Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

14 May 2010 - 18

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyi və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar çərçivəsində görülən işlər barədə fikirlərimi diqqətinizə çatdırmağa çalışacağam.

Azərbaycanın Avropa İttifaqı ilə təhsil sahəsində əməkdaşlığı bu təşkilatın TASİS proqramı çərçivəsində həyata keçirdiyi TEMPUS və Erazmus Mundus proqramları ilə bağlıdır.

TEMPUS proqramı Avropa İttifaqının ali təhsil sahəsində yeni müstəqil dövlətlər (keçmiş sovet respublikaları), Qərbi Balkan, Avropa İttifaqına üzv olmayan Şərqi Avropa və Aralıq dənizi hövzəsi dövlətləri ilə həyata keçirdiyi əməkdaşlıq proqramıdır. Proqramın əhatə etdiyi ölkələrdə ali təhsil sisteminin inkişafının ölkənin sosial və iqtisadi tərəqqisi üçün əhəmiyyətli amil olması nəzərə alınır.

TEMPUS proqramı 1990-cı ildə Almaniyada Berlin divarı aradan götürüldükdən sonra yaranmışdır. Onun məqsədi keçmiş sosialist düşərgəsinə daxil olmuş Mərkəzi və Şərqi Avropa ölkələrində universitetlərin modernləşdirilməsi və ali təhsil sahəsində islahatlara yardım göstərməkdir. Proqram universitetlərlə əməkdaşlıq vasitəsilə tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda ali təhsilin inkişafına dəstək göstərməklə Avropaya inteqrasiyaya zəmin yaradır.

Fəaliyyət göstərdiyi müddətdə kifayət qədər uğur və rəğbət qazanan TEMPUS proqramı tədricən Mərkəzi və Şərqi Avropaya yayılmış, 90-cı illərin ortalarında keçmiş SSRİ-də baş verən siyasi dəyişikliklərlə bağlı yeni müstəqil dövlətləri və Monqolustanı da əhatə etmişdir. 2000-ci ildə Xorvatiya, 2001-ci ildə Yuqoslaviya Federativ Respublikası TEMPUS-a qoşulmuş, beləliklə, proqram bütün Şərqi Balkanı əhatə etmişdir. 2002-ci ildə TEMPUS Aralıq dənizi hövzəsi ölkələrinə də şamil olunmuşdur. Bu genişlənmə xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın daha da yaxşılaşdırılması və gənc nəsillər arasında mübadilə və əlaqələrin genişləndirilməsinə səbəb olmuşdur.

TEMPUS proqramı Belçikanın paytaxtı Brüsseldə yerləşən Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğu tərəfindən idarə olunur. Texniki yardım Avropa Komissiyasına İtaliyanın Turin şəhərində yerləşən Avropa Təhsil Fondunun TEMPUS Departamenti tərəfindən göstərilir.

Tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisəsi, yaxud fərdlər tərəfindən təqdim olunan layihələrin icrası Avropa İttifaqı ölkələrinin hər hansı bir universiteti ilə yaradılan "konsorsium" çərçivəsində həyata keçirilir. Başqa sözlə, layihə Avropadakı tərəfdaş universitetlə birgə həyata keçirilir. Eyni bir layihənin icrasında bir deyil, bir neçə üzv ölkənin universitetləri iştirak edə bilərlər. Eləcə də layihə tərəfdaş ölkənin bir neçə universiteti tərəfindən təqdim oluna bilər.

TEMPUS üçün bütün tərəfdaş ölkələrin ali məktəbləri tərəfindən təqdim olunan layihələrə Avropa Komissiyasında müxtəlif ölkələrin ekspertlərindən təşkil olunmuş seçim komandası tərəfindən baxılır və qiymətləndirilir. Məhz hər hansı bir layihənin məqbul hesab olunması, qəbul edilməsi və layihənin icrası üçün müvafiq məbləğdə maliyyə vəsaitinin ayrılması bu qurumun qərarından asılıdır. Ayrı-ayrı vaxtlarda Azərbaycan ali məktəblərinin müxtəlif əməkdaşları da bu qrupun tərkibində ekspert kimi çalışmışlar. Azərbaycanı bu qurumda təmsil edən Bakı Dövlət Universitetinin Xarici dillər kafedrasının müdiri, dosent Möminət Ömərova olmuş, sonrakı illərdə Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, həmin ali məktəbin dosenti Fiala Abdullayeva və Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Bəylər Hacıyev bu qurumda Azərbaycanı təmsil etmişlər.

TEMPUS proqramı ali təhsil sektorunun inkişafına aşağıdakı mexanizmlər vasitəsilə yardım edir:

-yeni kursların/fənlərin tədris olunmasına, yaxud mövcud olanların təkmilləşdirilməsinə kömək edir. Məsələn, TEMPUS hüquq, yaxud tibb ixtisasları tədris olunan universitetlərdə yeni tədris planının hazırlanması və yeni kursların tədrisinə başlanmasına kömək göstərir. Bu yolla müasir tədris metodologiyalarının tətbiqinə şərait yaradılır;

- ali təhsil müəssisələrində tədrisin yenidən qurulmasına kömək etməklə, universitetlərə mühəndislik fakültəsini yenidən qurmaq, yaxud universitetin idarə olunması və akademik planlaşdırma üçün müasir texniki vasitələr təqdim edir. Ali məktəblərdə kredit sisteminin tətbiqində, yaxud universitet - istehsalat əməkdaşlığı strategiyasının hazırlanmasında yardım göstərir;

- ayrı-ayrı ali təhsil müəssisələrini xüsusi ixtisaslar üzrə kadr hazırlığında birgə işləməyə həvəsləndirir. Məsələn, qaz və neft mühəndisliyi texnologiyası şəbəkəsinin yaradılmasında kömək edir;

- ali təhsil müəssisələrinə sosial, iqtisadi və qeyri-akademik fəaliyyət sahələrində yardım göstərməklə təlimlər təşkil edir;

- TEMPUS layihələrinin məqsədlərinə çatmaq üçün zəruri olan maddi köməyi təmin edir. Məsələn, akademik jurnallara abunə yazılışına, kompüter və tədris materiallarının alınması da daxil olmaqla, kitabxanaların yenidən qurulmasına kömək edir.

Göründüyü kimi, TEMPUS layihələri ali təhsildə, demək olar ki, bütün sahələri əhatə edir və bu proqramdan bəhrələnmək üçün həlledici rol ali məktəblərin, yaxud onların struktur bölmələrinin, bir çox hallarda isə ayrı-ayrı professor və müəllimlərin təşəbbüskarlığından çox asılıdır.

TEMPUS proqramı üç istiqamətdə təqdim edilən layihələri maliyyələşdirir:

1. Birgə Avropa layihələri - 2-3 il müddətində müəyyən konkret məqsədə çatmaq üçün universitetlər tərəfindən təqdim olunmuş layihələrdir. Bu layihələrin maksimum məbləği 300 mindən 500 min avroya qədərdir (müddətindən asılı olaraq).

2. Struktur və əlavə tədbirlər - milli islahatları və xüsusi ehtiyaclara yönəlmiş fəaliyyəti dəstəkləmək üçün həyata keçirilən qısamüddətli layihələrdir. Bu layihələrin müddəti bir neçə həftədən bir ilədəkdir, maksimum büdcə 150 min avroya qədərdir.

3. Fərdi səfər qrantları - fərdlərin, yəni professorların, mühazirəçilərin, təhsili idarəetmə orqanları əməkdaşlarının səfərlərini maliyyələşdirir. Bu qrantlar bir həftədən səkkiz həftəyə qədər müddəti əhatə edir.

Azərbaycan TEMPUS proqramına 1995-ci il

də qoşulmuşdur. 1998-ci ildən Bakıda proqramın nümayəndəliyi fəaliyyətə başlamışdır. TEMPUS proqramının Azərbaycanda fəaliyyətini şərti olaraq 4 mərhələyə ayırmaq olar:

1. 1990-1994-cü illər - TEMPUS I.

2. 1994-2000-ci illər - TEMPUS II.

3. 2000-2006-cı illər - TEMPUS III.

4. 2007-2013-cü illər - TEMPUS IV.

Təhsil Nazirliyi TEMPUS-un Azərbaycandakı milli ofisi ilə yaxından əməkdaşlıq edir. Hər il payızda yeni TEMPUS layihələrinin təqdim olunması ərəfəsində Təhsil Nazirliyi proqramın Milli ofisində Avropa Komissiyasının Təhsil və Mədəniyyət Departamentinin ekspertlərinin iştirakı ilə "TEMPUS günü" adlı xüsusi təqdimat keçirir. Həm Bakıda, həm də regionlarda yerləşən ali məktəblərin beynəlxalq əlaqələr üzrə qurumlarının rəhbərlərinin, eləcə də bu sahə ilə maraqlanan professor və müəllimlərin iştirak etdikləri bu tədbirlər maarifləndirmə məqsədi daşıyır. Bu təqdimatlarda hər növbəti ildə Azərbaycan üçün müəyyən olunmuş prioritetlər, layihələrin hazırlanma qaydaları, seçim prosedurları və sair məsələlər müzakirə olunur.

TEMPUS proqramının hər bir tərəfdaş ölkə üçün müəyyən etdiyi prioritet istiqamətlər bir-birindən fərqlənir. Azərbaycan üçün müəyyən olunan prioritetlər proqramın hər dəfə yeni mərhələsi başlandıqda ali məktəblərin təklifləri əsasında Təhsil Nazirliyi tərəfindən Avropa Komissiyasının TEMPUS Departamentinə təqdim olunur.

Avropa İttifaqı 1995-2008-ci illər ərzində Azərbaycanda 18 TEMPUS layihəsi və 20-yə yaxın fərdi səfərlər maliyyələşdirmişdi. Azərbaycanın ali təhsil müəssisələri hər il TEMPUS proqramı çərçivəsində 7-13 layihə təqdim edir. TEMPUS III-nün sonunadək həyata keçirilən layihələrə sərf olunan vəsaitin ümumi məbləği 6 milyon avrodan artıq olmuşdur.

1995-ci ildən Azərbaycanda icra olunan TEMPUS layihələrində Avropa İttifaqına üzv ölkələrin universitetləri iştirak etmişlər. Belə ki, Almaniya 5, İtaliya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Niderlandın hər biri 6, Fransa və Yunanıstanın hər biri 11, Belçika 2, İspaniya, Portuqaliya və Polşanın hər biri 1 layihənin icrasında iştirak etmişlər.

Azərbaycanda TEMPUS layihələrinə ümumilikdə 15 ali təhsil müəssisəsi və Təhsil Nazirliyi cəlb olunmuşdur. Ötən müddət ərzində Beynəlxalq əlaqələrin inkişafı (Bakı Dövlət Universiteti), Etimologiyanın tədris proqramlarının modernləşdirilməsi (Bakı Dövlət Universiteti), universitet səviyyəsində turizmi idarəetmə üzrə mərkəzin yaradılması (Qərb Universiteti), Bazar iqtisadiyyatı şəraitində şəhər memarlığı (Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universiteti), Turizm və mehmanxana biznesini idarəetmə mərkəzinin yaradılması (Qərb Universiteti), Avropa - Xəzər dənizi beynəlxalq əlaqələr üzrə tədrisin inkişafı (Bakı Dövlət Universiteti), Akademik proqramların keyfiyyətini yüksəltmək üzrə mərkəzin yaradılması (Xəzər Universiteti), Ətraf mühit və neft sənayesi (Azərbaycan Dövlət Neft Akademiyası), İdarəetmənin modernləşdirilməsi (Azərbaycan Dövlət İdarəçilik Akademiyası), Beynəlxalq əlaqələr şöbəsinin yaradılması (Naxçıvan Dövlət Universiteti), Ətraf mühit sahəsində mütəxəssislərin hazırlanması (Təfəkkür Universiteti), Elektrotexnika fakültəsində tədrisin modernləşdirilməsi (Azərbaycan Texniki Universiteti), Bank sahəsində beynəlxalq əlaqələr (Azərbaycan Dövlət İqtisad Universiteti), İdarəetmənin modernləşdirilməsi (Bakı Dövlət Universiteti), Tələbə xidmətlərinin yaradılması (Xəzər Universiteti), Binanın iqtisadiyyatı: inşaat və saxlanma (Azərbaycan Memarlıq və İnşaat Universiteti), Azərbaycan universitetlərində mühəndislik ixtisasları üzrə təhsilin təkmilləşdirilməsi (Mingəçevir Politexnik İnstitutu, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti), Cənubi Qafqazda biotibbi və baytarlıq təhsili üzrə milli mərkəzlərin qurulması (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti), Cənubi Qafqaz regionunda ətraf mühitlə əlaqədar təlimin təşkili (Azərbaycan Dövlət Aqrar Universiteti), Azərbaycanda energetikanın idarə edilməsi üzrə magistr kursu (Azərbaycan Texniki Universiteti), Ekologiyanın idarə edilməsi (Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti), Azərbaycan universitetlərində keyfiyyətin təmin olunması sisteminin hazırlanması (Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti), Azərbaycanda dövlət akkreditasiyası və lisenziya qaydaları (Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti) və digər sahələrdə layihələr reallaşdırılmışdır.

2004-cü ildə Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğu TEMPUS III mərhələsinin prioritetlərini müəyyənləşdirmək üçün hər bir tərəfdaş ölkənin nümayəndələrini Brüsselə dəvət etmişdir. 25 mart 2004-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə Azərbaycanla bağlı danışıqlar aparılmışdır. Proqramın 2004-2006-cı illərdə (TEMPUS III) Azərbaycan üçün prioritet istiqamətləri aşağıdakılar olmuşdur:

1. Fənlərin tədris planının qurulması.

- mühəndislik, neft və qaz sənayesi;

- ətraf mühit elmləri;

- iqtisadiyyat;

- informasiya texnologiyaları, telekommunikasiyalar;

- avropaşünaslıq;

- hüquq (beynəlxalq hüquq, mülki hüquq, ticarət hüququ).

2. Ali təhsil müəssisələrinin idarə edilməsi.

- keyfiyyətə zəmanət və özünüqiymətləndirmə sistemləri;

- xarici əlaqələr şöbəsinin yaradılması.

3. İnstitusional inkişaf mərhələsində təlim kursları.

- dövlət qulluqçuları üçün dövlət idarəçiliyi.

4. Struktur və əlavə tədbirlər.

- keyfiyyətə zəmanət və qiymətləndirmə sistemlərinin yaradılması.

Təhlil göstərir ki, hazırda Azərbaycanın ali təhsil sistemində həyata keçirilən layihələr kifayət qədər aktual sahələri əhatə edir. Hər bir layihənin konkret məqsədi, icra mexanizmi və icraçıları mövcuddur. Bu layihələrin hər biri haqqında geniş və ətraflı məlumat verməyə ehtiyac olmasa da, həyata keçirilən layihələrin aktuallığını diqqətə çatdırmaq üçün yalnız bir layihə üzərində dayanmaq istərdim.

Layihənin adı: Azərbaycan Respublikası Təhsil Nazirliyində və ali təhsil müəssisələrində akkreditasiya, lisenziya verilməsi və kredit sisteminin tətbiqi sahəsində çalışan mütəxəssislər üçün treninqlərin keçirilməsi.

Layihədə iştirak edən qurumlar:

1. Təhsil qanunvericiliyi və siyasəti üzrə Mərkəz (Niderland).

2. Azərbaycan Respublikası Təhsil Nazirliyi.

3. Azərbaycan Dillər Universiteti.

4. Tilburq Universiteti (Niderland).

5. Belçika Universitetlər Şurası (Belçika).

Layihənin məqsədi:

1. Avropanın qabaqcıl ekspertləri tərəfindən keçiriləcək xüsusi treninq vasitəsilə Azərbaycan mütəxəssislərinə (15 nəfər) akkreditasiya, lisenziya verilməsi və kredit sisteminin tətbiqi sahəsində Avropa standartları və Avropa ölkələri təcrübəsi haqqında ətraflı məlumatın verilməsi və bu prosesin Azərbaycanda həyata keçirilməsi ilə bağlı tövsiyələrin hazırlanması.

2. Azərbaycanda akkreditasiya və lisenziya verilməsi prosedurunun Avropa standartlarına və tələblərinə uyğunlaşdırılması.

3. 2007-ci ilin aprel ayında Bakıda beynəlxalq konfransın keçirilməsi.

4. Təhsilin keyfiyyətinin təmin edilməsi, ali təhsil sahəsində kvalifikasiyaların qarşılıqlı tanınması, akkreditasiya barədə Ümumavropa standartları üzrə sənədlərin Azərbaycan dilinə tərcüməsi.

Layihənin müddəti: 8 ay.

Layihənin ümumi maliyyə dəyəri: 120370 avro.

Layihə çərçivəsində görülən tədbirlər:

1. 15 nəfər mütəxəssis üçün Belçikada treninq kursu keçirilmişdir (sentyabr, 2006-cı il).

2. Treninq materialları və Avropa Şurasının müvafiq sənədləri Azərbaycan dilinə tərcümə edilmişdir (sentyabr, 2006 - aprel, 2007-ci il).

3. Bakıda beynəlxalq konfrans keçirilmişdir (35 azərbaycanlı və 15 xarici ekspertin iştirakı ilə).

TEMPUS proqramının təsdiq olunmuş III mərhələsi 2006-cı ilin sonunda başa çatmış, IV mərhələ 2007-ci ildə başlanmışdır. 2008-ci ildə Azərbaycanda 3 layihə maliyyələşdirilmişdir. Həmin ildə "Avropa İttifaqı - Azərbaycan Fəaliyyət Planı" hazırlanmış, aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsi;

- kifayət qədər maliyyə vəsaiti ayrılmaqla, təhsil üçün hüquqi bazanı hazırlamaqla, gender məsələlərinə yer ayırmaqla, təhsil sektorunda şəffaflığı təmin etməklə, peşə təhsili də daxil olmaqla təhsil islahatlarını aparmaqla, davamlı təhsili təşviq etməklə, 2003-2013- cü illər üzrə milli təhsil islahatı strategiyasının həyata keçirilməsi vasitəsilə sahə üzrə Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq hamı üçün yüksək keyfiyyətli təhsilalma imkanının təmin edilməsi;

- TEMPUS proqramının təklif etdiyi vasitələrdən istifadə etməklə akkreditasiya sisteminin və ali təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, keyfiyyətin təmin edilməsi;

- Boloniya prosesinin prinsiplərinə uyğun olaraq ali təhsil sektorunda islahatların aparılması, eləcə də siyasətin hazırlanması və həyata keçirilməsi üçün yerli imkanların yaradılması, TEMPUS proqramı vasitəsilə ali təhsildə islahatların təşviq edilməsi;

- vətəndaş cəmiyyətindən tərəfdaşların və maraqlı tərəflərin cəlb edilməsi vasitəsilə ali və texniki peşə təhsilinin əmək bazarı və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması;

- Erazmus Mundus, TEMPUS, eləcə də yeni təqaüd proqramlarında iştirak vasitəsilə tələbələrin mobilliyinin təşviq edilməsi;

- Yan Mone Fəaliyyəti (proqramı) vasitəsilə Avropa elmləri və Avropa hüququ üzrə kafedraların yaradılması və gənc tədqiqatçılar üçün tədris imkanlarının genişləndirilməsi;

- Avropa İttifaqı və Azərbaycan hökuməti arasında təhsil siyasəti sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi;

- gənclər üçün mübadilə və əməkdaşlığın gücləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviq edilməsi.

Hazırda əsas diqqət Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssisələrinə, o cümlədən mühəndislik (neft və qaz), ətraf mühit, iqtisadiyyat, telekommunikasiya, informasiya texnologiyaları və s. kimi sahələrə yönəldilir.

2009-cu ildə Azərbaycanın ali təhsil müəssisələri tərəfindən TEMPUS proqramı çərçivəsində təqdim olunmuş aşağıdakı iki layihə maliyyələşdirilmişdir:

1. Cənubi Qafqazda biotibbi elmlər sahəsində elektron və distant təhsilin, qiymətləndirmənin inkişafı layihəsi. Bu layihə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti tərəfindən həyata keçirilir.

2. Müəssisələrlə əməkdaşlığın inkişafı məqsədilə universitetlərarası şəbəkənin innovasiyası layihəsi. Layihə Azərbaycan Dövlət Neft Akademiyası və Sumqayıt Dövlət Universiteti tərəfindən həyata keçirilir.

Göründüyü kimi, Azərbaycanın bir sıra ali təhsil müəssisələri Avropa Birliyinin TEMPUS proqramından bəhrələnə bilmişlər. Lakin burada bir məsələni qeyd etmək yerinə düşərdi ki, ali məktəb rəhbərlərinin təşəbbüskarlığı və beynəlxalq əlaqələr üzrə strukturların işgüzarlığı, fakültə - kafedra səviyyəsində xarici dilləri, xüsusilə Avropa dillərini bilən təşəbbüskar əməkdaşların olması belə layihələrin cəlb olunması, ali məktəblərin daha çox layihələrdə iştirakını təmin etmək üçün mühüm şərtdir. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi ali məktəblərimizdə TEMPUS layihələrində iştirakla bağlı inkişaf və dinamika arzuolunmaz səviyyədədir. Bu gün ali məktəblərimizdə TEMPUS layihələrində iştirakla bağlı səriştəli komandanın formalaşdırılması, rəqabətqabiliyyətli layihələrin hazırlanıb təqdim olunması və əldə olunan qrantlar vasitəsilə müəssisənin inkişafı, Avropa təhsil məkanına inteqrasiyası universitetlərin əsas vəzifələrindən biri olmalıdır.

2007-ci ildən Avropa İttifaqının Erazmus Mundus "Xarici əməkdaşlıq təşəbbüsü" proqramı Azərbaycanda fəaliyyətə başlamışdır. Bu proqramın məqsədi Avropa İttifaqı və üçüncü ölkələr arasında tələbələrin və akademik heyətin fərdi səfərləri vasitəsilə ali təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.

Mövcud biliklərin sürətlə köhnəlməsi, bu səbəbdən onun çevik yenilənməsi zərurəti təhsil sektorunun iqtisadiyyatın və cəmiyyətin tələblərinə cavab verə bilməsi üçün yüksək adaptasiya qabiliyyətinə malik olmasını tələb edir. Qlobal bilik dünyasına zəif inteqrasiya olunan ölkələr özlərini əlverişsiz şəraitdə hiss edir və əhali üçün müvafiq sosial - iqtisadi şəraiti təmin edə bilmirlər. Qloballaşma kontekstində biliklərdə olan fərqlər ölkələr arasında ahəngdar münasibətlərin yaranmasına və insanlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına mane olur ki, bu da siyasi sabitliyə mənfi təsir göstərir. Məhz Avropa İttifaqının Erazmus Mundus "Xarici əməkdaşlıq təşəbbüsü" proqramı bu prinsipə əsaslanır. Belə şəraitdə Avropa İttifaqı üçüncü ölkələrin ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın, xüsusilə universitetlərarası mübadilənin stimullaşdırılmasına, ölkələrin qarşılıqlı inkişafına və insanlar arasında daha yaxşı anlaşmanın təmin olunmasına potensial yardım baxımından əhəmiyyətli proqram həyata keçirir və bu proqram iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirilir.

Erazmus Mundus "Xarici əməkdaşlıq təşəbbüsü" proqramının məqsədi ali təhsil müəssisələri səviyyəsində bilik və bacarıqların mübadiləsi vasitəsilə Avropa İttifaqı və üçüncü ölkələr arasında faydalı əməkdaşlığı təmin etməkdir. Proqramın əsas məqsədləri aşağıdakılardır:

- tələbələrin və akademik heyətin fərdi səfərləri vasitəsilə qabaqcıl biliklər və müsbət təcrübə mübadiləsini stimullaşdırmaqla üçüncü ölkələrin ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq potensialını gücləndirmək;

- tələbələri və akademik heyəti göndərən və qəbul edən ali təhsil müəssisələri arasında əməkdaşlığı inkişaf etdirərək Avropa və üçüncü ölkələrdə bu müəssisələrin tədris mühitini təkmilləşdirmək;

- tələbələrin başqa ölkələrdə aldıqları təhsil təcrübəsi çərçivəsində onların dil, mədəniyyət və təhsil baxımından faydalanmasını təmin etmək, yüksəkixtisaslı, geniş dünyagörüşlü və beynəlxalq təcrübəyə malik peşəkarlar və liderlər bazası yaratmaqla cəmiyyətin qarşılıqlı təkmilləşməsinə nail olmaq;

- Boloniya prosesinə uyğun olaraq yaradılan Vahid Ali Təhsil Məkanı konsepsiyasının praktik icrasını dəstəkləyərək bilik və ixtisasların uyğunlaşdırılmasını və tanınmasını sürətləndirmək;

- əhalinin zəif təbəqələrindən (məsələn, qaçqın, məcburi köçkün, əlil tələbələr və sair) olan tələbələrin təhsil səviyyəsinin daha da artırılmasına, peşəkar inkişafına yardım edərək Avropa İttifaqının sosial və demokratik dəyərlərinin yayılmasını dəstəkləmək;

- müəllim mübadiləsi vasitəsilə ali təhsil müəssisələri heyətinin bacarıq və səriştələrini artırmaq;

- dövlət və özəl ali təhsil müəssisələri arasında keçirilən fərdi səfərlər prosesində (xüsusilə doktorantura, postdoktorantura proqramlarında) iştirakını təmin etməklə bu sektorların potensialını gücləndirmək;

- Avropa İttifaqı və üçüncü ölkələr arasında mədəni, təhsil və iqtisadi əlaqələri gücləndirmək.

Erazmus Mundus "Xarici əməkdaşlıq təşəbbüsü" birtərəfli inkişafa yardım proqramı deyildir. Bu əməkdaşlıq proqramında hər iki tərəf, yəni həm Avropanın, həm də üçüncü ölkələrin ali təhsil müəssisələri tələbə və müəllim heyətinin mübadilə proqramının hazırlanması və həyata keçirilməsi istiqamətində bərabərlik prinsipləri əsasında fəaliyyət göstərməlidirlər. Proqramda Avropa İttifaqına 27 üzv ölkə, İslandiya, Lixtenşteyn, Norveç, habelə İttifaqa daxil olmaq üçün namizəd ölkələr olan Xorvatiya və Türkiyə vardır.

III ölkələr isə Azərbaycan da daxil olmaqla MDB-yə üzv ölkələri, habelə Yaxın Şərq və Aralıq dənizi hövzəsi ölkələrindən ibarət 24 ölkəni əhatə edir. Bu ölkələr də, öz növbəsində, 9 coğrafi bölgədə təmsil olunmuşlar. Azərbaycan Gürcüstan və Ermənistanla birlikdə qeyd olunan doqquz bölgədən birini təşkil edir.

Avropa İttifaqı bu proqram çərçivəsində Avropa ali təhsil müəssisələri ilə üçüncü ölkələrin ali təhsil müəssisələri arasında mübadilə proqramlarının maliyyələşdirilməsini təmin edir.

Maliyyələşdirilən mübadilə proqramları aşağıdakılardır:

- Təhsil alanlar üçün - bakalavrlar, magistrlər, doktorantlar və doktoranturadan sonra elmi işlə məşğul olmaq istəyən şəxslər üçün mübadilə proqramları;

- Professor-müəllim heyəti üçün - tədris, praktik məşğələlər və tədqiqat işləri ilə məşğul olmaq istəyənlər üçün mübadilə proqramları.

Avropa İttifaqının Avropa və üçüncü ölkələrin ali təhsil müəssisələrindən ibarət qarışıq konsorsiumların layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə ayırdığı qrantlar ali təhsil müəssisələrinin tələbələri və professor-müəllim heyətinin mübadiləsinə, fərdi səfərlərin həyata keçirilməsinə çəkilən xərclərin kompensasiyası üçün nəzərdə tutulur. Təmin olunan maksimum qrant məbləği 6 milyon avro təşkil edir.

"Konsorsium" anlayışına aydınlıq gətirək. Bu tender təkliflərinin əhatə etdiyi bir və ya bir neçə coğrafi bölgə daxilində mübadilə proqramını həyata keçirmək niyyətində olan ali təhsil müəssisələri (Avropa və üçüncü ölkələr) və Avropanın ali təhsil müəssisələrinin təşkil etdiyi qrupdur. Maliyyələşdirmə tələblərinə cavab verə bilmək üçün konsorsium ən azı üç Avropa İttifaqı ölkəsini təmsil edən minimum beş Avropa ali təhsil müəssisəsi, coğrafi bölgəyə daxil olan, mübadilə təklifi ilə çıxış edən üçüncü ölkələrin hər birindən ən azı bir ali təhsil müəssisəsindən ibarət olmalıdır. Belə ki, Azərbaycanın hər hansı bir ali məktəbi, yaxud ali məktəbləri Erazmus Mundus proqramında iştirak etmək istəyirsə, onda Avropa İttifaqının üç ölkəsini təmsil edən beş universitetin, eləcə də bölgəyə daxil olan Gürcüstan və Ermənistanın hər birindən ən azı bir universitetin təmsil olunduğu konsorsium yaratmalıdırlar. Yalnız bu konsorsium qrant almaq üçün layihə təqdim edə bilər. Lakin burada bir məsələni də nəzərə almaq lazımdır ki, hər ölkəyə mübadilə proqramları üçün müəyyən kvota ayrılır. Üçüncü ölkədən neçə ali məktəbin konsorsiumda iştirak etməsindən asılı olmayaraq, həmin ölkədən mübadilə proqramlarında iştirak edənlərin sayı bu kvotanı aşa bilməz.

İlkin məlumatlara görə, Erazmus Mundus "Xarici əməkdaşlıq təşəbbüsü" çərçivəsində 2007-2008-ci dərs ili üçün Azərbaycanda müxtəlif pillələr üzrə təhsil almaq və tədqiqat aparmaq məqsədilə 30 mübadilə proqramının maliyyələşdirilməsi üçün yerlər ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2005-ci il tarixli, 834 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyası" yaradılmışdır. Azərbaycan Respublikasının təhsil naziri həmin komissiyanın üzvüdür. Bu komissiya Azərbaycan Respublikasının Avropa İttifaqının "Avropa qonşuluq siyasəti"nə daxil olması və Azərbaycan üzrə fəaliyyət planının işlənib hazırlanılmasına dair Avropa İttifaqının müsbət qərarının qəbul edilməsi istiqamətində səmərəli fəaliyyət göstərmiş, nəticədə Avropaya inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına, Avropa İttifaqı ilə əlaqələrin inkişafına zəmin yaranmışdır.

1999-cu ildə Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasından sonra həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq, 2006-cı ilin noyabrında "Avropa qonşuluq siyasəti" üzrə Azərbaycanın tədbirlər planı Avropa İttifaqı tərəfindən təsdiq olunmuşdur. Tədbirlər planı Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlar açmışdır.

Azərbaycanın Avropa İttifaqı ilə təhsil əlaqələrinin başqa bir istiqaməti Boloniya prosesi ilə bağlıdır. Həm Avropa Şurası, həm də Avropa İttifaqının müvafiq qurumları Boloniya prosesinin uğurla həyata keçirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının yaradılması üçün çox ciddi səy göstərirlər. Məhz Azərbaycanın 2005-ci ilin mayında Boloniya prosesinə qoşulması və Azərbaycanda ali təhsilin məzmununda Boloniya prinsiplərinə uyğun islahatların başlanması gələcəkdə Avropa İttifaqı ilə əməkdaşlığın daha məhsuldar və səmərəli olmasına zəmin yaradır.

Avropa İttifaqı ilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və bu qurumun imkanlarından lazımınca bəhrələnmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən "Avropa İttifaqı ilə Azərbaycan Respublikasının hökuməti arasında təhsil, elm və tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun layihəsi aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla hazırlanmış, imzalanmasına səlahiyyət verilməsi üçün müvafiq prosedurların aparılması ilə bağlı Nazirlər Kabinetinə və qarşı tərəflə razılaşdırılması üçün Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.

Memorandumun əsas məqsədi Tərəflər arasında təhsil, elm və tədqiqat sahələrində ümumi maraq kəsb edən sahələr üzrə birgə fəaliyyətin dəstəklənməsi və inkişaf etdirilməsi, vəzifəsi isə Avropa İttifaqı və Azərbaycan Respublikasının xalqları arasında dili və mədəniyyətlər üzrə qarşılıqlı anlaşmanı inkişaf etdirmək, insan resurslarının inkişaf səviyyəsini yüksəltmək, Avropa İttifaqının üzv dövlətləri ilə Azərbaycan Respublikası arasında təhsil, elm və tədqiqat sahələrində əməkdaşlıq fəaliyyətlərini stimullaşdırmaq, tələbə mobilliyinin keyfiyyətini yüksəltmək, təhsil, elm və tədqiqat sahələrində baş verən yeniliklər üzrə təcrübə mübadiləsini təmin etmək, Avropa İttifaqı və Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil, elm və tədqiqat institutları, peşə assosiasiyaları, dövlət orqanları, biznes və digər assosiasiyalar arasında müvafiq qaydada tərəfdaşlığı inkişaf etdirməkdir.  

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

14 May 2010 - 18

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təlim kurslarının təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
 
Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Bakı Dövlət Universiteti günlərinin açılışı olub
 
Naxçıvan Dövlət Universitetində xarici dillərin tədrisindən qonaqlar razı qalıblar
 
Bakıda İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı keçirilir
 
Məktəblilərin III İntellekt olimpiadası keçirilib
 
Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası
 
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək
 
Norveçli diplomatlar Azərbaycan Dillər Universitetində olublar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Azərbaycanda milli qiymətləndirmə təcrübəsi
 
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
 
"Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans
 
Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir
 
"Açıq dərs" yüksək qiymətləndirildi
 
Qəbələnin Vəndam qəsəbə 1 nömrəli orta məktəbində seminar keçirilib
 
"Azəri inciləri" Türkiyədən qayıdıb
 
Kimyəvi birləşmələrdə rabitə saylarının riyazi ifadəsi
 
Şərəfli həyat yolu
 
Liseydə şagird elmi-praktik konfransı 
 
Azərbaycan gəncləri Avropa Tələbə Hərəkatında təmsil olunacaqlar
 
ADPU-da Cəfər Xəndanın 100 illik yubileyi qeyd olunub
 
Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı
 
Məktəbdə yubiley tədbiri
 
"Sevgi dolu alim və pedaqoq"
 
"Fizika gecəsi" keçirilib
 
Böyük sənətkarın 100 illik  yubileyi qeyd edildi
 
Tələbə liqasının püşkü atıldı
 
Unibank Gəncədə uşaq futboluna dəstək verəcək
 
Bağçada ekologiya mövzusunda "açıq məşğələ"
 
"Yol hərəkəti qaydaları və mən"
 
"Azərbaycan xalq ədəbiyyati" yeni formada
 
Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov