Son illər Azərbaycan təhsili özünün inkişaf
mərhələsini yaşayır.
Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində
təhsil müəssisələrinin maddi-texniki bazası
gündən-günə gücləndirilir, bu sahəyə büdcə
ayırmaları artır. Həm dövlət xətti ilə, həm də
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana
yeni məktəb" proqramı çərçivəsində son bir neçə
ildə ölkədə xeyli sayda yeni məktəb inşa
edilibdir. Özü də yeni məktəblər təkcə Bakı
şəhərində, rayon mərkəzlərində deyil, hətta
ucqar kəndlərdə də tikilir. Təhsilin səviyyəsi
də getdikcə yüksəlməkdədir. Hər il qəbul
imtahanlarının nəticələri təhlil edilərkən orta
məktəblərdə əldə edilən nəticələrin daha da
yaxşılaşdığını müşahidə etmək mümkündür.
Təhsilimizin bu inkişaf tempi Siyəzən rayonunda
da hiss olunur. Bu baxımdan rəhbəri olduğum
Siyəzən şəhər 6 nömrəli orta məktəbi də
fərqlənir. Məktəbimiz 2009-cu ildə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin vəsaiti
hesabına tikilib istifadəyə verilibdir.
Üçmərtəbəli 640 yerlik məktəbdə 43 sinif otağı
var. Hazırda məktəbimizdə 380 şagird təhsil
alır. 47 nəfərlik müəllim kollektivi çalışır.
Məktəbin maddi-texniki bazası dövrün tələblərinə
tam cavab verir. Belə ki, məktəbimizdə 17 dəst
kompüter quraşdırılıb, bütün tədris
avadanlıqları yenisi ilə əvəz olunub. Məktəbin
kompüter otağı yüksək sürətli İnternetə qoşulub.
Təhsil ocağımızda son vaxtlar xeyli diqqətçəkən
uğurlar qazanılıb. Həmin uğurların əldə
edilməsində məktəbimizin təcrübəli
müəllimlərinin xüsusi rolu vardır. Onlardan
biri - respublikanın əməkdar müəllimi Yusif
Yusifov kimya fənnini tədris edir. Onun
şagirdləri tez-tez respublika fənn
olimpiadalarında yüksək nəticələr əldə edirlər.
Onların çoxunun sorağı respublikanın ali təhsil
ocaqlarından gəlir. Yusif müəllimin hazırladığı
dərs vəsaitləri, abituriyentlər üçün vəsait və
test topluları ali məktəblərə hazırlaşan
şagirdlərin stolüstü kitablarına çevrilib.
Məktəbimizin digər təcrübəli müəllimi Əjdər
Hüseynov Azərbaycan dili və ədəbiyyatı fənnini
tədris edir. Görkəmli yazıçı və elm xadimi Mir
Cəlal Paşayevin tələbəsi olan Əjdər Hüseynovun 2
dərs vəsaiti ("Əruzu necə öyrətməli?" və "Əruz
testləri") Təhsil Nazirliyinin qərarı ilə ali
məktəblərin filologiya fakültələri üçün tövsiyə
olunub.
Məktəbimizin digər təcrübəli müəllimi Sima
Məmmədova Pedaqoji Universiteti 30 ildir
bitirib. O, gözəl yazıçı, alim, ictimai xadim
İsmayıl Şıxlının sevimli tələbələrindən olub.
Sima müəllim həm də Azərbaycan Müəllimlər
İnstitutu Sumqayıt filialında dərs deyir. O,
məktəbimizdəki gənc müəllimlərə daim öz
tövsiyələrini verir.
Məktəbimizdə ingilis dilinin tədrisinə xüsusi
diqqət yetirilir. Bu dili təcrübəli müəllim
Qəmər Hüseynova tədris edir.
Məktəbimizin əldə etdiyi uğurlarda
müəllimlərimizdən İsfixan Cəfərov (kimya),
Atakişi Kərimov (biologiya), Bayramqulu Kərimov
(coğrafiya), Yalçın Abdullayev (tarix), Şura
Əhmədova (dil-ədəbiyyat), Nataşa Şepilova (rus
bölməsində dil-ədəbiyyat), Naibə Abdullayeva
(rus bölməsində riyaziyyat) və digərlərinin də
əməyini qeyd etmək istərdim.
Bu təhsil ocağı təkcə yüksək səviyyəli,
keyfiyyətli tədrisi ilə seçilmir. Burada
müstəqil Azərbaycanın tarixində qalan hadisələr,
müxtəlif tədbirlər də yüksək səviyyədə qeyd
olunur. Bu işdə məktəbin təşkilatçısı Xalidə
Fərzəliyeva və uşaq-gənclər təşkilatının sədri
Gülnar Əliyevanın əməyi xüsusi qeyd olunmalıdır.
Məhz onların təşkilatçılığı ilə hər il
məktəbimizdə Müstəqillik Günü, Dünya
Azərbaycanlılarının Həmrəylik Günü, Novruz
bayramı ilə bağlı tədbirlər təşkil edilir.
Şagirdlərimiz hər il tariximizin qanlı
səhifələri olan 20 Yanvar, Xocalı faciələri ilə
bağlı anım mərasimlərini də yüksək səviyyədə
keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən bu il ölkəmizdə "Ekologiya
ili" elan olunduğundan biz də bu işə öz
töhfəmizi verməyə çalışırıq. İlin əvvəlindən
məktəbin təkcə daxilini deyil, ətrafını da təmiz
saxlamağa səy göstəririk. İl ərzində məktəbin
həyətində və ətrafında ağac və gül kolları
əkilibdir. Ümumiyyətlə, məktəb kollektivinin
yaşıllıqlara böyük rəğbət bəslədiyini
məktəbimizin yaxınlığından keçən hər bir insan
hiss edə bilər.
Respublikamızda bədən tərbiyəsi və idmanın
inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə
respublikanın müxtəlif bölgələrində
olimpiya-idman kompleksləri tikilir, idman
infrastrukturu yaradılır. Siyəzən şəhər 6
nömrəli orta məktəbi də bu proseslərdən kənarda
qalmamağa çalışır. Təbii ki, biz, ilk növbədə,
məktəbimizdə fiziki tərbiyə fənninin yüksək
səviyyədə tədris edilməsinə çalışırıq. Bu işdə
məktəbimizin fiziki tərbiyə müəllimi Şahin
Kərimlinin rolunu xüsusi qeyd etmək istərdim.
Məhz onun təşkilatçılığı ilə məktəbimizin
şagirdləri tez-tez "İpək yolu" boks yarışlarında
iştirak edir və uğurlu nəticələr əldə edirlər.
Rayonun Gənclər və İdman İdarəsi də məktəbimizlə
müntəzəm əlaqə saxlayır. Şagirdlərimiz idarə
tərəfindən təşkil olunan "Cəsurlar", "Şahin"
idman oyunlarında fəal iştirak edirlər. Onlar
həmçinin "Bilik yarışı" intellektual oyununda,
"Heç kim unudulmur, heç nə yaddan çıxmır"
mövzusundakı inşa müsabiqəsində də həvəslə
iştirak edir və uğurlu nəticələr qazanırlar.
Məsələn, məktəbimizin 7-ci sinif şagirdi Əfsanə
Bayramova bu il keçirilən inşa yazı
müsabiqəsinin qalibi olubdur. Bu kimi
müsabiqələrdə yaxşı nəticələr əldə edən
şagirdlərimizin aldıqları tərifnamələr məktəbdə
ayrılmış xüsusi güşədə sərgilənir.
Respublikamızın müharibə şəraitində olması da
yaddan çıxarılmır. Bu baxımdan, məktəbimizdə
gənclərin çağırışaqədərki hazırlıq dərslərinə
xüsusi diqqət yetirilir. Eyni zamanda
şagirdlərimiz mütəmadi olaraq hərbi-idman
xarakterli oyunlara da qatılırlar. Bütün bunlar
təbii ki, gənclərimizin hərbi-vətənpərvərlik
ruhunda tərbiyəsinə xidmət edir.
Məktəbimizin şagirdləri rayon olimpiadalarında
da fəal iştirak edirlər. Məsələn, bu il
keçirilən olimpiadanın ikinci turunda
məktəbimizin 10-cu sinif şagirdləri Nicat
Həşimov tarix, Səfər Rufullayev riyaziyyat,
Şərbət Nəzərov kimya, rus bölməsi üzrə 11-ci
sinif şagirdləri Nicat Nuriyev fizika, Şəfəq
Ramazanova isə informatika fənni üzrə qalib
olublar.
Təbii ki, müasir dövrdə şagirdlərin təhsil
səviyyəsi ilə yanaşı, psixoloji durumlarının
normal olması da önəmli amillərdəndir.
Məktəbimizdə bu iş psixoloq Könül Məmmədova
tərəfindən təşkil edilir. O, tez-tez müxtəlif
dərslərdə olur, psixoloji təhlillər aparır,
şagirdlərin idraki durumu ilə bağlı məlumatlar
toplayır. Sonradan bu məlumatlar ümumiləşdirilir
və şagirdlərlə işin yüksək səviyyədə qurulması
üçün müəllimlərə tövsiyələr verilir.
Psixoloqumuz məktəbimizin çətin tərbiyə olunan,
stress keçirmiş, zəif oxuyan uşaqlarının
problemlərinin həllinə də yardımçı olur.
Kollektivimiz təhsilin keyfiyyətini daha da
yüksəltmək üçün bütün imkanlardan istifadə
edir.
Yeganə İSMAYILOVA,
Siyəzən şəhər 6 nömrəli
orta məktəbin direktoru |