Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Aprel 2010 - ¹13

 
Dünya universitetləri:

Braun Universiteti

Bookmark and Share
  Yerləşir: ABŞ, Rod Aylend ştatı, Providens şəhəri  
Yaranma tarixi: 1764-cü il
Tipi: Özəl  
İşçi heyəti: 4629 nəfər
Tələbələrin sayı: 8261 nəfər
İllik gəlirləri:   623887000 ABŞ dolları
İllik xərcləri: 636547000 ABŞ dolları
Rəsmi saytı: www.brown.edu

Braun Universiteti (Brown University) ABŞ-ın Rod Aylend ştatının paytaxtı Providens şəhərində yerləşən qədim ali təhsil ocağıdır. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Braun Universiteti 100 ən yaxşı ali məktəb arasında 31-ci yerdədir. Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" jurnalının 2010-cu il üzrə reytinqinə görə, bu ali təhsil müəssisəsi ölkə universitetləri arasında 16-cı yerə layiq görülüb. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir. 

Tarixi 

1763-cü ildə Nyu-Cersi Kollecinin məzunu olmuş keşiş Ceyms Menninq Baptist (xristian məzhəblərindən biri) Kilsələri Assosiasiyası tərəfindən Rod Aylend ştatına kollec axtarmağa göndərilir. Elə həmin vaxt başda Yel Kollecinin gələcək prezidenti Ezra Stayls olmaqla konqreqasionalistlər (kilsə icmaları birləşməsi) bu məqsədə xidmət edirdilər. Kollec Korporasiyası Cəmiyyətinin ilk toplantısı Rod Aylend ştatında Nyuportda yerləşən Qədim Ev adlanan binada baş tutur. Yeni kollecin yaradılmasında Rod Aylend ştatının qubernatorları və gələcəkdə Amerika inqilabçılarından olan Stivens  Hopkins və Samuil Uord böyük rol oynayırlar. 3 mart 1764-cü ildə Böyük Britaniya kralı III Georq  Rod Aylend ştatında yeni kollec yaradılması haqqında xartiya imzalayır. Ali məktəbə Rod Aylend Kolleci adı verilir. Xartiyanı kraldan başqa 60-dan çox şəxs imzalayır, bunların arasında kollecin təşkilatçılıq, maliyyələşmə və idarəolunmasında böyük xidmətləri olan Braun ailəsinin üzvləri (Con, Nikolas və Mozes qardaşları) də olur. Hazırda universitetin adını daşıdığı (1804-cü ildən) Nikolas Braun kollecə böyük miqdarda yardım edir. Braun ailəsi Rod Aylend ştatında sahibkarlıq və kommersiya fəaliyyəti, eləcə də qul ticarəti ilə məşğul olurdu. Qul ticarəti məsələsində ailədə fikir ayrılığı hökm sürürdü. Qardaşlardan Con Braun quldarlığı müdafiə edirdi, Mozes və Nikolas isə qatı abolisionist (hər hansı bir qanunun ləğvinə çalışan ictimai hərəkat) idilər. 2003-cü ildə Braun Universiteti bu ağır tarixlə barışaraq, ali məktəbin prezidenti Rut Simmonsun rəhbərliyi altında Quldarlıq Məsələləri üzrə Ədalət Məhkəməsi təsis edib.

1765-ci ildə Ceyms Menninq yeni yaradılmış kollecin prezidenti təyin edilir və 1791-ci ilədək bu vəzifədə qalır. Kollecə dini mənsubiyyətindən asılı olmayaraq tələbələr qəbul edilir. 1770-ci ildə universitetin hazırda Providens şəhərində İst-Saydda yerləşən əsas binası tikilir. 1891-ci ildən Braun Universitetinin nəzdində Qızlar Kolleci yaradılır və ali məktəbə qızlar qəbul olunur. Sonradan həmin kollecə Pembrok adı verilir. 1971-ci ildən başlayaraq Pembrok Kollecində qızlar və oğlanlar birgə təhsil alır.

1850-ci ildə Braun Universitetində elmi dərəcələr verilməyə başlasa da, 1857-ci ildə dayandırılır. 1887-ci ildə universitet tələbələrinə magistr və doktorluq dərəcələri vermək hüququnu bərpa edir. Burada ilk magistr dərəcəsi 1888-ci ildə, ilk doktorluq dərəcəsi isə 1889-cu ildə verilir.

Braun Universitetində ilk tibb proqramı 1811-ci ildə həyata keçirilib. Tibb üzrə elmi dərəcələr ali təhsil müəssisəsində 1975-ci ildən verilir. 1984-1985-ci illərdə Braun Korporasiyası 8 illik Liberal Tibbi Təhsil Proqramı qəbul edir. Hazırda Braun Universiteti Tibb Məktəbinin tələbələrini ildə 90-a yaxın tibbi dərəcə ilə təltif edir.

1904-cü ildə universitetdə Con Karter Braun, 1908-ci ildə isə Riçard Rammell kitabxanaları açılır.

Braun Universiteti 1969-cu ildə qeyri-adi tədris proqramı qəbul edir. Bu proqrama əsasən universitetdə heç bir fənn məcburi tədris edilmir. Tələbələr müstəqil olaraq istədikləri fənləri seçir və istədikləri zaman qiymət əvəzinə "məqbul" və ya "qeyri-məqbul" ala bilirlər. Hələ 1850-ci ildə universitetin prezidenti Frensis Ueylend yazırdı: "Müxtəlif kurslar elə təşkil olunmalıdır ki, hər tələbə seçdiyi şeylərin hamısını və yalnız seçdiyini öyrənə bilsin". Hazırda Braun Universiteti Akademik Zənginləşdirmə Planının həyata keçirilməsinə başlayıb. Bu proqram tədqiqat, təhsil və ictimai liderlik sahələri üzrə qabaqcıl təcrübənin yeni standartlarını müəyyən edir.  

Büdcə və təhsil haqqı 

2009-cu ildə Braun Universitetinin illik gəlirləri 623887000 ABŞ dolları təşkil edib. Bu vəsaitin 302018000 ABŞ dolları təhsil haqqından, 133847000 ABŞ dolları qrant və sazişlərdən, 49905000 ABŞ dolları yardımlardan, 133030000 ABŞ dolları ianə fondunun gəlirlərindən, 80682000 ABŞ dolları satış və göstərilən xidmətlərdən, 24586000 ABŞ dolları isə digər gəlirlərdən əldə olunub.

Həmin il Braun Universitetinin illik xərcləri isə ümumilikdə 636547000 ABŞ dolları dəyərində olub. Bu məbləğin 301192000 ABŞ dollarını əməkhaqqı, 83639000 ABŞ dollarını işçilərə verilən mükafatlar, 48447000 ABŞ dollarını universitetə göstərilən xidmətlər, 77787000 ABŞ dollarını təchizat, 21495000 ABŞ dollarını kommunal, qalanlarını isə digər xərclər təşkil edib.

2009-cu ilin yekunları üçün Braun Universitetinin illik dövriyyəsini 2724816 ABŞ dolları təşkil edib.

Braun Universiteti 2009-cu ildə dövlət və şəxsi maliyyə mənbələri daxil olmaqla tədqiqatlara 138853684 ABŞ dolları xərcləyib. Universitetin tədqiqat mənbələrinə Səhiyyə və İctimai Xidmət Departamenti, Milli Elm Fondu, Müdafiə və Energetika Nazirliyi, NACA, Təhsil Nazirliyi, eləcə də müxtəlif özəl, korporativ və qeyri-kommersiya təşkilatları daxildir. Universitet Fulbrayt, Makartur, Quqqenheym və Milli Fond təqaüd proqramlarını dəstəkləyir.

Braun Universitetində tələbələrin təhsil haqqı onların oxuduğu məktəb, fakültə və proqramdan asılı olaraq dəyişir. 2009-2010-cu tədris ilində tələbələrin təhsil haqqı ümumilikdə 38048 ABŞ dolları təşkil edib. Tələbələrin qidalanması və digər xərcləri isə 11080 ABŞ dolları dəyərində olub. Təhsil haqqı da daxil olmaqla, həmin tədris ilində tələbəyə təxminən 49128 ABŞ dolları dəyərində məbləğ lazım olub.

Universitet bütün tələbələrə 100%-lik yardım (təqaüd) təklif edir. Ali təhsil müəssisəsinin tələbələrinin 41%-i maliyyə yardımı alır. Təqaüdün məbləği burada orta hesabla 33290 ABŞ dollarıdır. 

Braun Universitetində müəllimlərin əməkhaqqı onların elmi dərəcələrindən asılı olaraq dəyişir. Burada professor orta hesabla ildə 134500 ABŞ dolları, elmlər doktoru 87276 ABŞ dolları, dosent 75768 ABŞ dolları, müəllimlər (mühazirəçi) 59858 ABŞ dolları,  stajlı müəllimlər isə 71983 ABŞ dolları dəyərində maaş alır. Əməkhaqqının məbləği universitetin məktəb və fakültəsindən asılı olaraq az da olsa, fərqlənir. 

Universitet bu gün 

Braun Universiteti Providens şəhərində ən böyük əraziyə malik ali təhsil müəssisəsidir. Universitet Əsas, Pembrok, Şərq kampuslarından və bir sıra digər ərazilərdən ibarətdir. Əsas kampus İst-Saydda Providens çayından başlayaraq şəhərin mərkəzinə doğru 0,58 km2 ərazini əhatə edir. Yaşıllıqlarla əhatə olunan bu şəhərcikdə əksəriyyəti viktorian üslubunda inşa edilmiş 235 bina yerləşir. Akademik binaların çoxu Əsas kampusdadır. Şəhərciyin girişində kərpic və dəmir çərçivədən ibarət olan məşhur Van Uikl qapıları yerləşir. Universitet haqqında dərc olunan nəşrlərin çoxunda bu kampusun şəkilləri nümayiş olunur.

Pembrok kampusunda Pembrok Qadınlar üçün Tədris və Tədqiqat, Koqut Humanitar Elmlər mərkəzləri, tələbə yataqxanaları, yeməkxanalar, əyləncə mərkəzləri  yerləşir.

40000 m2 ərazidən ibarət olan Şərq kampusu Braun Universiteti tərəfindən 1969-cu ildə 5 milyon ABŞ dollarına əldə olunub, 1971-ci ildən isə rəsmən Braun Universitetinin kampusu elan edilib.

Bu kampuslardan əlavə, Braun Universitetinə Əsas şəhərcikdən bir mil şimal-şərqdə yerləşən və 1925-ci ildə tikilmiş Braun stadionu, Ceverli rayonunda 5 inzibati bina, Providens şəhərindən kənarda - Bristol şəhərində 1,52 km2  ərazi aiddir.

Braun Universitetində fəaliyyət göstərən kolleclər bunlardır: Bakalavr, Ali (magistr və doktorantlar üçün) kollecləri və Alpert Tibb Məktəbi.

Bakalavr Kolleci universitetin əsas hissəsidir və ali məktəbin yarandığı andan fəaliyyət göstərir. Hazırda kollecin tələbələrinin sayı 6013 nəfərə bərabərdir. Kollecdə Afrika mədəniyyəti tədqiqatları; Amerika sivilizasiyası; qədim tədqiqatlar; antropologiya; arxeologiya və Qədim Dünya; memarlıq; biokimya və molekulyar biologiya; biologiya; biotibbi mühəndislik; biofizika; kimyəvi fizika; kimya; klassiklər: Yunanıstan;  klassiklər: Latın; idrak nevrologiyası; səhiyyə; koqnitivistika; ticarət, təşkilatçılıq və sahibkarlıq; müqayisəli ədəbiyyatşünaslıq; hesablama biologiyası; informatika; inkişaf  tədqiqatları; Şərqi Asiya tədqiqatları; iqtisadiyyat; pedaqogika; misirşünaslıq və Qədim Qərbi Asiya tədqiqatları; mühəndislik; ingilis dili; ekoloji, etnik tədqiqatlar; Fransa tədqiqatları; geoloji elmlər; Almaniya, Yunanıstan, İspaniya, İtaliya, yəhudi, latın, slavyan tədqiqatları; tarix; incəsənət və memarlıq tarixləri; insan biologiyası; müstəqil konsentrasiya; beynəlxalq münasibətlər; sonuncu qədim mədəniyyətlər; Latın Amerikası və Karib tədqiqatları; linqvistika; semiotika - fransız dili; ədəbi incəsənətlər; ingilis dili, ədəbiyyatı və mədəniyyəti; dəniz biologiyası; riyazi iqtisadiyyat; tətbiqi riyaziyyat; riyaziyyat; Orta əsrlər mədəniyyətləri;Yaxın Şərq,  Cənubi Asiya tədqiqatları; müasir mədəniyyət və media; musiqi; nevrologiya; fəlsəfə; fizika; Portuqaliya və Braziliya tədqiqatları; psixologiya; sosiologiya; gender tədqiqatları; statistika; siyasi elmlər; dövlət siyasəti və Amerika təşkilatları; dini tədqiqatlar; Renessans və Erkən Müasir tədqiqatlar; elm və cəmiyyət; teatr incəsənəti; urban (şəhər) tədqiqatları; vizual incəsənət bölmələri fəaliyyət göstərir.

Kollec iki müxtəlif bakalavr dərəcəsi təklif edir: incəsənət (AB) və elmlər (ScB) bakalavrı. Bu dərəcələrin ikisini də almaq üçün tələbələr beş il təhsil almalıdırlar. Əgər bölmələrin arasında tələbənin arzuladığı proqram yoxdursa, o, şəxsi proqram hazırlamaq və müstəqil tədqiqat aparmaq hüququna malikdir.

Ali (magistr və doktorantlar üçün) Kollec universitetdə 1887-ci ildə yaradılıb. Burada 50-dən çox ixtisas üzrə 1832 nəfər tələbə təhsil alır. Kollec incəsənət (AM), gözəl incəsənət (MFA), incəsənət təlimi (MAT), ictimaiyyətlə əlaqə (MPP), ictimai səhiyyə (MPH), elmlər (ScM), tibbi elmlər (MMS) magistri və doktorluq (PhD-fəlsəfə doktoru) dərəcələri verir.

Ali Kollec Amerika sivilizasiyası; antropologiya; tətbiqi riyaziyyat; riyaziyyat; arxeologiya və Qədim Dünya; süni orqanlar, biomateriallar və hüceyrə texnologiyası; biotibbi mühəndislik; bioloji statistika; beyin elmi; Portuqaliya və Braziliya tədqiqatları; kimya; klassiklər; idrak və linqvistik elmlər: koqnitivistika; idrak və linqvistik elmlər:linqvistika; müqayisəli ədəbiyyatşünaslıq; informatika; inkişaf  tədqiqatları; ekoloji və təkamül biologiyası; iqtisadiyyat; misirşünaslıq və Qədim Qərbi tədqiqatlar; mühəndislik; ingilis dili; ekoloji tədqiqatlar; epidemiologiya; Fransa, İspaniya,  İtaliya, Almaniya, slavyan tədqiqatları; geoloji elmlər tədqiqatları; tibbi xidmət tədqiqatı; tarix; incəsənət və memarlıq tarixləri;innovasiya idarəetməsi və sahibkarlıq; ədəbi incəsənətlər; müasir mədəniyyət və media; molekulyar biologiya, sitobiologiya və biokimya; molekulyar farmakologiya və fiziologiya; musiqi: kompüter musiqiləri və multimedia; musiqi: etnomusiqi; nevrologiya; patobiologiya; fəlsəfə; fizika, siyasi elmlər; ictimaiyyətlə əlaqə və dövlət siyasəti; səhiyyə; psixologiya; dini tədqiqatlar; sosiologiya; müəllimlik təhsili; teatr incəsənəti; urban (şəhər) tədqiqatları departamentlərindən ibarətdir.

Alpert Tibb Məktəbi - universitetdə tibb proqramı 1811-ci ildən yaradılıb. 1991-ci ildən məktəb Braun Tibb Məktəbi adlandırılır. 2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon dollar vəsait yardım edir. Bunun qarşılığında məktəbin adı dəyişdirilərək  Uorren Alpert Tibb Məktəbi olur. Hazırda bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir. Məktəbə qəbul olmaq istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən uğurla keçir. Məktəbdə hüceyrə biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya, patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya, qastroenterologiya və s.  elmlər öyrədilir. Məktəbdə 4 il təhsil aldıqdan sonra tələbələr bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD (latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün davam etdirir. Ümumilikdə, tibbi təhsil burada 8 ildir. Məktəb MD/PhD/MPH və tibb doktoru /MPP dərəcələri təklif edir.

Alpert Tibb Məktəbinin nəzdində Rod Aylend, Miriam, Memorial, Batler, Emma Pendlton Bradli, Qadın və Uşaq hospitalları və Providens Tibb Mərkəzi fəaliyyət göstərir. 

Braun Universitetinin nəzdində Uotson Beynəlxalq Tədqiqatlar İnstitutu fəaliyyət göstərir. Burada beynəlxalq problemlərin analizi aparılır. İnstitutun himayədarı ABŞ-ın SSRİ-dəki keçmiş səfiri və EHM-in (IBM) prezidenti  kiçik Tomas Uotson olub.

Pembrok Qadınlar üçün Tədris və Tədqiqat Mərkəzi 1981-ci ildə yaradılıb və gender məsələləri üzrə elmi-tədqiqatla məşğuldur. Mərkəz qızlar üçün fəaliyyət göstərən Pembrok Kollecinin şərəfinə adlandırılıb. Burada qadınların tarixi nailiyyətlərinin tanınması üzrə bir sıra proqramlar həyata keçirilir, hər il seminarlar təşkil olunur. Mərkəzin yaradıcısı və direktoru aparıcı tarixçi və sosioloq Con Uollak Skott olub.  Pembrok Qadınlar üçün Tədris və Tədqiqat Mərkəzi Sara Doyl Qadınlar Mərkəzinin filialıdır.

Braun Universitetinin  kitabxana sisteminə 6,8 milyon cild kitab, dövri nəşr, xəritə, əlyazma, musiqi əsərləri və s. daxildir. Bu resursların üzərinə hər il 70000 nəşr əlavə olunur. Kitabxanadakı materiallar İnternet vasitəsilə geniş spektrdə oxucuların istifadəsinə verilib. Universitetdə aşağıdakı kitabxanalar fəaliyyət göstərir: humanitar və ictimai elmlər haqqında kitablar toplanmış Kiçik Con Rokfeller adına; dəqiq elmlər, tibb və kütləvi informasiya vasitələrinə aid kitab və dövri nəşrlərin saxlandığı Elmlər (burada tələbələrin ən çox toplaşdığı Syuzen  P. və Riçard A. Fridman adına Tədris Mərkəzi yerləşir); xüsusi kolleksiyaların, nadir kitablar, əlyazmalar və arxivlərin yerləşdiyi Con Hey; dünya üzrə məşhur Amerikanın Şimal və Cənubuna aid kolleksiyaların toplandığı Con Karter Braun; Valter Neymanın 46 səsyazması və 24000-dən çox musiqi əsərlərinin saxlandığı Virciniya Orviq adına Musiqi; təsviri incəsənət, memarlıq, arxeologiya materiallarının qorunduğu İncəsənət Slayd kitabxanaları.

Braun Universitetinin ən böyük muzeyi Braun Haffenreffer Antropologiya Muzeyidir. Burada Şimali və Cənubi Amerika, Afrika, Asiya və Sakit okean mədəniyyətinə aid 100000-dən çox eksponat qorunur. Annmary Braun Memorial muzeyində Avropa və Amerikanın bədii rəsm əsərləri, eksponatlar, Britaniyanın Mazanski qılınc kolleksiyaları, Braun nəslinin cəvahiratları nümayiş olunur. Bell Qalereyasında müasir rəssamların sənət əsərləri sərgilənir. 

Hazırda Braun Universitetinin prezidenti professor-xanım Rut Simmonsdur (3 iyul 2001-ci ildən). O, universitetin 18-ci prezidenti və Sarmaşıq Liqasına daxil olan ali məktəblər arasında bu vəzifəyə təyin olunan ilk afroamerikalı şəxsdir. Universitetdə ümumilikdə 4629-a yaxın işçi qeydə alınıb. Bunların 1187 nəfəri professor-müəllim heyəti, 773 nəfəri idarəetmə, qalanları isə inzibati işçilərdir. 

Braun Universitetində ABŞ-ın 50 ştatından və dünyanın 107 ölkəsindən 8261 tələbə təhsil alır. Onların 6013 nəfərini bakalavrlar, 1832  nəfərini magistr və doktorantlar, 416 nəfərini isə Tibb Məktəbində təhsil alan tələbələr təşkil edir. Universitetdə 4016 oğlan, 4245 qız tələbə oxuyur. 2009-2010-cu tədris ilində universitetə qəbul üçün 24988 ərizə daxil olub, onlardan yalnız 2790-ı qəbul olunub.

Braun Universitetində tələbə həyatı çox yüksək səviyyədə təşkil olunub, burada gənclər üçün istənilən şərait yaradılıb. Universitetin kampuslarında İnternet, kabel televiziyası, telefon, istilik sistemi və digər xidmətlərlə təmin edilmiş 1, 2 və daha çoxotaqlı 60-a qədər yataqxana var (Maçado, Perkins, Everett, Yeni Pembrok, İst-Endryus, Sirs, Vulli...). Universitetdə tələbələrə tibbi, hüquqi, psixoloji xidmətlər də göstərilir.

Braun Universitetində 300-dən çox tələbə təşkilatı qeydə alınıb. Bütün Amerika universitetlərində olduğu kimi, bu ali təhsil müəssisəsində də idmana xüsusi diqqət yetirilir və bu sahədə böyük uğurlar əldə olunub. Universitetdə 37 idman komandası fəaliyyət göstərir və onları ümumilikdə "Qonur Ayılar" (Braun Universitetinin rəngi tünd qəhvəyi, talismanı isə qonur ayıdır) adlandırırlar. Yarışlarda universitet idmançılarının geyindikləri formalar qəhvəyi rəngdə olur. Braun Universiteti Milli Universitet İdmanı Assosiasiyasının, Sarmaşıq Liqası I Diviziya idman təşkilatının üzvüdür. 

Braun Universitetini "Amerikanın ən xoşbəxt tələbələrinin cəmləşdiyi ali məktəb" adlandırırlar. "Qadın geyimləri" jurnalı Braun Universitetini "Sarmaşıq Liqası universitetləri arasında ən dəbli ali məktəb" kimi qiymətləndirib. Burada tələbələr xarici görünüşlərinə xüsusi diqqət yetirir və şəxsi stillərini formalaşdırırlar.   

Universitetin məşhur  müəllim və məzunları 

Braun Universitetinin çoxsaylı məzunları arasında ABŞ konqresmenlərinə, senatorlara, qubernatorlara, yazıçılara, jurnalistlərə, biznesmenlərə, aktyorlara və digər peşə sahiblərinə rast gəlmək olar. Onlardan ABŞ-ın Ali məhkəməsinin hakimləri Çarlz Evans Hughes, kiçik Con Rokfeller, Con Kennedi, sabiq dövlət katibi Con Hey, EHM-in (IBM) baş direktoru Tomas Uotson, mediamaqnat Ted Törner, qubernatorlar Cek Markell, Bobbi Cinal, Darmut Kollecinin prezidenti Cim Yanq Kinq, "Bank of America"-nın baş direktoru Brian Moyhinan, aktyor Con Krasinski, aktrisa Laura Linney, müğənni Liza Loeb bu ali məktəbin məzunlarındandırlar. 

Universitetin məşhur müəllimlərindən Braziliyanın sabiq prezidenti Fernando Kardosonu, Çilinin sabiq prezidenti Rikardo Laqosu, İtaliyanın sabiq  Baş naziri Romano Prodini, Nobel mükafatı laureatı Leon Kuperi, Filds medalçısı Devid Mumfordu,  yazıçı Karlos Fuentesi, novelist və şair Çinua Açebeni, iqtisadçı Uilliyam Pulu, tarixçi Andries van Damı və s. qeyd etmək olar.

Braun Universiteti özünü belə xarakterizə edir: "Universitetimizin tələbə və müəllimləri çox yaradıcı və zəngin intellektual bacarıqlara malik şəxslərdir. Eləcə də onlar hər zaman apardıqları tədqiqatlara görə nigarandırlar. Onlar işin adi gedişindən qane olmur, problemin yeni həll yollarını axtarır və eksperimentlər həyata keçirirlər. Bizim məqsədimiz dünyaya yeni-yeni töhfələr verə biləcək kosmopolit vətəndaşlar yetişdirməkdir". 

Braun Universitetinin məşhur məzunları

  Çarlz Kolson  ABŞ-ın sabiq prezidenti Riçard Niksonun əsas vəkili, məşhur "Uoterqeyt qalmaqalı"nın iştirakçısı  
  Hovard Hant Riçard Niksonun xüsusi təhqiqatçısı (xəfiyyə), Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşı, "Uoterqeyt qalmaqalı"nın iştirakçısı  
  Devid Dunkan Bill və Hillari Klintonların məsləhətçisi  
  Cenet Yellen  San-Fransisko Federal Ehtiyat Bankının prezidenti   
  Con Hey  ABŞ-ın sabiq dövlət katibi  
  Riçard Olni ABŞ-ın sabiq baş prokuroru və dövlət katibi  
  Skott Aversano  "MTV Films" və "Nick Movies" kampaniyalarının prezidenti  
  Ceyms Harvin  NASA-nın Mars və Ayda kəşfiyyat proqramı üzrə əsas elmi əməkdaşı  
  Con Krouford Intel mikroprosessorlarının əsas memarı  
  Uilyams Kin ABŞ-ın ilk beyin cərrahı  
  Kreyq Mello tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  

                                                                   Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
9 Aprel 2010 - ¹13
"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları  Heydər Əliyev Fondunda olublar
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq  Məktəbi üçün bina inşa edilir
 
XI sinif şagirdləri barədə məlumatlar TİMS bazasında yerləşdirilib
 
Tələbələr  yay istehsalat təcrübəsini Almaniyanın Lautsiz ali məktəbində keçəcəklər
 
İslamabadda "Sufizm və sülh" mövzusunda beynəlxalq konfrans
 
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib
 
"Elektron təhsil" ümumrespublika müsabiqəsinə start verildi
 
Bakıda IV Beynəlxalq Layihə Olimpiadası keçirilir
 
Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil Nazirliyində görüş
 
Dünya Bankı ilə əməkdaşlıq yüksək qiymətləndirildi
 
Nazir beynəlxalq olimpiada iştirakçılarını qəbul edib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elmin yeni sahələrinin inkişaf etdirilməsi istiqamətlərinə müasir metodoloyi baxışlar
 
Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb
 
Xəzər Universitetində məzun gecəsi
 
Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri
 
Azərbaycan Dillər Universitetində Amerika günləri
 
Gəncənin orta məktəbləri üçün tədris avadanlığı gətirilib
 
Məktəbəqədər müəssisələr üçün yeni binaların inşası ilə bağlı investisiya proqramı hazırlanıb
 
Beyləqanda məktəb binaları tikiləcək
 
Naxçıvan Dövlət Universitetində videodərs
 
Böyük alim, unudulmaz müəllim
 
Bağça bir yaşını qeyd etdi
 
BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri
 
"Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi"  mövzusunda "dəyirmi masa"
 
Şəhidin doğum günü qeyd olunub
 
İnsan alverinə qarşı mübarizə hamılıqla aparılmalıdır
 
"Vətən mənə oğul desə..."
 
Qəbələdə müxtəlif müsabiqə və idman yarışları keçirilib
 
Birincilərin  "açıq dərs"i
 
Əkrəm Ələkbər oğlu Əsgərov
 
Dünya universitetləri:
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov