Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri

Bookmark and Share

Təhsilin maliyyələşdirilməsi beynəlxalq kontekstdə 

Dünya iqtisadiyyatında hər bir ölkənin yeri əsasən təhsilin keyfiyyəti ilə xarakterizə olunur. Belə ki, millətin intellektual potensialının inkişafı və reallaşdırılması müasir cəmiyyətin davamlı və dinamik inkişafının əsas amillərindən biridir. Əlbəttə ki, təhsilin keyfiyyəti bilavasitə maliyyələşdirmənin həcmindən də asılıdır.

Məlum olduğu kimi, təhsilin maliyyələşdirilməsinin iki əsas mənbəyi var: dövlət büdcəsi və büdcədənkənar vəsaitlər hesabına. Sözsüz ki, dövlət büdcəsindən maliyyələşdirmə daha böyük xüsusi çəkiyə malikdir. Belə ki, təhsil sferası cəmiyyətin inkişafında çox vacib rol oynadığı üçün dövlət bu istiqamətdə həmişə fəal siyasət həyata keçirir. Ümumiyyətlə, təhsilin maliyyələşdirilməsi dedikdə bütün təhsil və tədris prosesinin həyata keçirilməsi üçün zəruri xərclərin maliyyə resursları ilə təmin edilməsi başa düşülür.Dünya praktikasından məlum olduğu kimi, təhsilin dövlət maliyyələşdirilməsi əsasən aşağıda göstərilən iki formada həyata keçirilir:

1.Təhsil (tədris) müəssisələrinin maliyyələşdirilməsi;

- Birbaşa yolla:  smeta üzrə maliyyələşdirmə, subsidiyalar, dövlət sifarişləri, adambaşına normativə əsasən maliyyələşdirmə;

-  Dolayı yolla: vergi güzəştlərinin tətbiqi;

2. Təhsilalanların maliyyələşdirilməsi;

- Birbaşa yolla:  təhsil vauçerləri, qrantlar, kreditlər;

-  Dolayı yolla:   vergi güzəştlərinin tətbiqi, kreditlərə dövlət zəmanətinin verilməsi;

Müasir dövrdə əksər dünya ölkələrində təhsilin maliyyələşdirilməsi bu məqsədlə ayrılan büdcə vəsaitlərinin kifayət qədər olmaması ilə xarakterizə olunur. Belə olan  halda təhsilin keyfiyyəti və məzmunu, hamı üçün bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılması və digər bu kimi məsələlərlə bağlı problemlər arxa plana  keçir.  Lakin  təhsilə  ayrılan  maliyyə  çatışmazlığı  məsələsinə  aşağıdakı  2  nöqteyi-nəzərdən  yanaşmaq lazımdır:

-  Dövlət büdcəsindən ayrılan vəsaitlərin çatışmazlığı, daha doğrusu, kəmiyyət amili nöqteyi-nəzərindən;

- Büdcə vəsaitlərinin təhsil səviyyələri və təhsil müəssisələri arasında kifayət qədər effektli bölüşdürülməməsi, daha doğrusu, keyfiyyət amili nöqteyi-nəzərindən.

Buna görə də təhsilin maliyyələşdirilməsi ilə bağlı aparılan təhlillər təkcə ayrılan büdcə vəsaitlərinin miqdarı ilə deyil, həm də mövcud büdcə maliyyələşdirilməsi mexanizminin çatışmazlıqlarının aşkara çıxarılması ilə səciyyələnməlidir. Bu baxımdan tarixən dünyanın inkişaf etmiş ölkələrində təhsilin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə, modernləşdirilməsinə və daha effektiv üsulların tətbiqinə böyük maraq olub.

Ümumiyyətlə, təhsilin maliyyələşdirilməsi məsələsinə  təhsil sistemindən və digər sosial-iqtisadi sistemlərdən ayrı şəkildə baxmaq olmaz. Belə ki, dövlətlə təhsil sisteminin və digər sosial-iqtisadi sistemlərin elementlərinin arasında qarşılıqlı əlaqələr var. Bunlara əsasən aşağıdakılar aiddir:

  • Təhsilin və təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsinin effektiv sistemi;

  • Təhsil xidməti təklif edən müəssisə və təşkilatların akkreditasiyası və sertifikatlaşdırılması sistemləri;

  • Təhsil müəssisələrinin təklif etdikləri xidmətlər və tədris kursları barədə hamı üçün əlçatan, etibarlı və geniş informasiya sisteminin mövcudluğu;

  • Təhsil müəssisələrində büdcədənkənar maliyyələşmə imkanlarını və həmçinin sponsorluq fəaliyyətlərini  məhdudlaşdırmayan, əksinə, onları stimullaşdıran vergi sisteminin mövcudluğu;

  • Etibarlı və işlək maliyyə-bank sisteminin mövcudluğu.

Son zamanlar dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi əsasında digər ölkələrdə də təhsilin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində köklü islahatlar aparılır.Bu islahatların əsas məqsədi təhsil müəssisələri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına marağın və cavabdehliyin səviyyəsinin artırılmasıdır. Bu baxımdan indiki dövrdə büdcədən maliyyələşdirmədə, eləcə də təhsilin maliyyələşdirilməsində yeni mütərəqqi model və metodların istifadəsi genişlənir. Beynəlxalq aləmdə təhsilin maliyyələşdirilməsində ən çox yayılmış mütərəqqi metod adambaşına maliyyələşdirmə hesab edilir.  

Ölkəmizdə ali təhsilin dövlət maliyyələşdirilməsində yeni mexanizm 

Hazırda ölkəmizdə ali təhsilin maliyyələşdirilməsində yeni adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi ilə əlaqədar ciddi işlər aparılır. Belə ki, ölkə Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcəkdir. Bundan əlavə, Fərmana əsasən,  dövlət sifarişinin formalaşdırılmasında ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişaf amilləri nəzərə alınacaq.

Ali təhsildə adambaşına maliyyələşdirmə mexanizmi dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan ən mütərəqqi metodlardandır. Bu mexanizm ali təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirməsində bir tələbə üçün müəyyənləşdirilmiş xərc normativindən istifadəni nəzərdə tutur. Yəni bu o deməkdir ki, müvafiq kadr hazırlığı üzrə dövlət sifarişini yerinə yetirən təhsil müəssisələrinə maliyyə vəsaitləri tələbələrin sayından asılı olaraq veriləcəkdir. Qeyd olunan Fərmanın icrası ilə əlaqədar olaraq bir sıra normativ sənədlər hazırlanmış və hökumətə təqdim olunmuşdur.

Tətbiq olunacaq yeni qaydalara əsasən ali təhsil müəssisələrinə qəbul üzrə aparılan müsabiqədə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər. Həmçinin mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə biləcəklər. Yəni dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər artıq əvvəlki qəbullardan fərqli olaraq özəl ali təhsil müəssisələrini də seçmək hüququ əldə edirlər. Bu zaman tələbənin təhsili üçün nəzərdə tutulan dövlət vəsaiti tələbənin ardınca həmin özəl ali məktəbə gedəcəkdir. Bu bir növ dövlət sifarişinin yerinə yetirilməsində dövlət ali məktəblərinin inhisarçılığına son qoymaqla təhsil almaq üçün bərabər imkanları və ədalət prinsipini təmin edir.

 Burada əsas məqsədlərdən biri də ali təhsil müəssisələri arasında dövlət maliyyəsinin, daha doğrusu, dövlət sifarişi əsasında təhsil alacaq tələbə uğrunda mübarizəni təmin etməklə rəqabətin yaradılmasıdır. 

Orta təhsildə adambaşına maliyyələşdirmə ilə bağlı beynəlxalq təcrübə 

Qeyd etməliyik ki, adambaşına maliyyələşdirmənin orta təhsil pilləsində də tətbiq edilməsi çox mühüm və zəruri əhəmiyyət kəsb edir. Bu baxımdan beynəlxalq aləmdə orta təhsilin maliyyələşdirilməsində aparılan islahatların məqsəd və mahiyyətinə nəzər salaq. Belə ki, dünyanın bütün ölkələrində hökumətlər təhsilin qarşısında duran məqsədlərin müəyyən olunmasına, həmin məqsədlərin həyata keçirilməsinin texniki və maliyyə baxımından mümkün olub-olmamasına, bütün tələbələrin və şagirdlərin təhsil almaq imkanı əldə etməsinə böyük diqqət yetirirlər. Ümumiyyətlə, bu istiqamətdə aparılan islahatlar nəticəsində dünya təcrübəsində 3 mühüm nailiyyət əldə olunub.

Birincisi, təhsilin ictimai və iqtisadi inkişafda rolu aydın şəkildə müəyyənləşdirilmiş və sənədləşdirilmişdir. İnkişaf etmiş ölkələrin hökumətləri etiraf edirlər ki, bütün insanların təhsil almaq imkanına malik olmaması gələcəkdə həm iqtisadi, həm də ictimai problemlərin yaranmasına səbəb ola bilər.Nəticədə həmin problemlərin həll edilməsi çətinləşər. Bununla yanaşı  qeyd olunur  ki, dövlətin qüdrəti və nüfuzu onun əhalisinin, insan resurslarının səviyyəsi ilə düz mütənasiblik təşkil edir. Buna görə də ölkədə hər bir kəsin adekvat təhsil almaq imkanının olmasının qayğısına qalmaq lazımdır.

İkincisi, son dövrlər hökumətlər təhsil sisteminin iqtisadi səmərəliliyi barədə narahat olmağa başlayıblar. Siyasətçilər məktəblərin uşaqlarda lazımi bacarıqları inkişaf etdirə bilməsində çox maraqlıdırlar. Həmin bacarıqlara malik olan uşaqlar gələcəkdə öz işlərinə məsuliyyətlə yanaşaraq ölkənin layiqli vətəndaşları olacaqlar. Bununla yanaşı, siyasətçilər keyfiyyətli təhsilin təmin olunması ilə bağlı xərclərə də getdikcə böyük diqqət yetirirlər. Bir çox ölkələrdə dövlət xərclərinin təxminən yarısını təhsil və səhiyyəyə çəkilən xərclər təşkil edir. Çəkilən xərclərə baxmayaraq, həmin ölkələrdə təhsillə bağlı heç də bütün ehtiyaclar ödənilmir. Ona görə də hökumətlər təhsilə çəkilən xərclərin daha artıq səmərə verməsi üçün yollar arayırlar.

Üçüncüsü, dünya dövlətləri hazırda təhsil xidmətlərinin keyfiyyətli şəkildə və az xərclərlə göstərilməsində idarəetmənin nə qədər böyük əhəmiyyətə malik olduğunu anlamağa başlayıblar.

Təhsilin maliyyələşdirilməsi üzrə aparılan bütün islahatlara xas olan ümumi bir cəhət vardır. Bu cəhət ondan ibarətdir ki, məktəblər üçün maliyyə vəsaiti həmin məktəbdə təhsil alan tələbələrin sayına əsasən ayrılır.

Amerika Birləşmiş Ştatlarında təhsilin maliyyələşdirilməsində islahatların aparılmasının əsas motivləri hər bir kəsin təhsil almaq imkanına malik olması ilə bağlı yaranan narahatçılıqlardır. Yəni məktəblərin maliyyələşdirilməsi elə şəkildə aparılmalıdır ki, valideynlərinin iqtisadi vəziyyətindən asılı olmayaraq bütün uşaqlar adekvat təhsil ala bilsin. Birləşmiş Ştatlarda təhsilin maliyyələşdirilməsi əmlaka qoyulan vergidən əldə olunan vəsaitlər hesabına həyata keçirilir. Müxtəlif qrupların imkanlarının dəyişkən olduğunu və adambaşına toplanılan verginin fərqləndiyini nəzərə alsaq təhsil üçün fərqli imkanların yarandığını başa düşmək olar. Belə şəraitdə hökumət tarazlığa nail olmaq üçün maliyyə vəsaitini çox olan sahələrdən az olan sahələrə yönəltməyi nəzərdə tutan tarazlıq mexanizmi hazırlamalıdır. Belə ki, aparılan tədqiqatlar nəticəsində aşkar olunmuşdur ki, vergi ödəmək imkanı aşağı olan ictimai təbəqələrdə aradan qaldırılması vacib olan ehtiyaclar da çoxdur. Ona görə də belə olan hallarda təhsil üçün ayrılan maliyyə vəsaitinin yenidən müəyyən olunaraq bölüşdürülməsinə ehtiyac vardır. Bu məqsədlə ABŞ-ın əksər ştatlarında adambaşına maliyyələşdirmə proqramları hazırlanaraq qəbul edilmişdir.

Birləşmiş Krallıqda və Şimali İrlandiyada təhsilin maliyyələşdirilməsi ilə bağlı aparılan islahatlarda məktəb idarəetməsinin rolunun artırılmasına üstünlük verilir. Həmin islahatların aparılması nəticəsində məktəb rəhbərləri və müəllimlər məktəblər üçün ayrılan maliyyə vəsaitinin sərf olunmasına nəzarət etmək imkanı əldə etmişlər. Bunun nəticəsində məktəb rəhbərliyi şagirdlərin təhsillə bağlı ehtiyaclarını daha səmərəli şəkildə təmin etmək imkanı qazanmışdır. Bu ölkələrdə etnik azlıqlara mənsub olan, fiziki qüsuru olan və ya çox aşağı imkanlı ailələrdən olan uşaqların təhsil alması üçün zəruri olan maliyyə vəsaitinin məbləğlərinin fərqli olduğu nəzərə alınmışdır. Təhsil üçün ayrılan maliyyə vəsaiti məktəblərdə təhsil alan hər bir şagirdə çəkilən xərcin müqayisəli təhlili əsasında həmin məktəblər arasında bölüşdürülmüşdür. Bu zaman xüsusi ehtiyaclı şagirdlərə çəkilən xərclər və təhsil prosesinin müxtəlif mərhələlərində kurikulumun mürəkkəbliyi ilə bağlı məsələlərin həlli də diqqətdən kənarda qalmamışdır.

Avstraliyada və Yeni Zelandiyada təhsil siyasəti ilə bağlı müzakirələrin mərkəzində məktəblərin idarəolunması sisteminin gücləndirilməsi məsələsi durur. Belə ki, bu ölkələrdə məktəb rəhbərlərinə və müəllimlərə ayrılan vəsaitin xərclənməsi ilə bağlı geniş səlahiyyətlər verilmiş və bunun müqabilində məktəbdə həyata keçirilən təlim və tədris proseslərinin keyfiyyətinə görə onların məsuliyyətləri artırılmışdır. Niderlandda təhsil müəssisələrinin səmərəli şəkildə fəaliyyət göstərə bilməsi və iqtisadi stimullaşdırmanı təmin etmək məqsədilə adambaşına maliyyələşdirmə üsulundan istifadə olunur. Bununla yanaşı uşaqlarının təhsil alacağı məktəbləri seçmək ixtiyarı valideynlərin öz öhdəsinə buraxılır və məktəb üçün ayrılan büdcə vəsaitinin məbləği valideynlərin məktəbdəki təhsilin keyfiyyətindən nə dərəcədə razı qalmasından, yəni təhsilin nəticələrindən asılı olaraq müəyyənləşdirilir.

Bütün bunlarla əlaqədar olaraq dünya ölkələrinin çoxunda, həmçinin MDB ölkələrinin əksəriyyətində orta təhsildə adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunur. Belə ki, Avropanın bütün inkişaf etmiş ölkələrində, eləcə də keçmiş postsovet ölkələri olan Rusiyada, Özbəkistanda, Qazaxıstanda, Tacikistanda, Gürcüstanda, Baltikyanı ölkələrdə, hətta bədxah qonşumuz olan Ermənistanda da orta təhsilin maliyyələşdirilməsi adambaşına normativ metodla həyata keçirilir.  

Azərbaycanda orta təhsildə adambaşına maliyyələşdirmə ilə bağlı görülən işlər  və qarşıda duran vəzifələr 

Azərbaycanda da orta təhsildə adambaşına maliyyələşdirmənin tətbiqi təhsil sektorunda aparılan islahatların  əsas tərkib hissəsi olmuşdur. Belə ki, Dünya Bankının texniki və maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsinin birinci mərhələsində (2003-2008) 3 pilot rayonunda - İsmayıllıda, Ucarda və Şirvan şəhərində adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin sınaqdan keçirilməsi və islahatların ikinci mərhələsində bu mexanizmin bütün ölkəyə tətbiq  edilməsi nəzərdə tutulmuşdu. Maliyyə islahatlarının əsas məqsədi aşağıdakılar olmuşdur:

  • məktəblərə ayrılan vəsait bölgüsünü daha ədalətli və şəffaf qaydada həyata keçirmək;

  • məktəblərin öz vəsaitlərindən daha səmərəli şəkildə istifadə edə bilməsinə şərait yaratmaq;

  • məktəb şurası vasitəsi ilə məktəblərin daha yaxşı idarəolunmasına nail olmaq.

Qeyd olunan məqsədlərə və layihənin icra planına əsasən 3 pilot rayonunun 59 ümumi təhsil məktəbində adambaşına maliyyələşdirmənin həyata keçirilməsi məqsədilə həmin məktəblərin hər biri üçün ayrıca xəzinə hesabları açılmış, müstəqil mühasibatlıqları yaradılmış və seçilmiş beynəlxalq və milli məsləhətçilərin dəstəyi ilə şagirdbaşına maliyyələşdirmə düsturu hazırlanmışdır. Bundan əlavə, tətbiq olunacaq yeniliklərlə əlaqədar pilot rayonların məktəblərinin direktorları, mühasibləri ilə mütəmadi öyrədici seminarlar, məşğələlər keçirilmiş, onlarla yeni mexanizmin tətbiqi və istifadə qaydaları ilə əlaqədar müvafiq işlər aparılmışdır.

Qeyd olunan hazırlıq və sınaq işləri aparıldıqdan sonra pilot məktəblərində şagirdbaşına maliyyələşdirmənin icrasına başlanılması və bu mexanizmin  hüquqi əsasını təmin etmək məqsədilə Təhsil Sektorunun İnkişafı Layihəsinin "Maliyyələşdirmə və büdcə islahatları" alt-komponentinin icrası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2007-ci il tarixli 36 nömrəli qərarı qüvvəyə minmişdir. Bu qərara əsasən islahat layihəsi çərçivəsində pilot rayonları kimi seçilmiş Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının maliyyə müstəqilliyi verilmiş 59 ümumi təhsil məktəbinin maliyyələşdirilməsinin 2007-ci il yanvarın 1-dən şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır. Lakin qeyd olunan qərara əsasən pilot məktəblərin büdcələrinin tərtibi müvafiq qaydada şagirdbaşına maliyyələşdirmə düsturu ilə həyata keçirilsə də, məktəblər tam maliyyə müstəqilliklərini təmin edən bir sıra səlahiyyətləri əldə edə bilmədilər.

Belə ki, ayrılmış büdcə vəsaitinin iqtisadi təsnifatın xərc yarımmaddələri arasında bölüşdürülməsi və il ərzində zərurət yarandığı, həmçinin ilin sonunda qənaət olunduğu hallarda xərc yarımmaddələri arasında müvafiq yerdəyişmələrin aparılması kimi səlahiyyətlərin məktəblərə verilməsi məsələsi Maliyyə Nazirliyi ilə Təhsil Nazirliyi arasında fikir ayrılığına və ciddi müzakirələrə səbəb oldu. Maliyyə Nazirliyi "Büdcə sistemi" haqqında Azərbaycan Respublikasının Qanununu əsas tutaraq məktəblərə tam maliyyə müstəqilliyinin verilməsini hüquqi cəhətdən qeyri-mümkün saydı. Bundan əlavə, pilot rayonlarda yaradılmış məktəb şuralarının fəaliyyətinin istənilən səviyyədə olmaması, onların məktəb büdcəsi və xərcləri barədə sərbəst şəkildə və düzgün qərar verə bilmək iqtidarında olmamaları Maliyyə Nazirliyini narahat edən əsas amillərdən biridir. Qeyd etməliyik ki, məktəb şuraları yaradılsa da, onların fəaliyyəti hələ də formal xarakter daşıyır və məktəbin idarəolunmasında onların fəallığı hiss olunmur. Buna görə də məktəb şuralarının fəaliyyəti daim gücləndirilməlidir. Bu məqsədlə ictimai həyatda böyük nüfuza və müstəqil qərar vermək qabiliyyətinə malik olan  şəxslərin məktəb şuralarının fəaliyyətində iştirakı vacib amildir.  

Qeyd olunan səbəblərdən islahat layihəsi çərçivəsində pilot rayonları kimi seçilmiş Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının məktəblərində maliyyə islahatları nəzərdə tutulan şəkildə tam deyil, qismən həyata keçirildi və yalnız 3 pilot rayonla məhdudlaşdı. Lakin Təhsil Nazirliyi maliyyə islahatlarının respublikanın bütün ümumi təhsil məktəblərində həyata keçirilməsini zəruri hesab edir və bu maliyyə islahatlarının respublikanın bütün ümumi təhsil məktəblərində həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi niyyətindədir.   

Ümumiyyətlə, Azərbaycan üçün ümumi təhsil məktəblərində adambaşına maliyyələşdirmənin tətbiqinin aşağıdakı əsas üstünlükləri vardır:

  • Yeni mexanizmin tətbiqi zamanı məktəblərin büdcəsinin tərtibi və maliyyələşdirilməsi ilə bağlı subyektivizm halları aradan qaldırılır və şəffaflıq, ədalətlilik təmin olunur. Belə ki, yeni mexanizmin tətbiqi zamanı maliyyələşdirmə adambaşına normativlər əsasında vahid düsturla müəyyənləşdirilir;

  • Məktəb büdcəsinin planlaşdırılmasında və idarəolunmasında məktəbin birbaşa iştirakı təmin edilir. Beləliklə, nəzərdə tutulan maliyyə vəsaitinin məktəblərin ehtiyaclarına daha səmərəli yönəldilməsi imkanı yaranır. Belə ki, təhsilin keyfiyyətinə bilavasitə təsir edən müəllimlərin ixtisasartırma tədbirlərinin daha səmərəli təşkilinə, o cümlədən xaricdə treninq və seminarlara cəlbinə, məktəbin təlim materialları ilə təmin edilməsi və digər inkişafetdirici tədbirlərə vəsaitin yönəldilməsi imkanları genişlənir;

  • Məktəbdə təhsilin keyfiyyəti artır və idarəetmə təkmilləşir. Belə ki, məktəb maliyyələşdirmənin həcminin və maliyyə imkanlarının  artırılmasını təmin etmək üçün əlavə şagird qəbuluna stimullaşır. Bu isə, öz növbəsində, məktəblər arasında rəqabəti gücləndirir və təhsilin keyfiyyətinin yüksəlməsinə zəmin yaradır;

  • Büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və şəffaf istifadə edilməsinə şərait yaranır. Belə ki, məktəb hüquqi şəxs statusu əldə etdiyi üçün büdcədənkənar vəsaitlər üçün də xəzinədə hesab açmaq imkanı əldə edir;

  • Məktəb müstəqil olaraq strateji sosial və iqtisadi planlar hazırlamaq imkanı əldə edir;

Məktəb şəbəkəsi optimallaşır. Belə ki, yeni mexanizmin tətbiqi məktəbə maliyyə vəsaitlərinin mövcud sinif komplektlərinin sayına görə deyil, şagirdlərin sayına görə verilməsinə səbəb olduğundan əlavə maliyyə vəsaiti cəlb etmək məqsədilə az şagird sayı ilə siniflərin açılması və əlavə müəllimlərin işə qəbulu üçün süni ehtiyacların yaradılması   halları aradan qalxır.

Göründüyü kimi, mütərəqqi maliyyələşdirmə metodlarının istifadəsi təhsilin keyfiyyətinə müsbət təsir edən əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan, ölkəmizdə  orta təhsil pilləsində şagirdbaşına maliyyələşdirmə mexanizminin tətbiq edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi çox vacibdir. Bununla əlaqədar Azərbaycan hökumətinin və Dünya Bankının dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsinin ikinci mərhələsində də ayrıca alt-komponent çərçivəsində islahatların davam etdirilməsi nəzərdə tutulmuşdur. Belə ki, ilk növbədə, islahatın əvvəlki mərhələsində 3 pilot rayonunda görülmüş işlər, əldə olunmuş nəticələr qiymətləndiriləcək  və maliyyə islahatlarının geniş şəkildə davam etdirilməsi üçün yeni hesabat xarakterli təkliflər hazırlanacaqdır.Artıq bununla əlaqədar seçilmiş beynəlxalq məsləhətçi fəaliyyətə başlamışdır.

Şahrza ƏLİYEV,
Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri,
iqtisad elmləri namizədi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov