Ölkəmizin bütün ali təhsil müəssisələrində
olduğu kimi, Naxçıvan Dövlət Universitetində də
"Bilik günü" xüsusi təntənə ilə qeyd olundu.
Universitetin rektoru, akademik İsa
Həbibbəylinin müəllim və tələbələrlə tədris
prosesində, auditoriyalarda görüşməsi, səmimi
təbrikləri onlarda xoş bayram ovqatı, ruh
yüksəkliyi yaratdı. Universitetin rəhbəri
tarix-filologiya fakültəsinin yeni elektron
lövhə quraşdırılmış Jurnalistika və dünya
ədəbiyyatı kafedrasında, "Azərbaycan tarixi",
"Dilçilik", "Ədəbiyyat" kimi yeni vəsaitlərlə
zənginləşdirilmiş fənn kabinetlərində oldu.
Rektor Beynəlxalq münasibətlər və xarici dillər,
Memarlıq və mühəndislik fakültələrinin
tələbə-müəllim heyəti ilə də görüşdü,
"Diplomatiya" kabinetinin yaradılması, Memarlıq
və incəsənət tarixi muzeyinin, sərgi salonunun
yeni eksponatlarla zənginləşdirilməsi ilə
maraqlandı, elektron lövhə quraşdırılmış
auditoriyalarda oldu. Tədris zamanı
informasiya-kommunikasiya vasitələrinin
tətbiqindən, əyanilikdən razı qalan rektor,
millət vəkili İsa Həbibbəyli tələbə gənclərə
milli mənəviyyatımızı, o cümlədən qədim
tariximizi, ana dili və ədəbiyyatımızı sevməyi
və dərindən mənimsəməyi, müstəqil Azərbaycanın
çiçəklənməsi naminə ümummilli lider Heydər
Əliyevin ideyalarını sədaqətlə yaşatmağı,
elmin, təhsilin inkişafına göstərilən diqqət və
qayğıdan yetərincə bəhrələnməyi tövsiyə etdi.
Sonra konservatoriyanın böyük akt zalında
birinci kurs tələbələri ilə görüş keçirildi.
Universitetə ilk dəfə qədəm qoyacaq birincilərə
universitet televiziyasının istehsalı olan
tanıtım filmi vasitəsilə bu ali məktəb haqqında
müfəssəl məlumat verildi.
Rektor, akademik İsa Həbibbəyli çıxış edərək
tələbə adını qazanmış gəncləri səmimi təbrik
etdi. O, Azərbaycanda ümummilli lider Heydər
Əliyevin elm, təhsil strategiyasının uğurla
davam etdirilməsindən, bu sahədəki böyük
uğurlardan söz açdı, ölkə başçısı İlham Əliyevin
doktorantura, ali təhsil, orta ixtisas və
peşə-ixtisas təhsili müəssisələrinin
tələbələrinin və şagirdlərinin təqaüdlərinin
artırılması haqqında sərəncamını yüksək
qiymətləndirdi.
Sonra universitetdə görülmüş genişmiqyaslı
işlərdən və əldə edilmiş nailiyyətlərdən söz
açan rektor İsa Həbibbəyli bu təhsil ocağının
gələcək uğurlarında yenicə tələbə adı qazanmış
gənclərin də böyük rol oynayacağına əminliyini
bildirdi, onlara elmdə və təhsildə nailiyyətlər
arzuladı.
Universitetə pediatriya ixtisası üzrə qəbul
olmuş Günay Quliyeva (625 bal), dünya
iqtisadiyyatı ixtisasında təhsil alacaq Qənbər
Xudiyev (625 bal), ingilis dili müəllimliyi
ixtisası üzrə birinci kurs tələbəsi Flora
Tağıyeva (607 bal), hüquqşünaslıq ixtisasında
oxuyacaq Zülfiyyə Əliyeva (610 bal) çıxış edərək
muxtar respublikanın sosial-iqtisadi
inkişafından, sürətli quruculuq işlərindən,
elmə, təhsilə göstərilən diqqət və qayğıdan
danışdılar. Çıxış edənlər təhsil alacaqları ali
məktəbin adını layiqincə doğruldacaqlarına,
hərtərəfli mütəxəssis və ziyalı vətəndaş kimi
yetişəcəklərinə söz verdilər.
Tədbirin sonunda yüksək bal toplayan tələbələrə
tələbə bileti və hədiyyələr təqdim olundu.
Mehriban SULTAN |