Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Vaqif Şadlınski - 70

"Vətəndə qalan uşaqlığım"

Bookmark and Share

Hər bir insanın yaşanaraq şirinli-acılı xatirələrə dönən ömür yolu daşlı, kəsəkli cığırlardan keçir. Həyatın əzablı yollarında büdrəsə də, yıxılmadan sinəsini çətinliklərə sipər edib mübarizə aparanlar ləyaqətli bir ömür yaşayıb qalib olurlar. Belə insanlardan biri Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor, əməkdar həkim, Rusiyanın Təbiət və Tibb Elmləri Akademiyasının üzvü, 70 illik yubileyi  ərəfəsində dünya tibb elminə verdiyi töhfələrinə görə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasına üzv seçilmiş və akademiyanın qızıl medalına layiq görülmüş Vaqif Bilas oğlu Şadlınskinin mənalı ömür yolundan söz açmaq niyyətindəyik.

70 yaşının tamam olması münasibətilə Vaqif müəllimlə iş başında görüşüb gəlişimizin səbəbini açıqladıq və yaşayaraq arxada qoyduğu illərin xatirələrə çevrilmiş keşməkeşli səhifələrini vərəqləməsini ondan xahiş etdik. O, dərin xəyala daldı, nurlu çöhrəsində keçmişin əzablı, ağır günlərini yenidən yaşayan qara kölgələr dolaşdı. Və ömür səhifələrini belə vərəqlədi...

1940-cı il yanvarın 24-də Qərbi Azərbaycanda - Ermənistanın Böyük Vedi rayonunun Böyük Vedi kəndində Bilas müəllimin ailəsində dünyaya göz açmışam. Uşaqlığım müharibə illərinə düşdüyündən başqaları kimi mən də ağır günlər yaşamışam. Bir parça çörək üçün insanlar gecə-gündüz işləyər, başlarını bir təhər dolandırardılar. Atam məktəbdə dərs deyər, ictimai işlərlə məşğul olar, müharibədə həlak olmuş qohum-qardaşın başsız qalmış ailəsinə əl tutar, kömək edər, bir sözlə, səhər tezdən evdən çıxar, gecədən xeyli keçmiş qayıdardı. Anam həyətyanı sahəmizdə bağ-bostan əkib becərər, qapımızdakı mal-qaranı görər, ağır külfətimizin dolanışığı üçün atamla çiyin-çiyinə çalışardı.

Altı yaşımda kəndimizdəki uşaq bağçasına gedirdim. Müharibənin qurtarmasından bir il keçməsinə baxmayaraq, hər tərəfdə aclıq, səfalət, ağır ruzigar hökm sürürdü. Müharibə hamıya fəlakət gətirmişdi. Cəbhəyə getmiş kişilərin çoxu həlak olmuş, qayıdanların yarısı şikəst gəlmiş, salamat qayıdanları isə gecə-gündüz əlləşər, işdən baş açmazdılar. O vaxtlar Azərbaycana gəlmək, doğma torpaqlarda qonaq olmaq Ermənistanda yaşayan azərbaycanlılar üçün müşkül məsələ idi. Hamı yeni quruculuq işləri ilə məşğul olurdu. İşdən, təhsildən bir saat qalanlar sorğu-suala tutulur, ləngimələri, gecikmələri barədə izahat tələb edilirdi. Sənədlə təsdiq edilən rəsmi icazələri olmayanlar cəzalandırılırdı.

Bağça müəllimimiz Şahzadənin bizə öyrətdiyi bir bənd şeir heç vaxt yadımdan çıxmır:

Vaqona bax, vaqona,

Bir gün mindim mən ona.

Yolum düşdü uzağa,

Bakı, Gəncə, Qazağa.

Sanki Vətən həsrətlilərinin arzusu bu şeirdə izhar edilir, nisgilli yaşadıqları ürək yanğısıyla misralara çevrilirdi. 

"Köçkünlük taleyini mən də yaşamışam" 

1948-ci ilin isti iyul ayı idi. Bir həftə olardı ki, "könüllü" köçən azərbaycanlı ailələrini Ermənistanın Dəvəli stansiyasından yük vaqonlarına doldurub qatarla yola salmışdılar. Yük, mal-qara daşımaq üçün nəzərdə tutulmuş bu taxta vaqonların hər birinə üç-dörd ailə yerləşdirilmişdi. "Könüllü" adı ilə doğma yurd-yuvalarından zorla deportasiya edilən azərbaycanlıların əksər hissəsi Qazaxıstan çöllərinə, az bir hissəsi isə Azərbaycanın rayon və bölgələrinə köçürülürdü. Evlərimiz isə Suriyadan gəlmiş ermənilərə verilmişdi, buna görə də köçərkən evini satmağa heç kimin ixtiyarı yox idi. Bir günlük yolu bir aya gəlib mənzil başına yetişmişdik. Günlərlə stansiyalarda dayanırdıq. Bəzi vaqonları açıb digər rayonlara yola salmaq üçün başqa qatarlara qoşur, köçənləri bölgələrə bölüşdürməyə görə yuxarı instansiyalardan günlərlə göstəriş gözləyirdilər. Vaqonların üstü dəmir təbəqə ilə örtüldüyündən içəri təndir kimi isti olurdu. Yerə düşə bilənlər kölgələnmək üçün vaqonların altına girər, mazutlu dirəklərin arasında oturar və ya uzanardılar. Vaqonda qalan qocalar və xəstələr isə istidən olmazın zülm çəkər, gecənin düşməsini səbirsizliklə gözləyərdilər. Bir gün qonşu vaqonda əzablara tab gətirə bilməyən qoca bir kişi dünyasını dəyişdi. Mərhumun qızı tükürpədici  səslə zülüm-zülüm ağlayır, əlini ulu göylərə qaldırıb səbəbkarlara qarğış yağdırırdı. Bir az keçmiş 4 nəfər əsgərlə vaqona yaxınlaşan nəzarətçi meyiti aparmağı onlara əmr etdi. Əsgərlər qocanın cəsədini yaxınlıqdakı at arabasına uzadıb basdırmaq üçün naməlum istiqamətə apardılar. Bəli, ixtiyar bir qocanın meyitini kəfn-dəfn etməyə imkan belə verilmədi. Yolboyu belə ölənlərin sayı çox idi. Ermənilər əsrlər boyu bizə qənim kəsiliblər. 

"Tarlada, pambıq çöpləri qalağı altında gecələmişəm" 

Ermənistandan köçürüləndən sonra Şəmkirdə məskunlaşmışdıq. Atam məktəb direktoru işləyir, mənsə məktəbdə oxuyurdum. VII sinifdən başlayaraq yay tətillərində kolxoza köməyə gedir, az da olsa əməkgünü qazanıb ailənin dolanışığına kömək edirdim. VIII-IX siniflərdə oxuyarkən yay aylarında tarlalara at arabasında yerləşdirilmiş 500 litrlik çəndə su daşıyır, qızmar günəş altında işləyən kolxozçulara paylayırdım. Payız, qış aylarında isə dərsdən sonra Nuru adlı bir dəmirçinin yanında işləyir, peç düzəltməkdə, dəmir təbəqələrdən boru hazırlamaqla ona kömək edir, azdan-çoxdan pul qazanır, həm də ikiillik iş stajı toplayırdım. Axı o vaxt qərar vardı ki, iki il istehsalatda işləyib staj toplamayan gənclər ali məktəblərə qəbul ola bilməzdilər.

O zamanlar kolxoza kömək edənlərə pambıq yığımından sonra sahələr ayrılırdı. Həmin sahələrdə qalan pambıq kolunun kökünü, gövdəsini, çör-çöpünü payına düşən yığıb toplayar, maşın olmadığı üçün at, öküz və ya kəl  arabalarıyla evlərinə aparar, qış boyu peçdə və ya təndirdə yandırmaq üçün istifadə edərdilər. IX sinifdə oxuyurdum. Payıma düşən sahədən yığıb topladığım pambıq kollarından bir taya vurmuşdum. Əllərimin içi qabarlamış, üzü isə çat-çat olub suluqlamışdı. Ağırlığına görə bu qədər oduncağı yalnız kəl arabası ilə aparmaq olardı. Axşam düşüb qaş qaralsa da, arabadan bir xəbər yox idi. Həmişə sözünə düz çıxan arabaçı o gün məni aldatmışdı. Əynimdəki yalıxı köynək soyuğun qarşısını ala bilmirdi. Soyuq canıma işləyirdi. Zəhmətimin bəhrəsini tarlada qoyub kəndə - evə qayıtmaq istəmirdim, oğurlanmasından qorxurdum. Ocaq qalamağa da kibritim yox idi. Əlacsız qalıb çör-çöpdən vurduğum tayanın içinə girib orada gecələməli oldum. Sübh tezdən tayanın altından çıxdım,  atılıb-düşməyə, ora-bura qaçmağa başladım. Soyuq canıma işləmiş, əhədim kəsilmişdi. Uzaqdan arabanın tarlaya yaxınlaşdığını görüb sevindim. Sən demə, axşam arabanın oxu sınıbmış, arabaçı gecə yatmayıb, oxu yenisi ilə əvəz edərək özünü mənə çatdırıb. 

"Düşmən gülləsinə tuş gəlmişəm" 

Orta məktəbi bitirdikdən sonra bir il kolxozda işlədim. 1959-cu ilin noyabrında hərbi xidmətə göndərildim. Minsk şəhərinin yaxınlığında yerləşən Plesnisa qəsəbəsində Belarusiya Hərbi Dairəsi mərkəzi polkunun məktəbində 8 ay kurs oxuduqdan sonra II dərəcəli sürücülük peşəsinə yiyələndim. Sonra məni Minskdən 90 kilometr kənarda, 411-ci ixtisaslaşdırılmış hərbi polkun yerləşdiyi Stelpsi şəhərinə apardılar. Bu polk Belarusiya Hərbi Dairəsinin 026-cı Hərbi Hava Qüvvələrinin nəzdində idi. Burada hərbi hava qüvvələri üçün xüsusi aerodromlar tikirdilər. Mən sürücülər rotasına yerləşdirildim. İdarə etdiyim "MAZ-205" markalı iri yük maşını ilə aeroportun tikintisində və raketlər üçün xüsusi yanacağın daşınmasında fəallıq göstərir, nümunəvi əsgər kimi xidmət edirdim.

1961-ci il sentyabrın ortaları idi. Axşamın düşməsinə lap az qalırdı. Xüsusi tapşırığa əsasən kapitan Şevlyakovla birlikdə Almaniya sərhədinə yaxın ərazidə yerləşən hərbi bazaya raketlər üçün xüsusi yanacaq aparırdım. Tərkibi sirr kimi gizli saxlanılan bu yanacağı meşənin dərinliklərində yerləşdirilmiş xəlvəti bazaya vaxtında çatdırmalı idim. Hər iki tərəfi şam, küknar ağacları ilə əhatə olunmuş yolun çox hissəsini qət etmişdik ki, qəfil atılan güllə səslərinə diksindik. Naməlum tərəfdən bizi gülləyə tutdular. Həyəcanla qışqıran kapitan Şevlyakov maşını saxlamağı mənə əmr etdi. Komandirimin üzünə təəccüblə baxıb sürəti daha da artırdım. Belə anda aradan çıxmaq lazım idi. Komandir isə qışqırır, maşını saxlamağımı, əks halda məni tribunala verəcəyini deyirdi. Əsəbiləşdim, - deyirsən saxlayım gülləni çaxsınlar təpənə? Durduğun yerdə cəhənnəmə vasil eləsinlər səni? Bunu istəyirsən? Səni bilmirəm, mən yaşamaq istəyirəm, - deyə üstünə qışqırdım və qazı axıra qədər basıb oradan uzaqlaşmağa çalışdım. Oradan xeyli uzaqlaşmışdıq ki, maşının təntidiyini hiss elədim. Gücü artırmaq üçün əlimi sürət qutusuna aparmaq istəsəm də, bacarmadım. Sən demə, sağ qoluma güllə dəyibmiş. Qolum süstləşir, əlimin üstündən qan süzülürdü. Maşını sola döndərməli idim, tək əllə sükanı yığışdıra bilmədim. Maşın yoldan çıxıb zərblə gövdəli bir ağaca dəyib dayandı. Hadisədən xəbər tutan xüsusi təyinatlı əsgərlər məni "QAZ-69" markalı maşınla hospitala, yanacaqla dolu yük maşınını isə qoşqu ilə lazımi bazaya apardılar. Güllə qol sümüyümü zədələyibmiş. Bir müddət burada müalicə olunduqdan sonra hissəyə qayıtdım. Komandirim mənə dedi ki, bizi gülləyə tutanlar alman kəşfiyyatçıları olub. Çənin partlamasından qorxduqları üçün gülləni yalnız bizə tuşlayıblar. Biz isə vaxtında aradan çıxmışıq. Məqsədləri raketlər üçün hazırlanan yanacağın bircə litrini ələ keçirib ölkələrinə aparmaq və tərkibini öyrənmək olub. Bu şücaətimə görə mənə komandanlıq adından serjant rütbəsi, "Əlaçı sovet əsgəri" döş nişanı verdilər. Partiya sıralarına namizədliyə qəbul edib məni bölmə komandiri təyin etdilər. Həmçinin ana vətənə gəlmək üçün 10 gün məzuniyyət verdilər. Bütün bunlar o zaman əsgər üçün böyük təltiflər və mükafatlar idi. 

"Hiyləgər erməni xislətinə həmişə nifrət eləmişəm" 

Hərbi xidmətimi başa vurub geri  qayıtdım. 1962-ci ilin aprelindən Şamxorda (indiki Şəmkir) Lenin adına kolxozda mənə verilmiş "ZİS-150" markalı yük maşınında sürücü işlədim. Kolxozun sədri Osepyan rayon mərkəzində yaşamasına baxmayaraq, hər gün Leninkəndə, kolxoza gəlib-getməli idi. Onunsa başı eyş-işrətə qarışmışdı. İstədiyi vaxt kəndə gəlir, idarəyə baş çəkib gedirdi. Qatı millətçi və hiyləgər bir erməni idi.

Bir gün mənə xəbər elədilər ki, Osepyanın tapşırığı ilə bağdan yığılmış 25 qutu almani Şamxora, Osepyanın evinə aparmalı, Bakıdan qonaq gəlmiş yoldaşlara təhvil verməliyəm. Maşını bağa sürdüm, yığılan meyvələrin çox seçmə, ilkin nübar olduğunu gördüm. Elə bil hər budaqdan seçilib bir alma dərilmişdi. Dosta layiq pay idi. Qutuları yükləyəndən sonra maşını Şamxora, rayon mərkəzinə sürdüm. Osepyanın evinə çatanda həyətdə dayanmış Ermənistan seriyalı minik maşınlarını görüb hər şeyi başa düşdüm. Deməli, bu meyvələr Bakıya deyil, Yerevana, ermənilərə pay göndərilirdi. Ay siz öləsiz, alma yerinə zəhrimarımı yeyərsiz deyib, maşını hirslə geri döndərdim. Və kəndə nə vaxt çatdığımı bilmədim. Maşını birbaş həmişə Gəncə bazarında alver edən Şabangilin qapısına sürdüm. Meyvələri ona verib çox ucuz qiymətə satmasını tapşırdım. Məqsədim almanı özümüzkülərə yedirtmək idi. Məsələdən hali olan Şaban ertəsi gün 25 qutu almanı Gəncə bazarında su qiymətinə bir saata xırıd eləmişdi.

Səhəri gün Osepyan məni yanına çağırdı, almanı hara apardığımı soruşdu.

Hara aparacam, Şamxora, sizin evinizə, dedim. Bizim evə alma gətirilməyib dedi. Necə yəni gətirilməyib? Həyətinizdə 4-5 minik maşını saxlanılmışdı. Darvazanızın qabağında bir cavan oğlan dayanmışdı. Alma qutularını qapının ağzında boşaldıb sizin üçün gətirdiyimi həmin oğlana dedim və həyətə daşımasını ondan xahiş etdim. O, başını tərpədib razılaşdığını bildirdi. Mən də maşına oturub üzüm bağlarına dərman çatdırmaq üçün kəndə tələsdim, - deyə cavab verdim.

Osepyan sonralar da bu məsələyə bir neçə dəfə qayıtsa da, mənə heç  nə sübut edə bilmədi. Özü də müəmmalı qalmışdı. Uşaqlıqdan onların iç üzünü görə-görə gəlmişəm və həmişə də hiyləgər erməni xislətinə nifrət etmişəm. 

"SSRİ Tibb İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri Novikovu tənqid etmişəm" 

1963-cü ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuşam. Hələ II kursda oxuyarkən yataqxana tələbə sovetinin, sonralar isə institutun tələbə həmkarlar təşkilatının sədri seçilmişəm. "Əla" qiymətlərlə oxuyur, institutun bütün ictimai işlərində fəal iştirak edirdim. V kursda oxuyurdum. 1968-ci ilin yanvar ayında SSRİ Tibb İşçiləri Həmkarlar İttifaqının qurultayına nümayəndə seçilmişdim. Moskvada, Qurultaylar Sarayında keçirilən iclaslarda iştirak edir, bir sıra tanınmış ictimai-siyasi xadimlərlə tanış olurduq. Qurultaydan sonra Azərbaycandan və başqa respublikalardan gələn nümayəndələrin bir qrupu üçün xüsusi ziyafət təşkil edilmişdi. Burada çıxış edən SSRİ TİHİRH-nin sədri Novikov Azərbaycan xalqını təhqir etdi. Azərbaycanda qabaqlar ümumiyyətlə mədəniyyətin olmadığını, böyük rus xalqının köməkliyi ilə bu ölkədə mədəniyyətin, elmin, texnikanın, təhsilin inkişaf etdiyini dedi. Onun bu çıxışı məni təbdən çıxardı, ayağa qalxıb düz gözlərinin içinə baxdım və "Hələ XII əsrdən üzü bəri Azərbaycanda Nizaminin, Füzulinin və başqa şair və mütəfəkkirlərin yazıb-yaradaraq dünya şöhrəti tapdıqlarını söylədim. Rusiyada isə o zamanlar şeirdən, ədəbiyyatdan, ümumiyyətlə mədəniyyətdən söz açmağa belə dəyməz", - dedim. Zalda oturanların matı qurumuş, səslərini içinə çəkib təəccüblə mənə baxırdılar. Ürəyimi  boşaldıb, yerimə əyləşdim. Novikov bir kəlmə də danışmadan məclisi tərk etdi. Bakıya qayıtdıq, tənbeh olunacağımı gözləyirdim. Artıq rektorumuz Xamis müəllimə xəbər vermişdilər. Xamis müəllim demokratik və vətənpərvər bir insan olduğu üçün məni nəinki cəzalandırdı, əksinə, "düz eləmisən, belələrinin cavabı yerində verilməlidir", - dedi.  Təhsilimi "əla" qiymətlərlə başa vurduğum üçün məni institutda laborant saxladılar. 

"Mənasız yaşamadığım üçün qürur duyuram" 

Ali təhsilimi başa vurduqdan sonra taleyimi bu təhsil ocağına bağlamışam. Laborant, müəllim, baş müəllim, kafedra müdiri, prorektor vəzifələrinə qədər yüksəlmişəm. Hansı vəzifədə işləməyimdən asılı olmayaraq həmişə vətənimə və dövlətimizə sadiq olmuşam. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra o zaman Azərbaycanda hökm sürən ağır vəziyyət yaxşılığa doğru dəyişdi. Atəşkəs əldə edildi, ölkədə sabitlik yaradıldı. Bu gün onun bizə miras qoyduğu müstəqil Azərbaycan Respublikasında gedən dinamik inkişafı hamımız görür və həyatımızda hiss edirik. Bütün bunlara görə ulu öndərə minnətdar olmalıyıq. Tövsiyələrindən həmişə bəhrələnməli, onu dahi bir müəllim kimi özümüzə meyar seçməli, vətənpərvərlikdə, həyata münasibətdə ona oxşamağa çalışmalıyıq. Elə buna görə də həmişə məqsədim müstəqil respublikamıza layiq, yüksək intellektli, savadlı mütəxəssislər yetişdirmək olub. Hazırda beynəlxalq aləmdə və respublikanın bir sıra elm və müalicə müəssisələrində ləyaqətlə çalışan yetirmələrimlə fəxr edir, mənasız yaşamadığım üçün qürur duyuram. 

Nizami MİRZƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov