Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 İyul 2010 - 29

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə təhsilin bir pilləsindən, səviyyəsindən digərinə keçid, bu sahədə olan problemlər və onların həlli yolları barədə mülahizələrimi diqqətinizə təqdim edirəm.

Təhsilin keyfiyyətli, səmərəli və davamlı olması üçün bir çox şərtlər mövcuddur. Buraya cəmiyyətin tələbatına görə dövlət standartları əsasında optimal müəyyənləşdirilmiş məzmun, çevik qiymətləndirmə modelləri, peşəkar pedaqoji heyət, əlverişli maddi-texniki baza və sair daxildir. Bu məsələlərə ötən məqalələrdə toxunmuşuq. Lakin bütün bu amillər olduqda belə, təhsil pillələri və səviyyələri arasında varislik prinsipi üzərində qurulmuş dialektik bağlılıq təmin edilməzsə, keyfiyyət və səmərəliliyin reallığa çevrilməsində boşluqlar yaranar. Eyni zamanda varisliyin yaradılmasına yalnız nəticələrin bir-birini izləməsi və tamamlaması prosesi kimi də baxmaq düzgün olmazdı. Varislik, ilk növbədə, inkişafa xidmət etməli, hər hansı bir nəticə özündən əvvəl gələnin mahiyyətcə zənginləşməsinə və əhatə dairəsinin genişlənməsinə yönəlməlidir.

Bu mənada təsadüfi deyil ki, varislik "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təsbit olunmuşdur.

Qeyd etmək lazımdır ki, varislik prinsipinə iki yanaşma mövcuddur. Birinci yanaşma ondan ibarətdir ki, tətbiq edilən təhsil proqramları, məzmun pillədən pilləyə, səviyyədən səviyyəyə inkişaf etməli və bir-birini tamamlamalıdır.

Digər yanaşma birincidən heç də az əhəmiyyət kəsb etməyən, lakin əksər hallarda kölgədə qalan bir məsələ ilə bağlıdır. Belə ki, bir pillədən digər pilləyə, bir səviyyədən digər səviyyəyə keçid zamanı əvvəlki pillə və səviyyələrdə qazanılmış bilik, bacarıq və nəticələrin nəzərə alınmaması, keçid prosesində müşahidə edilən problemlər məni daim düşündürən və narahat edən məsələlərdir.

İlk növbədə məktəbəqədər təhsil pilləsi haqqında. Məlumdur ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.

"Təhsil haqqında" Qanuna görə, təhsil məktəbəqədər mərhələdən başlanır. Bununla belə, məktəbəqədər təhsil müəssisəsinə gələnə qədər uşaq ailədə tərbiyə olunur. Onu da etiraf etmək lazımdır ki, uşaqların xeyli hissəsi məktəbəqədər təhsil mərhələsini, eləcə də məktəbəhazırlıq dövrünü keçmədən birbaşa məktəbə qəbul edilirlər. Beləliklə, aydın təsəvvür olunur ki, uşağın tərbiyəolunma sistemində varisliyin pozulması halları bu zamandan başlanır. Belə nəticə çıxarmaq olar ki, yaranmış problemin həlli məqsədilə, ilk növbədə, valideynlər üçün yerlərdə metodiki məsləhət və əlaqələndirmə mərkəzləri təşkil edilməlidir. Yəni məktəbəqədər təhsil müəssisələrindəki təlim-tərbiyə prosesi ailələrdəki eyni prosesin, ibtidai təhsil isə məktəbəqədər təhsil və məktəbəhazırlıq təliminin davamı kimi vahid sistemdə birləşməlidir. Yalnız bu halda uşağın psixoloji və mənəvi cəhətdən məktəb təliminə hazır olmasından danışıla bilər. Belə bir sistemin qurulması, heç şübhəsiz, ibtidai təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər. Bəs ölkəmizdə ailədən məktəbəqədər tərbiyə müəssisəsinə keçid sahəsində hansı problemlər mövcuddur? Təhlil göstərir ki, hər il birinci sinfə qəbul edilən uşaqların orta hesabla yalnız 20 faizə qədəri bağçalardakı məktəbəhazırlıq qruplarından gəlir. Bir sıra inkişaf etmiş ölkələrdə 5 yaşlıların hamısı icbari olaraq məktəbəhazırlıq mərhələsini keçirlər. Ölkəmizdə isə bu vəzifəni yerinə yetirmək üçün, əlbəttə, mövcud uşaq bağçalarının imkanları heç də kifayət deyildir. Belə ki, uşaq bağçaları ən yaxşı halda ölkə üzrə 5 yaşlıların yalnız 40-45 faizini qəbul edə bilər. Düşünürəm ki, təxirəsalınmadan 5 yaşlı uşaqların məktəbəqədər təhsili üçün hazırlıq işlərinə başlanmalı, nazirliyin bu sahədə 8-10 ili əhatə edən strateji planı hazırlanmalı, hökumət səviyyəsində tədbirlər görülməlidir. Eyni zamanda digər yaş qrupları da unudulmamalı, ölkədə məktəbəqədər təhsil imkanlarının və əhatə səviyyəsinin artırılması istiqamətində Dövlət Proqramı çərçivəsində zəruri tədbirlər davam etdirilməlidir.

Ümumi təhsilin səviyyələri arasında varisliyin təmin olunmasına da xüsusi diqqət yetirilməlidir. Hər səviyyənin ümumi təlim nəticələrini yüksələn xətlə əlaqələndirmədən, ümumi təhsil sahəsində tədris edilən fənlərin məzmununun təhsil səviyyələri və siniflər üzrə varisliyini yaratmadan bu məqsədə nail olmaq qeyri-mümkündür. Hazırda tətbiqinə başlanmış ibtidai təhsil səviyyəsi üçün fənn kurikulumları, əsasən, siniflərarası varislik tələbi nəzərə alınmaqla tərtib edilmişdir. Heç şübhəsiz, ümumi orta təhsil səviyyəsinin kurikulumları ibtidai, tam orta təhsil səviyyəsinin kurikulumları isə ümumi orta təhsil səviyyəsinin nəticələri üzərində qurulmalıdır. Demək, şagirdlərə öyrədilən biliklər və aşılanan bacarıqlar varislik əsasında sadədən mürəkkəbə doğru inkişaf etdirilməklə standartlarda öz əksini tapmalıdır. Əslində, mənimsənilməsi nəzərdə tutulan konkret bilik xüsusi çəkisi baxımından aşılanacaq bacarığın səviyyəsini müəyyən etməli və bu iki proses mahiyyətcə bir-birini tamamlamalıdır. Eyni zamanda hər bir fənn üzrə məzmun standartlarının dialektik baxımdan varisliyinin təmin edilməsi ilə yanaşı, bu standartların dərsliklərdə reallaşdırılması ardıcıllığı da ciddi surətdə gözlənilməlidir. Dərsliklər yazılarkən müvafiq fənn kurikulumlarına, standartların tələblərinə uyğunsuzluq hallarına yol verilərsə, bu, son nəticədə varisliyin pozulmasına, nəzərdə tutulan bacarıqların lazımi səviyyədə formalaşmamasına gətirib çıxara bilər. Əlbəttə, bütün bunlar məzmunun varisliyi ilə bağlı məsələlərdir.

Bəs ümumi təhsil pilləsində bir səviyyədən digərinə keçid məsələləri necə tənzimlənir? Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.

Ümumi təhsilin ilk səviyyəsi olan ibtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Təcrübə göstərir ki, ibtidai təhsildən ümumi orta təhsilə keçiddə ciddi problem müşahidə olunmur. Bu səviyyəni uğurla başa vuran şagirdlər maneəsiz növbəti səviyyədə təhsillərini davam etdirirlər. Statistika göstərir ki, hər tədris ilində təxminən 150 min şagird ibtidai təhsildən ümumi orta təhsilə keçir.

Hazırda ümumi təhsil sistemində yeni qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar ibtidai təhsil səviyyəsinin sonunda (IV sinifdə) milli qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmuşdur.

Bir sıra ölkələrdə ibtidai təhsil səviyyəsindən növbəti səviyyəyə keçiddə xüsusi imtahanlar təşkil edilir ki, şagirdin növbəti səviyyədə hansı profil üzrə təhsil alacağı müəyyənləşdirilsin.

Ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.

Ümumi orta təhsil səviyyəsini hər tədris ilində təxminən 145 min şagird bitirir. Onlardan 8 mini texniki peşə məktəblərinə və peşə liseylərinə, 8 mini orta ixtisas məktəblərinə qəbul olunur. Ümumi orta təhsil səviyyəsini bitirənlərdən 110 mini növbəti səviyyədə təhsillərini davam etdirir. Narahatlıq doğuran haldır ki, ümumi orta təhsil səviyyəsindən tam orta təhsil səviyyəsinə keçiddə xeyli sayda şagirdin təhsildən yayınması halları mövcuddur. Bu hal məktəb rəhbərlərini, yerli təhsil orqanlarını ciddi düşündürməli, hər bir şagirdin təhsildən yayınma səbəbləri araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.

Şübhəsiz, cari dərs ilindən IX siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması həm şagirdlərin davamiyyətinə müsbət təsir göstərmiş, həm də təhsildən yayınma hallarının qarşısını xeyli almışdır. Eyni zamanda bu təhsil səviyyəsinin sonunda mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi tam orta təhsil pilləsində təhsilin təmayüllər üzrə təşkilinə də öz töhfəsini verəcəkdir.

Burada narahatlıq doğuran digər hal ondan ibarətdir ki, ümumi orta təhsil səviyyəsini bitirən məzunlar qabiliyyətindən, bacarığından, potensial imkanlarından asılı olmayaraq, kütləvi şəkildə təhsillərini tam orta təhsil pilləsində davam etdirməyə səy göstərirlər. Lakin təhlil göstərir ki, heç də həmin şagirdlərin hamısı sonradan ali təhsil pilləsində təhsillərini davam etdirmirlər. Texniki peşə məktəblərinə gedənlər isə cəmi məzunların 6 faizini təşkil edir. Düşünürəm ki, Azərbaycanda da beynəlxalq təcrübəyə əsaslanaraq, ümumi orta təhsil səviyyəsini bitirən məzunların 40-50 faizinin məhz texniki peşə məktəblərinə və peşə liseylərinə yönəldilməsi istiqamətində ciddi tədbirlər görülməli, ümumi təhsil müəssisələrində peşəyönümü işi səmərəli təşkil edilməli, şagirdlərin gələcəkdə məhz hansı səviyyədə və ya pillədə təhsillərini davam etdirmələri imkanları barədə diaqnostik qiymətləndirmələr aparılmalıdır.

Ümumi təhsil pilləsinin son səviyyəsi olan tam orta təhsil barədə. Tam orta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və sair təmin olunur.

Bu səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - attestat verilir. Tam orta təhsil səviyyəsini hər tədris ilində təxminən 110-120 min şagird bitirir. Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş test imtahanına keçidə qədər, demək olar ki, həmin şagirdlərin hamısı attestat alırdılar. Hazırda isə məzunların təxminən 10-15 faizi tam orta təhsil səviyyəsini lazımi nailiyyətlərlə başa vura bilmədiklərinə görə attestat ala bilmirlər.

Təhlil göstərir ki, hər il ümumi təhsil pilləsini bitirənlərin 20 faizi ali təhsil müəssisələrinə, 10 faizi orta ixtisas məktəblərinə, 11 faizi texniki peşə məktəblərinə qəbul olunurlar. Məzunların təxminən 60 faizi, yəni 60 min nəfər heç bir peşəyə yiyələnmədən əmək bazarına qədəm qoyur. Əlbəttə, bu vəziyyət hər birimizi düşündürməlidir. Hesab edirəm ki, müvafiq maddi-texniki baza, kadr təminatı həyata keçirildikdən sonra və keyfiyyətə xələl gətirməmək şərtilə yaxın gələcəkdə ali təhsil müəssisələrinə qəbul planı artırılmalı, ümumi təhsil pilləsi məzunların ali təhsil alma imkanları genişləndirilməlidir. Digər tərəfdən isə texniki peşə məktəblərinin şəbəkəsi genişləndirilməli və məzunların əksər hissəsinin məhz həmin pillədə təhsillərini davam etdirməsinə imkan yaradılmalıdır.

Burada əsas narahatlıq doğuran hal ondan ibarət idi ki, bir təhsil pilləsindən digərinə keçiddə təhsilalanların nailiyyətləri nəzərə alınmır. Azərbaycanda ali məktəblərə qəbul zamanı orta məktəbin nəticələri, yəni şagirdlərin 11 illik təhsilinin yekunu olan attestat balı ümumiyyətlə nəzərə alınmır. Təhlil göstərir ki, bu hal ümumi orta təhsilin keyfiyyətinə mənfi təsir etməklə, məktəbin və müəllimin statusunun aşağı düşməsinə gətirib çıxarır. Eyni zamanda şagirdləri və müəllimləri keyfiyyətli orta təhsilə stimullaşdırmanın qarşısını alır.

Təhlil göstərir ki, dünyada ali məktəblərə qəbulun əsas parametri məhz orta məktəbin nəticələridir. ABŞ təcrübəsini misal gətirək. Həmin ölkədə ali məktəbə qəbul imtahanı tələb olunan balın yalnız 30 faizini toplamağa imkan verir. Digər 70 faiz isə məhz məktəbin nəticələri, yəni şagirdin orta məktəb göstəriciləri, məktəbin şagird haqqında rəyi, şagirdin maraq və qabiliyyəti və sair nəzərə alınmaqla formalaşır.

Bu vəziyyət magistratura pilləsinə qəbulda da eynidir. Belə ki, magistratura pilləsinə qəbul zamanı bakalavriat pilləsində tələbələrin 4 il ərzində qazandıqları nailiyyətlər ümumiyyətlə nəzərə alınmır. Yəni ən yaxşı nailiyyətləri olan və heç bir nailiyyəti olmayan tələbə qəbul prosesində eyni vəziyyətdə olur. Dünya təcrübəsi göstərir ki, bu yanaşma düzgün deyildir. Əksər ölkələrdə magistraturaya qəbul prosesində aparıcı rolu bakalavriat pilləsindəki nəticələr və universitetlər oynayır. Yəni qəbul haqqında son qərarı məhz universitetlər qəbul edirlər. Düşünürəm ki, bizdə hazırda belə bir qərarın qəbulu müəyyən problemlər yarada bilər.

Təhsil Nazirliyi uzun müddət nailiyyətlərin növbəti pillədə nəzərə alınması istiqamətində təşəbbüslər göstərmiş, təkliflər irəli sürmüş və bu istiqamətdə müəyyən addımlar da atmışdır. İlk növbədə XI siniflərdə mərkəzləşdirilmiş imtahanlar tətbiq edildikdən sonra şagirdlərin yekun qiymətinin çıxarılmasında həm X sinif, həm də XI sinifdə il ərzində əldə etdikləri nailiyyətlərin nəzərə alınması təmin edilmişdir.

Təhsil Nazirliyinin təklifləri əsasında "Təhsil haqqında" Qanunda bu məsələ də öz əksini tapmışdır. Qanunda təsbit edilmişdir ki, (maddə 26.4) "Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır". Təəssüf ki, bu günə qədər bu maddənin icrası ilə bağlı müvafiq qərar qəbul edilməmişdir.

Bununla əlaqədar Qanunda daha vacib bir müddəa da öz əksini tapmışdır: "Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". Onu da qeyd edim ki, Təhsil Nazirliyinin illərlə təklif etdiyi bu müddəanın xeyli əleyhdarları var idi. Lakin Qanunda bu müddəanın öz əksini tapması, hesab edirəm ki, təhsilin inkişafına və stimullaşdırılmasına yönəlmiş uğurlu bir addımdır.

Gözləyirik ki, Qanuna müvafiq olaraq, yaxın gələcəkdə tədricən ümumi orta, ilk peşə-ixtisas, orta ixtisas təhsili pillələrinin nəticələri ali təhsilin bakalavriat səviyyəsində, bakalavriat səviyyəsinin nəticələri magistratura səviyyəsində nəzərə alınacaqdır.

Təhsil sisteminin vacib bir pilləsi olan ilk peşə-ixtisas təhsili barədə. Qanunda qeyd edilir ki, ilk peşə-ixtisas təhsili əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək birjalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.

Əlbəttə, mövcud qanunvericilikdə ilk peşə-ixtisas təhsilini başa vuranların ali təhsil almaq imkanları nəzərə alınmışdır. Lakin bu hüquq yalnız peşə liseylərini bitirən məzunlara şamil edilmişdir. Statistika göstərir ki, hər dərs ilində ölkəmizin peşə liseylərinin son kursunda təxminən 4-5 min şagird təhsil alır. Cari ildə onların sayı 4651 nəfərdir. Təhsil Nazirliyi tərəfindən tam orta təhsil kursu üzrə keçirilən mərkəzləşdirilmiş imtahanların nəticələrinin təhlili göstərir ki, məzunlar yüksək göstəricilər nümayiş etdirmir və onların bir hissəsi attestat ala bilmirlər. Bu zaman iki problemlə üzləşirik. Bir tərəfdən, onsuz da peşə liseyləri məzunlarının sayı məhduddur, deməli, daha az sayda şagirdin ali təhsil almaq imkanı vardır. Digər tərəfdən isə onların müəyyən hissəsinin attestat almaması onsuz da məhdud sayda olan kontingentin ali təhsil alma imkanlarını azaldır. Bu elə başa düşülməməlidir ki, peşə liseylərində təhsil alanların hamısına, nailiyyətlərindən asılı olmayaraq, attestat verilməlidir. Burada diqqət ona yönəlməlidir ki, peşə liseylərinin şəbəkəsi genişləndirilməli, daha çox sayda şagird bu təhsil müəssisələrinə yönəldilməlidir. Peşə liseylərinin üstünlüyü ondan ibarətdir ki, məzunlar müəyyən bir peşəyə yiyələnməklə yanaşı, tam orta təhsil alırlar və beləliklə təhsillərini ali məktəblərdə davam etdirmək şansı qazanırlar.

Eyni zamanda peşə liseylərini bitirən məzunlar təhsillərini orta ixtisas təhsili müəssisələrində də davam etdirə bilirlər. Təhlil göstərir ki, həmin məzunların 10-15 faizi sonradan orta ixtisas təhsili müəssisələrinə üz tuturlar. Lakin hesab edirəm ki, ilk peşə-ixtisas təhsili proqramları və orta ixtisas təhsili proqramları arasında varisliyin təmin olunması sahəsində problemlər mövcuddur və onların aradan qaldırılması da vacib məsələlərdəndir.

Orta ixtisas təhsili barədə. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq strukturlarda həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar.

Göründüyü kimi, bu təhsil pilləsi də ali təhsilə çıxış imkanlarını təmin edir. Belə ki, orta ixtisas təhsilli mütəxəssislər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanına malikdirlər. Uzun müddət ərzində müzakirə olunan məsələlərdən biri təhsil proqramlarının ali təhsil proqramları ilə varisliyinin təmin edilməsidir. "Təhsil haqqqında" Qanunda bu məsələ də öz əksini tapmışdır: "Orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır". Qeyd edim ki, bununla əlaqədar müvafiq normativ-hüquqi sənədlər də hökumət tərəfindən təsdiq edilmişdir.

Ali təhsil barədə. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyəlidir: bakalavriat; magistratura; doktorantura.

Ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid həm ümumi təhsil, həm texniki-peşə, həm də orta ixtisas təhsili pillələrindən nəzərdə tutulmuşdur. Lakin qeyd etmək lazımdır ki, keçid prosesində varislik məsələləri hələ də tam həllini tapmamışdır. Ümid edirik ki, "Təhsil haqqında" Qanunun icrası istiqamətində yaradılacaq normativ-hüquqi baza bu sahədə olan problemlərin aradan qaldırılmasına zəmin yaradacaq.

Bu sahədə məni narahat edən daha bir problem ondan ibarətdir ki, ali təhsilə girişdə ciddi qəbul prosedurları nəzərdə tutulur və seçim aparılır. Ali məktəbdən çıxışda isə bu işə nəzarət arxa plana keçir. Ötən illərdə ali təhsil müəssisələrini bitirənlərlə bağlı aparılan təhlillər göstərir ki, qəbul olunanların 100 faizi ali təhsil müəssisələrini bitirirlər. Dünya təcrübəsində isə məhz çıxışda ciddi nəzarət mexanizmləri tətbiq edilir və nəticədə qəbul olunanların 60-70 faizi mütəxəssis kimi təhsil sənədi almağa müvəffəq olurlar. Hesab edirəm ki, ali təhsil müəssisələri bu məsələyə diqqəti artırmalı, yalnız müvafiq standartlar səviyyəsində kompetensiyalar əldə etmiş məzunlara təhsil sənədinin verilməsini təmin etməlidirlər. Bu hal keyfiyyətin yüksəldilməsinin qarantı olmaqla yanaşı, ali məktəblərimizin reytinqinin yüksəlməsinə də öz müsbət təsirini göstərərdi.

Yetkin və fəal həyat mövqeyinə malik şəxsiyyətin yetişdirilməsi üçün təhsil səviyyələri ilə bərabər, təhsil pillələri arasında da varisliyin təmin edilməsi zəruri tələbat kimi meydana çıxır. Pillələrarası varislik, hər şeydən əvvəl, təhsil proqramlarının (kurikulumların), bunların vasitəsilə reallaşdırılan nəticə və dəyərlərin varisliyidir. Lakin elmi-pedaqoji cəhətdən əsaslandırılması heç bir mübahisə doğurmayan bu müddəanın həyata keçirilməsi sahəsində mövcud olan boşluqlar bütövlükdə təhsilin keyfiyyətinə, son nəticədə mütəxəssis hazırlığına mənfi təsir göstərir. İbtidai sinif müəllimlərinin, bir qayda olaraq, I siniflərə qəbul edilmiş bəzi uşaqların psixoloji durumundan, inkişaf səviyyəsindən, təhsil mühitinə uyğunlaşa bilməməsindən narahatlıq hisslərini büruzə vermələri, ümumi orta təhsil səviyyəsinə keçirilən şagirdlər arasında təhsil almağa marağın illər ötdükcə tədricən zəifləməsi hallarının müşahidə edilməsi, ali məktəblərə qəbulla bağlı nəticələrin istənilən səviyyədə olmaması və sair bu kimi reallıqlar, eyni zamanda, həmin amillə də bağlıdır. Bütün bunlar ciddi pedaqoji problem olaraq təhsil mütəxəssislərini, təhsili idarəetmə orqanlarını dərindən düşündürməlidir.

Belə faktlar da mövcuddur ki, ali təhsil müəssisələrinin rəhbərliyi və müəllimləri müəyyən qrup tələbənin zəif təlim nəticələrinə malik olmasını orta məktəblərdə təhsilin keyfiyyətinə nəzarət edilməməsi, bunu isə laqeyd münasibət bəslənilməsi ilə izah etməyə çalışırlar. Ümumtəhsil məktəblərini təmsil edənlər isə öz növbələrində pedaqoji ali və orta ixtisas təhsili müəssisələrində müəllim hazırlığının səviyyəsindən şikayətlənirlər. Əlbəttə, bu cür fikirləri tam inkar etmək də olmaz, lakin problemi təkcə həmin mülahizələrlə məhdudlaşdırmaq da düzgün deyildir. Etiraf edək ki, ali məktəblərimizlə orta məktəblər arasında əlaqə, demək olar ki, yox dərəcəsindədir və bugünkü vəziyyətdə əlaqələrin yenidən qurularaq səmərəli əməkdaşlıq səviyyəsinə çatdırılmasına böyük ehtiyac vardır. Hesab edirəm ki, ali məktəblər orta məktəblərdə tədris olunan fənlərin yekun proqramlarını (kurikulumlarını) ətraflı təhlil etməli, onların öz müəssisələrindəki müvafiq ixtisasların proqramları ilə varisliyinin yaradılması qayğısına qalmalıdırlar. Orta məktəb rəhbərlərinin gələcək müəllimlərini pedaqoji ali təhsil müəssisələrinin tələbələri, ali məktəblərin isə öz gələcək tələbələrini orta məktəb şagirdləri arasında seçməsi, istedadlı şagirdlərin görkəmli alimlər tərəfindən elmi himayəyə götürülməsi praktikasının tətbiq olunması, fikrimcə, ümumi işimizə müstəsna dərəcədə böyük fayda verərdi.

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor

 
Səhifənin başına qalx "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

30 İyul 2010 - 29

Bu il Goranboyda 4 yeni məktəb binası tikilir
 
Fransalı professor Azərbaycan dilinin tədrisindən danışıb
 
Ayrı-ayrı fənlərin məzmun standartlarının təkmilləşdirilməsi üzrə iş aparılır
 
ARDNŞ-ın təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə görüş olmuşdur
 
Dünyanın ən tanınmış universitetlərində yüzlərlə azərbaycanlı gənc təhsil alır
 
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində qazanılan nailiyyətlər müzakirə olundu
 
Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur
 
Səfir Çexiya universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib
 
Almaniyalı şagirdlər internat-məktəbə "Brayl" çap aparatı hədiyyə etmişlər
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub
 
Əlli beş yetirməsi 23 nömrəli bağçaya "əlvida" dedi
 
"Şərq bülbülü"
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov