Ucar rayonunun məktəbəqədər təhsil
müəssisələrində 1 İyun Uşaqları Beynəlxalq
Müdafiə Günü yaddaqalan tədbirlə qeyd olundu.
Mədəniyyət evində keçirilən tədbirdə Ucar Rayon
İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov,
idarə və müəssisələrin rəhbərləri, rayon
ictimaiyyətinin nümayəndələri, ümumtəhsil
məktəblərinin şagird və valideyn kollektivləri
iştirak edirdilər.
Hamı körpə fidanların onlara müjdə edəcəyi
konsert proqramını intizarla gözləyirdi. Bu vaxt
pərdə arxasından bir səs eşidildi: "Zala
müstəqil Azərbaycanın bayrağı gətirilir!". Hamı
ayağa qalxıb bir qrup uşağın gətirdiyi bayrağı
alqışlarla qarşıladı. Toğrul Azərbaycan
bayrağını səhnədə qoyulmuş postamentə taxdı,
Şəfiqə isə "Bayraq" şeirini söylədi. Sonra zala
daxil olan uşaqlar xorla Dövlət himnini
oxudular, növbə ilə Səməd Vurğunun ürəkləri fəth
edən məşhur "Azərbaycan" şerini söylədilər.
Xorun ifasında Polad Bülbüloğlunun "Şən
Azərbaycan" mahnısı səsləndi.
Bir-birinin ardınca ifa olunan konsert nömrələri
zalı canlandırdı. Tamaşaçılar uşaqları
alqışladılar.
Konsertdə ekologiyaya, beynəlmiləl tərbiyəyə,
dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan
olmasının 125-ci ildönümünə həsr olunmuş
səhnəcik və rəqslər bir-birini əvəz edirdi.
İki saata qədər davam edən konsert uşaqlara da,
onların sevincini bölüşməyə gəlmiş böyüklərə də
xoş anlar yaşatdı.
Tədbirdən əvvəl mədəniyyət evinin foyesində
təşkil olunmuş məktəbəqədər müəssisə
tərbiyəçiləri və uşaqlarının hazırladıqları əl
işləri sərgisinə də tədbir iştirakçıları maraqla
baxdılar.
Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov
və rayon təhsil şöbəsinin müdiri Fuad İsrəfilov
çıxış edərək istedadlı balaları, onların
tərbiyəçilərini, eyni zamanda rayon təhsil
şöbəsinin bu işə yaxından kömək göstərmiş
işçilərini təbrik etdilər. Tərbiyəçilərdən
Nərgiz Məmmədovaya, İradə İbrahimovaya, Solmaz
Məmmədovaya, Raya Qasımovaya, Zinyət Şamilovaya,
Məhəbbət Ələkbərovaya, Məlahət Həsənovaya,
Zülfiyyə Mirzəliyevaya və Elmira Əliyevaya
rayon təhsil şöbəsinin fəxri fərmanları təqdim
edildi.
Sonda rayon icra hakimiyyətinin başçısı Yaşar
Məmmədov uşaqlara hədiyyələr verdi.
Yeganə SÜLEYMANOVA,
Ucar Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi |