Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 İyun 2010 - 23

 

Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər

Bookmark and Share

İyunun 12-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə VMA rəhbərləri və üzvləri olan valideynlərlə görüş keçirildi. Görüşdə valideynlərin təhsildəki bir sıra problemlərin həlli, valideyn-məktəb əlaqələrinin gücləndirilməsi ilə bağlı arzu və təklifləri müzakirə edildi.

Tədbiri açan təhsil naziri Misir Mərdanov valideynlərlə görüşməsindən məmnun qaldığını, görüşü çox əhəmiyyətli saydığını bildirdi və onun təşəbbüskarı olan Azərbaycan Milli Valideyn-Müəllim  Assosiasiyasının icraçı direktoru Təranə Şərifovaya təşəkkür etdi. Nazir ona yazılı şəkildə təqdim edilmiş təkliflərlə tanış olduğunu, həmin təkliflərin onu düşündürən məsələlərlə üst-üstə düşdüyünü deyərək bunu təhsilin keyfiyyətini yüksəltməkdə hamının məqsədinin bir olması ilə əlaqələndirdi. Təhsilin inkişafı istiqamətində son illər xeyli iş görülsə də, müəyyən problemlərin hələ də qaldığını söyləyən nazir ölkəmizdə təhsilin səviyyəsinin, gələcəyinin valideynlərin bu işə münasibətindən, müdaxiləsindən, arzu və təkliflərindən asılı olduğunu vurğuladı. Qeyd etdi ki, məhz bu sahədə işləri daha da canlandırmaq üçün dünya təcrübəsi nəzərə alınmaqla ölkəmizdə Milli Valideyn-Müəllim Assosiasiyası yaradılmış və qısa müddətdə onun şəbəkəsi xeyli genişlənmişdir. Artıq ölkədə 1000-dən çox məktəbdə və uşaq bağçasında VMA-nın fəaliyyət göstərdiyini və onların işində xeyli irəliləyişin olduğunu diqqətə çatdıran nazir bundan sonra həmin qurumların şəbəkəsini genişləndirməkdənsə, mövcud olanları daha da möhkəmləndirmək və fəaliyyətlərini səmərəli qurmaq istiqamətində iş aparılmasını zəruri saydığını vurğuladı.

VMA-nın fəaliyyət istiqamətlərindən söz açan nazir bildirdi ki, onun düşündüyünə görə, bu qurumların üzvü olan valideynlər məktəb direktoru seçimindən tutmuş müəllim seçiminə, dərsliklərə, proqramlara, məktəbin dərs cədvəlinə, müxtəlif səviyyəli tədbirlərədək hər işə müdaxilə edə bilməli, həmin işlər bilavasitə valideynlərin iştirakı ilə həll olunmalıdır. Nazir təəssüf hissi ilə qeyd etdi ki, bir çox müəssisə və təşkilatlarda, o cümlədən təhsil sistemindəki qurumlarda və təhsil ocaqlarında hər şeyi birinci şəxslər həll edirlər. Bunu pis tendensiya sayan nazir belə halların əslində idarəçilik sistemini pozduğunu, bu işə bilavasitə cavabdeh və aidiyyəti olan digər adamlarda laqeydlik yaratdığını, təşəbbüskarlığın qarşısını aldığını, məsələlərin bir çoxunun məhz yerlərdə həll edilməli olduğunu söylədi.

Təhsil naziri belə görüşlərin ildə bir neçə dəfə keçirilməsinin, beləliklə VMA üzvləri olan valideynlərə öz məktəbləri haqqında qısa arayışlar vermələrinə, öz təkliflərini söyləmələrinə şərait yaradılmasının məqsədəuyğun olduğunu bildirdi.

Sonra təhsil naziri Misir Mərdanov yazılı şəkildə ona təqdim olunmuş təkliflərin bəzilərinə münasibət bildirdi.

Orta məktəblərdə mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında valideynlərin iştirakı barədə təklifə müsbət yanaşdığını deyən nazir bununla bağlı bəzi fikirlərini görüş iştirakçıları ilə bölüşdü. Təhsil naziri bildirdi ki, orta məktəblərdə bir neçə ildir ki, mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarından narahat və narazı olanlar, bu işi istəyənlərlə yanaşı, istəməyənlər olsa da, bütövlükdə bu, son illər təhsil sistemimizdə atılmış ən ciddi addımlardan biridir. Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsini çox vacib məsələ saydığını deyən nazir bunun son illər təhsilin müxtəlif səviyyələrində, məktəblərdə, hətta şagird və valideynlər arasında özünü göstərən məsuliyyətsizlik hallarının aradan qaldırılmasına, məktəbin, müəllimin nüfuzunun yüksəlməsinə müsbət təsir göstərdiyini, bütövlükdə bu addımın ictimaiyyət tərəfindən dəstəkləndiyini söylədi, onun hətta aşağı siniflərdə də tətbiq olunmasının vacibliyini diqqətə çatdırdı.

VMA-nın üzvü olan valideynlərin mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında iştirakını zəruri saydığını deyən təhsil naziri görüşdə iştirak edən valideynlərə əgər arzu edirlərsə və imkanları varsa, iyunun 16-da Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərində keçiriləcək buraxılış imtahanlarında iştirak etməyi, imtahanlara müdaxilə etmədən imtahan mərkəzlərinin rəhbərləri, nəzarətçi müəllimlər və şagirdlərlə görüşüb söhbətlər aparmağı, görüləcək işlərə qiymət verməyi tövsiyə etdi, belə arzuda olanlara şərait yaradılacağını bildirdi.

Başqa bir təklifə, I-II siniflərdə istifadə olunan iş dəftərlərinin çoxluğu və bahalığı məsələsinə münasibətini bildirən nazir bu məsələnin onu da düşündürdüyünü, iş dəftərlərinin qiymətlərinin ucuz olması ilə əlaqədar nəşriyyatlara artıq tapşırıq verdiyini dedi və bu il çapdan çıxacaq iş dəftərlərində bunun nəzərə alınacağına valideynləri əmin etdi.

Nazir İctimai televiziyada yayımlanan "Açıq dərs" verilişinin birinin valideynlərin iştirakı ilə keçirilməsi təklifinin də onun üçün maraqlı olduğunu söylədi və həmin verilişin nəinki birində, hətta ikisində valideynlərlə birgə çıxış etməyə hazır olduğunu bildirdi, bu barədə verilişin moderatoru ilə danışacağına söz verdi.

Təhsil naziri valideynlərin təklif etdiyi "İlin valideyni" müsabiqəsinin keçirilməsi məsələsinə də müsbət yanaşdığını, belə bir müsabiqənin təşkilinə nazirlik tərəfindən imkan daxilində dəstək veriləcəyini söylədi, eyni zamanda müsabiqə üçün meyarlar, qaydalar hazırlamaq lazım gəldiyini diqqətə çatdırdı.

Görüşdə repetitorluq məsələsinə də toxunuldu. Bununla bağlı VMA-nın təkliflər paketində əksini tapmış "Repetitor müəllimlərin fəaliyyətinin evlərdən siniflərə keçirilməsi üçün tədbirlərin görulməsi" məsələsinə münasibətini bildirən təhsil naziri repetitorluqla bağlı ölkə mətbuatında məqalə ilə çıxış edib öz fikirlərini açıqladığını söylədi və valideynlərə həmin məqalə ilə tanış olmalarını tövsiyə etdi.

Repetitorluğa bir neçə baxımdan yanaşdığını bildirən nazir bir tərəfdən bu işi müsbət qiymətləndirdiyini, imkanları olan, övladlarının daha çox bilik və bacarığa yiyələnməsi üçün repetitorların xidmətindən istifadə etmək istəyən insanları başa düşdüyünü, digər tərəfdən repetitorluğun məktəbin, burada keçilən dərslərin ziyanına olmasının, dövlətdən, hökumətdən gizli şəkildə aparılmasının əleyhinə olduğunu söylədi.

Təhsil naziri təkliflərin sırasında yer almış gənc valideynlər üçün məktəblərdə kursların açılmasını da çox yaxşı fikir kimi dəyərləndirdi, valideynlərlə müntəzəm maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu vurğuladı.

Görüşdə ən vacib məsələlərdən biri olan VMA-ların məktəblərdə direktor seçilməsində rolu barədə də ətraflı söhbət getdi. Təhsil naziri VMA-ların məktəb direktorunun seçilməsində iştirakının, bu işin hansısa bir formasının tapılmasının, məktəb direktoru seçilərkən VMA-nın təklifinin nəzərə alınmasının, VMA tərəfindən ehtiyat direktor kadrlarının hazırlanmasının və Təhsil Nazirliyinə təklif olunmasının mümkünlüyünü diqqətə çatdırdı.

Məktəblərdə VMA-nın təklif, tövsiyə qutularının qoyulması təklifini də təhsil naziri təqdir edib çox maraqlı fikir kimi dəyərləndirdi. Vaxtilə rektor işlədiyi dövrdə BDU-da belə qutuların qoyulduğunu və müsbət nəticələr verdiyini diqqətə çatdırdı.

Bir sıra digər məsələlərlə bağlı fikirlərini də açıqlayan təhsil naziri təqdim olunmuş siyahıdakı bütün təklifləri diqqətə çatdırmağa lüzum görmədiyini, bununla əlaqədar valideynlərin özlərini eşitmək arzusunda olduğunu bildirərək sözü onlara verdi.

VMA rəhbəri və üzvü olan valideynlər çıxış edərək təhsildə görülən işlərdən, mövcud problemlərdən, öz məktəblərindəki vəziyyətdən söz açdılar, arzu və təkliflərini bildirdilər.

İlk söz alan Bakıdakı Bağça-Məktəb-Lisey Kompleksi VMA-nın prezidenti Cavanşir Rzayev kompleksdə təhsilin səviyyəsinin qənaətbəxş olduğunu, iki övladının bu təhsil ocağını bitirdiyini, birinin isə hazırda təhsilini davam etdirdiyini, BML kompleksini bitirən övladlarının məhz burada aldıqları yüksək təhsil hesabına ali məktəbləri də uğurla başa vurub fərqlənmə diplomları aldıqlarını diqqətə çatdırdı. "İlin valideyni"nin seçilməsi təklifinə müsbət yanaşdığını bildirən C.Rzayev il boyu bir dəfə də olsun valideyn yığıncağına gəlməyən valideynlərə məktəbdə hər şeyin məhz onların övladı üçün edildiyini başa salmaq üçün müəyyən bir mexanizmin olmadığını təəssüf hissi ilə söylədi. Onun fikrincə, məhz bəzi valideynlərin övladlarının təhsilinə biganə münasibətinin, məktəblə əlaqə saxlamamalarının nəticəsidir ki, onlar övladlarını düzgün istiqamətləndirə bilmirlər. Belə ailələrdən gələn uşaqlar məktəbdəki fəal, çalışqan, oxumaq istəyən uşaqlara hər vasitə ilə mane olurlar. O təklif etdi ki, yaxşı valideynləri fərqləndirmək, həvəsləndirmək üçün "İlin valideyni" müsabiqəsi keçirildiyi kimi, pis valideynlər üçün də hansısa bir cəza növü tətbiq edilsin.

Binəqədi rayonunda yerləşən 299 nömrəli məktəbin valideyni, VMA üzvü İlham Qaibzadə, müharibə əlili olmasına baxmayaraq, məktəblə müntəzəm əlaqə saxladığını, övladının təhsili ilə daim maraqlandığını, məktəbdə yüksək təlim-tərbiyə şəraiti yaradıldığını diqqətə çatdırıb, bütün bunlara görə təhsil nazirinə minnətdarlığını bildirdi. Ulu öndərimiz Heydər Əliyevin, onun layiqli varisi İlham Əliyevin müharibə əlillərinə göstərdikləri diqqət və qayğını xüsusi qeyd etdi.

Məktəblərində son illər böyük dönüş yarandığını deyən valideyn oradakı vəziyyətlə tanış olmaq üçün təhsil naziri Misir Mərdanovdan 299 nömrəli məktəbə gəlməsini xahiş etdi.

Bakıdakı 18 nömrəli məktəbin valideyni Təbəssüm Abdullayeva çıxışında təhsil ocağının direktoru Vaqif Hüseynovun məktəb VMA-nın fəaliyyətinə yaxından kömək göstərdiyini, valideynlərin məktəbin fəaliyyətində fəal iştirak etdiyini bildirdi. Qeyd etdi ki, özü ixtisasca mühəndisdir, Səhiyyə Nazirliyində işləyir. Yaxşı əl qabiliyyəti var. Məktəbdə onun üçün şərait yaradıb, dərnək açıb. 7-8-ci siniflərin qızlarına əl işlərini öyrədir. T.Abdullayevanın fikrincə, hər bir valideyn gücü çatan, bacardığı işlərdə məktəbə kömək edərsə, bunun, ilk növbədə, burada təhsil alan övladlarına böyük xeyiri olar.

111 nömrəli körpələr evi-uşaq bağçasının valideyni Zemfira Məmmədqızı çıxışında valideynlərlə görüşməyə imkan tapdığına görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu tərbiyə ocağında VMA iki ildir yaradılıb və yaxşı təcrübəsi var. Valideynlər bağçanın işində, problemlərinin həllində yaxından iştirak edirlər. Lakin bağçada onların həll edə bilmədiyi bəzi problemlərin də olduğunu deyən Z.Məmmədqızı təhsil nazirindən onların həllinə yardımçı olmağı xahiş etdi.

Z.Məmmədova habelə bağça tərbiyəçilərinin psixoloji biliklərə yiyələnmələri üçün xüsusi kurslara cəlb olunmalarını, məktəbəqədər təhsil müəssisələri arasında qabaqcıl təcrübənin yayılmasını təklif etdi.

Bakıdakı 20 nömrəli məktəb-liseydən VMA üzvü Faiq İsmayılov da öz çıxışında yeni direktor təyin olunduqdan sonra təhsil ocağında vəziyyətin müsbət mənada xeyli dəyişdiyini bildirdi.

F.İsmayılov məktəb VMA-larının işlək, məktəbin fəaliyyətinə müdaxilə edə bilən bir quruma çevrilməsini təklif etdi. Peşə bayramı günündə müəllimlərə hədiyyələrin verilməsi ilə bağlı bəzi mətbuat orqanlarında aparılan qərəzli kampaniyaya da F.İsmayılov bir valideyn kimi öz etirazını bildirdi.

Valideyn məktəblərdə ingilis dili müəllimlərinin çoxunun bu dildə danışa bilmədiyini qeyd edib, onların dil kurslarına cəlb edilməsi təklifini irəli sürdü.

Uşaq hüquqları klinikasının rəhbəri Nazir Quliyev çıxışında uşaq hüquqlarının qorunması sahəsində gördükləri işlərdən danışdı. Valideynlərin uşaq hüquqları haqqında az məlumatlı olduğunu deyən N.Quliyev onlar arasında bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac duyulduğunu bildirdi. O, habelə uşaqlara, müəllimlərə hüquqları ilə yanaşı, vəzifələrini də öyrətmək lazım gəldiyini vurğuladı.

N.Quliyev orta məktəblərdə şagirdlər tərəfindən mobil telefonlardan istifadənin onu narahat etdiyini, bu telefonlardan çox istifadə etməyin ağır fəsadlara gətirib çıxardığını, eyni zamanda məktəbə, şagirdlərə, müəllimə qarşı hörmətsizlik yaratdığını söylədi və imkan daxilində  bunun qarşısının alınmasını, tənzimlənməsini təklif etdi. O, gənc valideynlərin xüsusi kurslar vasitəsi ilə məktəbə hazırlanması təklifini də müdafiə etdiyini bildirdi.

9 nömrəli məktəbin valideyni olan 5 nömrəli xəstəxananın həkimi Həmzə Əzizbəyov da görüş üçün nazirə minnətdarlığını bildirdi. O, çıxışında Azərbaycan xalqının təhsilə marağının güclü, bizim təhsil səviyyəmizin də kifayət qədər yüksək olduğunu qeyd etdi. O da məktəblərdə xarici dil müəllimlərinin tədris etdikləri dilləri zəif bilmələri probleminin həllini zəruri saydı. Təklif etdi ki, orta məktəblərə ancaq dili yaxşı bilən müəllimlər işə qəbul olunsunlar.

276 nömrəli məktəbin VMA rəhbəri Qəmzə Yusifova Təhsil Nazirliyinin təhsilə qayğısını yüksək qiymətləndirib, bu qayğını hər zaman hiss etdiklərini söylədi. VMA-ların böyük iş apardığını, onların fəaliyyəti nəticəsində valideynlərlə məktəblər, müəllimlər arasında isti münasibətlərin yarandığını deyən Q.Yusifova son vaxtlar VMA xətti ilə məktəblərində xeyli tədbir keçirdiklərini də görüş iştirakçılarının diqqətinə çatdırdı. O, belə görüşlərin daha tez-tez və böyük miqyasda təşkil olunmasını, heç olmasa ildə bir dəfə valideynlərin forumunun keçirməsini təklif etdi. Q.Yusifova habelə nazirlikdə valideynlərlə işləyən xüsusi bir şöbənin yaradılmasına ehtiyac duyulduğunu söylədi, təhsildə ictimai nəzarətin həyata keçirilməsini vacib saydı, bunun təhsildə şəffaflığın artmasına, məktəbə inamın güclənməsinə kömək göstərə biləcəyini diqqətə çatdırdı.

20 nömrəli məktəb-liseyin VMA üzvü Aytən Ələkbərova çıxışında təmsil etdiyi qurumun üzvü olandan məktəblə sıx əlaqə saxladığını, dərslərdə iştirak etdiyini söylədi. VMA yaranandan sonra valideynlərlə məktəbin əlaqəsinin gücləndirildiyini bildirən valideyn bunun həm məktəbə, həm də valideynlərə xeyiri olduğunu vurğuladı.

Milli VMA-nın eksperti Şahin Rəcəbli çıxışında bildirdi ki, VMA-lar hələ təşkilatlanma dövrünü yaşayır. Onun fikrincə, VMA-ların fəaliyyətinin əsas hissəsini məktəbdə səmimi, sağlam idarəetməni və ictimai nəzarəti həyata keçirmək təşkil edir. Bu istiqamətdə onlara YUNİSEF-in də dəstək verdiyini deyən Ş.Rəcəbli Təhsil Nazirliyi tərəfindən lazımi diqqət və qayğı ilə əhatə olunduqlarını söylədi və bütün bunlara görə təhsil nazirinə minnətdarlıq etdi. Bir çox direktorların VMA-lara yaxından dəstək verdiyi halda bəzilərinin bu işlərlə maraqlanmadığını deyən Ş.Rəcəbli bununla bağlı direktorlar arasında da maarifləndirmə işlərinin aparılmasını zəruri saydı. O, habelə "İlin şagirdi" müsabiqəsinin təşkili və keçirilməsini də faydalı hesab etdiyini söylədi.

299 nömrəli məktəb-liseyin VMA rəhbəri Mübariz Kərimov çıxışına onların təkliflərinə diqqətlə yanaşan təhsil nazirinə minnətdarlıqla başladı. O, əvvəllər bir nəfər belə kişi valideynin gəlmədiyi valideyn iclaslarına indi onların daha çox gəlməsini, valideynlərin məktəb həyatında fəal iştirakını VMA-ların fəaliyyəti ilə əlaqələndirdi. M.Kərimov məktəbin həyətində kiçik meydança inşa etdiklərini, lakin onun süni örtüklə təchiz etməyə imkanları olmadığını deyərək bu işdə onlara kömək göstərməyi təhsil nazirindən xahiş etdi.

42 nömrəli məktəbin VMA-nın prezidenti Mübariz Bağırov məktəblərində VMA-nın təzəcə yaransa da onun işini günün tələblərinə uyğun quracaqlarına görüş iştirakçıları və naziri əmin etdi. Məktəblərində təmir getdiyini, gözəl şərait yarandığını deyən VMA rəhbəri bu baxımdan məktəbin direktorundan, müəllimlərdən çox razı olduqlarını söylədi.  Repetitorluğu böyük bəla sayan M.Bağırovun sözlərinə görə, bu yolla qəbul imtahanlarına hazırlaşıb ali məktəblərə daxil olan gənclərin çoxunun, hətta təhsilin sonrakı pillələrində oxuyan gənclərin təfəkkürü gözlənilən, arzu edilən səviyyədə deyil. O, ali məktəblərə qəbul imtahanlarında toplanan balları savad göstəricisi hesab etmədiyini bildirdi. Buna görə də o, repetitorluğun yığışdırılmasına çalışmaq lazım gəldiyini söylədi.

"İki sahil" qəzetinin baş redaktoru, 289 nömrəli məktəb - "Zəngi" liseyinin VMA rəhbəri Vüqar Rəhimzadə çıxışında görüşün təşəbbüskarlarına və təşkilatçılarına minnətdarlığını bildirdi. Təhsil nazirinin valideynlərlə görüşünü yüksək dəyərləndirən V.Rəhimzadə onu gələcək görüşlər üçün təməl adlandırdı.

289 nömrəli məktəb - "Zəngi" liseyində assosiasiyanın sentyabr ayından fəaliyyət göstərdiyini deyən VMA rəhbəri müntəzəm  olaraq tədbirlər planları hazırlayıb həyata keçirdiklərini, kitab müəllifləri ilə, ziyalılarla görüşlərin keçirilməsinə xüsusi önəm verdiklərini söylədi və bunlara misal olaraq keçirdikləri bir çox tədbirlər barədə görüş iştirakçılarına məlumat verdi, onların şagirdlərin dünyagörüşlərinin inkişafında böyük rol oynadığını söylədi.

189 nömrəli məktəbin valideyni Lalə Hacıyeva da çıxışında təhsil ocaqlarında görülən işlərə diqqəti çəkdi. O, məktəblə ailə arasında müqavilələrin bağlanmasını təklif etdi. Bildirdi ki, belə müqavilələr valideynlərin də, müəllimlərin də məsuliyyətini xeyli artırar.

Görüşə yekun vuran təhsil naziri Misir Mərdanov valideynlərə bir daha təşəkkürünü bildirib deyilən fikirlərə, irəli sürülən təkliflərə diqqətlə yanaşılacağına, imkan daxilində onların yerinə yetirilməsinə kömək göstəriləcəyinə valideynləri əmin etdi. Belə görüşlərin ayda və ya rübdə bir dəfə təşkil olunmasını, Azərbaycan Milli VMA-nın YUNİSEF və Təhsil Nazirliyi ilə birgə növbəti dərs ili üçün tədbirlər planının hazırlanmasını zəruri saydığını deyən təhsil naziri yeni dərs ili ərəfəsində bundan da geniş tərkibdə görüşün keçirilməsinin məqsədəuyğun olduğunu bildirdi.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 İyun 2010 - 23

Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib
 
Bakı və Sumqayıt məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirildi
 
NDU-nun bir qrup tələbəsi Türkiyə universitetlərində internatura kursu keçib 
 
İordaniya Universitetinin əlaçı tələbələrinə Heydər Əliyev təqaüdü təqdim edildi
 
Təhsil naziri valideynlərlə görüşüb Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının rəhbərliyi və üzvləri iştirak ediblər
 
Nazir məzunların təqdimatından razı qaldı
 
Təhsil Nazirliyində Dünya Bankı nümayəndəsinin təqdimatı dinlənilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib
 
Bu il Bakıdakı 3 nömrəli bağçadan 50 uşaq məktəbə gedəcək
 
İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir
 
Biliklər iqtisadiyyatı və innovasiya
 
Bakı Tikiş Evində dövlət imtahanı
 
Kipr Beynəlxalq Universitetinin təqdimatı keçirilib
 
Məktəbin 50 yaşı qeyd olundu
 
Tələbə elmi konfransının yekunu
 
Qafqaz Universitetində məzun günü
 
ADU-da fransalı professorla görüş
 
Sevinc dolu dünya
 
Kənd məktəblərində yeni kurikulum uğurla tətbiq olunur
 
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar aktyorluq etdilər
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan tədbir
 
Pərvin beynəlxalq yarışlara hazırlaşır
 
Finala vəsiqə. Respublika müsabiqəsinin qalibi
 
Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov