. Bu uğur isə asanlıqla əldə olunmayıb. Sübut etməyə çalışmışıq ki, biz tələbəyə diplom yox, bilik veririk.

Rektorun sözlərinə görə, əcnəbi tələbələr universitetin ictimai işlərinə cəlb edilir, təhsil almağa başlayandan bir neçə ay sonra tədbirlərdə, səhnəciklərdə iştirak edirlər. AMİU-da xarici ölkə vətəndaşlarının Azərbaycanı tanıyıb sevmələri üçün məqsədyönlü iş aparılır.

İclası yekunlaşdıran təhsil naziri Misir Mərdanov mümkün optimal variantlardan istifadə etməyi, universitetlərimizin nüfuzuna xələl gətirməməklə Azərbaycanın ali məktəblərinə gələn əcnəbi tələbələrin sayını artırmağa çalışmağı tövsiyə etdi. Bununla da kollegiya iclası başa çatdı.

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
9 Aprel 2010 - 13
"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları  Heydər Əliyev Fondunda olublar
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq  Məktəbi üçün bina inşa edilir
 
XI sinif şagirdləri barədə məlumatlar TİMS bazasında yerləşdirilib
 
Tələbələr  yay istehsalat təcrübəsini Almaniyanın Lautsiz ali məktəbində keçəcəklər
 
İslamabadda "Sufizm və sülh" mövzusunda beynəlxalq konfrans
 
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib
 
"Elektron təhsil" ümumrespublika müsabiqəsinə start verildi
 
Bakıda IV Beynəlxalq Layihə Olimpiadası keçirilir
 
Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil Nazirliyində görüş
 
Dünya Bankı ilə əməkdaşlıq yüksək qiymətləndirildi
 
Nazir beynəlxalq olimpiada iştirakçılarını qəbul edib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elmin yeni sahələrinin inkişaf etdirilməsi istiqamətlərinə müasir metodoloyi baxışlar
 
Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb
 
Xəzər Universitetində məzun gecəsi
 
Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri
 
Azərbaycan Dillər Universitetində Amerika günləri
 
Gəncənin orta məktəbləri üçün tədris avadanlığı gətirilib
 
Məktəbəqədər müəssisələr üçün yeni binaların inşası ilə bağlı investisiya proqramı hazırlanıb
 
Beyləqanda məktəb binaları tikiləcək
 
Naxçıvan Dövlət Universitetində videodərs
 
Böyük alim, unudulmaz müəllim
 
Bağça bir yaşını qeyd etdi
 
BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri
 
"Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi"  mövzusunda "dəyirmi masa"
 
Şəhidin doğum günü qeyd olunub
 
İnsan alverinə qarşı mübarizə hamılıqla aparılmalıdır
 
"Vətən mənə oğul desə..."
 
Qəbələdə müxtəlif müsabiqə və idman yarışları keçirilib
 
Birincilərin  "açıq dərs"i
 
Əkrəm Ələkbər oğlu Əsgərov
 
Dünya universitetləri:
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov