Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti
sayəsində ölkəmizin sürətli iqtisadi
tərəqqisinin nəticəsi olaraq ümumi təhsil
müəssisələrində əlverişli təlim-tərbiyə
şəraitinin yaradılmasına xidmət edən
maddi-texniki bazanın yenidən qurulması, müasir
tədris avadanlığı və informasiya-kommunikasiya
texnologiyaları ilə təminat sahəsində geniş
miqyaslı işlərin görülməsi bugünümüzün danılmaz
həqiqətidir. Hazırda ümumi təhsilin məzmununun
təfəkkür və düşüncə müstəvisi üzərində qurulması
və bilavasitə yetkin şəxsiyyət
formalaşdırılmasına yönəlmiş həyati bacarıqların
prioritetliyi nəzərə alınmaqla müəyyən edilməsi,
əsas mahiyyətini təhsilin keyfiyyətinin
yüksəldilməsi və idarəolunması təşkil edən yeni
qiymətləndirmə sisteminin yaradılması, müasir
dərslik komplektlərinin nəşri, tədris prosesində
müəllim yaradıcılığına geniş imkanlar açan çevik
təlim texnologiyalarının tətbiqi,
"müəllim-şagird" əməkdaşlığının təhsilin
demokratikləşdirilməsində həlledici amilə
çevrilməsi son onillikdə Azərbaycan təhsilinin
qabaqcıl təhsil sistemlərinə inteqrasiyasının
bariz nümunələridir.
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun qəbul olunması və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
həmin Qanunun tətbiq edilməsi barədə 5 sentyabr
2009-cu il tarixli Fərmanı başa vurduğumuz
2009-2010-cu dərs ilinin ən mühüm hadisəsidir.
Mütərəqqi milli və ümumbəşəri pedaqoji ənənələr,
müasir dünyada qəbul olunmuş inkişafyönümlü
ideyalar, eləcə də ulu öndər Heydər Əliyevin
təhsil fəlsəfəsi, ölkə Prezidenti cənab İlham
Əliyevin XXI əsr təhsilinin ən prioritet
istiqamətlərini özündə ehtiva edən maarifçilik
konsepsiyası əsasında formalaşmış yeni Qanun
Azərbaycan təhsilinin gələcək inkişafı yolunda
geniş üfüqlər açmışdır.
Qanunun tətbiqi ilə bağlı dövlət başçısının
imzaladığı Fərmanın icrası istiqamətində
hazırlanmış hüquqi-normativ sənədlər mütərəqqi
dünya təcrübəsində tətbiq olunan inkişafyönümlü
model və mexanizmləri, müasir yanaşmaları əks
etdirir. Bilavasitə bütün təhsil pillələrində,
eləcə də ümumi təhsil pilləsində indiki
tələblərə cavab verən infrastrukturun
qurulmasına, təhsilalanların və təhsilverənlərin
keyfiyyət göstəricilərinin yüksəlməsinə, şagird
və müəllim əməyinin stimullaşdırılmasına,
təhsilin məzmununun və təlim nəticələrinin
qiymətləndirilməsi meyarlarının
yeniləşdirilməsinə yönəlmiş konseptual
xarakterli həmin sənədlər təhsil sahəsində
dövlət siyasətinin həyata keçirilməsində mühüm
rol oynayacaqdır.
Ötən dərs ilində ölkədə üçüncü dəfə keçirilən
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələrinin nəticələri ümumi təhsil
sistemində pedaqoji innovasiyaların, beynəlxalq
təcrübədə sınaqdan çıxmış müasir metodikaların
geniş yayıldığını və uğurla tətbiq olunduğunu
bir daha sübut etmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
87-ci ildönümü münasibətilə keçirilmiş
məktəblilərin ümumrespublika inşa yazı
müsabiqəsi, Bakı şəhərində ikinci dəfə təşkil
edilən kimya üzrə Beynəlxalq Mendeleyev
Olimpiadası, Yeniyetmələrin VI Beynəlxalq Elm
Olimpiadası, istedadlı uşaq və gənclərin
inkişafı üzrə Dövlət Proqramına əsasən,
riyaziyyat, fizika, kimya, biologiya fənlərindən
Bakıda keçirilmiş istedadlı şagirdlərin yekun
seçim turu da 2009-2010-cu dərs ilinin ən mühüm
hadisələrindəndir.
2010-cu ildə respublikada 12380 yerlik 34 yeni
məktəb inşa olunmuş, 25 məktəbin tikintisinə
başlanmışdır. 6 məktəb əsaslı təmir edilmiş, 356
məktəbdə ehtiyaca görə təmir işləri
aparılmışdır. 64 rayona 27.414 parta, 2315 yazı
lövhəsi, 4313 yazı masası və 7662 müəllim stulu
göndərilmişdir. 115 məktəbdə müasir kimya və
fizika laboratoriyası quraşdırılmış, 66 məktəbin
kitabxanası zəruri avadanlıqlarla təchiz
olunmuşdur. Bunlardan əlavə, 73 məktəbə 200
noutbuk, 200 proyektor, "Elektron məktəb" pilot
layihəsində iştirak edən 20 məktəbə 300
kompüter, 336 netbuk verilmiş, 20 min müəllim, 4
min inzibati və 600 texniki heyət işçisi İKT
üzrə öyrədici treninqlərdən keçirilmişdir.
2010-2011-ci dərs ili üçün 111 adda 4 milyon 506
min 650 nüsxə dərslik və metodik vəsait çap
olunaraq yerlərə çatdırılmışdır. Bunlardan 40
adda 1 milyon 888 min 250 dərslik və metodik
vəsait yeni fənn kurikulumları ilə işləyəcək III
siniflər üçün nəzərdə tutulmuşdur.
Həmçinin qeyd olunmalıdır ki, Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihənin (TSİİL)
"Kurikulum islahatının davam etdirilməsi və
kurikulumun tətbiqinə dəstək" alt-komponenti
üzrə də bir sıra zəruri tədbirlər həyata
keçirilmişdir. Belə ki, V-XI sinifləri əhatə
edən əksər fənlərdən kurikulum layihələri artıq
hazırlanıb pedaqoji mətbuatda dərc edilmiş və
Azərbaycan, rus, ingilis dillərində kurikulum
portalında (www/kurikulum.az) yerləşdirilmişdir.
Eyni zamanda 2009-cu ildən etibarən yeni fənn
kurikulumlarının tətbiqi vəziyyətini öyrənmək
üçün müxtəlif rayon və şəhərlərdə tədqiqatlar
aparılaraq nəticələri geniş işıqlandırılmışdır.
Hazırda təhsil işçilərinə kurikulumlarla iş
sahəsində elmi-metodiki köməkliyi gücləndirmək
məqsədilə xüsusi təlimçilər qruplarının
formalaşdırılması istiqamətində ardıcıl öyrədici
kurslar təşkil olunur.
Bütün bunlarla bərabər, həmçinin etiraf
olunmalıdır ki, ümumtəhsil məktəblərinin heç də
hamısında qarşıya qoyulmuş vəzifələrin tələb
edilən səviyyədə həyata keçirilməsinə tam
məsuliyyətlə yanaşılmır. Belə ki, müasir
idarəetmə prinsiplərinin pozulmasına yol
verilir, pedaqoji kollektivlərdə səmərəli iş
mühitinin yaradılmasına lazımi diqqət
yetirilmir. Bir sıra orta məktəb məzunlarının
müstəqil həyata, cəmiyyətdə əmək fəaliyyətinə
hazır olmaması, habelə ali təhsil müəssisələrinə
qəbul prosesində uğursuzluqla üzləşməsi, heç
şübhəsiz, bu məktəblərin rəhbərliyinin, müəllim
kollektivinin, eləcə də yerli təhsil
orqanlarının fəaliyyətsizliyi və vəzifə
funksiyalarına yarıtmaz münasibətinin nəticəsi
kimi qiymətləndirilməlidir.
Bəzi məktəblərdə, xüsusilə də ucqar kənd
məktəblərində yuxarı sinif şagirdlərinin dərsə
davamiyyətinin zəif olması, şagird heyətinin
uçotunun aparılmasında, icbari təhsilin yerinə
yetirilməsində, fəaliyyətin planlaşdırılmasında
nöqsanlara yol verilməsi də ciddi narahatlıq
doğurur.
Bir çox rayonlarda məktəb şəbəkəsinin
optimallaşdırılması diqqətdən kənarda qaldığı
üçün mövcud tələbatdan artıq məktəb və sinif
komplektlərinin saxlanmasına yol verilir ki,
bunun da nəticəsində xeyli dövlət vəsaiti
lüzumsuz sərf olunur. Öz işinin öhdəsindən gələ
bilməyən, vəzifə funksiyalarını yerinə
yetirməyən məktəb rəhbərləri və müəllimlərə
qarşı göstərilən loyal münasibət də yerli təhsil
orqanlarının fəaliyyətindəki ən başlıca qüsurlu
cəhətlərdən biridir.
Qeyd olunanları nəzərə alaraq, yerli təhsil
orqanlarının rəhbərləri öz işlərini ətraflı
təhlil etməli, yeni dərs ilində mövcud
problemlərin, nöqsan və çatışmazlıqların aradan
qaldırılması istiqamətində düşünülmüş və
məqsədyönlü fəaliyyət sistemi
müəyyənləşdirməlidirlər.
Göstərilənlərlə əlaqədar 2010-2011-ci dərs
ilində qarşıda duran vəzifələri müzakirə etmək,
mövcud vəziyyəti obyektiv qiymətləndirmək və
inkişafyönümlü əməli təkliflər hazırlamaq
məqsədilə
ƏMR EDİRƏM:
1. 2010-cu il 6-14 sentyabr tarixlərində ümumi
təhsil sistemində çalışan pedaqoji işçilərin
rayon (şəhər) konfransları keçirilsin.
2. Konfransların keçiriləcəyi günlərin qrafiki
təsdiq edilsin (əlavə olunur).
3. Konfranslar plenar və bölmə iclaslarından
ibarət olmaqla 2 gün ərzində keçirilsin.
4. Konfransların plenar iclasında "2009-2010-cu
dərs ilinin yekunları və yeni dərs ilində
qarşıda duran vəzifələr" mövzusunda rayon
(şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin
məruzəsi dinlənilib müzakirə olunsun.
5. Plenar və metodik bölmə iclaslarının
təşkilində "Təhsil işçilərinin 2009-cu il
sentyabr konfranslarının keçirilməsi haqqında"
Təhsil Nazirliyinin 10 avqust 2009-cu il
tarixli, 993 nömrəli əmrinin 4-cü, alt-bəndlərlə
birlikdə 5 və 6-cı bəndləri əsas tutulsun.
6. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,
rayon (şəhər) təhsil şöbələri plenar və bölmə
iclaslarında irəli sürülmüş təklifləri
ümumiləşdirib sentyabrın sonunadək Təhsil
Problemləri İnstitutuna göndərsinlər.
7. Təhsil Problemləri İnstitutu (A.Mehrabov):
7.1. Bölmə iclaslarının səmərəli keçirilməsində
yerli təhsil orqanlarına köməklik məqsədilə
metodik tövsiyələr hazırlayıb avqustun 20-dək
pedaqoji mətbuatda dərc etdirsin.
7.2. Yerlərdən alınmış təkliflərin təhlilini
aparsın və ümumiləşdirilmiş material hazırlayıb
nazirliyə təqdim etsin.
8. Aparatın rəhbəri İ.Pirməmmədov konfranslarda
nazirliyin nümayəndələrinin iştirakı barədə
təkliflərini 2 həftə müddətinə rəhbərliyə təqdim
etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və konfransların gedişinin KİV-lərdə
işıqlandırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 avqust 2010-cu il |