Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - 16

 

Müəllim məsuliyyəti

Bookmark and Share

Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək  qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. 

Heydər ƏLİYEV 

Keçən dərs ilinin sonu, buraxılış imtahanları ərəfəsində Bakı şəhərinin orta ümumtəhsil məktəblərindən birinin təlim Azərbaycan dilində aparılan bölməsinin XI sinfinin bir şagirdinin bütün fənlərdən "yaxşı" və "əla" qiymətlər almasına baxmayaraq, ədalətsiz olaraq rus dilindən ona illik "qeyri-kafi" qiymət verildiyi və buraxılış imtahanlarına buraxılmadığı barədə Təhsil Nazirliyinə ərizəsi daxil olmuşdur. Araşdırma nəticəsində müəyyənləşdirildi ki, həqiqətən şagird yaxşı oxumuş, illikdə iki fəndən "3", qalanlarından "4" və "5", yalnız rus dilindən "2" qiymət almış, ona görə də məktəbin pedaqoji şurasının qərarı ilə imtahanlara buraxılmamışdır. Şagirdin IX və X siniflərdə necə oxuması ilə maraqlananda aydın oldu ki, o, hər iki sinifdə bütün fənlərdən, o cümlədən rus dilindən də "yaxşı" və "əla" qiymətlər almışdır. Görülən tədbirlər nəticəsində şagird  imtahanlara buraxıldı və imtahanları müvəffəqiyyətlə verərək ali məktəbə də daxil oldu.

Belə bir vəziyyətin yaranmasına səbəb nə olmuşdur?

Müəllimin etinasızlığı, sinif rəhbərinin səhlənkarlığı, məktəb müdiriyyətinin laqeydliyi, valideynlərin biganəliyi.

Keçən dərs ilinin nəticələrinə nəzər salsaq görərik ki, ölkə üzrə buraxılış imtahanlarında səkkiz minə yaxın şagird bir fəndən "qeyri-kafi" qiymət aldığı üçün məktəbi bitirməmiş, təxminən o rəqəmin 50 faizi qədər şagird isə yalnız bir fəndən "qeyri-kafi" qiymət aldığı üçün imtahanlara buraxılmamışdır. Bu nəticələr nə dərəcədə obyektivdir?

Görəsən, yalnız bir fəndən müsbət qiymət almadığına görə imtahanlara buraxılmayan və ya imtahanlarda yalnız bir fəndən "qeyri-kafi" qiymət alaraq məktəbi bitirməyənlərin taleyi müəllimlərimizi, məktəb və rayon (şəhər) təhsil şöbələri rəhbərlərini düşündürürmü?

X-XI siniflərdə tədris olunan 16-17 fəndən ancaq birindən yetirməyən şagirdlərin gələcəyi üçün kim məsuliyyət daşımalıdır?

Əlbəttə, ilk növbədə, müəllim.

Müəllim kimdir?

Dar mənada "Müəllim" ərəbcədən tərcümədə "dərs keçən, tədris edən" deməkdir (Ərəb və fars sözləri lüğəti, Bakı, 1966.səh. 409), geniş mənada Azərbaycan dilinin izahlı lüğətində "Müəllim - 1. məktəbdə hər hansı bir fəndən dərs deyən adam. Nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən.

2. Hörmət üçün adlara qoşularaq deyilir.

3. Hər hansı sahədə nüfuz sahibi olan, başqalarına təsir edən, nümunə ola bilən adam, ustad".

"Müəllimlik - müəllim vəzifəsi, müəllim sənəti, işi" kimi şərh edilir. (Azərbaycan dilinin izahlı lüğəti, III c.səh.408, Bakı-2006).

"Müəllim - geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən"  insandır. (Pedaqoqiçeskiy slovar, II c. səh. 546, Moskva, 1960).

"Müəllim - ərəbcə öyrədən, bilmək, başa düşmək sözündəndir. Ümumtəhsil, texniki peşə, orta ixtisas məktəblərində və ya ali məktəbdə hər hansı fənni tədris edən pedaqoji işçi"dir. (ASE, VII c. səh. 120, Bakı-1983).

"Müəllim - özünün mənimsədiyi, yiyələndiyi bilikləri, bacarıqları, əldə etdiyi, qazandığı təcrübəni, həyatı dərk etməsi və ona münasibətini digərlərinə verən, ötürən şəxsdir" (V.Q.Onuşkin, Y.İ.Oqaryov "Obrazovaniye vzroslıx:  mejdistiplinarnıy slovar terminologii" səh. 189, Sankt - Peterburq - Voronej - 1995).

"Müəllim - sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri, habelə mənəvi keyfiyyətləri adamlara məqsədyönlü, planlı və mütəşəkkil aşılamaq yolu ilə cəmiyyətin sonrakı inkişafına güclü təkan verən pedaqoji təhsilli mütəxəssis"dir. (Azərbaycan Milli İzahlı Ensiklopedik Pedaqoji lüğət. səh, 157, Bakı - 2005).

"Müəllim" anlayışı müxtəlif mənbələrdə müxtəlif ifadələrlə şərh edilməsinə baxmayaraq, nəticə etibarı ilə mahiyyətcə eyni mənanı bildirir.

Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən insandır, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir...

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil Haqqında " qanunda təsbit olunduğu kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir".

Bu baxımdan dahi mütəfəkkir N.Tusinin fikirləri daha maraqlıdır.

"Hər sənətin şərəfi onun məqsədində, hər varlığın islahı onun zatındakı şərəfindədir...

Deməli, bu dünyadakı mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədini güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır...

Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?!" (Əxlaqi-Nasiri, səh.81).

Bəli, müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.

Ona görə də hər bir müəllim bilməlidir ki, hər bir uşaq - fikirləri, görüşləri, hissləri, duyğuları, maraqları, sevincləri, həyəcanları, kədərləri və qayğıları ilə özünəməxsus xüsusi bir dünyadır. Müəllim şagirdlərin bu mənəvi dünyasını görməli və bilməlidir. Hər bir müəllim məktəbin mənəvi həyatına hissiyyatlılıq, qayğıkeşlik, dostluq, mehribanlıq xüsusiyyətlərini gətirməlidir. "Təlim və təhsilin çətin məqamlarında müəllim şagirdlərini hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə qorxutmamalı, əksinə onlarda gözəl arzu və ümid qığılcımları oyatmalıdır" (A.Mirzəcanzadə. İxtisasa giriş, Bakı -1990.  səh 228).

Özünün uşaqlığını xatırlamayan, uşaq aləminin ecazkar xüsusiyyətlərini bilməyən adam yaxşı müəllim ola bilməz.

"Yaxşı müəllim nə deməkdir" sualına V.A.Suxomlinski belə cavab verirdi: "O, ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı adam ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub.

İkincisi, yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, ona vurğunluqla onun inkişaf üfüqlərini-yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir, o elmin problemlərindən də xəbərdardır. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər...

Üçüncüsü, yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss və dərk edən insan olmalıdır.

Dördüncüsü, yaxşı müəllim öz peşəsinin ustası olmalıdır". (V.A.Suxomlinski, İzbrannıye pedaqoqiçeskiye soçineniya, 3-cü cild, səh. 43, Moskva - 1980).

Böyük rus yazıçısı L.N.Tolstoy yazırdı ki, "Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq.

Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir" (Pedaqoqiçeskiye soçineniya, Moskva - Leninqrad - 1948. səh. 300).

Görkəmli alman pedaqoqu A.Disterveq deyirdi ki, pis müəllim şagirdlərə həqiqəti təqdim edir, yaxşı müəllim onu tapmağı öyrədir.

Pedaqoji proses insan fəaliyyəti növlərindən biridir, onsuz nəsillərin varisliyi, cəmiyyətin mövcudluğu və inkişafı qeyri-mümkündür.

Məlumdur ki, peşə ilə, o cümlədən müəllim peşəsi ilə bağlı bu və ya digər vəzifələrin yerinə yetirilməsi insandan müəyyən mənəvi - psixoloji keyfiyyətlər, hərəkətlər və mənəvi münasibətlər tələb edir.

Hər bir peşə və ya ixtisaslaşdırılmış fəaliyyət növünün  təkrarolunmaz situasiyaları, çətinlikləri və ziddiyyətləri mövcuddur. Onları işin gedişində operativ şəkildə həll etmək və aradan qaldırmaq lazımdır. Çünki bu prosesdə insanların əxlaqi keyfiyyətləri formalaşır.

Pedaqoji işdə mənəviyyatın rolu daha böyükdür, ona görə ki, burda əxlaqın özü pedaqoji funksiyaları yerinə yetirir. Müəllim əhəmiyyətli dərəcədə şagirdlərin daxili aləmini, mənəvi simasını formalaşdırır. Müəllimin zəhməti və diqqətindən bütün uşaqlar keçir. Bu mənada müəllim təlim - tərbiyə prosesində nəinki həlledici fiqur, o cümlədən  xalqın gələcəyini formalaşdırmaqda ən vacib faktordur. Bu missiyanı yerinə yetirmək üçün müəllimdən gərgin əmək sərf etmək tələb olunur.

Bu baxımdan özbək mütəfəkkiri və şairi Ə.Nəvainin fikirləri diqqətəlayiqdir:

"Müəllimin etdiyini heç bir insanın etməyə gücü çatmaz, bunu nəinki Adəm, hətta cəhənnəmin hakimi belə bacarmaz. Hətta bir uşağın tərbiyə edilməsi qüvvətli əri belə əldən salar, eyni zamanda bir çox uşağı tərbiyə edən və onlara dərs verən müəllim hünər, fədakarlıq göstərir. Bu, çox ağır və üzücü əməkdir. Malik olduğu hər şeyə görə tələbə müəlliminə borcludur, hətta hökmdarın belə müəllimə qulluq, kömək, iltifat etməsi gərəkdir. Əgər hakimin özü tələbə olsa belə, müəllimi ondan razıdırsa, Allah da ondan razı olar.

O, (müəllim) ilahiyyat elmlərini bilməli, insanlara isə dünyəvi elmləri öyrətməlidir. Haramdan kənarda durmalı, pis işlərdən qaçmalıdır.

O, təcrübəsiz, xəbərsiz adamların - şagirdlərin, tələbələrin mənəviyyatını pozmamalı və yolverilməz işlər görməməlidir. Əks  təqdirdə o, müəllim deyil, əxlaqsız, pis, yaramaz insandır və mömin, dindar insanlar onunla ünsiyyət saxlamamalıdırlar. Alimlər mömin, pak və baxəbər, səriştəli olmalıdırlar, onlar Allahın nə buyurduğunu, Onun rəsulunun nə dediyini bilməlidirlər" (E.Əliyev. Məktəbli fəlsəfəsi. Bakı - 2008. səh.166,168)

Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb olması barədə dahi Ü.Hacıbəyov belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili - tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar.

Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəşhi - ruzi vasitəsi axtarsın". (Ü.Hacıbəyov. Seçilmiş əsərləri, Bakı - 1985. səh.128-129).

Müəllim müəllimlik peşəsinin sirlərini və tədris etdiyi fənnin elmi -  nəzəri və praktik əsaslarını, ölkəmizdə təhsilin dövlət tərəfindən müəyyən edilmiş məqsədini, özünün "Təhsil qanunu" ilə müəyyənləşdirilmiş hüquq və vəzifələrini yaxşı bilməli və əməldə həyata keçirməlidir.

Müəllim elə bir insan - mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər ondan öyrənməyə can atsınlar. Təsadüfü deyildir ki, xalq belə bir deyim formalaşdırıb, "müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər". Əlbəttə, o müəllimdən öyrənirlər ki, o yaxşı öyrədilib, yaxşı hazırlanıb. Macar bəstəkarı Z.Koday deyirdi ki, "O kəs yaxşı öyrədə bilər ki, onu yaxşı öyrədiblər".

Bu məsələyə İ.Hötenin münasibəti belə idi: "Kimlərdən biz öyrəniriksə düzgün olaraq bizim müəllimlərimiz adlandırılırlar, lakin hər öyrədən bu ada layiq deyil". Bu ada layiq olmaq üçün "...təhsildə kamilliyə çatmaq lazımdır" (Konfusi).

Çox təəssüf ki, ölkəmizin ümumtəhsil müəssisələrində işləyən  170 mindən artıq müəllimin xeyli hissəsi bu tələblərə cavab vermir.

Səriştəli, peşəkar müəllim olmaq üçün müntəzəm axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Müqəddəs kitabımız  Qurani - Kərimin buyurduğu kimi, "insan beşikdən qəbir evinə qədər öyrənməlidir". Hər bir müəllim yadda saxlamalıdır ki, insana xas olan qüsurların ən pisi qeyri - peşəkarlıqdır.

Müəllimlik sənəti yaradıcı işdir. Akademik A.Mirzəcanzadənin təbirincə desək, "Yaradıcılığın bütün sahələrində öz-özünə öyrənmə və şəxsi təhsil böyük əhəmiyyətə malikdir. Belə deyirlər ki, yaradıcılıq işlərində ən əsası və başlıcası öyrətmək olmaz - bunu ancaq öyrənmək olar". (İxtisasa giriş. Bakı-1990. səh. 232)

İngilis filosofu H.Spenserə görə, "Bəşəriyyət həmişə ancaq şəxsi təhsil yolu ilə müvəffəqiyyətlə inkişaf etmişdir". O.Süleymenov deyir ki, "ancaq şəxsi təhsil yolu ilə mütəxəssis olmaq olur". "Müəllimlərin müstəqil təhsili... onların elmi-siyasi cəhətdən inkişafına kömək edir" (M.Mehdizadə). Bu baxımdan rus musiqişünası və pedaqoqu Anton Rubinşteynin fikirləri çox maraqlıdır: "Əgər bircə gün öyrənmirəmsə - bunu özüm hiss edirəm, əgər iki gün öyrənmirəmsə, bunu mənə yaxın olanlar hiss edirlər, əgər üç gün öyrənmirəmsə - bunu hamı hiss edir". "Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür" (K.D.Uşinski).

Müəllim sənəti humanist sənətdir, insan mənəviyyatını formalaşdıran sənətdir. Uşaqlara olan sevgi müəllim fəaliyyətinin humanist istiqamətinin əsasıdır.

Müəllim bütün hallarda, xüsusən "müəllim-şagird", "müəllim-pedaqoji kollektiv", "müəllim-məktəb rəhbərliyi", "müəllim-valideyn" münasibətlərinin qurulmasında pedaqoji taktı-nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.

Təəssüf ki, bir sıra müəllimlərimiz tərəfindən bu etik tələblər gözlənilmədiyi üçün hər il şagirdlər və valideynlər tərəfindən Təhsil Nazirliyinə, digər dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə və s. minlərlə şikayət ərizəsi daxil olur. Bu ərizələrin araşdırılmasına xeyli əməkdaş cəlb edilir, külli miqdarda vaxt, enerji, əsəb itirilir, vəsait sərf olunur. Son nəticədə təhsilimizə həm maddi, həm də mənəvi zərbə vurulur. O şəxslər bilməlidirlər ki, "Heç bir millət əxlaq qaydalarına əməl etmədən yüksələ bilməz". (M.K.Atatürk).

Müəllim vicdanlı, insaflı, ədalətli olmalıdır. Bunları o sözdə yox, əməldə həyata keçirməlidir, şəxsi nümunə göstərməlidir. İnsanlara, faktlara, hadisələrə obyektiv qiymət verməyi bacarmalı, düzlüyü təlqin etməlidir.

Atası Hüseyni-Əbu Əli ibn-Sinanı Buxaraya Quran müəllimi xətib Übeydin yanına gətirir və Hüseynə Quranı öyrətməyi xahiş edir. İlk məşğələlərdən müəllim görür ki, hansı ayədən, surədən söhbət gedirsə, Hüseyn dərhal ayələri, surələri əzbər deyir və geniş şərh verir. Bir müddətdən sonra müəllim hiss edir ki, Hüseynə əlavə bir şey verə bilmir. Müəllim Hüseynə deyir: "Mənə bax, atana deyərsən ki, daha səni bura gətirməsin. Sən həqiqətən də hafizsən, Quranı əzbər bilirsən". Müəllim Hüseynin atasına məsləhət görür ki, onu daha yüksək səviyyəli alimin (müəllimin) yanına aparsın. (V.Voskoboynikov - "Böyük loğman").

Musiqi məktəbində oxuyan Aybəniz VIII sinifdə I rübü başa vurarkən belə qənaətə gəlir ki, o musiqiçi yox, filoloq olmalıdır. O, ədəbiyyata olan marağını və arzusunu atasına bildirir və onu Bakının 132 nömrəli məktəbinə köçürürlər.

Təbiət-riyaziyyat fənləri tədris edən müəllimlər hiss edirlər ki, Aybəniz bu fənləri çətin mənimsəyir. Riyaziyyat müəllimi Sadiq müəllim Aybənizə deyir: "... qızım, sən riyaziyyatdan, həndəsədən, fizikadan özün də bilirsən ki, çox zəifsən, belə getsə, biz səni sinifdə saxlamalı olacağıq. Başa düşürəm ki, çalışırsan, lakin əvvəlcədən bünövrə olmadığından heç nə alınmır. Atana de ki, məktəbə gəlsin...".

Səhərisi gün böyük şairimiz Səməd Vurğun məktəbə gəlir, müəllimlər otağına daxil olur, müəllimlərlə mehribanlıqla görüşür, hal-əhval tutur, sonra Sadiq müəllim və fizikadan dərs deyən Bəhram müəllimlə söhbət edir. Nəhayət, eyni zamanda APİ-də də dərs deyən Bəhram müəllimin təklifi ilə belə qərara gəlirlər ki, APİ-nin tələbəsi Şəfiqə Aybənizlə məşğul olsun. İllər keçir Aybəniz məktəbi bitirir, digər fənlərdən "5", riyaziyyat, fizika və kimyadan "3" qiymətlərlə attestat alır. Hesab edirəm ki, əlavə şərhə ehtiyac yoxdur. ("Azərbaycan müəllimi" qəzeti, 19.03.2010).

Təəssüflə qeyd etməliyik ki, öz ixtisası üzrə belə səthi hazırlığa malik olan bir sıra müəllimlərimiz repetitorluqla "məşğul olur", hətta yaxşı oxuyan uşaqlardan da onun yanına gəlmələrini təkidlə tələb edirlər. Nəticədə "müəllim-şagird", "müəllim-valideyn" münasibətləri pozulur, müəllim, şagird, valideyn arasında münaqişə yaranır. Bu hal uşaqların təlim-tərbiyəsinə ciddi ziyan vurur.

Müəllimlər və valideynlər, təhsili idarə edənlər və ictimaiyyətin nümayəndələri bu həqiqətləri, bu dəyərləri qoruyub saxlamağa borcludurlar.

Pedaqoji əmək ictimai fəaliyyətin xüsusi sahəsidir. Burada bilik, bacarıq, peşəkarlıqla yanaşı etik normalara riayət edilməsi nəticəsində formalaşan müəllim nüfuzunun da böyük rolu vardır. Çünki başqa mütəxəssislərdən fərqli olaraq müəllim canlı, şüurlu, faktlara və hadisələrə öz fərdi münasibəti olan insanlarla işləyir. Müəllim şagirdlər, öz həmkarları və valideynlər arasında yüksək nüfuza malik olduqda onun pedaqoji fəaliyyətinin uğurlu olduğunu söyləmək olar. Müəllimin nüfuzu onun mənəvi statusudur. Nüfuz insanın ictimai proseslərin gedişi təcrübəsində əldə etdiyi mənəvi ləyaqətə söykənən digərlərinə təsir etmək qüvvəsidir. Pedaqoji nüfuz müəllimin mənəvi-etik və psixoloji-pedaqoji hazırlığından çox asılıdır. Onun səviyyəsi müəllimin biliyinin dərinliyi, erudisiyası, ustalığı, işə və iş yoldaşlarına münasibəti, ümumi hazırlığı, ictimai fəallığı, valideynlərlə işləmək metodu, məişətdə davranışı və s. ilə müəyyən edilir. Onlara təlim-tərbiyəsi etibar edilən uşaqların gələcək taleyi üçün yüksək mənəvi məsuliyyət nümayiş etdirən müəllimlərimiz çoxdur, lakin müəllim adına, nüfuzuna xələl gətirən müəllimlər də az deyil.

Məktəbi bu təsadüfi adamlardan təmizləmək üçün müəllimlərin ciddi, qərəzsiz, ədalətli, obyektiv, sistemli şəkildə attestasiyasının keçirilməsi zəruridir. Bu, zamanın, təhsil sahəsində aparılan islahatların tələbidir. Bununla bağlı dövlət və hökumət tərəfindən müvafiq hüquqi baza yaradılmışdır. Əsas məsələ qanunvericilik aktlarının tələblərinin icrasını təmin etməkdən ibarət olmalıdır.

Müəllim nüfuzunu hər hansı qərarla, əmrlə, göstərişlə qaldırmaq qeyri-mümkündür. Müəllimlik peşəsinin nüfuzunu hər bir müəllim öz iş və mənəvi keyfiyyətləri ilə, məktəbin rəhbərliyi, təhsili idarəetmə orqanları, dövlət və ictimaiyyət, kütləvi informasiya vasitələri isə müəllim peşəsinə obyektiv münasibəti, maddi və mənəvi dəstəyi ilə onun hörmətini yüksəltməyə borcludurlar.

Dövlət başçısının müvafiq sərəncamına əsasən üçüncü ildir ki, "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri keçirilir ki, bu da müəllimlərin maddi və mənəvi həvəsləndirilməsinə, məktəblərin tədris - maddi bazasının möhkəmləndirilməsinə güclü təsir göstərir.

Müəllimlik-vətənpərvərlik peşəsidir. Məhz müəllim uşaqları, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edir, onları vətənin müdafiəsinə hazırlayır.

Almaniya kansleri O.Bismark  Almaniyanın  möhtəşəmliyini alman xalq müəllimi ilə bağlayırdı. Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini alman müəlliminin qələbəsi hesab edirdi: "Biz qələbə çaldıq ona görə ki, alman müəllimi fransız müəlliminə üstün gəldi".

Əsrlər boyu belə olub, indi də belədir. 1990-cı ilin yanvarında rus ordusunun tanklarına sinə gərən, Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan minlərlə gəncimiz məhz Azərbaycan məktəbinin, Azərbaycan müəlliminin yetişdirmələri idi.

Müəllimlik peşəsi bəşəri peşədir, əbədi peşədir. 100, 300, 500 və s. ildən sonra hansı peşələrin sıradan çıxacağını, yeni hansı peşələrin yaranacağını demək çətindir. Lakin bir həqiqəti inamla demək olar, nə qədər ki, insanlıq mövcuddur, o qədər də müəllimlik peşəsi mövcud olacaqdır.

Əsrimiz elmi-texniki tərəqqi əsri, informasiya və kommunikasiya texnologiyaları əsridir.

Lakin canlı müəllim sözünü, nəfəsini, ünsiyyətini, şagirdlərlə qarşılıqlı münasibətlərini, mənəvi keyfiyyətlərin formalaşmasındakı təsirini və s. heç bir maşın, mexanizm, İKT əvəz edə bilməz.

Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daimi layiqli qayğı göstərilir.

Arif  MURADOV,
Azərbaycan Respublikasının
əməkdar  müəllimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - 16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov